Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1248/2023 28.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsi, ev 2A ünvanında yerləşən 4 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2020-ci il tarixində nikaha girmişlər. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh ilə aralarında olan nikah pozulmuşdur. Məhkəmə qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixində nikahın pozulması haqqında şəhadətnamə almışdır. Cavabdeh hal-hazırda iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatdadır. Bu hal da mülkiyyətçi kimi onun hüquqularının pozulmasına səbəb olur. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə X3 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, AN-İ serialı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqısı” müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 04 saylı mənzil İddiaçı satılmış və onun tərəfindən X1 mənzilin dəyəri olaraq 82.000 manat ödənilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 04 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Bakı Nikah evi “Səadət Sarayı” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-52/69 saylı nikah haqqında arayışdan görnür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2020-ci il tarixdə nikah bağlamış və həmin tarixdə bu barədə nikahın bağlanılması haqqında 627 nömrəli akt qeydi tərtib edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2175/2022 saylı, xx.xx.2022-ci il tarixli qətanaməsinə əsasən İddiaçı ilə X4 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış və Bakı Nikah evi Səadət Sarayı tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 627 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 arasında olan nikaha Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 281 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Həsənzadə, qadına Aslanova soyadı verilmişdir. Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirmişdir ki, o, tibb bacısıdır. İddiaçının anası ilə qonşu olduğu üçün iynə vurmağa tez-tez onların evinə gedirdi. Həm anası, həm bacısı ilə mehriban münasibətləri var. Çox yaxşı ailədir. Ailə ilə yaxın münasibətləri olduğu üçün, Səbinə xanımın o evdə cəmi 3-4 ay yaşadığını, avqust ayında isə evdən köçdüyünü eşitmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, o, iddiaçının həm iş yoldaşı, həm də yaxın dostudur. Keçən il o dənizdə olarkən zəng etdi ki, gedib evi yoxlasın. Evə gedərkən görmüş ki, səs-küydü. Səbinə xanım evdən köçürdü. Çıxdıqdan sonra evdə mebellərin bəzilərinin qırıldığını, evin pis hala düşdüyünü görmüşdür. Səbinə xanım öz istəyi ilə evdən çıxıb gedib. İddiaçı onu evdən çıxmağa məcbur etməyib. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirmişdir ki, o, iddiaçının həm iş yoldaşı, həm də yaxın dostudur. O, ümumiyyətlə heç vaxt sözügedən xanımı görməmişdir. Təmir işlərini bacardığı üçün iddiaçı evi təmir edəndə ona kömək etmişdir. O zaman hələ iddiaçı ailə qurmamış, həmin xanım evə gəlin gəlməmişdi. Sonradan iddiaçı yenə xahiş etdi ki, evdə təmir işləri aparmağa kömək etsin və evə gedərkən evdə dağıntılar olduğunu görmüşdür. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, ünvan 2 ünvanında yerləşən 04 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir və o, müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh İddiaçı ilə nikaha girərək xx.xx.2020-ci il tarixdən ailə üzvü kimi həmin yaşayış sahəsinə köçərək orada yaşamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2175/2022 saylı, xx.xx.2022ci il tarixli qətanaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuş və cavabdeh həmin ünvandan köçmüşdür. İşin hallarından göründüyü kimi cavabdehin mübahisəli mənzilə istifadə hüququ tərəflər arasında nikah bağlandıqdan sonra yarandığından hazırki mübahisə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşin göstərilən halları ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Həmçinin, Mülki Məcəllənin 157.4-cü maddəsində sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia – neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Neqator iddia dedikdə, əşyaya sahiblik edən mülkiyyətçinin, əmlaka sahiblik, ondan istifadə və ona sərəncam səlahiyyətlərinin həyata keçirilməsində manelərin aradan qaldırılması haqqında üçüncü şəxsə yönəlmiş tələbi başa düşülür. Neqator iddia mülkiyyətçi və üçüncü şəxsin mübahisəli əşya üzrə bir-biri ilə müqavilə münasibətlərində olmadığı və hüquq pozuntusunun subyektiv mülkiyyət hüququnun xitamına gətirmədiyi hallarda irəli sürülür. Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi malikdir. Cavabdeh qismində isə öz hüquqa zidd davranışı ilə mülkiyyət hüququnun (titul sahibliyinin) normal həyata keçirilməsinə maneçilik yaradan şəxs çıxış edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququ rəsmi nikah münasibətinə daxil olması ilə yaranmış və o, ailə münasibətlərində olduğu müddətdə də həmin mənzildən istifadə hüququnu realizə etmişdir. Lakin cavabdeh ilə iddiaçı arasında olan nikah münasibətinə xitam verilməsi, onun daha sonra mübahisəli ünvandan köçməsi tanınmış istifadə hüququnun itirilməsinə səbəb olmuşdur. Məhkəmə, cavabdehin hal-hazırda iddiaçının ailə üzvü sayılmadığını və eyni zamanda onların arasında mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığını və iddiaçının isə başqa yerə köçdüyünü, pasport qeydiyyatının isə yaşayış sahəsindən istifadə hüququ yaratmadığını nəzərə alaraq hesab edir ki, cavabdehin iddiaçıya məxsus olan evdən istifadə hüququ yoxdur. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsi, ev 2A ünvanında yerləşən 4 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №2(006)-1248/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1248/2023
28.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver