Məhkəmə qərarları › İş №2(006)-128/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-128/2022

28.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-128/2022 28.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümyəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1, Cavabdeh2Təhməz qızına, ekspert X4 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, Cavabdeh1 və Cavabdeh2Təhməz qızına qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, Cavabdeh1 və Cavabdeh2Təhməz qızına qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş maddi zərərin 3300 (üç min üç yüz) manat hissəsinin cavabdeh Dövlət Sığorta Kommerisya Şirkətindən, qalan 5830 manat və dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 5860 (beş min səkkiz yüz altmış) manat isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Volkswagen Passat” minik markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ona məxsusdur və tərəfindən idarə edilir. 17 avqust 2019-cu il tarixində, saat 00:29-da Cavabdeh1 idarə etdiyi Cavabdeh2 məxsus “Nissan X-Trail” minik markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında X5 tərəfindən idarə olunan (mülkiyyətinə olan) “Volkswagen Passat” minik markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə dəyərək ona maddi ziyan vurmuşdur. Həmin hadisə nəticəsində avtomobilinə 10 830 (on min səkkiz yüz otuz) manat məbləğində maddi zərər dəymişdir. Qeyd olunan zərərin 10 830 (on min səkkiz yüz otuz) manat olması “EURO STYLE LTD” tərəfindən tərtib edilmiş qüsur aktında da öz təsdiqini tapmışdır. 17 avqust 2019-cu il tarixində “Nissan X-Trail” minik markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil İcbari Sığorta Bürosunun 10-DQ/580/20 saylı cavab məktubuna əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində qeydiyyatda olmuşdur. Azərbaycan Respublikasının “İcbari Sığorta haqqında’" Qanununun 56.1.2-ci maddəsini nəzərə alaraq, dəymiş zərərin 5000 (beş min) manat hissəsinin cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətindən tutulması zərurəti olduğuna görə Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etdikdən sonra şirkət tərəfindən ona 1700 (min yeddi yüz) manat bank vasitəsilə ödənilmişdir, qalan 3300 (üç min üç yüz) manat isə hələ də ödənilməmiş qalıb. Buna görə də, hal-hazırda Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 3300 (üç min üç yüz) manat, qalan 5830 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (manat), cəmi 5860 (beş min səkkiz yüz altmış) manat isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması zərurəti vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümyəndəsi və vəkili Vəkil yuxarda qeyd edilən məzmunda izahat verərək, “X8" tərəfindən tərtib olunmuş qüsur aktı ilə razı olmadığını bildirmiş, məhkəmədən iddianın tərəfindən təqdim olunmuş qüsur aktına əsasən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının ərizəsinə əlavə etdiyi “Euro Style LTD” tərəfindən tərtib olunmuş 18.11.2019-cu İl tarixli qüsur aktına əsasən “VOLKSWAGEN PASSAT MİNİK" markalı, 10UO095 d.q.n.-lı nəqliyyat vasitəsinə 10830 manat zərər dəydiyi müəyyən olunmuşdur. Sığorta hadisəsi ilə əlaqədar Şirkətin göndərişi əsasında "X8” tərəfindən tərtib olunmuş 20.08.2019-cu il tarixli qüsur aktına əsasən sözügedən nəqliyyat vasitəsinə 1750 manat zərər dəydiyi müəyyən edilmiş və həmin məbləğdə sığorta ödənişi Şirkət tərəfindən faydalanan şəxsin, yəni iddiaçının bank hesabına tam olaraq köçürülmüşdür. Qeyd etmək lazımdır ki, iddiaçının təqdim etdiyi qüsur aktının sığorta hadisəsi ilə əlaqəsi yoxdur. Belə ki, zərər dəymiş nəqliyyat vasitəsinin fotoşəkillərindən və “X8" tərəfindən tərtib olunmuş qüsur aktından aydın olduğu üzrə hadisə nəticəsində nəqliyyat vasitəsinin arxa sağ qapısına zərər dəymiş və sağ damın hava yastığı açılmışdır ki, bu zədələrlə vurulmuş zərər arasında səbəbli əlaqənin olması açıq-aydın görünür. Halbuki iddiaçının təqdim etdiyi qüsur aktında qeyd olunanlardan görünür ki, hadisə nəticəsində nəqliyyat vasitəsinin nəinki arxa sağ qapısı, hətta ön sağ oturacağın airbağı, damm obivkası. Ön sağ təhlükəsizlik kemori, ön sol təhlükəsizlik kəməri və ön podpres zədələnmişdir. Nəqliyyat vasitəsinin arxa sağ qapısına dəyən bir zərərə görə, nəzərə alsaq ki, zərər dəymiş nəqliyyat vasitəsinə heç bir zərbə olmamış və ya hadisə nəticəsində hansısa obyektə toxunmamışdır, həmin nəqliyyat vasitəsinin ön sağ və sol təhlükəsizlik kəmərlərinin və ön podpresin zedələnməsi ağlabatan deyildir. Qanunvericiliklə müəyyənləşdirilmiş müddət ötürülmədən, Şirkətin göndərişi əsasında hadisədən 3 gün sonra, yəni 20.08.2019-cu il tarixli qüsur aktı ilə nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği müəyyənləşdirilmişdir. Lakin iddiaçının təqdim etdiyi qüsur aktı hadisədən 3 ay sonra, 18.11.2019-cu il tarixində tərtib edilmişdir. Nəqliyyat vasitəsinə dəyən zərərə görə hadisədən 3 ay keçdikdən sonra qüsur aktının tərtib edilməsi həmin zərərlərin baş vermiş hadisə ilə bağlı olmasını şübhə altına alır və ağlabatanlıq prinsipinə ziddir. Həmçinin 29.11.2021-ci il tarixli 9/7765 nömrəli ekspert rəyinə əsasən tədqiqatın nəticəsi kimi hər iki qüsur aktına istinad edilmiş, hətta “X9" tərəfindən tərtib olunmuş qüsur aktına əsasən sözügedən nəqliyyat vasitəsinə 1612 manat zərər dəydiyi müəyyən olunmuşdur ve Şirkət tərəfindən ekspert rəyində nəzərdə tutulandan yuxarı məbləğdə sığorta ödənişi, yəni 1750 manat ödənilmişdir. Bildirmək istəyirik ki, “X8“ tərəfindən tərtib edilmiş qüsur aktı məhkəmə tərəfindən əsas götürülərsə, iş üzrə keçirilmiş ekspertiza xərcləri iddiaçıdan tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq, iş üzrə İddiaçı Yolmar oğlu tərəfindən verilmiş iddia ərizəsinin sığort şirkətinə aid olan hissədə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2Təhməz qızı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ekspert X6 izahat verərək bildirdi ki, mübahisəli məsələ üzrə 2 qüsur aktı tərtib edilmiş və onların əsasında qiymətləndirmə aparılmışdır. Qiymətləndirilmə zamanı həmin qüsur aktlarından istifadə edilmişdir. Hava yastığı qüsur aktına əsasən qiymətləndirilib. Həmin hava yastığının hansı qayda da zədənlənməsi barədə rəy vermək ekspert kimi onun səlahiyyətlərinə aid deyildir. Belə ki, əmtəəşünaslıq üzrə ekspert avtomobilə baxış keçirmir, rəyi qüsur aktına əsasən müəyyən edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. AD N seriyalı, 141686 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Volkswagen Passat” minik markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. “Euro Style” LTD tərəfindən 18.11.2019-cu il tarixində tərtib edilmiş qüsur aktının surətindən görünür ki, İddiaçı məxsus olan “Volkswagen Passat” minik markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan üzrə ehiyyatlar hissələrinin qiyməti 9.190 manat, iş haqqı 1.640 manat, cəmi təmir xərcləri 10.830 manat müəyyən edilmişdir. İcbari Sığorta Bürosunun vəkil sorğusuna əsasən 02.07.2020-ci il tarixli, **-DQ- ***/20 saylı cavab məktubundan görünür ki, “Nissan X-Trail” minik markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən PDS********** nömrəli sığorta şəhadətnaməsi ilə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası” üzrə 02.07.2020-ci il tarixinədək sığortalanmışdır. Cinayət işi başlanmasının rədd edilməsi haqqında 02.10.2019-cu il tarixli qərarın sürətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisənin baş verməsində təqsirkar sürücü Cavabdeh1 barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinə əsasən və təqsirkar sürücü Cavabdeh1 barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surətinin Xətai RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. “Axundov” sevis mərkəzi tərəfindən 20.08.2019-cu il tarixində tərtib edilmiş qüsur aktının surətindən görünür ki, İddiaçı məxsus olan “Volkswagen Passat” minik markalı, **- UO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan cəmi, 1.750 manat müəyyən edilmişdir. 07.10.2019-cu il tarixli, 2712-2849 nömrəli sığorta aktından görünür ki, İddiaçı mülkiyyətində olan Volkswagen Passat” minik markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin məbləği 1.750 manat həddində müəyyən edilmişdir. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi İddiaçı məxsus olan “Volkswagen Passat” minik markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil 17.09.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi “Nissan X-Trail” minik markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində zədələnmiş, həmin yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. Dəymiş zərərlə əlaqədar iddiaçı müvafiq qiymətləndirmə şirkətinə müraciət edərək qüsur aktı əldə etmiş, həmin akta əsasən “Volkswagen Passat” minik markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin məbləği 10.830 manat kimi müəyyən edilmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı xeyrinə 1.750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı 17.09.2019-cu il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş maddi zərərin 3.300 manat hissəsinin cavabdeh Dövlət Sığorta Kommerisya Şirkətindən, qalan 5.830 manatın isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Bu Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Qanunun 6.2-ci, 6.6-cı, 7-ci, 13.4-cü, 15.1-ci, 16.2-ci və 18.1-ci maddələrinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (yol-nəqliyyat hadisəsi) baş verdiyindən və hadisə nəticəsində zərərçəkmiş şəxsə dəymiş zərər tam ödənilmədiyindən, İddiaçı hazırkı iddia ilə müraciət etməkdə haqlı olmuşdur. Sözügedən avtomobilə dəymiş zərərin məbləği ilə əlaqədar məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.11.2021-ci il tarixli, 9/7765 nömrəli eskpert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, “Euro Style” LTD-nin 18.11.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “Volkswagen Passat” minik markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9770,0 manat; nəzəri hesablama yolu ilə, “Axundov” sevis mərkəzinin 20.08.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “Volkswagen Passat” minik markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1612,0 manat müəyyən edilmişdir. Məhkəmə maddi zərərin bir-birindən kəskin fərqlənən məbləğləri özündə əks etdirən ekspert rəyi ilə razılaşmadığından hesab edir ki, rəydə göstərilən nəticələr üzrə maddi zərərin ortalama məbləğini müəyyən etmək üçün hesablamalar aşağıdakı qaydada aparılmalıdır:

1. Hər iki qüsur aktı üzrə zədələnməsi öz təsdiqini tapan avto hissələri və təmirbərpa işlərinin qiyməti 3.220 ((4.690+1750):2) manat;

2. İddiaçı tərəfindən təqdim olunmuş fotoşəkillərə əsasən zədələnməsi öz təsdiqini tapan avto hissələrinin qiyməti 2.367,5 (4.735:2) manat;

3. Hesablanmış məbləğə Ekspertiza Mərkəzi tərəfindən müəyyən edilən metodikaya əsasən illik 4% (2-6%) aşınma əmsalını tətbiq edərək - 4.917 (3.220+2.367,5- 4%x3) manat; Beləliklə məhkəmə İddiaçı məxsus “Volkswagen Passat” minik markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 4.917 manat məbləğində müəyyən edilməsini daha ağlabatan olduğunu qeyd edir və avtomobilə dəymiş zərərin 1.750 manat pulun sığorta şirkəti tərəfindən artıq ödənildiyini nəzərə alaraq dəymiş maddi zərərin 3167 manat həddində tutulmalı olduğunu hesab edir. Sığorta hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş ziyanın məbləğinin nəqliyyat vasitəsinin sahiblərinin icbari sığortasına dair standart qaydada müəyyənləşdirilmiş 5000 manatdan yuxarı olmadığı müəyyən edildiyindən 3167 manat məbləğində hesablanmış maddi zərər tam şəkildə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutulmalı, iddia Cavabdeh1 münasibətdə isə göstərilən səbəbdən rədd edilməlidir. İddia həmçinin Cavabdeh2 münasibətdə rədd edilməlidir. Belə ki, Cavabdeh1 yolnəqliyyat hadisəsini törədərkən “Nissan X-Trail” minik markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsaslarla (etibarnamə əsasında) idarə etdiyi müəyyən edilmşdir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə hesab edir ki, iddia cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə münasibətdə qismən təmin edilməli, sığorta ödənişi kimi 3.167 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilməli, iddia həmin cavabdehə münasibətdə digər hissədə və digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə tam şəkildə rədd edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində pul ödəmişdir. Həmçinin, ekspert tədqiqatının dəyəri ekspertiza xərclərinə dair bildirişə görə 100 manat təşkil edir. İlkin iddia tələbinin 35%-i təmin edildiyindən çəkilmiş məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə münasibətdə qismən təmin edilsin. Sığorta ödənişi kimi 3.167 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 11 manatı, cəmi 3.178 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilsin. İddia Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə digər hissədə və digər cavabdehlərə münasibətdə tam şəkildə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 100 manatın 65 manatı İddiaçı, 35 manatı isə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar