Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1281/2025 02.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə ilk dəfə xx.xx.2012ci ildə baş tutan toy mərasimi ilə ailə qurmuşdur. Nəhayət öz təkidi ilə övladının olmağına 3 ay qalmış xx.xx.2013-cü ildə Məharətlə rəsmi nikaha daxil olmuşlar. Bundan sonra X4 xx.xx.2013-cü ildə dünyaya gəlmişdir. Əvvəllər cavabdeh iddiaçıya qarşı normal davransa da, ailə müdaxiləsi ilə şiddət göstərirdi. Bütün bunlara baxmayaraq ailə dəyərlərini üstün tutaraq hər zaman cavabdehə dəstək olmuş, həm maddi, həm mənəvi, bir sözlə ailəni qorumağa çalışmışdır. xx.xx.2017-ci ildə oğlu X8 dünyaya gəldi. Cavabdehin evi tez-tez tərk etməsi, onları maddi cəhətdən təmin etməməsi, imkanı olduğu halda iddiaçıya qarşı kobud rəftarı və oğlu Ömərin febril qıcolma sindromundan əziyyət çəkməsi, bir sözlə övladlarını aylarca, hətta bir ilə yaxın tək qayğılarla saxlaması iddiaçını onunla boşanmağa məcbur etmişdir. xx.xx.2021-ci ildə cavabdehlə rəsmi şəkildə boşandılar. Məhkəmənin qərarı ilə 2 azyaşlı övladı iddiaçının himayəsinə verildi. Hər iki övladı üçün ayda 450 manat aliment tutularaq iddiaçıya verilməsi və Hüseynbala Əliyev küçəsi, 3224-cü məhəllə, bina 117C, mənzil 171 ünvanında yerləşən ev cavabdehlə aralarında ½ pay hüququ əsasında bölündü. İddiaçı da övladlarının gələcəyini düşünərək qarşı tərəfin də bir müddət tək qalaraq səhvlərindən nəticə çıxaracağını və ailə bütövlüyünü üstün tutaraq xx.xx.2021-ci ildə cavabdehlə təkrar nikaha daxil olaraq barışdılar. İlk vaxtlar özünü normal aparsa da, sonradan onu təhqir edib, şiddət göstərirdi. Daha sonra iddiaçıya məlum oldu ki , cavabdeh kobudluğundan əlavə ona xəyanət edir. Belə ki, iddiaçıya məlum oldu ki, cavabdeh xəyanət etdiyi qadının işlədiyi 26 saylı tam orta məktəblə üzbəüz binada kirayə ev tutaraq görüşürlər. O da ev sahibini axtarıb tapdı. Ev sahibi doğurdan da bu evin iddiaçının yoldaşının 6 ay bundan qabaq kirayələdiyini təsdiqlədi. xx.xx.2024-cü il tarixində səhər saatlarında iddiaçı övladlarını məktəbə göndərməyə hazırlaşarkən yoldaşının telefonuna bildiriş gəldiyini gördü və bir ildən artıq müddət idi ki, onun telefonu kodda olmuş olsa da, nədənsə bu dəfə o, telefonunu koda qoymamışdı. Telefonuna baxarkən onun bir qadınla hazırkı iş üzrə digər Cavabdeh2 ilə yazışmalarını gördü. Yazışmalarda onların bir-birinə qarşı sevgi etirafı etdikləri və şəkillərini gördü. Bunu yoldaşı Məharətə göstərərkən o, ona hücum edərək əlindən telefonu almağa çalışdı və iddiaçı bu zaman digər otağa daxil olaraq qapını bağladı və həmin qadına zəng etdi. Həmin qadının Cavabdeh2 olduğunu, vaxtilə Məharətin praktikantı olduğunu, 26 saylı orta məktəbdə kimya fənnini tədris etdiyini, evli olduğunu, Məharətin onu aldadaraq köhnə məhkəmə qətnaməsini təqdim edərək, guya boşandığını sonradan aşkarlamışdır. Həmin qadına zəng edərkən bu zaman Məharət qapını sındırmaqla otağa daxil oldu və iddiaçını döyərək, saçından tutaraq otaqdan çıxardı və yenidən döyməyə davam etdi. O, bu hərəkətləri 2 azyaşlı övladının gözü qarşısında edərək onu dəfələrlə döydü. Ayıldığı zaman övladlarının başı üzərində ağladıqlarını gördü. Bu hadisədən mənəvi sarsıntı keçirdiyindən 2-ci polis bölməsinə müraciət etdi. Bu zaman cavabdehlər Məharət və Zərifə də polis bölməsində idilər. Hər ikisi onu psixi xəstə olduğunu bildirərək ona şər və böhtan atdılar. Eləcə də Cavabdeh2 izahat verərkən özünü subay birisi kimi təqdim etsə də, sonradan onun Tural adlı bir şəxslə evli olduğunu və bir qız övladının olduğunu müəyyən etdi. İzahatı alan polis əməkdaşı Pərviz Cavadov bu hadisə ilə bağlı işində yol verdiyi saxtakarlığa və qanunsuzluğa görə DİN-dən azad olunmuşdur. İddiaçı özü bu hadisəyə qədər riyaziyyat fənni üzrə repetitorluqda məşğul olmuş və aylıq olaraq 3000-5000 manat civarında gəliri olmuşdur. Bu hadisədən sonra mənəvi iztirablar keçirtdi. Psixoloji durumumu pozulduğu üçün həmin hadisədən sonra o, həkim resepti əsasında psixatrop dərmanlar qəbul etmək məcburiyyətində qalmışdır. Yəni keçirmiş olduğu travma nəticəsində cavabdehlər tərəfindən ona 10000 manat maddi və mənəvi zərər dəymişdir. Nəticə etibarilə cavabdehlər tərəfindən aldığı travma nəticəsində boşanma ilə bağlı artıq məhkəməyə (halhazırda mülki iş üzrə mübahisə Nəsimi Rayon Məhkəməsindədir) müraciət etmiş və halhazırda həkim nəzarəti altında müalicəsi davam edir. Cavabdehlər tərəfindən pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədir. İddiaçı artıq repititor fəaliyyəti ilə məşğul olmadığı üçün artıq neçə aydır ki, işsizdir. Çünki repititor fəaliyyəti ilə məşğul olduğu üçün onun bu hadisəyə qədərki gəliri aylıq 3000-5000 manat idi. Hal-hazırda isə repititorluq fəaliyyəti ilə artıq məşğul olmadığından cavabdehlər tərəfindən ona 6000 manat ziyan dəymişdir. Digər tərəfdən, yoldaşı tərəfindən döyülməyi övladlarının gözü qarşısında olduğundan o və övladları bu müddət ərzində mənəvi sarsıntı keçirərək mənəvi zərər görmüşlər. Buna görə də cavabdehlər tərəfindən ona əlavə olaraq vurduğu mənəvi zərərə görə 4000 manat pul ödənilməlidir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya vurduqları maddi ziyana görə 6000 manat və mənəvi zərərə görə 4000 manat, vəkilə xidmət haqqına görə ödənilən 326 manat məbləğində ödənişin və dövlət rüsumuna görə 121 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, keçən məhkəmə iclasında qarşı tərəf bildirmişdi ki, iddiaçı tərəfin təqdim etdiyi sübutlar süni intellekt vasitəsilə əldə olunmuşdur. Bu tamamilə yanlış bir məlumatdır. İkinci məsələ isə Gözəl xanımın Zərifə xanımın uşaqlarını hədələdiyi bildirilib və bu da yalan məlumatdır. Əgər cavabdeh tərəfindən hər hansı bir sübut varsa, məhkəməyə təqdim edilsin. Gözəl xanımın əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı tələbləri vardır və sübut olaraq bununla bağlı lazım gələrsə, məhkəmə zalına şahid də gətirə bilərlər. Onun kifayət qədər gəliri olmuş, lakin hadisədən sonra psixoloji sarsıntı keçirdiyinə görə artıq neçə ildir ki, əmək fəaliyyəti ilə məşğul olmur. Buna görə də düşünür ki, həm maddi, həm də mənəvi zərər cavabdehlərin hesabına ödənilməlidir. Qeyd olunan halların nəzərə alınaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Məhkəmə iclasında iddiaçı X9 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə suallara cavab olaraq mənəvi zərəri hər iki cavabdehdən tələb etdiyini, azyaşlı övladında atasının yaratdığı problemlərdən sonra psixoloji və mənəvi problemlər yarandığını, atasının ona baxdığını, lakin atasının da bu hadisədən sonra vəfat etdiyini, rəsmi iş yeri olmadığına görə özəl olaraq evdə təhsil fəaliyyəti ilə məşğul olduğunu, təkbaşına övladlarına baxdığını, həm övladlarına, həm də özünə görə mənəvi zərər tələbini irəli sürdüyünü, özünə aid mənəvi zərəri həkimdən aldığı reseptlərlə də sübut edə biləcəyini, cavabdehlərin münasibətinə dair sübut olaraq mesajların və onlara görə işdən çıxan polis əməkdaşlarının danışığının olduğunu, polis əməkdaşının onların münasibətlərini etiraf etdiklərini bildirməsini, qarşı tərəfin aşkar yazışmalarının olduğunu, Zərifə xanımın ailəli olduğunu, Cavabdeh1lə nikahının pozulduğunu, nihahın pozulmasına səbəb xəyanət, evdən getmələr və xəyanətə görə onu döyməsi olmasını, cavabdeh tərəfindən döyülməyinə sübut olaraq sağlamlıq haqqında arayışın mövcud olduğunu, Zərifə xanımın ona yazdığı mesajda ailəli olmasını, səhv etdiyini, Məharətin onu da aldatdığını, cavabdehin onu iki uşağının gözü qarşısında döydüyünü, buna görə də uşaqların atalarını istəmədiklərini, sonda nikahın pozulmasına dair daha əvvəl, maddi və mənəvi ziyanla bağlı indi müraciət etməsinə səbəbin psixoloji vəziyyəti ilə əlaqədar olmasını bildirmişdir. 5.Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, qarşı tərəfin bildirdiyinə görə iddiaçı illərdir baş verən hadisələrlə bağlı çalışmır. Lakin onların münasibətləri keçən ilin fevral ayından etibarən pozulub. Deməli, onun psixoloji problemləri münasibətləri pozulmazdan əvvəl yaranıb. Qarşı tərəfin rəsmi iş yeri heç vaxt olmamışdır. Ondan bütün mülklərini qoyub getməyini tələb etmişdir. Onun da bir evi vardır və hal-hazırda iddiaçı və övladları orada yaşayırlar. O isə həmin evdən 1 ildir ki, çıxmışdır. Qarşı tərəfin iddialarının heç bir əsası yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq nikahın pozulması ilə bağlı özünün heç bir günahının olmadığını, ailəni bərpa etmək istəmədiyini, əvvəllər iddiaçını sevdiyini, lakin sonradan etdiyi hərəkətlərə görə artıq ona qarşı sevgisinin olmadığını, digər cavabdehə qarşı hissinin olmadığını, onun sadəcə tələbəsi olduğunu, iddiaçı tərəfindən təqdim edilən yazışmalarda yalnız müəllim və tələbə səmimiyyətinin olduğunu, ailəli olduğu vaxtda iddiaçının psixoloji xəstəliklə bağlı dəfələrlə müalicə aldığını, əvvəllər də mübahisələrinin yarandığını, səbəb isə evə gec gəlməyi ilə bağlı olmasını, iddiaçıya qarşı xəyanət etməyini etiraf etmədiyini, ümumiyyətlə təbiətində xəyanət anlayışının olmadığını bildirmişdir. 6.Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək və iddiaçının 2-ci polis bölməsinə döymə və xəyanət faktı ilə bağlı müraciət etməsini və bu faktın araşdırma nəticəsində öz təsdiqini tapmadığını bildirərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 8.Məhkəmə tərəflərin izahatlarını və vəkillərin çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəhər Travmatoloji Məntəqəsi 20 saylı Bakı şəhər Poliklinikası tərəfindən verilən 17 iyul 2024-cü il tarixli, 448 nömrəli Arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə tarvmatoloji məntəqəyə müraciət etmiş, ona döş qəfəsində və hər iki bazu nahiyyəsinin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulmuş, patologiya aşkar edilməmiş, məsləhət verilmişdir. 10.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, 70307517 saylı qəbzdən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 121 (bir yüz iyirmi bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir. 11.Mülki işin materiallarında olan Xəzər RPİ 2-ci PŞ tərəfindən verilən İddiaçı müraciəti əsasında görülmüş işlər haqqında Arayışdan görünür ki, İddiaçı ərizə ilə polis bölməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixdə həyat yoldaşı Cavabdeh1lə aralarında sözlə mübahisə yarandığını və ailəli ola-ola 26 saylı məktəbin kimya müəllimi olan qadınla, yəni Zərifə adlı şəxslə gizli münasibətini aşkar etdiyinə görə onu şantaj, təhqir, təhdid edərək hədələdiyini bildirərək bu barədə tədbir görülməsini xahiş etmiş, lakin aparılmış araşdırma nəticəsində toplanmış material üzrə inzibati xəta tərkibi yaradan hal aşkar edilməmişdir. 12.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1370/2021 saylı qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında Ucar RİHB- nın Qazıqumlaq kənd inzibati ərazi idarəsində 12 avqust 2013-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 31 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalmaları, Cavabdeh1 xx.xx.2020-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment və əlavə xərclərə görə hər ay 100 (bir yüz) manatın tutularaq İddiaçı verilməsi, Cavabdeh1 adına qeydiyyatdan keçmiş ünvan 1 ünvanında tikilən 117C saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 171 saylı mənzilə dair 1/2 hissədə İddiaçı pay hüququnun müəyyən olunması qət edilmişdir. 13.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-350/2025 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında 3 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixli 3978 nömrə ilə qeydə alınmış nikahın pozulması, 27 noyabr 2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X2 iddiaçının himayəsində qalması, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)1370/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan X5 və X1 üçün Cavabdeh1 X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,72 misli həddində (250) sabit pul məbləğində alimentin tutulması, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Nəsimi rayonu, R.Məmmədov 25 saylı küçədə yerləşən yaşayış kompleksində inşa olunan 2-ci bina 13-cü mərtəbə 65 nörməli 3 otaqlı mənzildə əmələ gəlmiş hüquqda iddiaçı X3 1/3 hissədə, Məharətin payı 2/3 hissədə payının müəyyən ediməsi, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən alınmış 128900 manat borcun xx.xx.2025-ci il tarixinə ödənilməmiş qalan hissəsi olan 109.405,69 manatın tərəflərin birgə borcu hesab edilməsi (hər birinin borc öhdəliyi sözügedən məbləğin X7 münasibətdə 1/3 hissəsi, Cavabdeh1 münasibətdə 2/3 hissəsi kimi müəyyənləşdirilməklə) qət edilmişdir. 14.Mülki işin materiallarında olan cd-disk. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 15.Beləliklə, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh1 ilk dəfə 12 avqust 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan iki övladları olmuş, sonradan tərəflərin nikahları məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında pozulmuş, daha sonra tərəflər yenidən 16 oktyabr 2022-ci il tarixdə nikaha daxil olsalar da, məhkəmənin xx.xx.2025-ci il tarixli qətnaməsi əsasında nikah rəsmi qaydada pozulmuşdur. Hazırda iddiaçı birgə nikahda olduqları dövrdə cavabdehin digər Cavabdeh2 ilə münasibətinin olmasını, bunu aşkar etdiyi vaxt Cavabdeh1 onu döydüyünü, hadisə nəticəsində psixoloji sarsıntı keçirdiyini, əvvəllər evdə fərdi olaraq repetitorluqla məşğul olaraq gəlir əldə etdiyini, lakin indi isə səhhəti ilə əlaqədar olaraq işləyə bilməməsini və gəlirdən məhrum olmasını iddia edərək, ona vurulan maddi və mənəvi ziyana görə cavabdehlərdən ümumilikdə 10.000 manat məbləğində pul vəsaitinin, eləcə də məhkəmə xərclərinin tutulmasını tələb edir. Cavabdeh1 isə tələbi qəbul etməyərək, qeyd edilənlərin şər, böhtan olduğunu, həqiqəti əks etdirmədiyini, belə ki, digər Cavabdeh2 ilə arasında sadəcə müəllim-tələbə münasibətinin olduğunu, iddiaçını döymədiyini, iddiaçının psixoloji xəstəliyinin daha əvvəldən yarandığını qeyd edərək, tələbin rədd edilməsini xahiş etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». 17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 18.Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). 19.Məhkəmə iddiaçının cavabdehlər tərəfindən ona 6.000 manat məbləğində maddi və 4.000 manat məbləğində mənəvi zərərin vurulmasına dair iddia tələbinin dəlilləri ilə razılaşmır. 20.Belə ki, iddiaçı bildirir ki, rəsmi iş yeri olmadığına görə evdə fərdi qaydada repetitor kimi fəaliyyət göstərərək 3000-5000 manat civarında gəliri olmuşdur, lakin birgə yaşadıqları dövrdə Cavabdeh1 digər Cavabdeh2 ilə münasibəti olmuş, bunu aşkar etdikdə cavabdeh, yəni keçmiş həyat yoldaşı Cavabdeh1 onu uşaqlarının gözü qarşısında döymüş, bu hadisədən sonra o, mənəvi iztirablar keçirmiş, psixoloji durumu pozulmuş və buna görə də daha o, repetitor kimi fəaliyyət göstərə bilməmiş və nəticədə, gəlirlərindən məhrum olmuş, eyni zamanda uşaqlarının gözü qarşısında cavabdeh tərəfindən döyülməyinə görə həm özü, həm də uşaqları mənəvi zərərə məruz qalmışdır. 21.Məhkəmə tələbin maddi ziyanın ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona dəymiş zərərin cavabdehlərin təqsiri üzündən dəyməsinə dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı əvvəlcə evdə fərdi qaydada repetitor fəaliyyəti ilə məşğul olmasını və aylıq qazancının 3000-5000 manat civarında olmasını iddia etsə də, tələbini əsaslandıra bilməmişdir (müvafiq əmək müqaviləsi, buna dair VÖEN-in olması, hazırlıq keçdiyi uşaqlarla münasibətinə dair hər hansısa bir müqavilə və s.). 22.Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 23.Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. 24.Bundan başqa, məhkəmə tələbin mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, həmin hissədə də iddiaçı tələbini əsaslandıra biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir, yəni hər şeydən əvvəl iddiaçı cavabdehlər arasında şəxsi ailə münasibətin olmasına, Cavabdeh1 tərəfindən onun aldadılması nəticəsində onun psixoloji xəstəliyə düçar olmasına dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. 25.«Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 8-ci bəndinə görə Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 26.Qanunvericiliyin qeyd olunan müddəalarının tələblərindən görünür ki, Mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsiri olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, hüquqa zidd əməllə onun nəticəsi arasında səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. 27.Mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. 28.Hazırki vəziyyətdə iddiaçının sübut olaraq məhkəməyə təqdim etdiyi yeganə sübut növü cd-diskdir ki, məhkəmə hazırki iddia tələbinin təmin edilməsi üçün onu mötəbər sübut növü kimi yetərli hesab etmir. Belə ki, məhkəmə baxış iclası zamanı həmin cd-diskə baxış (dinlənilmiş) keçirilmiş, lakin orada olan səs yazılarından cavabdehlər arasında olan münasibətin məqsədinin yalnız iddiaçının aldadılması olması və bunun nəticələri barədə hallar aşkar edilməmişdir. 29.Beləliklə də, qeyd olunanlara istinadən məhkəmə hesab edir ki, hazırki işin faktiki halları iddia tələbinin qanuni əsasının dispozisiyası ilə uzlaşmadığından, yəni tələb əsassız olduğundan həm maddi, həm də mənəvi hissədə təmin edilməməlidir. 30.Məhkəmə daha sonra tələbin məhkəmə xərcləri ilə bağlı hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həm maddi, həm də mənəvi hissədə rədd edildiyindən, iddianın qaldırılması üçün iddiaçı tərəfindən ödənilən 121 manat məbləğində dövlət rüsumu və eləcə də vəkilə ödənilən 326 manat məbləğində xərc də iddiaçının özünə aid edilməlidir. 31.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 32.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-1281/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1281/2025
02.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver