Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1284/2024 11.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Əlı̇ yeva Esmı̇ ra Novruz qızının cavabdeh Əlı̇ yev Ası̇ man Elşən oğluna qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Əlı̇ yeva Esmı̇ ra Novruz qızı cavabdeh Əlı̇ yev Ası̇ man Elşən oğluna qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 152 saylı evin ikiotaqlı 7-ci mənzili Bakı şəhəri Nəsimi Rayon İcraiyyə Komitəsi XDS-nin 04 aprel 1991-ci il tarixli 12/2 №-li qərarına əsasən 3 nəfər (özü və iki oğlu) ailə tərkibində müvəqqəti yaşamq üçün iddiaçıya verilmişdir. Həmin vaxt o, Bakı şəhəri Oktyabr İnqilabı adına zavodda işləmiş və orada mənzil növbəsində uçotda olmuşdur. Bu mənzil ona verilsə də, mənzil uşotunda növbəliyi saxlanmışdır. Adı çəkilən mənzil boş olmuş və elə həmin vaxt o, iki oğlu ilə birlikdə köçüb orada yaşamağa başlamış və hazırda da orada yaşayır. Nəsimi rayon İcra Hakimiyyəti başçısının 06 oktyabr 2023-cü il 186 №-li sərəncamı ilə adı çəkilən mənzil daimi yaşamaq üçün ona verilmiş, həmin mənzilə dair onunla mənzil icarə müqaviləsinin bağlanması ərazi üzrə 15 saylı NKİS-nə tövsiyyə olunmuşdur. Cavabdeh 2001-ci ilin fevral ayında anadan olmuş, 2008-ci ildə anası X2 ilə birlikdə Bakı şəhəri Xətai rayonunun Əhmədli qəsəbəsinə köçmüş, həmin vaxtdan sonuncuya məxsus mənzildə yaşayır, 15 ildən artıq bir müddətdir ki, onlarla Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 152 saylı evin ikiotaqlı 7-ci mənzilində yaşamır, ümumi təsərrüfat aparmır, mənzil kirayə müqaviləsində irəli gələn vəzifələri yerinə yetirmir, bu mənzildə ona məxsus hər hansı bir əmlak yoxdur, mənzildə formal olaraq qeydiyyatı qalmışdır ki, bu da ona mənzillə bağlı bəzi məhdudiyyətlər yaradır, öz istəyinə uyğun mənzildən istifadə hüquqlarını həyata keçirə bilmir. Cavabdehə dəfələrlə xəbər göndərərək mənzildən pasport qeydiyyatından çıxmasını, yaşadığı və anasına məxsus mənzilə qeydiyyatına düşməsini xahiş etmiş, o, əvvəlcə qeydiyyatdan çıxmağa vəd versə də, sonradan müxtəlif bəhanələr gətirərək sözündən dönmüş, hazırda isə bundan yayındığından hesab edir ki, məsələnin məhkəmədən kənar həlli mümkün deyildir. Göstərilənlərə əsasən cavabdeh Əlı̇ yev Ası̇ man Elşən oğlunun Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 152 saylı evin ikiotaqlı 7-ci mənzilindən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 152 saylı evin ikiotaqlı 7 saylı mənzili müvəqqəti yaşamaq üçün xx.xx.1991-ci il tarixli qərara əsasən iddiaçı və onun ailə üzvlərinə verilmişdir. Həmin vaxtdan da iddiaçı və onun ailə üzvləri həmin mənzildə yaşamışlar. Cavabdeh, yəni iddiaçının nəvəsi 2001-ci ilin fevral ayında anadan olmuş və 2008-ci ildə anası X2 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən evə köçmüş və həmin vaxtdan da, orada yaşayır. Həmin tarixdən sonra cavabdeh mübahisəli əmlakda yaşamır, bununla bağlı heç bir öhdəliyi icra etmir və həmin mənzildə ona aid heç bir əmlak yoxdur. O, mənzildə sadəcə formal olaraq qeydiyyatdadır ki, bu da idiaçının əmlakla bağlı hüquqlarını sərbəst həyata keçirməsinə maneə yaradır. Cavabdehə bununla bağlı dəfələrlə müraciət olunsa da, o, hər dəfə müxtəlif bəhanələrlə bundan boyun qaçırmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh onun oğlu, iddiaçı isə keçmiş qayınanasıdır. O, iddiaçının oğlu ilə qeyri-rəsmi olaraq ailə qurmuş, həmin evə köçmüşdür. O, uzun illər həmin evdə yaşamışdır. Daha sonra isə övladıyla birlikdə həmin evdən çıxıb bir müddət kirayədə qalmışdır. 2016-cı ildə isə mənzil alaraq ora yerləşmişlər. Lakin övladı daimi olaraq həmin evə gedib-gəlmişdir. İddiaçının hazırki iddianı qaldırmaqda məqsədi evi satmaqdır. Oğlu buna şahid olmuşdur. Hesab edir ki, onun övladının da həmin evdə haqqı vardır. Ona çatası haq da ona verilməlidir. İddia tələbinin rədd edilməsini xahiş etmişdir.
5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
6. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 152 saylı evin 7 saylı mənzili Əlı̇ yeva Esmı̇ ra Novruz qızının mülkiyyətindədir. Cavabdeh Əlı̇ yev Ası̇ man Elşən oğlu isə nəvəsidir. O, 2001-ci ildən həmin ünvanda qeydiyyatdadır, lakin 16 ildən çoxdur ki, mübahisəli mənzildə yaşamır. Hazırda iddiaçı cavabdehin sözügedən mənzilə istifadə hüququna xitam verilməsini tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir.
b) Mülki işin materialları:
7. Mülki işin materiallarında olan Nəsimi rayon Xalq Deputatları İcraiyyə Sovetinin 12/2 nömrəli, xx.xx.1991-ci il tarixli qərarına əsasən hazırda iddiaçının istifadəsində və sahibliyində olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 152 saylı, mənzil 7 mənzil məsələsi həll olunana qədər müvəqqəti yaşamaq üçün Əlı̇ yeva Esmı̇ ra Novruz qızına və iki oğluna verilməsi, mənzil reyestrindən çıxarılmaması, sözügedən mənzilə qeydiyyata salınması üçün pasport şöbəsinə qeydiyyatın tapşırılması qərara alınmışdır.
8. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 186 saylı sərəncamından görünür ki, Nəsimi rayonu, S.Rəhimov küçəsi 152 №-li evin 7 №-li mənzilində yaşayan vətəndaş İddiaçı ərizə ilə Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək uzun illərdir ailəsi ilə birlikdə qeydiyyatda olmaqla yaşadığı, ona müvəqqəti yaşayış üçün verilmiş mənzilin daimi yaşayış üçün verilməsi barədə sərəncam verilməsini xahiş etmişdir. Vətəndaş İddiaçı 1989-cu ildən mənzil növbəsində olmuş və hal-hazırda aşadığı mənzil xx.xx.1991 -ci il tarixdə ona mənzil növbəsi çatanadək müvəqqəti yaşayış üçün verilmişdir. Vətəndaş İddiaçı 4 nəfər ailə tərkibi ilə (özü, oğlu, 2 nəvəsi) Nəsimi rayonu, S.Rəhimov küçəsi 152 №-li evin 2 otaqlı yaşayış sahəsi 19 kv.m, ümumi sahəsi 30, 2 kv.m elan 7 №-li mənzilində qeydiyyatda olmaqla yaşayır. Vətəndaşın müraciətinə və təqdim olunmuş sənədlərə əsasən: - Nəsimi rayorau, S.Rəhimov küçəsi 152 №-li evin 2 otaqlı yaşayış sahəsi 19 kv.m, ümumi sahəsi 30, 2 kv.m olan 7 №-li mənzili vətəndaş İddiaçı 4 -əfər ailə tərkibi ilə (özü, oğlu, 2 nəvəsi) daimi yaşayış üçün verilsin və onunla daimi icarə müqaviləsi bağlansın. - Sərəncamın surəti icra üçün 15 saylı MKİS-ə, məlumat üçün vətəndaş E.N.Əfəndiyeva və hüquqi qeydiyyata alınması üşün Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilsin.
9. Mülki işin materiallarında olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 152-də yaşayan sakinlər tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, həqiqətən Süleyman Rəhimov küçəsi, ev 152, mənzil 7-də Cavabdeh 15 ildən artıqdır ki yaşamır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri 2001-ci ildə yarandığından, hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir.
11. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
13. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.
14. Qeyd edilən Məcəllənin 228.5-ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx.xx.2008-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.
16. İşin halları ilə müəyyən edilmişdir ki, Əlı̇ yev Ası̇ man Elşən oğlu mülkiyyətçi Əlı̇ yeva Esmı̇ ra Novruz qızının qanunvericiliklə dairəsi konkret olaraq müəyyən edilmiş ailə üzvləri sırasına daxil olan şəxs deyildir.
17. Qeyd edilən hüquq normalarından da göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən digər ailə üzvünün istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur.
18. Məhkəmə araşdırmaları ilə də müəyyən olundu ki, Əlı̇ yev Ası̇ man Elşən oğlunun sözügedən mənzildən istifadə hüququnun yaranması üçün onunla mülkiyyətçi Əlı̇ yeva Esmı̇ ra Novruz qızı arasında notarial qaydada təsdiqlənmiş yazılı razılaşma olmamışdır.
19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Yuxarıda qeyd olunan maddi hüquq normaları, habelə Konstitusiya Məhkəməsinin Plenum qərarından göründüyü kimi, cavabdeh iddiaçının ailə üzvü hesab edilmədiyindən onun həmin mənzildən istifadə hüququ yaranmamışdır.
20. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin istifadə hüququ olmadığı mübahisəli mənzilə dair istifadə hüququnun itirilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, iddia təmin edilə bilməz.
21. Lakin, buna baxmayaraq, məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə dair istifadə hüququ yaranmadığı müəyyən olunduğuna görə, bu onun həmin mənzildəki formal qeydiyyatının ləğvi üçün əsasdır.
22. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddiaçı Əlı̇ yeva Esmı̇ ra Novruz qızının cavabdeh Əlı̇ yev Ası̇ man Elşən oğluna qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi rədd edilməlidir.
23. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
26. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Əlı̇ yeva Esmı̇ ra Novruz qızının cavabdeh Əlı̇ yev Ası̇ man Elşən oğluna qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.