Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1288/2025 14.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin səhvi və sui-istifadəsi nəticəsində qanunsuz 06 (altı) ay 15 (on beş) gün həbsdə saxlanıldığı müddətdə dəymiş maddi ziyana görə 5000 (beş min) manat, mənəvi ziyana görə 20000 (iyirmi min) manat olmaqla, ümumilikdə dəymiş maddi və mənəvi ziyana görə 25000 (iyirmi beş min) manat cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası CPMnin 36.1-ci maddəsinə əsasən, cinayət prosesinin gedişində bu Məcəllənin 55 və 56-ci maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir. Belə ki, 05 yanvar 2021-ci il tarixdə barəsində Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Rafiq Qəmbərov cinayət işi başlamışdır. Sumqayıt Şəhər Məhkəməsinin hakimi Rövşən Xəlilovun 10 fevral 2021-ci il tarixli qərarı ilə barəsində 01 (bir) ay 15 (on beş) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa Sumqayıt Şəhər Məhkəməsinin hakimi Pərviz Hacıyevin 23 mart 2021-ci il tarixli qərarı ilə barəsində olan həbs qətimkan tədbiri istintaq müddətinin sonunadək, yəni 15 aprel 2021-ci il tarixədək, 20 (iyirmi) gün müddətinə uzadılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin hakimi Rövşən Xəlilovun 15 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan respublikası CM-nin 178.2.2 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra sözügedən hökmdən, yəni Sumqayıt Şəhər Məhkəməsinin hakimi Rövşən Xəlilovun 15 oktyabr 2021-ci il tarixli hökmündən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Məhəmmədəli Rzayevin 10 mart 2022-ci il tarixli hökmü ilə Sumqayıt Şəhər Məhkəməsinin hakimi Rövşən Xəlilovun 15 oktyabr 2021-ci il tarixli hökmü ləğv edilmişdir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CMnin 177.2.2-ci maddəsi üzrə təqsiri sübuta yetirilmədiyindən, həmin oğurluq epizodu üzrə barəsində bəraət verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli hökmündən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilməmişdir. Hesab edir ki, qanunsuz 06 (altı) ay 15 (on beş) gün həbsdə saxlandığı müddətdə dəymiş maddi və mənəvi ziyana görə 25000 (iyirmi beş min) manat cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ona ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 56.0-cı maddəsinə əsasən, aşağıdakılar cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər: 0.1.bəraət almış təqsirləndirilən şəxs; 0.2.bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs; 0.3. bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs; 0.4.bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan və buna razılıq alınmasına baxmayaraq haqqında cinayət təqibi davam etdirilən şəxs; 0.5.qanunsuz həbs olunmuş və ya tibb yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilmiş, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılmış şəxs; 0.6.cinayət təqibi üzrə icraat zamanı qanunsuz olaraq bu Məcəllənin 176 və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalmış şəxs. Bu Məcəllənin 57.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiya verilməklə tam həcmdə ödənilməlidir. Həmçinin bu Məcəllənin 58.2-ci maddəsinə əsasən, fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. CPM-nin 59.3-cü maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan onun səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istəməlidir. Bu Məcəllənin 60.1-ci maddəsinin tələbindən görünür ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli olmuş şəxsin ailə üzvləri malikdir. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında-Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurumuş ziyanın ödənilməsi haqqında AR-nın Qanunu ilə həyata keçirilir. (CPM-nın 63-cü maddəsi). İş materiallarından göründüyü kimi ümumi 01 (bir) il, 02 (iki) ay, 05 (beş) gün ibtidai istintaq, birinci və apellyasiya məhkəmələrinin məhkəmə istintaqı barəsində aparılmışdır. Belə ki, 05 yanvar 2021-ci il tarixdən 15 aprel 2021-ci il tarixədək ibtidai istintaq dövrünün, 01 (bir) ay 15 (on beş) gün müddəti təqsirləndirildiyi CM-nin 177.2.2-ci maddəsinin ibtidai istintaqına görədir. 15 aprel 2021-ci il tarixdən, 15 oktyabr 2021-ci il tarixədək məhkəmə istintaqı dövrünün, 03 (üç) ay müddəti təqsirləndirildiyi CMnin 177.2.2-ci maddəsinin məhkəmə istintaqına görədir. 15 aprel 2021-ci il tarixdən, 15 oktyabr 2021-ci il tarixədək məhkəmə istintaqı dövrünün, 03 (üç) ay müddəti təqsirləndirildiyi CM-nin 177.2.2-ci maddəsinin məhkəmə istintaqına görədir. 10 dekabr 2021-ci il tarixdən, 10 mart 2022-ci il tarixədək apellyasiya instansiya məhkəməsinin məhkəmə istintaqı dövrünün, 02 (iki) ay müddəti təqsirləndirildiyi CM-nin 177.2.2-ci maddəsinin məhkəmə istintaqına görədir. Göründüyü kimi, ümumi olaraq 06 (altı) ay, 15 (on beş) gün əsassız və qanunsuz istintaqlara məruz qalaraq, qanunsuz həbsdə saxlanılmışdır. Bundan əlavə ibtidai istintaq zamanı qanunsuz prosessual məcburiyyət tədbirlərinə məruz qalaraq, hadisə yerinə aparılmışdır. İş materiallarından göründüyü kimi təqsirləndirildiyi oğurluq epizodu, X5 məxsus mənzildə mən kirayə yaşadığı müddətdə olmuşdur. Bundan əlavə, hadisə yerinə aparıldığı zaman barəsində istintaq hərəkələri aparılarkən yaxın tanışları, qonşuları bunu görmüşdülər və ona qarşı mənfi fikirləri və emosiyaları yaranmışdır. Bundan başqa həbsdə saxlama müddətinin uzadılması ilə əlaqədar 10 fevral 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə, ƏN-nin PX-nin 3 saylı İT-dan etap olunarkən, məhkəmənin arxa saxlanc yerində 02 (iki) maskalı və üzdən tanıdığı lakin adlarını bilmədiyi polis əməkdaşlarıtəərfindən qəddar, ləyaqəti alçaldan, qeyri-insani şəkildə işgəncələrə məruz qalaraq ,döyülərək sağlamığına ağır zərər vurmaya aid olmayan xəsarətlər almışdır. Bu barədə Respublikanın müvafiq orqanlarına şikayət etmişdir. Habelə ƏN-nin PX-nin 3 saylı İT-dan bu barədə xüsusi məlumat verilmişdir. Həmçinin bu barədə ƏN-nin PX-nin 3 saylı İT-nin TSM-də müvafiq qeydlər aparılaraq, xəsarətləri qeydə alınmışdır. Habelə bu barədə Sumqayıt Şəhər Məhkəməsinin hakimi Elçin Məmmədovda və Sumqayıt Şəhər Prokurorunun köməkçisi İmran Əhmədov da müvafiq sənədlər mövcuddur. Bundan ba.qa qanunsuz 06 (altı) ay 15 (on beş) gün müddətində həbsdə saxlandığı müddətdə yaxın qohumları və tanışları ynına sovqat və pul gətirmişlər. Bundan başqa azadlıqda olduğu müddətdə özü ictimai fəal və blogger olmaqla yanaşı "xxxx" MMC-ə fərdi əməklə məşğul olmaqla aylıq 900 (doqquz yüz) manat əmək haqqı almışdır. Qanunsuz 06 (altı) ay 15 (on beş) gün müddətində həbsdə saxlandığı zaman bir çox xəstəliklərə məruz qalaraq, səhhətində pozuntular baş vermişdir. Bununla əlaqədar bir çox dərman preparatları qəbul etmişdir. Və ən əsasə həmin söügedən müddətdə “astma” “əsəb-sinir” xəstəliklərinə düçar olmuşdur. Bununla bağlı ƏN-nin PX-nin 3 saylı İT-nin TSM-də ona verilən dərman preparatlarının qeydləri mövcuddur. Bununla da, Sumqayıt Şəhər Pİ-nin İŞ-nin səhvi və sui-istifadəsi nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Odur ki, 06 (altı) ay 15 (on beş) gün qanunsuz həbsdə saxlanıldığına görə ona dəymiş mənəvi ziyanı 20000 (iyirmi min) manat hesab edir. 06 (altı) ay 15 (on beş) gün qanunsuz həbsdə saxlanıldığına görə ona dəymiş maddi ziyanı 5000 (beş min) manat hesab edir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir. Və hər bir halda konkret belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilmişdir ki, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presidentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konrket hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd dilməsi üçün əsas deyil. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2022-ci il tarixli Qərarında qeyd edilir ki, “Mənəvi zərər, adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə dair (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir.” Azərbaycan Respublikası Kostitusiyasının 46-cı maddəsinə əsasən şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüuqu vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 5-6-cı maddələrinə əsasən, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində fiziki şəxslərə vurulmuş ziyan dövlət büdcəsi vəsaiti hesabına ödənilir. Odur ki, Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin səhvi və sui-istifadəsi nəticəsində qanunsuz 06 (altı) ay 15 (on beş) gün həbsdə saxlanıldığıma görə ona dəymiş mənəvi ziyana görə 20000 (iyirmi min) manat, maddi ziyana göə 5000 (beş min) manat olmaqla, ümumilikdə ona dəymiş maddi və mənəvi ziyana görə 25000 (iyirmi beş min) manat cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsi hesabına ona ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 10; 36; 42.1.4; 56-63-cü; Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikası Qanununun 5-6-cı; Azərbaycan Respublikasının Konstitusiyasının 12;46-cı maddələrini rəhbər tutaraq, Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin səhvi və sui-istifadəsi nəticəsində qanunsuz 06 (altı ay) 15 (on beş) gün həbsdə saxlanıldığı müddətdə ona dəymiş maddi ziyana görə 5000 (beş min) manat, mənəvi ziyana görə 20000 (iyirmi min) manat olmaqla, ümumilikdə ona dəymiş maddi və mənəvi ziyana görə 25000 (iyirmi beş min) manat cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X10 tərəfindən məhkəməyə təqdim edilən etiraz ərizəsi ilə bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən aydın olur ki, İddiaçı hüquq-mühafizə orqanlarının onun barəsində tətbiq olunmuş əməllərini qanunsuz hesab edərək bu əsasda ona vurulmuş ziyana görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən mənəvi ziyanın əvəzi olaraq 20.000 manat və maddi ziyana görə 5.000 manat, ümülikidə 25.000 manat məbləğində pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı istintaq hərəkətlərinin aparılması və çıxarılan hökm ilə əlaqədar mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini dövlət büdcəsinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, həmin iddia tələbi rədd edilməlidir. İlk növbədə bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Həmçinin Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19cu maddəsinə əsasən vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmçinin “Məhkumların yemək və maddi-məişət normalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 sentyabr tarixli 154 nömrəli Qərarında cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların maddi ehtiyaclarını qarşılayan gündəlik ərzaq normalarını ehtiva edir və iddiaçının qeyd etdiyi yemək xərcləri onun həbsdə olduğu müddətdə dövlət tərəfindən qarşılanmışdır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə heç bir sübut göstərməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən məhkəmədən İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı izahatında bildirmişdir ki, 6 ay 15 gün mddətində qanunsuz olaraq həbsdə saxlanılmışdır. Blogger və ictimai fəal olmaqla yanaşı "xxxx" MMC-də işləmiş və ayda əmək haqqı 900 AZN olmuşdur. Apellyasiya Məhkəməsinin hökmündə bəraət almaqla bağlı ona dəymiş ziyana dair müraciət etmək hüquqları izah edilmişdir. Həbsdə olduğu müddətdə xəstəliklər səbəbindən səhhətində pozuntular baş vermiş və buna görə də bir çox dərman preparatları qəbul etmişdir. Həmin müddətdə “astma” xəstələyinə düçar olmuşdur. İddia tələbini müdafiə edərək 06 (altı) ay 15 (on beş) gün həbsdə saxlanıldığı müddətdə dəymiş maddi ziyana görə 5000 (beş min) manat, mənəvi ziyana görə 20000 (iyirmi min) manat olmaqla, ümumilikdə dəymiş maddi və mənəvi ziyana görə 25000 (iyirmi beş min) manat ziyanın ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi X8 məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə yekun məhkəmə aktının çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və üçüncü şəxsin nümayəndəsinin izahatlarını, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021ci il tarixli 4(060)-120/2021 saylı qərarından görünür ki, xx xxx 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, Bakı küçəsi, 41-ci məhəllə, yataqxana 7A-da qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası CM-nin 177.2.2 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində seçilmiş həbs qəimkan tədbiri 11 fevral 2021-ci il tarixdən 01 ay 15 gün müddətinə uzadılmış İddiaçı həbsdə saxlama müddəti 25 mart 2021-ci il tarixdən hesablanmaqla 15 gün müddətinə uzadılmışdır. İş mateiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(060)-286/2021 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən X4 təyin olunmuş cəzaları qismən toplamaqla ona qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilmiş 06 (altı) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası üzrə şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən həmin cəza əyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş; İddiaçı cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesanlanmış; Barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış; iş üzrə maddi sübut və ekspertiza xərci ilə bağlı müvafiq göstərişlər verilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(105)-76/2022 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.2 maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 1(060)-286/2021 nömrəli hökmü ləğv edilmiş; iş üzrə yeni hökm çıxarılmış; İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edulməsinə dair hissədə oğurluq epizodu üzrə təqsir sübuta yetirilmədiyindən bəraət verilmiş; İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilmiş 06 (altı) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası üzrə şərti olaraq vaxtından əvvəl azadetmə ləğv edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən həmin cəza təyin olunmu cəza ilə qismən birləşdirilməklə üzərində 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş; İddiaçı cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2021-ci il tarixdən hesablanması nəzərə alınmış; İddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış; zərərçəkmiş şəxslər X9 və X6 dəymiş ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir.. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. İşdə olan sənədlərin məcmusu ilə İddiaçı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət məsuliyyətinə cəlb edildiyi, həmin maddələr üzrə ibtidai araşdırmanın aparıldığı və İddiaçı ititham edildiyi əməllər üzrə təqsirliyinin birinci instansiya məhkəməsinin hökmü ilə müəyyən edildiyi görünür. Baxmayaraq ki, İddiaçı Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.2-ci maddələri üzrə məsuliyyətə cəlb edilmiş və həmin maddələr üzrə ona birinci instansiya məhkəməsinin hökmü ilə cəza təyin edilmiş, sonuncunun şikayəti üzrə yuxarı instansiya məhkəməsində araşdırma aparılarkən əslində ibtidai və məhkəmə istintaqının düzgün aparılmadığı, törətmədiyi halda əlavə olaraq Məcəllənin 177.2.2-ci maddəsi ilə də təqsirli bilindiyi müəyyən edilir. Bununla da, iddiaçının törətmədiyi təqdirdə Məcəllənin 177.2.2-ci maddəsi üzrə əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması və həmin maddə üzrə təqsirsizliyinin uzun sürən məhkəmə çəkişmələrinin predmeti olması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirdiyi mübahisəsizdir. Məhkəmənin qənaətinə görə isə iddiaçıya vurulmuş mənəvi ziyan bir növ də olsa təyin ediləcək məbləğlə kompensasiya edilməlidir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 3000 (üç min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 3.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Bundan başqa, iddia tələbi təkcə mənəvi ziyanın deyil, maddi ziyanın ödənilməsi ilə bağlı olsa da, həmin hissədə iddia tələbi kifayət qədər əsaslandırılmamış, iddiaçıya həqiqətən də maddi ziyanın dəydiyi sübuta yetirilməmişdir. Bu səbəbdən mənəvi ziyan tələbindən fərqli olaraq məhkəmə hesab edir ki, maddi ziyan tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1288/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1288/2025
14.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver