Məhkəmə qərarları › İş №2(006)-1290/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-1290/2023

14.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1290/2023 14.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh X4 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh X4 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildən Azərbaycanda yaşayır. 2006-cı ildə Azərbaycan Respublikası vətəndaşı ilə ailə qurmuşdur və iki uşağı var. Cavabdeh TC vətəndaşıdır. Təxminən 2015-ci il tarixdən ümumi tanışları vasitəsi ilə cavabdehlə tanış olmuşdur. İddiaçı gözəllik salonunda usta kimi işləyir. Cavabdeh isə «Böyük Fırat» lahmacun kafesində işləyirdi. Oradan ayrılıb birlikdə iş qurmağı, restoran açmağı iddiaçıya təklif etmişdir. Bu işə 13-15.000 manat xərclərin çıxacağını demişdir. Razılaşmışlar ki, pulu iddiaçı qoyacaq, cavabdeh isə idarə edəcəkdir və şərik olacaqlar. İşin risklərini soruşanda dedi «narahat olma əgər işlədə bilməsəm, restoran üçün aldığımız avadanlıqları (soyuducu, manqal, fırın və s.) satıb qaytararam, ya da hazır restoran şəklində başqa bir adama verərəm və pulunu qaytararam». Bu restoran işinə cavabdehin əli ilə iddiaçının 35.000 manat pulu sərf edildi. Nəhayət 2022-ci ilin avqust-oktyabr aylarında Nəsimi rayonu, Azadlıq prospektində yer götürüb işləməyə başlamışlar. Deməsinə görə işlər yaxış getməmiş və ona təklif etmişdir ki, buranı tək işlətsin, iddiaçıya gündəlik xeyirdən qoyduğu qaytarsın. Qoyduğu 35.000 manat pul vəsaitini aralarında 30.000 manat həddində razılaşmışlar və gündəlik xeyirdən pulunu qaytaracaqdır. Lakin 3- 4 gün sonra restorana gələndə görmüşdür ki, Lahmacun peçi (fırın) yoxdur. Soruşanda satdığını, narahat olmamağı, iddiaçının pulunu qaytaracağını demişdir. Bu hadisədən sonra cavabdeh obyekti bağlamışdır və işlətməmişdir. Onlar yenidən üç nəfər tanışların yanında bu məsələni müzakirə etmişlər. Belə razılaşmışlar ki, ziyan işdi və restoran üçün aldıqları bütün avadanlıq onda qalsın və o, da iddiaçıya 20.000 manat pul verəcəkdir. Əgər işlətməyə yer tapsa, avadanlıqdan istifadə edəcək, yox əgər tapmasa avadanlıqları satıb iddiaçının pullarını qaytaracaqdır. Sonradan iddiaçı bilmişdir ki, cavabdeh bütün avadanlığı bir yerdən satmış və bu günə kimi iddiaçıya bir manat da verməmişdir. Avadanlıqları satıb pulunu iddiaçıya niyə vermədiyini soruşanda, uzun müddət yaşadığı vein kirayə haqqını vermirdi, onu verdiyini və başqa vacib ehtiyaclarını qarşıladığını, iddiaçının pulunu qaytaracağını demişdir. Şifahi və telefon danışıqlarında iddiaçıya olan borcunu etiraf edir, lakin hər dəfə bir bəhanə gətirir. Aralarında səsli mesajlaşmalar da vardır. Ona borclu qaldığını etiraf etsə də, davranışından pullarını qaytarmaq niyyətinin olmadığı aydın görünür. İddiaçı hesab edir ki, cavabdeh onu aldatmış, əmlakı hesab edilən pullarını qaytarmamış və bununla da iddiaçının hüquqlarını pozmuşdur. Cavabdeh iddiaçıdan aldığı pullarını özünə qaytarmalıdır. Göstərilənlərə əsasən 20.000 manat pulunun və ödədiyi dövlət rüsumu - 150 manatın (120 manat + 10.000 manatdan yuxarı olan məbləğin 0,3%=30 manat) cavabdeh Selahittin Polatdan iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdehlə onlar restoranda işləyərkən tanış olmuşlar və aralarında dostluq münasibəti yaranmışdır. Daha sonra cavabdeh ona bildirmişdir ki, restoran açmaq istəyir, ancaq bunun üçün pulu yoxdur. O, cavabdehə bununla bağlı bildirmişdir ki, «pul verim və şərik olaraq restoran açaq». O, da bununla bağlı razılaşmışdır. Cavabdeh ona bunun üçün 12-13 min manat pulun kifayət edəcəyini bildirsə də, işə bağladıqdan sonra onun 35.000 manatdan artıq xərci çıxmışdır. Nəticə olaraq restoran açmışlar və Polat oranı işlətməyə başlamışdır. Lakin qısa bir müddət sonra işlər istədiyi kimi getmədi. Çünki lüzumsuz yerlərə pul xərclədi, restoranın kassasından öz şəxsi xərcləri ilə bağlı pullar götürdü. Daha sonra ona bildirdi ki, restoranı ona versin və cavabdeh isə ona 20.000 manat borcludur və həmin borcla bağlı ona günlük 50-100 manat arası ödəniş edəcək. O, onunla da razılaşmışdır. Ancaq 7-10 gün keçsə də, cavabdeh ona pul verməmişdir. Bununla bağlı restorana getdi. Cavabdeh isə ona bildirdi ki, restoranı çevirib Azərbaycan mətbəxi edir. Cavabdeh bildirmişdir ki, ona biraz vaxt versin pulu ödəyəcək. Lakin yenə də ödəniş etmədi. Daha sonra isə bildirdi ki, başqa bir tanışla ortaq restoran açır. Bu restorandakı əşyaları da satıb ona olan borcundan ödəyəcək. Qalan borcu da yeni yeni restorandan əldə etdiyi pulla günlük olaraq ödəyəcək. O, bununla da razılaşdı. 1-2 ay yeni restoran da işlətdi. Yenə pul vermədi. O, da bununla bağlı məhkəməyə müraciət etdikdən sonra məlum oldu ki, artıq Azərbaycanı tərk edərək, Türkiyəyə getmişdir və qayıtmaq niyyəti də yoxdur. İddiaçı həmçinin göstərmişdir ki, əvvəllər o, gözəllik salonu işlədirdi, həmin vaxt onun VÖEN-i var idi. Həmin dövr isə 2009cu il təsadüf edir. Lakin hazırki məsələlər cərəyən etdiyi vaxt, yəni 2022-ci ildə onun VÖEN-i mövcud olmamışdır. O, əmək müqaviləsi ilə işləyirdi. O, restorana pul yatırdıqdan sonra restoranı cavabdehlə birlikdə işlətməmişdir. O, sadəcə pul qoymuş restoran açıldı. Oranı Polat işlədirdi. O, özü başqa işlə məşğul idi. O, məhkəməyə təqdim etdiyi səs yazıları cavabdehin «Whatsapp» vasitəsilə ona göndərmiş olduğu yazılardır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı ilə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Köleoğlu Özcan bildirdi ki, hazırki mülki iş üzrə tərəfləri Polatın Erdalla birlikdə açdıqları restorandan tanıyır. Həmin restoran Erdalın pulu hesabına açılmışdır, lakin faktiki olaraq oranı Polat işlədirdi. O, həmin restoranda işləyirdi. Həmin restoran kabab-dürüm olaraq fəaliyyət göstərirdi. Hazırki mübahisəli məqamlar 4-5 ay öncə baş verib. O, axırıncı dəfə Polatı 4-5 ay öncə görmüşdür. Həmin restoran açıldıqdan qısa müddət sonra batdı. Bundan sonra Polat Türkiyəyə getdi. O, Erdalın Polada pul verməyinə şahid olmamışdır. Lakin həmin restoranın bütün əşyalarını Erdal almışdır. Buna şahid olmuşdur. Çünki Polatın pulu yox idi. Erdal həmin xərcləri Polata borc kimi çəkməmişdir. Sadəcə onlar ortaq olaraq restoranı açmışdılar. Ancaq Polat oranı işlədə bilmədi. Erdala dedi ki, buranı versin ona, o, da Erdala 20.000 manat verəcək. Bununla bağlı danışıqlar onun yanında olmuşdur. Hətta Polatın bunu dediyi səs yazısı da telefonunda var. Onunla bu barədə «Whatsapp» vasitəsi ilə danışanda o bunu etiraf etmişdir.

8. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Ercorumlu Ayhan bildirdi ki, o,iddiaçını uzun müddətdir ki, tanıyır. Cavabdehi isə onlar ortaq açdıqları restorandan tanıyır. Həmin restoranı onlar orta açmışdılar. Erdal oraya 35.000 manatdan artıq pul qoymuşdur. Faktiki olaraq isə oranı Polat işlədirdi. O, Erdalın Polada pul verdiyini görməmişdir. Lakin onlar arasında keçən söhbətdə ona məlum olmuşdur ki, həmin restoranın açılması üçün Erdal 35.000 manatdan artıq xərc çəkib. Daha sonra isə Polat oranı işlədə və gəlir əldə edə bilmədi və Erdala təklif etdi ki, buranı ona versin, o, da Erdala 20.000 manat verəcək. Bununla bağlı onlar arasındakı söhbət onun iştirakı ilə olub. Ancaq daha sonra Polat Erdala heç bir pul vermədi.

9. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

10. Mülki işin materiallarında (bundan sonra işin materiallarında) olan Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün DYİ seriyalı 00***** nömrəli icazə vəsiqəsinin surətindən görünür ki, Türkiyə Respublikasının vətəndaşı xx.xx.1075-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır, icazənin verilmə tarixi xx.xx.2022-ci ildir, icazə vəsiqəsi xx.xx.2027-ci il tarixədək qüvvədədir.

11. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi tərəfindən ünvan 2 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Türkiyə Respublikası vətəndaşı xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh sonuncu dəfə ünvan 3 ünvanına qeydiyyata alınmışdır.

12. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublardan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Türkiyə vətəndaşı X1 dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2021-ci il tarixdə giriş, xx.xx.2023-cü il tarixdə çıxış qeydə alınmışdır.

13. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Türkiyə Respublikası vətəndaşı xx.xx.1973-cü il təvəllüdlü Cavabdehə (pasport № U********) sonuncu dəfə etibarlılıq müddəti xx.xx.2024-cü il tarixədək olan müvəqqəti yaşamaq üçün icazə verilmiş və ünvan 4 ünvanına qeydiyyata alınmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh restoran açmaq və birgə iş görmək üçün iddiaçıya müraciət etmiş, iddiaçı tərəfindən həmin fəaliyyətinin həyata keçirilməsi üçün 35.000 manat məbləğdə pul sərf edilmişdir. Cavabdeh həmin fəaliyyət nəticəsində iddiaçıya 20.000 manat pul qaytarılmasını vəd etsə də, öz öhdəliyini icra etməmişdir. Bu hal məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə təsdiq olunmuşdur.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır(maddə 740.2).

17. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

18. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur

19. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, əvəllər iddiaçı ilə cavabdeh arasında münasibətlər kommersiya fəaliyyəti kimi görsənsədə sonradan yekun olaraq münasibətlər borc münasibətinə keçmiş və borc pulun verilməsinə dair borc münasibətləri (cavabdehin səs yazıları və şahid ifadələrinə əsasən) mövcud olmuşdur.

20. Məhkəmə hesab edir ki, cavabdeh şifahi borc müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam yerinə yetirmədiyindən, iddiaçı həmin pulun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

22. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.

23. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

24. Məhkəmə bu halda qeyd edir ki, tərəflər arasında yazılı formaya riayət edilmədən verilən pulun hüquqi əsasında etibarsız hesab edilən əqd və onun hüquqi nəticəsini doğuran (bu halda) mülki hüquq pozuntusu olan delikt anlayışı durur.

25. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

26. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

27. İş materiallarında olan mobil telefon vasitəsilə göndərilmiş SMS yazışmalarından müəyyən olunur ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş, cavabdeh faktiki olaraq iddiaçıya borclu olduğunu etiraf etmiş və qısa müddət ərzində həmin pulu qaytaracağını vəd etmişdir.

28. Eyni zamanda, şahid ifadələri ilə iddiaçı tərəfindən cavabdehə borc pul verilməsi öz təsdiqini tapmışdır.

29. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Bu baxımdan, məhkəmə, formal həqiqət prinsipini əsas götürüb, cavabdehin rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlmədiyini və iş üzrə hər hansı halı mübahisələndirmədiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tələbdə göstərilən məbləğdə pul tutulmalıdır.

30. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, cavabdeh X2 20.000 (iyirmi min) manat pul tutularaq İddiaçıa qaytarılmalıdır.

31. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 150 (yüz əlli) manat məbləğində pul tutulmalıdır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh 20.000 (iyirmi min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 150 (yüz əlli) manat, cəmi 20.150 (iyirmi min yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh X5 qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar