Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1291/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Abşeron Filialına qarşı “kredit xəttinin yenilənməsinə dair əlavə razılaşmanın etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Abşeron Filialına qarşı “kredit xəttinin yenilənməsinə dair əlavə razılaşmanın etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin may ayının 31-də Kapital Bank ASC-nin Abşeron Rayon Filialına müraciət edərək 4169-7387-6069-7023 hesab nömrəli Bir Kart əldə etmişdir. Əvvəlcə bu kartdan debet kart kimi pul daxil edib sonra isə onunla maqazinlərdən alış-veriş edirdi. Bu alış-verişə görə iddiaçıya ikiqat ƏDV verirdilər. Bu qaydada bank kartını istifadə etdikdən sonra kartdan kredit kart kimi də istifadə edilməsinə şərait yaratdılar. Bu kart vasitəsi ilə uzun müddət həm debet kart kimi qoyub alış-veriş edirdi, həm də ehtiyacı olduğu zaman 100-200 manat kredit çəkib istifadə edirdi. Bu ilin iyul ayının 1-də kartından 1050 manat pulun başqa bir karta köçürüldüyünü gördü. Təcili banka gedib bununla maraqlandı. Banka onun tərəfindən həmin pul vəsaitinin istifadə edilmədiyini bildirdi. X6 Filialının rəhbərliyinə ona təhlükəsizlik kodunun gəlmədiyini, həmin kodun tərəfindən istifadə edilmədiyini bildirdi. Bu halda o, Kapital Bank tərəfindən ayrılmış kredit üçün məsuliyyət də daşımır. Bank özü kredit ayırıb iddiaçının adına, özü də həmin pulu ona verilmiş kart vasitəsi ilə başqasına ötürüb. Hesab edilir ki, bu halda 1050 manat pulun iddiaçıdan tələb edilməsi qanunsuzdur. Həqiqətən, Bankın günahı üzündən olmamasını bank özü sübut etməlidir. Belə ki, iddiaçının texniki imkanları Bank vasitəsi ilə pulun oğurlanmasını sübut edə bilmir. Belə ki, real vaxt rejimində kart sahibinin şəxsiyyətinin yoxlanılması-ödənişlər zamanı yalnız Banka və müştəriyə məlum olan təhlükəsizlik kodu ilə əməliyyatın təsdiqini nəzərdə tutur. Belə bir kodun təsdiq edilməsi iddiaçı tərəfindən və ya ona göndərilən kod vasitəsi ilə olmayıb. Hesab edilir ki, cavabdehlər tərəfindən bir istehlakçı olaraq iddiaçının hüquqları pozulub. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh ASC və onun Abşeron Filialı tərəfindən əmək haqqından akseptsiz qaydada tutulmanın dayandırılması və tutulmuş pulun İddiaçı geri qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh ASC və onun Abşeron Filialı tərəfindən əmək haqqından akseptsiz qaydada tutulmanın dayandırılması, tutulmuş 1279 manat pulun ona geri qaytarılması və xx.xx.2024-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Məhkəmə iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilən yazılı izahata uyğun məzmunda izahat verərək və iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış digər cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə digər cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan bank hesabından çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 1050 manat məbləğində pul başqa karta ötürülmüşdür. 9.Mülki işin materiallarında olan Cavabdeh ASC-yə məxsus “Birkart”ın surətindən görünür ki, 416973******7023 nöməli kart MR.Rashad Amirova məxsusdur. 10.Mülki işin materiallarında olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanan xx.xx.2022-ci il tarixli Birkart ƏDV müqaviləsinin surətindən görünür ki, Bank müştəriyə birkart ƏDV ödəniş kartı verir, müştərinin müraciəti əsasında bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır, həmin karta bağlı və xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açıq, müştəri isə kartdan və kredit xəttindən istifadə edir, yaranmış borclarını, habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəyir. 11.Mülki işin materiallarında olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanan Birbank cashback kredit xətti////Birbank cashback debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2024-cü il tarixli Əlavə razılaşmaya əsasən müqavilə üzrə kredit xəttinin yeni məbləği 1100 manat müəyyən olunmuşdur. 12.Mülki işin materiallarında olan Cavabdeh ASC tərəfindən verilən hesabdan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus 416973******7023 nömrəli kart hesabından 1050 manat məbləğində pul vəsaiti X1 məxsus ******************** KR hesabına köçürülmüşdür. 13.Mülki işin materiallarında olan Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, sonuncu ilə Bank arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən Bank tərəfindən borcalana 60 ay müddətinə, 1100 manat məbləğində birkart müqaviləsi üzrə kredit xətti açılmış və bu kredit xətti müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə əsas borc məbləği 1025,09 manat, faiz borc məbləği 173,94 manat olmaqla, 1199,03 manat məbləğində ümumi borcu, gecikmə günü 89 gün olmaqla 250,29 manat məbləğində gecikmə yaranmışdır. Qrafikə uyğun ödəniş aparılmadığı üçün kredit borcları üzrə tam borc məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. 14.Mülki işin materiallarında olan Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilən 07 may 2025-ci il tarixli icra qeydindən görünür ki, İddiaçı BEDV5298232A123 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1199 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 1224.03 manat məbləğində pul tutulmalıdır. 15.Mülki işin materiallarında olan Cavabdeh ASC tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli yazılı izahatdan görünür ki, iddiaçı ilə bank arasında xx.xx.2022-ci il tarixdə Birkart ƏDV müqaviləsi bağlanmış, müştərinin müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində kredit xəttindən istifadə edə biləcəyi qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixdə xx.xx.2022-ci il tarixli BEDV5298232A123 saylı birbank cashback kredit xətti///birbank cashback debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair əlavə razılaşma bağlanmış, kredit xəttinin məbləği 1100 manat müəyyən olunmuşdur. Bundan başqa, xx.xx.2024-cü il tarixdə Birbank qeydiyyatında cihaz dəyişikliyi olmuşdur. Qeyd edilməlidir ki, “Birbank” mobil tətbiqinin qeydiyyatının digər cihaza dəyişdirilməsi üçün “Birbank” mobil tətbiqinin qeydiyyatda olduğu mobil nömrəyə göndərilən təsdiq kodu mütləq şəkildə daxil edilməklə təsdiq edilməlidir. Əks halda dəyişikliyin baş tutması mümkün deyildir. Bankdaxili yoxlama aparılarkən sözügedən kodun İddiaçı istifadəsində olan və “Birbank” mobil tətbiqinin qeydiyyatda olduğu +**********03 nömrəli mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə SMS vasitəsi ilə göndərildiyi məlum olmuşdur. Nəzərə alınmalıdır ki, həmçinin həmin göndərilən SMS-in mətnində müştəriyə edilən xəbərdarlıq mətni də yer alır: «Ostereqavtes telefonnix moshennikov! Sotrudnik banka ni pri kakix obstovatelstvax ne mozhet zaprosit u vas etot kod! Budte ostoroini!» Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Birkart ƏDV Müqaviləsinin 4.1-ci bəndinə əsasən Tərəflər razılığa gəlmişlər ki, Müştəri, bu Müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonradan Banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən (bundan sonra - texnoloji vasitələr) müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə 15000 manat həddində. SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə artıra və ya azalda, həmçinin Müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması, habelə Müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi və ya digər hərəkətlərin edilməsi yalnız Bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və Bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin Müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi Müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə evni hüquqi qüvvəyə malikdir. İddiaçı tərəfindən “Birbank” mobil tətbiqi vasitəsi ilə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Birkart ƏDV Müqaviləsinin 4.1-ci bəndinə əsasən kredit xəttindən istifadə ilə əlaqədar olaraq kredit xəttinin yenilənməsi üçün müraciət edilmiş və xx.xx.2024-cü il tarixli Birbank cashback kredit xətti //// Birbank cashback debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən müqavilənin şərtlərinə dəyişiklik edilmiş və kreditin məbləği 1100 AZN məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi tərəflər öz iradə ifadələrini bildirməklə aralarında bağladığı müqavilə ilə ona dəyişiklik edilməsi qaydasını və formasını müəyyən etmişlər. Həmin qaydaya əsasən isə Birbank cashback kredit xətti //// Birbank cashback debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşma baqlanılmaqla tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Birkart ƏDV Müqaviləsinin şərtlərinə dəyişiklik edilmişdir. Göründüyü kimi qanunvericlikdə ödəyici onun tərəfindən bu Qanunun 38-ci maddəsinin tələblərini qəsdən və ya kobud ehtiyatsızlıqdan pozulması və dələduzluğa yol verildiyi hallarda avtorizə edilmədən həyata keçirilən ödəniş əməliyyatları üzrə belə yaranan itkilərə görə tam məsuliyyət daşıyır. Yuxarıda qeyd olunan əməliyyatlar isə avtorizə edilmiş əməliyyatlardır. Belə ki, həmin əməliyyatların aparılması üçün iddiaçının istifadəsində olan +**********03 (təhlükəsizlik kodlarının göndərildiyi nömrə) nömrəli mobil nömrəyə xx.xx.2024-cü il tarixdə SMS vasitəsi ilə birdəfəlik yoxlama kodu göndərilmiş və köçürmə əməliyyatları həyata keçirilmişdir ki, buradan da onun hesabına dair özü sərəncam verdiyini və iradə ifadəsinin əksini görürük. Həmçinin, nəzərə alınmalıdır ki, əgər sözügedən əməliyyatların iddiaçının özü tərəfindən aparılmaması, üçüncü şəxs tərəfindən aparılması öz təsdiqini tapsa belə, həmin əməliyyatların aparılması iddiaçının təqsiri üzündən baş vermişdir. Belə ki, həmin əməliyyatlar məxfi saxlanılmalı olan məlumatların və kodlarının üçüncü şəxsə ötürülməsi, həmin kodların daxil edilməsi və təsdiq edilməsi yolu ilə aparılmışdır. Göründüyü kimi iddiaçının sərəncamına və razılığına əsasən sözügedən köçürmə əməliyyatları icra edilmiş və həmin köçürmə əməliyyatları kredit xəttindən istifadə edilərək kredit vəsaiti hesabına icra edildiyi üçün Banka ödənilməmiş borcu yaranmışdır. Bu səbəbdən iddiaçının 1100 manat vəsaitin ödəməsi öhdəliyindən azad edilməsi də qanunaziddir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 16.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixli “Birbank cashback debet kart” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən Cavabdeh ASC tərəfindən kredit məbləğinin limiti artırılaraq 1100 manat təşkil etmişdir. Bundan sonra iddiaçıya məxsus 416973******7023 nöməli karta köçürülən 1050 manat məbləğində pul vəsaiti xx.xx.2024-cü il tarixdə üçüncü şəxs olan X1 məxsus ******************** KR hesabına köçürülmüşdür. 17.İddiaçı bundan sonra dərhal Cavabdeh ASC-nin Abşeron filialına yaxınlaşaraq pulun əldə edilməsi üçün ona təhlükəsizlik kodunun gəlmədiyini, həmin kodun tərəfindən təsdiqlənmədiyini və puldan da istifadə etmədiyini, pulun başqa karta köçürüldüyünü bildirmişdir. 18.Hazırda iddiaçı xx.xx.2024-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, kartından Bank tərəfindən akseptsiz qaydada tutulmanın dayandırılması və Bank tərəfindən tutulan 1279 manat pul vəsaitinin ona geri qaytarılmasını tələb edir. 19.Cavabdeh ASC iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini tələb edir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 20.Azərbaycan Respublikasının Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 21.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının: 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 22.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digərtərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. 746-2.5-ci maddəsinə əsasən istehlak krediti müqaviləsi bağlanıldığı an da daxil olmaqla həmin ana qədər məsafədən bir və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi yolu ilə borcverən və istehlakçının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Məcəllənin 406.3- cü maddəsinə uyğun olaraq məsafədən bağlana bilər. 746-2.6-cı maddəsinə əsasən istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına dair digər tələblər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir. 23.Azərbaycan Respublikası Mərkəzi X5 04 fevral 2022-ci il tarixli 04/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın: 5.1. Bank bu Qaydanın tələblərinə uyğun olaraq məsafədən bank hesabı aça bilər. Məsafədən bank hesabının açılması müştəri və bank əməkdaşının eyni zamanda birgə fiziki iştirakı olmadan elektron vasitələrlə bank hesabının açılmasını nəzərdə tutur. 5.2. Müştərilərə səlahiyyətli nümayəndə (hüquqi şəxsin qanuni təmsilçisi istisna olmaqla) vasitəsilə, habelə qeyri-rezident hüquqi şəxslərə məsafədən bank hesabının açılmasına yol verilmir. 5.5. Yeni müştəri üçün məsafədən bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi aşağıdakı qaydada aparılır: 5.5.1. rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə; 5.5.2. rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə. 5.6. Bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza, rezident fiziki şəxslər üçün isə gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası əsasında həyata keçirilə bilər. Bank bu qaydada hesabın açılmasını riskli hesab edərsə, hesab gücləndirilmiş müştəri autentifikasiyası əsasında açıldıqda video çəkiliş üsulunu video zəng ilə əvəz edə, gücləndirilmiş elektron imza ilə açıldıqda isə əlavə olaraq video çəkiliş və ya video zəng üsulunu tətbiq edə bilər. 5.7. Gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur. 5.8. Məsafədən bank hesablarının açılması üçün video eyniləşdirməyə (video zəng və video çəkiliş) dair tələblər bu Qaydaya 6 nömrəli Əlavə ilə tənzimlənir. 5.9. Məsafədən bank hesabının açılması üçün bu Qaydanın tələblərinə riayət olunmalı, o cümlədən bu Qaydanın 4-cü hissəsində qeyd olunmuş sənədlər əldə edilməlidir. 5.13. Fiziki şəxs tərəfindən bank hesabı müqaviləsinin və hesabın açılması üçün tələb olunan digər sənədlərin gücləndirilmiş müştəri autentifikasiyası yolu ilə təsdiq edilməsi ilə müqavilənin yazılı formada bağlanması və imza tələbi yerinə yetirilmiş hesab edilir. 24.“Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na 6 nömrəli əlavəyə əsasən video eyniləşdirməyə dair tələblər məsafədən bank hesablarının açılması zamanı rezident hüquqi şəxsin qanuni təmsilçisinin, rezident fərdi sahibkarın, rezident və qeyri-rezident fiziki şəxslərin (bundan sonra – fiziki şəxs) video zəng, habelə mövcud müştərilərin həmçinin video çəkiliş vasitəsilə eyniləşdirilməsinə (bundan sonra birlikdə – video eyniləşdirmə) dair tələbləri müəyyən edir.
2. Video eyniləşdirmənin başlanmasından əvvəl görülən tədbirlər Video eyniləşdirmənin başlanmasından əvvəl yalnız şəxsiyyətin müəyyən edilməsi üçün etibarlı olan və mərkəzləşdirilmiş şəkildə yaradılan birdəfəlik qısa mesaj (SMS OTP) göndərilir. Göndərilən SMS OTP fiziki şəxs tərəfindən video eyniləşdirmənin aparıldığı interfeys vasitəsilə onlayn olaraq qeyd edilir. Həmin SMS OTP sistemdə uğurla təsdiqlənərsə, şəxsin mobil telefon nömrəsi təsdiq edilmiş hesab edilir. 3.1. Video zəng zamanı tətbiq edilən metod üzbəüz eyniləşdirmə metoduna (şəxsin fiziki olaraq bankın inzibati binasına yaxınlaşması zamanı tətbiq edilən metoda) bənzər və risklərin minimallaşdırılması əsasında hazırlanır. 3.2. Video zəng bu mövzuda təlimdən keçmiş bank əməkdaşı tərəfindən aparılır. 3.3. Video zəng zamanı bank əməkdaşının şəxsiyyətin eyniləşdirilməsi üçün istifadə edilə bilən sənədlərin xüsusiyyətlərini və bu sənədlər üçün tətbiq edilən etibarlı yoxlama metodlarını öyrənməsi, habelə dələduzluq və ya digər hüquq pozuntusu halları, bu Qaydanın və aidiyyəti digər hüquqi aktların tələbləri barədə məlumatlı olması təmin edilir. 3.4. Bank əməkdaşının ildə ən azı bir dəfə və ya bu Tələblərin 2.5-ci bəndinə uyğun olaraq hər bir yenilənmədən sonra video zəng prosesi, o cümlədən fərdi məlumatlar qanunvericiliyi barədə təlim keçməsi təmin edilir. 5.6. Video zəngin sonunda fiziki şəxsin ona göstəriləcək bank xidmətləri barədə məlumatlı olduğunu və bank müştərisi olmağa razı olduğunu şifahi təsdiq etməsi ilə proses başa çatır. 6.1. Video çəkiliş bankda hesabı mövcud olan müştərilər tərəfindən məsafədən bank hesabının açılması məqsədilə aparılır. 6.2. Video çəkiliş zamanı bank müştərinin şəxsiyyətini təsdiq edən sənədinin hər iki tərəfinin (ön və arxa) şəkillərini və müştərinin video çəkilişini əldə edir. 6.3. Video çəkilişin müddəti ən azı 10 (on) saniyə olmalıdır. 6.4. Təqdim olunan şəkillərin və video çəkilişin müraciət edən şəxsə mənsub olduğunu avtomatik rejimdə təsdiq etmək mümkün olmadıqda, bank video zəngin edilməsi ilə bağlı müştəriyə əlavə sorğu göndərə bilər. 6.5. Təqdim edilən şəxsiyyəti təsdiq edən sənədin həqiqiliyinin və həmin sənəd üzrə məlumatların yoxlanılması üçün dövlət informasiya sisteminə sorğu göndərilir və eyniliyi yoxlanılır. 6.6. Müştərinin həqiqiliyi ona aid video çəkilişdə və şəxsiyyəti təsdiq edən sənəddə əks olunan simalar (üz cizgiləri) bir-birinə uyğun olduğu təqdirdə təsdiq olunur. 25.Məhkəmə hazırki iş üzrə ilk növbədə onu qeyd edir ki, Azərbaycan Respublikası Mərkəzi X5 04 fevral 2022-ci il tarixli 04/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılmasının rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası əsasında həyata keçirilə bilmə imkanını nəzərdə tutmuş, hətta bankın bu qaydada hesabın açılmasını riskli hesab etdiyi halda, hesab gücləndirilmiş müştəri autentifikasiyası əsasında açıldıqda (SMS OTP kod vasitəsilə) video çəkiliş üsulunu video zəng ilə əvəz etmək üsulunu tətbiq edə bilməsi məsələsini tənzimləmişdir. 26.Gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur. 27.Hazırki iş üzrə xx.xx.2024-cü il tarixdə iddiaçının adına kredit limitinin artırılmasına dair müqavilə rəsmiləşdirilən zaman Bank tərəfindən sözügedən Qaydaların tələblərinə tam qaydada riayət edilməmiş, bank tərəfindən yalnız OTP kodun iddiaçıya məxsus nömrəyə göndərilməsi həyata keçirilmiş, digər üz tanınması, səs tanınması, video çəkiliş, video zəng kimi elementlərdən istifadə təmin edilməmişdir. 28.Məhkəmə qeyd edir ki, bankın plastik kart məlumatlarının məxfiliyinin qorunmasının kart istifadəçisinin öhdəliyi olması və üçüncü şəxslər tərəfindən bu məlumatlar istifadə edilərkən Bankın məsuliyyət daşımamasına dair mövqeyi əsassız olmaqla, məsuliyyəti yalnız müştərinin üzərinə yükləməklə, özünü baş verə biləcək neqativ hallardan sığortalaması, mövcud reallıq üzrə baş verən dələduzluq hallarının yayılması fonunda bank müvafiq problemlərlə bağlı məhkəmənin icraatında kifayət qədər analoji işlərin olmasını bildiyi halda, təhlükəsizlik tədbirlərini lazımi qaydada, yəni, yuxarıda göstərilən tələblərə uyğun həyata keçirməmişdir ki, bu da saysız-hesabsız məhkəmə mübahisələrinin yaranmasına gətirib çıxarmışdır. Halbuki, Qaydaya 6 saylı əlavədə video eyniləşdirmə zamanı mümkün əməliyyat və digər risklər nəzərə alınaraq lazımi səviyyədə təhlükəsizlik tədbirləri görülməsi, eləcə də tərəflər arasında daha əvvəl bağlanmış xx.xx.2022-ci il tarixli Birkart ƏDV müqaviləsində ”Müştəri Birkart ilə aparılan dələduzluq əməliyyatlarından qorunur” müddəası nəzərdə tutulmuşdur. Həmin müddəada həmçinin qeyd edilmişdir ki, limitlər çərçivəsində dələduzluq əməliyyatları nəticəsində baş verə biləcək maliyyə itkilərinin müştəriyə qaytarılmasını Bank təmin edir (bənd 9.4). 29.Göstərilən qaydalarda müştərilərə səlahiyyətli nümayəndə vasitəsilə belə, məsafədən bank hesabının açılmasına yol verilmədiyi təsbit edildiyi halda cavabdeh bank kredit məbləğini ayırarkən videoeyniləşdirmə həyata keçirmədən, iddiaçının iradə ifadəsini dürüst müəyyənləşdirmədən müqaviləni bağlamışdır ki, bu da müqavilənin etibarlılığını şübhə altına salır. İddia ərizəsindən görünür ki, iddiaçı həmin müqavilənin onun iradəsinə uyğun olmaması ilə bağlı, ona qarşı törədilməsi ehtimal edilən cinayətlə əlaqədar hadisədən dərhal sonra Cavabdeh ASC-nin Abşeron filialına müraciət etsə də, nəticə əldə etməmişdir. Göründüyü kimi iddiaçı xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əlavə razılaşmanın onun iradəsini ifadə etmədiyini aşkar şəkildə bildirməkdədir. 30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 dekabr 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2) aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; 3) müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. O da qeyd olunmalıdır ki, Mülki Məcəllənin 339.3-cü maddəsinə görə, üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Göründüyü kimi, üçüncü şəxsin aldatması barəsində müqavilənin qarşı tərəfi xəbərdar idisə və ya xəbərdar olmalı idisə, müqavilə etibarsız hesab edilə bilər. 31.Məhkəmə qeyd edir ki, iddiaçı kredit götürməklə bağlı hər hansı iradə ifadəsi olmadığı təqdirdə, bankın təhlükəsizlik tədbirlərini lazımi qaydada görməməsi ucbatından onun tərəfindən götürülməmiş 1050 manat krediti qaytarmalı olan borclu şəxs statusunu almışdır. 32.Qeyd edilməlidir ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. 33.Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsinin vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. 34.Hər hansı əqdin, o cümlədən kredit müqaviləsinin etibarlı sayılması, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. 35.Müqaviləni öhdəlik hüquq münasibətlərinin yaranması üçün digər əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. 36.Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). 37.Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 09 dekabr 2019-cu il və N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli qərarlar). 38.Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. 39.Göstərilənlərə əsasən məhkəmə yalnız yazılı və formal hallarla kifayətlənməyərək, iddiaçının iradə ifadəsinin həqiqi məzmunu və niyyətini müəyyən edərək hesab edir ki, xx.xx.2024-cü il tarixdə bağlanmış kredit xəttinin yenilənməsinə dair müqavilə tərəflərin qarşılıqlı iradə ifadələrinə uyğun olmadan bağlanmış, qeyd olunan halda iddiaçının iradə ifadəsinin zədələnməsi halı baş vermişdir ki, bu da müqavilənin etibarsız hesab olunması üçün əsasdır. 40.Bundan başqa, məhkəmə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının adına bağlanan kredit xəttinin yenilənməsinə dair müqaviləyə əsasən Bank tərəfindən iddiaçıya 1100 manat məbləğində kredit limiti ayrılmış, buna uyğun olaraq iddiaçının kartına 1050 manat olmaqla pul köçürülmüşdür. Həmin pul vəsaiti isə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının kartından üçüncü şəxs kimi X1 məxsus bank hesabına köçürülmüşdür. Həmçinin, müəyyən edilmişdir ki, sözügedən müqavilə bağlandıqdan sonra iddiaçıya məxsus əmək haqqı kartından müxtəlif tarixlərdə kredit müqaviləsinə əlavə razılaşmadan irəli gələn əsaslardan silinmələr olmuşdur. 41.Məhkəmə iddia tələbinin müqavilə üzrə tutulan 1279 manat məbləğində pulun cavabdehlərdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanan 29 iyun 2024-cü il tarixli müqavilə etibarsız hesab edildiyindən həmin müqavilə üzrə də Bank tərəfindən iddiaçıya məxsus əmək haqqı kartından əsassız olaraq tutulan pul vəsaitləri faydalanan şəxs kimi Bank tərəfindən iddiaçıya geri qaytarılmalıdır. Bundan əlavə məhkəmə bu hissəyə münasibətdə həmçinin qeyd edir ki, icra qeydinin verilməsinə dair bildirişdə tarix xx.xx.2025-ci il tarix qeyd edilmiş və həmin tarixə iddiaçıdan tutulması tələb olunan məbləğ ümumilikdə 1224,03 manat təşkil etmiş, iş materiallarına əlavə edilən hesabdan çıxarış üzrə isə məbləğ iddiada tələb edilən məbləğdən artıq olmuşdur. Bu isə onu deməyə bir daha əsas verir ki, iddiaçı 1279 manat pulun ona geri qaytarılması hissəsində əsaslı olmuşdur. 42.Məhkəmə Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbi baxımından qeyd edir ki, kredit müqaviləsi etibarsız hesab edildiyindən, belə bir tələb olub-olmamasından asılı olmayaraq həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməlidir. Məhkəmənin qənaətinə görə etibarsız hesab edilən xx.xx.2024-cü il tarixli Əlavə razılaşma üzrə restitusiya (müqavilə üzrə götürülmüş kreditin qaytarılması ilə bağlı) tətbiq olunmasına zərurət görmür. Belə ki, MM-in 337.5-ci maddəsinin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə bir-birilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər. Hazırkı işin hallarından isə mübahisələndirilən müqavilə bağlanarkən İddiaçı tərəfindən hər hansı pul vəsaitinin əldə edilmədiyi müəyyən edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı məhkəmə qərardadının icrası nəticəsində məlum olmuşdur ki, 1050 manat məbləğində pul vəsaiti üçüncü şəxs X1 məxsus bank hesabına köçürülmüşdür. Odur ki, Cavabdeh ASC-yə restitusiya qaydasında faktiki krediti götürmüş şəxsə, yəni pulun köçürüldüyü hazırki iş üzrə üçüncü şəxs olan X1 qarşı ayrıca iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilir. 43.Məhkəmə iddia tələbinin “akseptsiz qaydada tutulmanın dayandırılması” hissəsinə münasibətdə qeyd edir ki, kredit müqaviləsi etibarsız hesab edildiyindən və tutulma üçün artıq hər hansı qanuni və müqavilə əsası olmadığı üçün həmin hissədə tələb prosessual qənaət prinsipi nəzərə alınaraq əsassız hesab edilməklə təmin edilməməlidir. 44.Bundan başqa, həmçinin iddia tələbinin Cavabdeh ASC-nin Abşeron Filialına dair hissəsinə münasibətdə qeyd edir ki, filial hüquqi şəxs deyildir, hüquqi şəxsi təmsil edir və subyektiv cavabdeh ola bilməz. 45.Beləliklə də məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli “Birbank cashback debet kart” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşma etibarsız hesab edilməli, həmin razılaşma üzrə İddiaçı Bankın xeyrinə tutulan 1279 (bir min iki yüz yetmiş doqquz) manat məbləğində pul Cavabdeh ASC-dən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə və digər Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Abşeron Filialına münasibətdə təmin edilməməlidir.
46. Bundan əlavə isə məhkəmə qeyd edir ki, Cavabdeh ASC-nin restitusiya qaydasında faktiki krediti götürmüş şəxsə qarşı ayrıca iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnuda mövcuddur.
47. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir.
48. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli “Birbank cashback debet kart” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşma etibarsız hesab edilsin. Həmin razılaşma üzrə İddiaçı Bankın xeyrinə tutulan 1279 (bir min iki yüz yetmiş doqquz) manat məbləğində pul Cavabdeh ASC-dən alınaraq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə və digər Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Abşeron Filialına münasibətdə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.