Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1295/2023 24.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 9328 (doqquz min üç yüz iyirmi səkkiz) manat, vurulmuş mənəvi ziyanın əvəzi olaraq-400 (dörd yüz) manat, ödənilmiş 117,28 (yüz on yeddi manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumu alınaraq, ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 34, mənzil 18 onun xüsusi mülkiyyətindədir. Mənzil 1-ci mərtəbədə yerləşir. 23 mart 2022-ci il tarixində səhər saat 07:00-da mənzilinin üst qatında, 2-ci mərtəbədə yaşayan qonşusu zəng edərək 3-cü mərtəbədən mənzilə su axıdıldığı barədə məlumat vermişdir. Məlumatdan sonra dərhal mənzilə getmişdir. Mənzilə daxil olarkən su axması nəticəsində mənzilinə ciddi ziyan dəydiyini, ev suyun içində olduğunu, mənzilin təmiri və mənzildə olan əşyalar su axma səbəbindən yararsız hala düşdüyünü görmüşdür. Dərhal hadisə barədə ərazi üzrə MKTB-nin 18 saylı MİS-nə və Azəristiliktəchizat ASC-nin ərazi üzrə sahə rəisinə məlumat vermişdir. Məlum olmuşdur ki, mənzilinə su 3-cü mərtəbədə yerləşən 24 saylı mənzildən axıdılmışdır. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 34 saylı binanın 3-cü mərtəbəsində yerləşən Cavabdeh məxsus 24 saylı mənzilin daxilində yerləşən istilik radiatorundan bir neçə saat davamlı suyun aşağıya axması 1-ci mərtəbədə yerləşən onun 18 saylı mənzilinə ciddi ziyan dəyməsinə səbəb olmuşdur. Nəsimi rayon MKTB-nin 18 saylı MKİS-nin əməkdaşlarının iştirakı ilə mənzilinə baxış keçirilərkən su axma nəticəsində mənzilin hər iki otağına o cümlədən mətbəx, dəhliz, mebellər və s. ciddi ziyan dəydiyi məlum olmuşdur. Mənzilinin döşəməsi su ilə dolmuş, yerdə olan xalçalar islanmış, laminat şişmiş, divarların şpaklyovka və emulsiyası qopmuş, o cümlədən divar kağızları islanaraq yararsız hala düşmüş, otaqların, həmçinin hamam, mətbəx, dəhliz və s. tavanlarında su axıntısından çatlar əmələ gəlmiş, şpaklyovkalar atmış, içəri qapılar sudan ziyan çəkmiş, mənzildə olan mebellər suyun dəyməsi səbəbindən şişmiş, işıq sistemi sıradan çıxmış, evdə olan divan və kreslo və s. islanaraq yararsız vəziyyətə düşmüşdür. Bakı şəhəri, Nəsimi rayonu MKTB-nin 18 saylı MKİS mütəxəssisləri suyun axma səbəbi və mənzilinə və mənzildə olan əşyalara ziyan dəyməsi barədə akt tərtib etmişlər. Tərəfindən ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 34. mənzil 18-ə və mənzildə olan əşyalara dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün ekspertiza mərkəzinə müraciət edilmiş və ekspertiza tərəfindən həm tikinti-texniki ekspertizası və əmtəəşünaslıq ekspertizası keçirilərək müvafiq rəy verilmişdir. Rəyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 34 saylı binanın 3-cü mərtəbəsində yerləşən Cavabdeh məxsus 24 saylı mənzildən suyun axması nəticəsində mənzilinə dəymiş ziyanın aradan qaldırılması üçün 6544 (altı min beş yüz qırx dörd) manat məbləğində pul vəsaitinin tələb olunduğu, mənzildəki mebel və əşyalara dəymiş ziyanın ümumi dəyəri isə 2730 (iki min yeddi yüz otuz manat olduğu, ümumilikdə 9274 (doqquz min iki yüz yetmiş dörd) manat ziyan dəydiyi müəyyən edilmişdir. Bundan əlavə mənzildə olan islanmış xalçaların yuyulma şirkəti tərəfindən 54 (əlli dörd) manat ödənilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 34, mənzil 24-ün sahibi Cavabdeh dəfələrlə dəymiş ziyanın ödənilməsi barədə edilmiş müraciətlərin heç bir nəticəsi olmamışdır. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının Nümayəndə iddianın məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, onun aid hissədə təmir aparıldığını və Mənzil İstismar Sahəsinə aid borulardan sızmanın baş verdiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX saylı ******* seriyalı çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsindəki 34 saylı evin 18 saylı mənzilinin mülkiyyətçisi İddiaçıdır. İş materiallarında olan 18 saylı MKİS-in rəisi M.Əliyev, mühəndis O.Rüstəmov, sahə nəzarətçisi R.Hümbətovun xx.xx.2022-ci il tarixdə tərtib etdiyi aktdan görünür ki, xx.xx.2022-ci il tarixində səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr. Cavadxan küçəsi 34 saylı binanın 18 saylı mənzilinin sahibi X4 ərizə ilə onlara müraciət etmişdir. 18 saylı mənzilə baxış keçirilən zaman məlum olmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr. Cavadxan küçəsi 34 saylı binanın 3-cü mərtəbəsində yerləşən 24 saylı mənzildən su axması nəticəsində həmin mənzilin alt mərtəbəsində, yəni 2-ci mərtəbədə yerləşən 21 saylı mənzilə, oradan da 1-ci mərtəbədə yerləşən 18 saylı mənzilə bir neçə saat davamlı su axmış, nəticədə 18 saylı mənzilə ciddi ziyan dəymişdir. Belə ki, binanın 3cü mərtəbəsində yerləşən 24 saylı mənzilin daxilində yerləşən istilik radiatorundan bir neçə saat davamlı suyun aşağı axması binanın birinci mərtəbəsində yerləşən 18 saylı mənzilə ciddi ziyan dəyməsinə səbəb olmuşdur. Ziyan dəymiş 18 saylı mənzilə daxil olarkən mənzilin su axmadan əvvəl tam təmirli olması, lakin su axma nəticəsində mənzilin hər 2 otağına, o cümlədən mətbəx, dəhliz, mebellər və s. ciddi ziyan dəydiyi məlum olmuşdur. 18 saylı mənzilin döşəməsi su ilə dolmuş, xalçalar, divan, stullar, bütün mebellər və mənzildə olan bütün əşyalar sudan islanmış, döşəmənin İaminatı şişmiş, bütün divarların şpaklyovkası və emulsiyası qopmuş, divar kağızları islanaraq yararsız hala düşmüşdür. Otaqların, həmçinin hamam, mətbəx, dəhliz və ayaqyolunun tavanlarında və divarlarında su axıntısından çatlar əmələ gəlmiş, şpaklyovkalar atmış, qapılar sudan ziyan çəkmiş, mənzildə olan mebellər suyun dəyməsi səbəbindən şişmiş, işıq sistemi sıradan çıxmışdır. Evdə olan divan, stullar və digər əşyalar islanaraq yararsız vəziyyətə düşmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2507 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 18 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (tavan, divar, döşəmə və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 34 nömrəli evin 18 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 21 saylı mənzildən su axıdıldığı və nəticədə 18 saylı mənzilin mətbəx və dəhliz tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 21 saylı mənzilin qapısı bağlı olduğundan 18 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin, su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 18 saylı mənzilə su sızması 21 saylı mənzildə su, kanalizasiya və ya istilik boru xətlərində yaranan qəzadan baş verə bilər. Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 34 nömrəli evin 18 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 5667,0 manat məbləğində müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 50 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 117.28 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan «Alternativ Ekspertiza» Mərkəzinin 42 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 34 nömrəli evin 24 saylı mənzilindən suyun axıdılması nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 34 nömrəli evin 18 saylı mənzilindəki əşyalara (müxtəlif mebel dəstləri, elektrik çıraqları, divan, oturacaq və s) dəymiş ziyanın ümumi dəyəri, mövcud bazar qiymətlərinə uyğun olaraq 2730.0 manat məbləğində müəyyən edilir. İş materiallarında olan «Padişah xalı» yuma şirkətinin xx.xx.2022-ci il tarixli qəbzinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 34 nömrəli evin 18 saylı mənzilində olan xalıların yuyulması üçün 54 manat ödəniş olmuşdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-170/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 (ünvan 1 ünvanını mülkiyyətçisi) Cavabdeh (ünvan 2 ünvanını mülkiyyətçisi) qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin qətnaməsilə ilə iddia qismən təmin edilərək ünvan 1 ünvanında yerləşən mənzilə vurulan maddi zərərin əvəzində 2432 manat, mənəvi ziyana görə 100 manat və ödənilmiş 70 manat dövlət rüsümü Cavabdeh tutularaq X2 ödənilməsi və 50 manat ekspertiza xərcinin 25 manat məbləğinin Cavabdeh 25 manat məbləğinin isə iddiaçı X1 tutularaq ekspertiza mərkəzinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4125/2023 saylı qətnaməsi ilə həmin qətnamə qüvvədə saxlanılmışdır. Beləliklə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-170/2023 saylı qətnaməsi ilə də ünvan 2 ünvanından 21 saylı və 18 saylı mənzillərinə su axıdılması öz təsdiqini tapmışdır. Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə ekspert rəyini əsas götürərək, belə nəticəyə gəlir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 34 saylı evin 18 saylı mənzilə Cavabdeh yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 34 saylı evin 24 saylı mənzildən su axıtması baş vermiş və bunun nəticəsində iddiaçıya mənzilin təmir xərcləri üçün 5667 (beş min altı yüz altmış yeddi) manat və xalçaların yuyulması məqsədilə ödənilmiş 54 (əlli dörd) manat, ümumilikdə 5721 (beş min yeddi yüz iyirmi bir) manat maddi ziyan dəymişdir. Eyni zamanda məhkəmə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 34 nömrəli evin 18 saylı mənzilindəki əşyalara (müxtəlif mebel dəstləri, elektrik çıraqları, divan, oturacaq və s) dəymiş 2730.0 manat ziyanın ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, həmin ev əşyaların su axıdılmasından öncəki vəziyyəti məhkəməyə məlum olmadığından, evin əşyalarına su axıdılması zamanı ziyan dəyməsi sübuta yetirilmədəiyindən iddia həmin hissədə təmin edilməmlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli Qərarında qeyd edilir ki, "Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.” «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X8 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X8 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırkı iş üzrə İddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi nəticəsində 400 manat mənəvi zərər dəyməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə olduğu halda iddia tələbi mənəvi zərərin ödənilməsi hissədə əsassızdır və təmin edilməməlidir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi mənzilin təmir xərcləri üçün 5667 (beş min altı yüz altmış yeddi) manat və xalçaların yuyulması məqsədilə ödənilmiş 54 (əlli dörd) manat, ümumilikdə 5721 (beş min yeddi yüz iyirmi bir) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60 (altmış) manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-in: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE******************** X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi mənzilin təmir xərcləri üçün 5667 (beş min altı yüz altmış yeddi) manat və xalçaların yuyulması məqsədilə ödənilmiş 54 (əlli dörd) manat, ümumilikdə 5721 (beş min yeddi yüz iyirmi bir) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60 (altmış) manat tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE******************** X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1295/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1295/2023
24.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver