Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1295/2024 15.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "ödənilmiş məbləğin geri qaytarılması və dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "ödənilmiş məbləğin geri qaytarılması və dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanuna zidd hərəkətləri üzündən ona dəymiş, biletə ödədiyi 380 manatdan qaytarılan 97,70 manat çıxılmaqla qalan 282,30 manatın, maddi zərərin əvəzi olaraq sonradan aldığı biletə ödədiyi 380 manatın, mənəvi zərərin əvəzi olaraq 200 manatın, dövlət rüsumuna görə ödənilmiş 30 manatın, ümumilikdə 990 (doqquz yüz doxsan) manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası xx.xx.2023-cü il tarixində Türkiyyə Respublikasının Ankara şəhərində yerləşən Qazi xəstəxanasında əməliyyat olunacaqdır. O, atasının yanına getmək üçün xx.xx.2023-cü il tarixində Bakı-İstanbul istiqamətinə online şəkildə bilet almışdı. Həmin biletdə uçuş vaxtı xx.xx.2023-cü il tarixə, saat 19:20-ə müəyyən edilmişdi. xx.xx.2023-cü il tarixdə, saat 18:03-də Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyətində qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçəndən sonra, həmin reysə nəzarət edən növbə rəisinə yaxınlaşaraq əl çantasının evdə qaldığını bildirmiş və saat neçəyə qədər vaxtının olmasını soruşmuşdu. Sonuncu ən geci 19:20-ə qədər burda olmağını bildirmişdi. O, dərhal taksi ilə gedib Həzi Aslanov metrosuna yaxın yerləşən mənzilindən əl çantasını götürüb qayıtmışdı. Qeydiyyat olunan yerdə həmin növbə rəisinə yaxınlaşaraq hansı tərəfə gedəcəyini soruşmuş, o isə cavabında ona gecikdiyini və bu səbəbdən adının sistemdən çıxarıldığını bildirmişdi. O, gecikmədiyini, uçuşa ən azı hələ 15 dəqiqə qaldığını bildirəndə, növbə rəisi ona telefonundakı saatı göstərərək saatın 19:05 olmasını bildirərək ged bəlkə çatdın. İddiaçı onun dediyi istiqamətə gedib, dərhal pasport nəzarət buraxılış məntəqəsində keçərək miniyə yaxınlaşmışdı. Nəzarətçi onun adının 15 dəqiqə bundan əvvəl adın sistemdən çıxarıldığı üçün onu təyyarəyə buraxa bilməyəcəyini bildirmişdir. O, təyyarənin hələ ki, uçuşa hazır olmadığını, xanım əməkdaşın sərnişinlərin qeydiyyatının aparıldığını göstərərək onu təyyarəyə buraxmasını xahiş etmişdi. Hətta bəzi sərnişlər də etiraz edərək, gəlib onun təyyarəyə buraxılmağını onlardan xahiş etmişdilər. Beləliklə, vaxtında çatmağına baxmayaraq onu təyyarəyə buraxmamışdılar. Buna səbəb kimi, öz səhvləri ucbatından adının sistemdən 19:05-dən də tez silinməsini ört-basdır etmələridir. Ərizəsinə cavab məktublarında qeyd etmişdilər ki, guya o, miniyə 19:20-də yaxınlaşmışdır. Halbuki, o, uçuş vaxtından təxminən 10 dəqiqə əvvəl miniyə yaxınlaşmışdır. Bunu orada yerləşən təhlükəsizlik kameralarından da müəyyən etmək olar. O, cavabdehdən həmin kamera görüntülərinin araşdırılmasını rəsmi ərizə ilə xahiş etmiş, sonuncu öz qanunsuzluğunu örtbasdır etmək üçün həmin kamera görüntülərini araşdırmaqdan yayınmışdır. Məlumat üçün bildir ki, xx.xx.2023-cü il tarixdə borca pul tapıb xəstə atasının yanına getmək məcburiyyətində qalmışdı. Həmin gün görmüşdü ki, ümumi qaydada hamı 5 dəqiqə, 3 dəqiqə, hətta 1 dəqiqə qalmış rahat şəkildə miniyə daxil olurlar. Bunu təsdiq edən onda video görüntülər var. Hesab edir ki, cavabdehin qanunazidd hərəkətləri üzündən ona maddi və mənəvi zərər də dəymişdir. Belə ki, cavabdehin qanunsuzluğu ucbatından o, təzədən bilet almaq məcburiyyətində qalmışdı. Bundan əlavə, mənəvi sarsıntı, əsəb və gərginlik hisləri keçirdiyinə görə ona mənəvi zərər də dəymişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişinin verilməsinə baxmayaraq, o, göstərilən tarixdə məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" QSC-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 26 sentyabr 2023-cü il tarixdə J2 077 saylı Bakı-İstanbul istiqamətinə yerinə yetirilən reysə qeydiyyat "Sərnişinlərin, baqajın və yükün daşınması qaydaları"nın uyğun olaraq iki saat öncə 16:20-də başlanmış, saat 18:20-də yekunlaşmışdır. Siz yerli vaxtla saat 18:03-də qeydiyyatdan keçmişsiniz. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin qeyd edilən qaydalarının 10.1.12-ci bəndinə uyğun olaraq, sərnişinlərin hava gəmisinə minmələri üçün müəyyən edilmiş vaxt reysin yola düşməsindən 15 dəqiqə əvvəl başa çatır. Bu barədə Sərnişinə qeydiyyat zamanı bildirilir (minik talonunun üzərində qeyd olunmuşdur), lakin Siz miniyə yerli vaxtla saat 19:20-də, yəni uçuş vaxtı yaxınlaşmışsınız. Əlavə olaraq bildirir ki, yuxarıda göstərilən daşınma qaydalarının 20.1.5-ci bəndinə əsasən məbləğin qaytarılması daşınmanın satıldığı ölkədə, yalnız biletin alındığı yerdə həyata keçirilir. Aviaşirkətin tarif qaydalarına əsasən, Sizə uçuşdan sonra yalnız istifadə olunmamış 97.70 AZN məbləğində hava limanı rüsumu bileti əldə etdiyiniz kartınıza geri qaytarılacaqdır. Mülki işin materiallarında olan "xxxx" QSC-nin izahatından görünür ki, sərnişin İddiaçı Bakı-İstanbul istiqamətinə 22 sentyabr 2023-cü il tarixində yerli vaxtla saat 11:52, uçuş tarixi 26 sentyabr 2023-cü il J2077 reysinə TKT **********557 aviabilet almışdır. sərnişin İddiaçı 26 sentyabr 2023-cü il tarixdə yerli vaxtla saat 18:03-də qeydiyyatdan keçmişdir. GHC-nin qaydalarına əsasən uçuşa 15 dəqiqə qalmış (HG) təyyarənin qapıları bağlanır. Sərnişin İddiaçı J2077 BAKT-İST reysinə miniyə gəlmədiyi üçün 26 sentyabr 2023-cü il yerli vaxtla saat 21:15-də NOSHOW statusuna keçmişdir. Mülki işin materiallarında olan "xxxx" QSC-nin arayışından görünür ki, İddiaçı miniyə 19:20-də yaxınlaşmışdır. Məhkəmə ilk öncə iddianın vurulmuş maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikasının: Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan baş qa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Belə ki, iddiaçı bildirir ki, xx.xx.2023-cü il tarixdə, saat 18:03-də Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyətində qeydiyyatdan keçmiş, 19:05-da növbə rəisinə yaxınlaşaraq hansı tərəfə gedəcəyini soruşmuş və daha sonra dərhal pasport nəzarət buraxılış məntəqəsində keçərək miniyə yaxınlaşmışdır. Nəzarətçi onun adının 15 dəqiqə bundan əvvəl adının sistemdən çıxarıldığı üçün onu təyyarəyə buraxa bilməyəcəyini bildirmişdir. Məhkəmə qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona dəymiş zərərin cavabdehlərin təqsiri üzündən dəyməsinə, yəni vaxtında miniyə yaxınlaşdığına dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Bundan əlavə iddiaçı maddi zərər kimi biletin qiymətini əsas gətirsədə bu iddianın təmin edilməsi üçün əsas hesab edilməməlidir. Belə ki, iddiaçı özüdə iddia ərizəsində qeyd etmişdir ki, o, uçuş vaxtından təxminən 10 dəqiqə əvvəl miniyə yaxınlaşmışdır. Bu isə onu deməyə əsas verir ki, qeydiyyat zamanı İddiaçı sərnişinlərin hava gəmisinə minmələri üçün müəyyən edilmiş vaxt reysin yola düşməsindən 15 dəqiqə əvvəl başa çatdığı bildirilsələr də, o, sərnişinlərin hava gəmisinə minmələri üçün müəyyən edilmiş vaxtı ötürmüşdür. Bu halda iddiaçının maddi tələblə cavabdehdən pul tələb etməsi əsassız olmuşdur. Azərbaycan Respublikası Müki Məcəlləsinin 9.3-cü maddəsinə əsasən qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" QSC-nin “15” fevral 2013-cü il tarixli 120№-li əmrə 1 №-li Əlavə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Sərnişinlərin, baqajın və yükün daşınması qaydaları”-nın 10.1.12-ci maddəsinə əsasən, sərnişinlərin hava gəmisinə minmələri üçün müəyyən edilmiş vaxt reysin yola düşməsindən 15 dəqiqə əvvəl başa çatır. Bu barədə Sərnişinə qeydiyyat zamanı bildirilir. Məhkəmə iddianın vurulmuş mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandırsada iddia tələbinin maddi ziyan hissəsi təmin edilmədiyindən və cavabdehin bu mübahisədə heç bir təqsiri müəyyən edilmədiyindən iddia mənəvi ziyan hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "ödənilmiş məbləğin geri qaytarılması və dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair" iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki halda iddia tələbi təmin edilmədiyindən, məhkəməyə müraciət edilməsi üçün çəkilmiş xərclər iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "ödənilmiş məbləğin geri qaytarılması və dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair" iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-1295/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1295/2024
15.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver