Məhkəmə qərarları › İş №2(006)-1297/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1297/2024

22.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1297/2024 22.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X26 oğlunun katibliyi, İddiaçı, Cavabdehlər “TƏBİB” PHŞ-nin nümayəndəsi Nümayəndə, “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin nümayəndələri X7 və X4 iştirakları ilə İddiaçı cavabdehlər “TƏBİB” PHŞ-yə və “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 PHŞ-yə, “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-yə və X18 Xidmətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 həkimi-terapevt olaraq ezamiyyət dövründə xəstələnməsi və sonda vəfat etməsi səbəbi ilə dərin psixoloji sarsıntı keçirən, ailə başçısını itirən ailəyə maddi zərərin əvəzi kimi 15.000 manat, mənəvi zərərin əvəzi kimi 70.000 manat pulun cavabdehlərdən tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Baş Səhiyyə İdarəsinin 31.32 saylı telefonoqramması və TƏBİB-in xx.xx.2020-ci il tarixli 01-07 əmrinə əsasən 23 №-li poliklinikanın rəhbərliyi – həkim-terapevt X8 başda olmaqla həkim briqadası COVİD-19-a yoluxmuş xəstələrin müalicəsi üçün 10-16 iyun 2020-ci il tarixlərində Atletlər kəndinə ezamiyyətə göndərilmişdir. İyun ayının 17-dən virusa yoluxmuş xəstələrlə təmasda olduğundan, Atayeva Mətanət işə çıxmamış, evdə karantində olmuşdur. İyun ayının 21-də həkimdə COVİD-19-un simptomları hiss edilməyə başladı. Evdəki müalicə yetərincə fayda vermədiyindən o, iyun ayının 24-ü axşamüstü, halı yüngül ağırlaşmış halda 103 xidmətinin köməyi ilə Tibb Universitetinin Terapiya Korpusuna yerləşdirildi. Həkimin yüksək peşəkarlıqla özünü, evdə olan böyük oğlu Məsimi və iddiaçını qoruması nəticəsində bu dövr ərizində iddiaçı və oğlu COVİD-19-a yoluxmamışdır. İyun ayının 25-dən isə 23 nömrəli poliklinikanın rəhbərliyi tərəfindən iddiaçının və oğlunun işə getməməsi və evdə karantində qalmalarına göstəriş verdilər. İddiaçıya məlum olmayan səbəblərdən yoldaşının halı müalicəsinin dördüncü günü qəflətən ağırlaşdığından onu koma vəziyyətinə salaraq, reanimasiya şöbəsinə yerləşdirirlər. Həkimlərin uzun-uzadı, qeyri-effektiv müalicəsinin, alınaraq vaxtında çatdırılan müalicə preparatların və s. heç bir köməyi olmadı və ömürboyu heç bir yanaşı xəstəliyi olmayan yoldaşı müalicəsinin 28-ci günü – 2020-ci il iyul ayının 22-də dünyasını dəyişdi. Onun vəfatı - bu faciə əsgəri xidmətdən yenicə qayıdan (xx.xx.2020), onunla uzun müddət görüşə bilməyən (hərbi hissələrdə karantin olduğundan) kiçik oğluna, hələ evləndirə bilmədikləri böyük oğluna və iddiaçıya çox pis təsir etmişdir. Bu itki ilə bağlı uzun sürən narahatlıq, həyəcan, üzücü məlumatsızlıq səbəbindən səhhətində yaranan kardioloji və nevroloji problemlərlə bağlı bu mövzuya gec müraciət edilmişdir. Bir tərəfdən də məmurların xx.xx.2021-ci il tarixli müraciət məktubuna laqeyd, məsuliyyətsiz münasibətləri səbəbindən bu məktuba ya heç cavab almayıb, ya da 4-5 aya cavab almışdır. Yaranmış gərgin psixoloji vəziyyətlə bağlı iddiaçı və kiçik oğlu Asim uzun müddət çoxsaylı tibb müəssisələrində müayinə, müalicə olunmuş və vəziyyəti düzəlmədiyindən tibbi əməliyyat olunmuşdur. Rəsmi qaydada əldə etdiyi sənədlər təsdiqləyir ki, ezamiyyətdə olan həkim briqadası dözülməz ağır iş qrafiki şəraitində istirahətsiz işlədilərək “istismar” ediliblər. Risk qrupuna yaxın 56 yaşlı xanımı ezamiyyətə göndərməmişdən, həm Səhiyyə Nazirliyi, həm də TƏBİB öz işçilərini insan sağlamlığı üçün zərərli və təhlükəli virus olan qapalı bir yerə ezam etməmişdən əvvəl onların həyatını ən yüksək risklərdən və ölümdən sığorta ilə təmin etməli, iş yerlərində qanunauyğun normal iş şəraiti yaratmağa borclu idilər. İşçilərin yerlərdə bütün növ sığorta təminatı, əməyin mühafizəsi üzrə vəzifələrin yerinə yetirilməsinə dövlət nəzarəti məhz X18 Xidmətinin vəzifə borcudur. Bu baxımdan bu üç dövlət orqanı baş vermiş ölüm hadisəsinin təşkilatçıları və iştirakçılarıdırlar. Baş vermiş ölüm hadisəsinin əsas səbəbləri dövlət orqanlarının vəzifəli şəxslərinin aşağıdakı qanun pozuntularıdır: 1) Tabeçilik üzrə yuxarı təşkilatlara ezamiyyət (respublika ərazisi daxilində) müddəti yolda olduğu vaxt nəzərə alınmadan işçilər üçün 5 gündən artıq olmamalıdır. 23 nömrəli şəhər poliklinikasının 38 nömrəli əmrinə əsasən həkimi ezamiyyətə xx.xx.2020-ci il tarixdən ezamiyyətə göndərən rəhbərlik ezamiyyətin bitmə vaxtını heç müəyyən etməyib?! İş vaxtının istifadəsi cədvəlindən isə görünür ki, onları 7 gün ezamiyyətə göndəriblər. Qanun 5 gündən əlavə olaraq ezamiyyət vaxtının uzadılmasına yol verdiyi halı nəzərə alsaq, burada mütləq ikinci əmrlə ezamiyyətin vaxtı uzadılmalı idi. Belə bir əmr isə təəssüf ki yoxdur. 2) Xüsusi xarakterli işlərdə çalışan işçilərin qısaldılmış iş vaxtı tələbi yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində həftə ərzində 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edir. ƏM-nin 89-cu maddəsi işçilər üçün gündəlik normal iş vaxtının müddətini 8 saatadək müəyyən edir. Həkim briqadasını isə 5 günə 60 saat, 7 günə 84 saatlıq iş qrafikinə məcbur ediblər. 3) ƏM-nin 99-cu maddəsinin 4-cü bəndində Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz yazılıb. Həkim briqadasını isə 8+2 əvəzinə 8+4 saatlıq iş qrafikinə məcbur ediliblər. 4) ƏM-nin 100-cü maddəsində Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox ola bilməz yazılıb. Həkim briqadasını isə 8+10 saat əvəzinə 12+12 saatlıq iş qrafikinə məcbur ediblər. Budur əsl istismar. 5) ƏM-nin 209-cu maddəsinə görə işçilərin iş yerlərində hər hansı təcili və təxirəsalınmaz iş görmələrindən aslı olmayaraq rəhbərlik qanunamüvafiq tədbirlər çərçivəsində işçinin sağlamlığının mühafizəsi üçün qanunauyğun iş qrafiki yaratmağa borcludur. ƏM-nin çoxsaylı tələb və normalarının kobud pozulması şəraitində ezamiyyətdə olan həkimin vaxtı uzadılmış dözülməz ağır iş şəraitində - 7 gün dalbadal hər gün 12 saat olmaqla, fasiləsiz, iş günləri arası istirahətin verilməməsi, 7 günə 84 saat işə cəlb edilməsi səbəbindən yeni növ ölümcül virusa yoluxmuş xəstələrlə qapalı şəraitdə, uzun-uzadı fasiləsiz, yüksək həssaslıqla, həyəcanlı, gərgin əsəbi vəziyyətdə istirahətsiz işlədilərək, sonda həkimin fiziki yorğunluğuna – tükənmişlik halına çatdırılması, zəifləmiş orqanizminin yüksək doza virus qəbul etməsi səbəbindən o, COVİD-19-a yoluxaraq, sonda uzun müalicədən sonra dünyasını dəyişmişdir. Hadisənin COVİD-19-la bağlı olması ona fərdi və xüsusi hal kimi yanaşma tələb edir. Respublikamızda pandemiyanın rəsmən 2020-ci ilin mart ayında elan edildiyindən sonrakı dövrdə: - iyun ayının 10-na kimi öz iş yerində daima xəstələrlə təmasda olan həkimin özünü və ailəsini peşəkarlıqla qoruya bilməsi bir daha ezamiyyətdə olduğu müddətdə hansı ağır və dözülməz iş şəraitli mühitdə “istismar” edildiyini sübut edir. İyun ayının 17-dən evdə karantində olması, xəstəliyin simptomlarının sonradan biruzə verməsini: - baş verənləri rəhbərliyin qanunsuz hərəkətləri (hərəkətsizlikləri) ucbatından işdə baş vermiş hadisə kimi və Əmək Məcəlləsinin çoxsaylı tələb və normalarının pozulması, ƏM-nin 313-cü maddəsinin Əmək qanunvericiliyini pozmağa görə cinayət məsuliyyəti tələbi ilə araşdırılması məhkəmədən xahiş edilmişdir. İndiyə qədər bu hadisə ilə əlaqədar 23 nömrəli poliklinikanın rəhbərliyinə, Səhiyyə Nazirliyinə, TƏBİB-ə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə ünvanladığı xx.xx.2021-ci il tarixli şikayət məktubuna heç bir dövlət orqanından qanun pozuntularına və ailəyə dəymiş ziyana görə təzminat ödənilməsinə münasibət bildirilməyib. 1) iddiaçının xx.xx.2021-ci il tarixli məktubuna Səhiyyə Nazirliyi iddiaçının oktyabr ayının 11-də aldığı məktunbunda məsələni həll etmək üçün ərizəni İcbari Tibbi Sığorta Agentliyinə göndərdiyini bildirib. 2) TƏBİB-in uzunmüddətli susması səbəbindən iddiaçı onların daxili qaynar xətti ******* telefon nömrəsinə ən azı bir ay hər gün zəng vurmuş, lakin təəssüf ki, bu telefona cavab verən olmamışdır. Daima vacib zənglərlə məşğul olan 1542 qaynar xəttinə zəng isə yarım saatdan sonra baş tutmuşdur. Uzunuzadı danışıqlardan sonra iddiaçıya vəd edilən nə telefon əlaqəsi olmamış, nə də rəsmi cavab. 3) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2021-ci il tarixli cavb məktubu ilə ərizəmi baxılmaq üçün İcbari Sığorta üzrə Dövlət Agentliyinə göndərdiyini bildirərək, öz işini bitmiş hesab edirdi. Çoxsaylı telefon zənglərindən sonra və onlara ünvanladığı xx.xx.2021-ci il tarixli teleqramdan sonra iddiaçıya yazdıqları məktubda məsuliyyətdən qaçaraq, qanun pozuntularına münasibət bildirmədən məntiqsiz bir cavab vermişlər. Vəzifə borcu olaraq X18 Xidmətinin işçiləri bu iki dövlət qurumunun ucbatından baş vermiş qanun pozuntuları və ölüm hadisəsinin baş verməsində onların hər birinin ayrı-ayrılıqda qanuna zidd hərəkətlərini (hərəkətsizlikləri) araşdıraraq ortaya qoymalı idilər. İşçilərin yerlərdə bütün növ sığorta təminatı, əməyin mühafizəsi üzrə vəzifələrin yerinə yetirilməsinə dövlət nəzarəti məhz DƏMX-nin vəzifə borcudur – bu, onların nizamnaməsində yazılmışdır. Adı çəkilən bu 3 dövlət qurumunun vətəndaş müraciətlərinə qanunazidd, qeyri-etik münasibətləri, səhlənkar məsuliyyətsiz yanaşmaları, ötür-ötür oyunu, bir-birini “ələ verməmək”, susmaq oyunları sonda məsələni daha vacib işlərlə məşğul olmalı olan məhkəməyə süni yük olaraq gətirib çıxarır. Öz gündəlik işində daima vicdanlı, fəal çalışması, Yeni Azərbaycan Partiyasının faəl üzvü kimi, peşəkar həkim kimi, X25 fəal ictimaiyyətçi kimi respublika səviyyəsində keçirilən bütün növ tədbirlərdə, bütün növ seçkilərdə məntəqə seçki komissiyasının sədr müavini, məntəqə seçki komissiyası sədri olan, Formula 1 yarışlarında, ilk Avropa İdman oyunlarında, İslam idman oyunlarında həkim-nəzarətçi kimi iştirak edərək, təşkilat komitəsinin sədri Mehriban Əliyevanın və Respublika Prezidentinin təşəkkürnaməsini alan, Prezidentin pandemiyaya qarşı tədbirlərini həyata keçirməyə könüllü qoşulan bir şəhid-həkimin taleyinə və ailəsinə görəsən niyə belə laqeyd münasibət bəslənilir? Bu qədər insafsızlıq olarmı? Məsələnin araşdırılması, günahkar şəxslərin müəyyən edilməsi, sığorta təminatı və ailəyə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi məqsədilə iddiaçı xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası İnzibati Məhkəməsinə müraciət etmişdir. Bir il davam edən məhkəmə boş-boşuna 5-6 iclas keçirərək, yeganə bir faktı – mərhumun "xxxx" ASC tərəfindən icbari sığortalandığını ortaya çıxardı. Səhiyyə Nazirliyi, Bakı Baş Səhiyyə idarəsi, 23 nömrəli poliklinikanın rəhbərliyi, onların həmkarlar ittifaqı sədri düz 19 ay ərzində bu müqavilənin olması barədə rəsmi müraciətə susdular, heç kimdə bu barədə məlumat yoxdur deyə iddiaçıya yalan söyləyirdilər. Məhkəmənin adı gələn kimi tələmtələsik müqavilə ortaya çıxdı. Həm də müəmmalı cəhət odur ki, müqavilə niyə görə isə ilkin əvvəlindən deyil, xx.xx.2019-cu il tarixindən, özü də bu müqavilədən heç xəbəri olmayan 23 nömrəli poliklinikanın Baş Həkimi tərəfindən imzalanmışdır. Göründüyü kimi, bu işlə bağlı olan “məmur əmilərin” qaranlıq, dolaşıq və fırıldaq əməlləri çoxdur. Birinci instansiya məhkəməsi iddianın mülki məhkəmə icraatı qaydasında araşdırılmasının mümkünlüyü qərarını çıxarmışdır. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyası da birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərarını veriblər. Qeyd olunanlara əsasən Əmək Məcəlləsində və digər hüquqi normativ sənədlərdə nəzərdə tutulan əməyin mühafizəsinin norma və tələblərinin kobud surətdə pozulması səbəbindən tükənmişlik səviyyəsinə çatdırılaraq virusa yoluxdurulan həkim-terapevt X5 məhz işdə (ezamiyyətdə olduğu zaman) xəstələnərək sonradan dünyasını dəyişməsində günahkarların müyyən edilməsi fərdi hal kimi araşdırılmalıdır. Bu hadisənin günahkarları “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ, TƏBİB və DƏMX-nin birbaşa səhvi ucbatından baş vermiş bu itkiyə görə insani ədalət hisslərini və qanunun aliliyini rəhbər tuturaq, işçilərin istehsalatda əsas iş yerindən kənarda əmək şəraiti insan sağlamlığı üçün zərərli və təhlükəli olan yerlərdə yüksək fərdi sığorta təminatı tələblərini əsas götürərək, mərhumun məhz ezamiyyət dövründə xəstələnərək, sonda vəfatı səbəbindən dərin psixoloji sarsıntı keçirən, ailə başçısını itirən ailəyə vurulan 15000 AZN maddi və 70000 AZN mənəvi ziyana görə təzminat ödənilməsini təmin etmək üçün cavabdehlər qarşısında tələb qərarı çıxarılmalıdır. İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, maddi zərərin əvəzi kimi 202.912 manat, mənəvi zərərin əvəzi kimi 70.000 manat pulun cavabdehlərdən tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı Atletlər kəndində ezamiyyətdə olduğu zaman heç bir insanlığa sığmayan, dözülməz əmək şəraiti səbəbindən uzunmüddətli, yüksək həssas, həyəcanlı, əsəbi, gərgin vəziyyətdə 7 gün fasiləsiz və istirahətsiz hər gün 12 saat olmaqla işlədilərək sonda həkimin tükənmişlik halına çatdırılması, zəifləmiş orqanizminin ağır doza virus qəbul etməsi səbəbindən o, COVİD-19-a yoluxaraq, xəstəxanada 28 gün müalicə olunmuşdur. Vəziyyətinin ağır olması səbəbindən onu müalicə edən həkim-reanimatoloq Qasımov Emilin təyin etdiyi yüksək təsirli xarici müalicə preparatlarının alınması və s. ilə bağlı ailə büdcəsindən aşağıda göstərilən müalicə və digər maliyyə vəsaiti xərclənmişdir. İddiaçı və ailə üzvləri bu vaxt evdə karantində olduqlarından həkimin müalicəsi üçün alınan və vaxtında çatdırılan preparatlar qaynının həyat yoldaşı Hacıyeva Solmaz və digər qaynının oğlu Hacıyev Elçin Z. oğlu tərəfindən çatdırılmışdır. Aktemra - 950m, Favirapir - 900m, Nəfəs aparatı - 1200m, İtaliya istehsalı iynə - 1000m, Ağ ciyərlərin təmizlənməsi üçün kənardan həkim dəvəti - 300m, Qanın təmizlənməsi üçün ləvazimatlar - 450m, COVİD-19a yoluxmuş pasiyentin qanı (plazma qan+İİİ rezuslu) - 1500m, nəqliyyat, çatdırılma və tibbi ləvazimatlar - 150m, dəfn mərasimi və qəbirüstü abidənin düzəldilməsi – 3500 manat olmaqla, cəmi 9950m. Heç bir yanaşı xəstəliyi olmayan həkimin vəziyyətinin birdən-birə ağırlaşması, koma vəziyyətində uzunmüddətli, qeyri-effektiv müalicəsi, məlumatsızlıq, ailə üzvlərini yalandan da olsa sakitləşdirməyə cəhd, həkimin dünyasını dəyişməsi, dövlət orqanlarının həmin ailəyə qeyri-etik münasibətləri səbəbindən keçirdiyi dərin sarsıntı və psixoloji gərginlik səhhətində çox ciddi problemlər yaratmışdır. Bu səbəblərdən də iddiaçı və kiçik oğlu aşağıda göstərilən tibb müəssisələrində müayinə, müalicə olunmuşdur. Müalicə prosedurlarının bütün təsdiqləyici sənədləri var. Vəziyyətinin indi qismən düzəlməsinə baxmayaraq, gündəlik təyin edilmiş dərmanları qəbul etməkdə davam edir (təzyiq, narahatlıq, qulaqlarda küy və s.) Mərkəzi Respublika Klinik Xəstəxanası – kardioloq Oktay Musayev xx.xx.2020 - 160m, Elmi-tədqiqat kordiologiya institutu - Fərəcova Nailə xx.xx.2020, xx.xx.2020 - 250m, “Yeni Tibbi Texnologiyalar“ MMC Nevrologiya Klinikası (panik ataklardan müalicə) - Rövşən Həsənov xx.xx.2020 - 280m, Bakı Sağlamlıq Mərkəzi (bir sutkalıq kardioloji nəzarət aparatı X23) xx.xx.2020 - 95m, X27 Mərkəzi - həkim Babayeva Gülüstan xx.xx.2020, xx.xx.2020 daxili orqanların, qanın, sidiyin, hormonların və s. tam analizi - 93m, X27 X15 –müalicə resepti xx.xx.2020 + göndəriş - 480m, Modern Hospital xx.xx.2021 – kolonoskopiya (polip biopsiya), videoezofaqoqastrodueduodenoskopiya, analizlərin yoxlanılması: Bakı Patologiya Mərkəzi + İstanbul NS Klinikası, X27 Mərkəzi – xx.xx.2021, biokimya, müalicə resepti: dərmanlar (Rusiyadan gətirilməklə), həkim – bacı xidməti -xx.xx.2020, Respublika Diaqnostika Mərkəzi – 1900 m -xx.xx.2021, cərrahiyyə əməliyyatı – Məlikov Nemət, qastroentrologiya – Pol, Reanimasiya və intensiv terapiya -1108m, X34 Hospital – xx.xx.2023, həkim qastroentroloq Gülnar Vəliyeva, kardioloq Məmməd Məmmədov, tam kardioloji müayinə (təzyiqlə əlaqəli)+daxili orqanların və qanın tam analizi -26 parametr üzrə + dərman resepti- 1250m, gündəlik qəbul etdiyi dərmanlar – 3 il ərzində - 1350m olmaqla, cəmi 7446m. Uzun zaman ailədən uzaq düşən kiçik oğlu Asimin (Türkiyədə Ali Təhsil, həqiqi hərbi xidmət) ailəyə, xüsusilə anasına bağlılığı onu bu ölüm hadisəsi səbəbindən çox sarsıtmışdı. Daima narahat, gərgin, əsəbi və kədərli olmasına görə onu da aşağıda göstərilən tibb müəssisələrində müalicə etdirmişdir. Bakı Estetik Klinikası, həkim Bədirov C. Dərmanlar + həkim – bacı xidməti-xx.xx.2021- 200m, X32 – xx.xx.2021, qəbul + daxili orqanların doppler US müayinəsi, həkim Abdulov Ramil – 150m, X28 Mərkəzi: xx.xx.2021 həkim Babayeva Gülüstan, allergik, infeksiya, biokimya, immunoloji, makroskopik, mikroskopik, həzm sistemi analizləri+resept-375m, resept- 85m, Momerial Klinik T.M: xx.xx.2021, həkim Babayeva Gülüstan, allergik analizlər+resept -195m, Momerial Klinik T.M. xx.xx.2022 həkim Babayeva Gülüstan, müxtəlif növ tibbi analizlər+resept – 466m, 55m, Momerial Klinik T.M. xx.xx.2022 həkim Babayeva Gülüstan, allergik analizlər, tam abdominal USM+resept- 225m, X29 xx.xx.2023 həkim Gülnar Vəliyeva resept + qəbul - 215m, təkrar Liv Bonadea xx.xx.2023 kolonoskopiya əm., Funda Klinikası xx.xx.2023, xx.xx.2023 həkim Fərrux Nağıyev, qəbul, müayinə analizlər və müalicə resepti – 650m olmaqla, cəmi 2616m. Sağlam həyat tərzi sürən ailəsinin sağlamlıqla bağlı heç bir problemi olmayıb. Daim yanlarında olan peşəkar həkim-həyat yoldaşı sayəsində sağlam, mehriban ailə olaraq həyat sürmüşlər. Ailə başçısının ölümü ilə iddiaçı və uşaqlarının da “qara” günləri başlamışdır. Bu bədbəxt hadisə talelərinə çox ağır zərbə vurdu. Yuxarıdakı müalicə müəssisələrinin sayəsində bu itki ilə bağlı iddiaçı və kiçik oğlu narahatlıq, gərgin, əsəbi və psixoloji sarsıntı, stres üzündən xəstəlik “qazanmış” uzun-uzadı əziyyətli və üzücü həyatda səhhətini normal hala gətirməyə çalışır. Mənəvi sarsıntı, stress, narahatlıq, gündəlik yarımçıq həyat, həyatda sağlam tarazlığın pozulması, ailəni həm maddi, həm də mənəvi cəhətdən “boğur”. Deyilənləri nəzərə alaraq, həm həkimin müalicəsi üçün, həm də oğlu ilə onun müalicəsinə çəkilən xərclər ailəyə vurulmuş maddi ziyan kimi qəbul edilməlidir. Mərhumun orta illik maaşı 7524m. olmuşdur. 1) pensiyaya çıxanadək 9 il x 7524= 67716m, 2) pensiyadan gəlirlər 13 il x (450 x 12 ay) =70.200m, (orta yaş - 78 il, pensiya- 450m) 3) Xidmətçiyə ayrılan vəsait 15 il x 3000 – 45000m, (ayda - 250m) cəmi – 182.900m. Baş vermiş ölüm hadisəsinin baş vermə səbəblərindən xəbərdar olan cavabdehlərin heç biri bu günə kimi hadisəyə öz münasibətlərini bildirməyiblər. Dözülməz və ağır iş qrafikinə cəlb edilən mərhum həkimin ölüm səbəbini araşdırmağı lazım bilməyən X18 Xidməti unudub ki, yerlərdə əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməsinə Dövlət Nəzarəti məhz onların vəzifə borcudur. İddia ərizəsində ailəyə dəymiş maddi 15000m və 70000m mənəvi ziyan tələbinin dəyişdirilərək 202912m maddi və 70000m mənəvi ziyana görə təzminat ödənilməsi tələbi ilə cavabdehlər qarşısında tələb qərarı çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı ərizə təqdim edərək bildirmişdir ki, Bakı Baş Səhiyyə Mərkəzinin nümayəndəsi heç bir sübut təqdim etmədən iddianın bəzi təsdiq edilməyən səbəblərdən düzgün olmadığı ehtimalını irəli sürmüşdür: Guya iddiaçının mərhum həyat yoldaşı COVİD-19 virusuna yoluxarkən ailə üzvləri də covid xəstəsi olmuşlar. Bununla o təsdiq etmək istəyir ki, ailənin digər üzvlərinin xəstə olması səbəbindən mərhum həkim X8 da COVİD-19 virusuna məhz evdə yoluxub. İddiaçı və böyük oğlu bu dövrdə Covid-19 virusuna yoluxmamışdır. Bu barədə iddia ərizəsində ətraflı yazmışdır. Həkim iyun ayının 24-də xəstəxanaya yerləşdirdikdən sonra iyun ayının 25-i 23 №-li Poliklinikanın baş həkiminin müavini Vahid Əliyev zəng edərək, həkim iddiaçı və oğlu xəstə ilə təmasda olduğundan, onların evdə karantində qalmalarını tələb etmişdir. İddiaçı və oğlu işə getmədiyinə görə onlara xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək qabiliyyətinin olmaması vərəqəsi vermişlər. Ailə üzvləri Covid-19 virusuna noyabr ayının sonunda yoluxmuşdur. Xəstəliyin müalicəsinin istiqamətini və keyfiyyətini müəyyənləşdirmək üçün iddiaçı və kiçik oğlu “Döş qəfəsi kompyuter tomoqrafiyası” etdirmişdir. Guya ki, mərhum həkimin ölümünə səbəb heç Covid-19 xəstəliyi olmayıb və mentaliteti “gözləyən” “kişi” məmur onun məhz yanaşı (yəni tamamilə başqa) xəstəlik səbəbindən ağır xəstəliyə düçar olduğu “variantını” söyləyirdi. Tabeçiliyində olan TƏBİBdən xəstəliyin tarixçəsini ala bilməyən BBS mərkəzinin nümayəndəsi fantaziya qürur, ehtimallar uydurur. Baş verənlərlə onların heç bir əlaqəsinin olmadığını sübut etməyə cəhd edirdi. Xəstəxanadan verilən ölüm haqqında tibbi şəhadətnamənin mətninə fikir verdikdə görünür ki, ölümün səbəbi “Bilavasitə ölümə səbəb olmuş xəstəlik və ya hal”, “kəskin respirator çatışmamazlıq” göstərilib. Sonrakı sətrində isə “əvvəlcə mövcud olan səbəblərin “Koronaviruslar başqa rubrikalarda təsnif edilən xəstəliklərin törədicisi kimi” “Digər rubrikalarda təsnif edilən virus xəstəlikləri zamanı rast gəlinən pnevmoniya” göstərilib. Hər şey gün kimi aydın yazılıb. Üç il yarımdan artıq vaxt keçməsinə baxmayaraq, bu faciə ilə bağlı “məlumatsızlıq” ən azı səhiyyə sistemi strukturunun fəaliyyətsizliyini və bu sistemin məmur özbaşnalıqlarını açıq-aşkar göstərir. Ümid vardır ki, bundan sonra məhkəmə iddiaya mahiyyətcə sonuncu yerlərdə sayıla bilən “dəlil və sübutların” araşdırılmasına və süni əngəllər yaradanlara qanunun sərt üzünü göstərəcəkdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1297/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin “cavabdeh X18 Xidmətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair” hissəsində iş üzrə icraata xitam verilmiş, iddiaçıya qeyd olunan tələblə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququna malik olması, həmçinin, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində ümumi məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin və iddia tələbinin həcminin artırılmasına dair ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh “TƏBİB” PHŞ-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyib, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin nümayəndələri X12 və X9 iddianı qəbul etməyib, iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin artırılması barədə ərizəni və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: Nikahın bağlanması haqqında V-ЖГ seriyalı 458877 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı ilə X3 nikahı xx.xx.1991-ci ildə bağlanmışdır. Nikah bağlanandan sonra arvada “Atayeva” soyadı verilmişdir. Bakı Baş Səhiyyə İdarəsi 23 saylı Şəhər Poliklinikası ilə X8 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, X8 xx.xx.1995-ci il tarixdən “sahə həkimi terapevti” kimi işə başlamışdır. Suraxanı rayonu 23 saylı Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli 2 №-li protokolundan çıxarışdan görünür ki, 23 saylı Şəhər Poliklinikasının baş həkimi Sənan Əliyev TƏBİB-in xx.xx.2020-ci il tarixli 01-07 əmrini və BBSİ-nin 31, 32 saylı telefonoqrammasını sahə həkimlərinin nəzərinə çatdırırmışdır. Məktubda COVİD-19 ilə mübarizə çərçivəsində xəstələrə kömək məqsədilə bir nəfər sahə həkiminin tələb olunuğu bildirilmişdir. Baş həkim sahə həkimlərindən könüllü olaraq kimin Atletlər kəndinə getmək istədiyini soruşmuş və sahə həkimi Verdiyeva Günel getmək istədiyini bildirmişdir. Lakin bu vaxt sahə həkimi Atayeva Mətanət xahiş etmişdir ki, könüllü olaraq birinci o getmək istəyir və səbəbini də oğlunun əsgərlikdə olması ilə əlaqələndirdi. Bildirdi ki, oğlu evə gələndə istəyir ki, işini bitirib evdə olsun. Həmçinin bildirdi ki, belə bir şərəfli işdə hamısı iştirak edəcəklər. Sahə həkimi Atayeva Mətanətin xahişini nəzərə alaraq onu bir həftəlik (xx.xx.2020-xx.xx.2020) Atletlər kəndinə göndərmək qərara alındı və əmrləşdirildi. Onunla bərabər 2 tibb bacısı X13, X14 və bir sanitar qadın X11 da Atletlər kəndinə COVİD-19-la mübarizə üçün göndərilməsi qərara alınmışdır. Bakı Şəhər Baş Səhiyyə İdarəsi tərəfindən bütün tibb müəssisələrinin rəhbərlərinə ünvanlanmış xx.xx.2020-ci il tarixli telefonoqramdan görünür ki, koronavirus (COVİD-19) xəstəliyinə tutulmuş vətəndaşların sağlamlığının keşiyində durmaq, onlara müvafiq tibbi xidmətin göstərilməsi məqsədilə Modul tipli Atletlər kəndinə və digər tibb müəssisələrinə tibb işçilərinin ezam edilməsinin zəruri olduğu bildirilmiş, məsələnin təcili təşkil edilməsi tapşırılmış, baş həkimlərin məsuliyyət daşıması qeyd edilmişdir. 23 nömrəli şəhər poliklinikası tərəfindən sahə həkimi-terapevti olan X6 verilən xx.xx.2020-ci il tarixli ezamiyyə vəsiqəsindən görünür ki, o, 38 №-li əmrə əsasən həmin tarixdən koronavirus (Covid-19) pandemiyasına qarşı işləmək üçün “Atletlər kəndi”nə ezam edilmişdir. Ezamiyyə vəsiqəsinin arxa tərəfində X5 xx.xx.2020-ci ildə “Atletlər kəndi”ndən çıxması qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, X20 “COVİD-19” xəstəsi ilə kontaktda olduğundan, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər işdən azad edilmişdir. ATU TTK tərəfindən verilmiş ölüm epikrizindən görünür ki, X1 yoluxduğundan xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə klinikada stasionar müalicədə olmuşdur, aparılan reanimasiya tədbirlərinə baxmayaraq, xəstədə saat 19:30-da bioloji ölüm qeydə alınmışdır. 2 saylı Bakı ASAN xidmət mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ölüm haqqında AZ-İİ seriyalı 089393 nömrəli şəhadətnamədən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə ölmüş, ölümün səbəbinin “Dig.rubrikalarda təsnif olunan virus xəstəlikləri zamanı müş.ed.pnevmoniya (COVİD-19)” olması qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, X1 yoluxduğundan xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər stasionar müalicədə olmuşdur. 23 nömrəli Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli, 88-K nömrəli əmrindən görünür ki, xx.xx.2020-ci il tarixli AZ-İİ N 089393 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən sahə həkimi-terapevti X8 ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 74-cü maddəsinin “e” bəndi ilə xx.xx.2020-ci il tarixindən xitam verilməsi, Məcəllənin 77-ci maddəsinin 7-ci hissəsinə əsasən vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilməsi, son haqq-hesabının, əmək kitabçasının, əmrin surətinin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq vərəsələrinə verilməsi barədə əmr verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Bakı Şəhər Baş Səhiyyə İdarəsi tərəfindən işçi X8 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndinə əsasən, işçi vəfat etdikdə əsası ilə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Çoxsaylı müxtəlif tibbi sənədlərdən və ödəniş qəbzlərindən görünür ki, iddiaçı özü və oğulları 2020-ci ilin avqust ayından etibarən (X5 ölüm tarixindən sonra) müxtəlif müayinələr olunmuş və müayinələr və dərmanların alınması üçün müxtəlif məbləğlərdə vəsait xərcləmişlər. “Turan” klinikası tərəfindən İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, döş qəfəsinin kompyüter tomoqrafiya zamanı ağciyərlərin virus mənşəli zədələnməsinə xarakterik dəyişikliklər izlənmişdir. X5 həyat yoldaşı İddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə, Səhiyyə Nazirinə və TƏBİB-in idarə heyətinin sədrinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, mərhum həkimin məhz ezamiyyə dövründə xəstələnərək, sonda ailə başçısının itirilməsini nəzərə alaraq, ailənin qalan üzvlərinə vurulan maddi və mənəvi ziyana görə bu hadisəni fərdi hal kimi araşdıraraq, qanun çərçivəsində bu itkiyə görə təzminat ödənilməsini ailəsi adından xahiş etmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, əmək qanunvericiliyinin göstərişinə əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödənilməsi, bununla bağlı yoldaşının çalışdığı tibb müəssisəsinə, digər məsələlərlə bağlı isə müvafiq instansiyalara müraciət etməsi ona tövsiyə edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti tərəfindən İddiaçı göndərilmiş xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, 2 saylı Bakı “ASAN xidmət” mərkəzindən verilmiş 27 iyul 2010-cu il tarixli, AZ-İİ № 089393 nömrəli “ölüm haqqında şəhadətnamə”də X5 ölümünə səbəb “Dig.rubrikalarada təsnif olunan virus xəstəlikləri zamanı müş.ed.pnevmoniya (COVİD-19)” olduğu göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndində virusa yoluxma nəticəsində işçilərin səhhətinin pozulması halının təhqiq edilməsi isə nəzərdə tutulmamışdır. Cavabdeh2 PHŞ tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, X8 1995-ci ildən başlayaraq 23 nömrəli Şəhər Poliklinikasında sahə həkimi-terapevt vəzifəsində işləmişdir. xx.xx.2020-ci il tarixli 38 nömrəli əmrlə həmin tarixdən əmək funksiyasını icra etmək üçün koronaviruslu xəstələrin müalicə aldığı Atletlər kəndinə ezam edilmişdir. Cavab məktubuna əlavə edilmiş: - 23 nömrəli Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli, 38 nömrəli əmrindən görünür ki, koronavirus (Covid-19) xəstəliyinə tutulmuş vətəndaşların sağlamlığının keşiyində durmaq, onlara müvafiq tibbi xidmətin göstərilməsi məqsədilə poliklinikanın Terapiya şöbəsinin sahə həkimi-terapevti X5 həyata keçirilən tədbirlər çərçivəsində xx.xx.2020-ci il tarixdən əmək funksiyasını Atletlər kəndində davam etdirmək üçün həmin klinikaya ezam edilməsi əmr edilmişdir; - 2020-ci il iyun ayı üçün iş vaxtının istifadəsi haqqında cədvəldən görünür ki, Modul tipli “Atletlər kəndi”nə ezam olunan X8 2020-ci ilin iyun ayının 10-dan 16-dək (16-sı son gün) hər gün 12 saat işləmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3549/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı (üçüncü şəxs “TƏBİB” PHŞ) “ziyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1398/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3549/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1733/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1398/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 345 manat məbləğində dövlət rüsumu ödənilmişdir. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən məhkəməyə göndərilən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, "xxxx" Sığorta Şirkəti ASC ilə Bakı şəhər Baş Səhiyyə İdarəsi arasında **********69 nömrəli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmış və X8 xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixinədək sığorta təminatında olmuşdur. Lakin qeyd edilən müqavilə üzrə X5 ailə üzvlərinə (vərəsələrinə) sığorta ödənişi edilməmişdir. Cavab məktubuna həmin müqavilənin surəti əlavə edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1991-ci ildə X8 ilə nikaha daxil olmuşdur. Atayeva Mətanət xx.xx.1995-ci il tarixdən Bakı Baş Səhiyyə İdarəsi 23 saylı Şəhər Poliklinikasında “sahə həkimi terapevti” kimi işləmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş iclasda poliklinikanın baş həkimi tərəfindən “TƏBİB” PHŞ-nin əmri və BBSİ-nin telefonoqramları elan edilərək, “COVİD-19” xəstəliyi ilə mübarizə çərçivəsində bir nəfər sahə həkiminin “Atletlər kəndi”ndə yerləşən modul tipli klinikaya tələb olunduğu bildirilmiş, könüllülük prinsipi əsasında həkimlərə söz verildikdə sahə həkimi Verdiyeva Günel getmək istədiyini bildirmiş, lakin həmin vaxt digər sahə həkimi Atayeva Mətanət birinci özünün göndərilməsini xahiş edərək bildirmişdir ki, oğlu hərbi xidmətdən qayıdanadək bu vəzifəsini yerinə yetirib evdə olmaq istəyir. Xahişinə əsasən (bu hal iş yoldaşları tərəfindən verilmiş izahatlarla da öz təsdiqini tapır), iclasda Atayeva Mətanətin 1 həftəlik (xx.xx.2020-xx.xx.2020) tələb olunan yerə ezam edilməsi qərara alınmış, ezamiyyə məsələsi müvafiq qaydada əmrləşdirilmiş və vəsiqə verilmişdir. Atayeva Mətanət xx.xx.2020-ci ildə “Atletlər kəndi”ndən çıxmışdır. Koronavirusa yoluxduğundan o, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə ATU TTK-da stasionar müalicədə olmuş, aparılan reanimasiya tədbirlərinə baxmayaraq, xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədə Atayeva Mətanətin ölüm səbəbinin “COVİD-19” olması qeyd edilmişdir. 23 nömrəli Şəhər Poliklinikası tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş əmrdə Atayeva Mətanət ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən “işçi vəfat etdikdə” (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi) əsası ilə xitam verilməsi, orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinətin vərəsələrinə ödənilməsi, son haqq-hesabının, əmək kitabçasının, əmrin surətinin də vərəsələrinə təqdim edilməsi qeyd edilmişdir. Bundan sonra 2020-ci ilin avqust ayından etibarən iddiaçı özü və oğulları müxtəlif müayinələr olunmuş və müayinələr və dərmanların alınması üçün müxtəlif məbləğlərdə vəsait xərcləmişlər. İddiaçı məsələ ilə bağlı bir sıra dövlət orqanlarına müraciətlər ünvanlamış, eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı (üçüncü şəxs “TƏBİB” PHŞ) “ziyanın ödənilməsi” tələbinə dair iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, lakin iddiasının mümkün sayılmaması barədə qəbul edilmiş qərardad yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı mərhum həyat yoldaşının risk qrupuna daxil olmasına baxmayaraq, məhz “Atletlər kəndi”ndə qanunla yol veriləndən artıq ezamiyyədə olduğu müddətdə gündəlik normadan artıq işlədildiyini və buna görə də immunitetinin zəiflədiyini, “COVİD- 19” xəstəliyinə yoluxmuş xəstələrlə işləyərək özünün də xəstəliyə yoluxduğunu, müalicə aldığı xəstəxanada isə aldığı müalicənin nəticə vermədiyindən öldüyünü bildirərək, mərhum həyat yoldaşının müalicəsi üçün aldığı dərmanların pulunun, həyat yoldaşının (ölmədiyi halda) qeyri-müəyyən müddətə alacağı əmək haqqı və pensiyasının, mərhum həyat yoldaşının ölümündən sonra özünün və oğullarının (əsasən kiçik oğlunun) müxtəlif xəstəliklərə görə müayinə və müalicə olunmaq üçün çəkdiyi xərclərin, həmçinin, iddiaçının özünə baxmaq üçün tutduğu xidmətçiyə ödədiyi xidmət haqqlarının, yəni qeyd olunan bütün maddi ziyanın və onun ölümü nəticəsində ailəsinə vurulmuş mənəvi ziyanın əvəzinin cavabdehlərdən tutulmasını; cavabdehlər isə iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı cavabdehlərin təqsiri ucbatından həyat yoldaşının ölümü nəticəsində maddi və mənəvi zərərə məruz qaldığını bildirərək, vurulmuş zərərin əvəzinin cavabdehlərdən tutulmasını tələb etsə də, məhkəmə araşdırmaları zamanı onun dəlillərini təsdiq edən mötəbər sübutlar müəyyən edilməmiş, yəni iddiaçının həyat yoldaşının ölümündə, həmçinin, onun ölümü nəticəsində iddiaçının bu və ya digər maddi və mənəvi zərərə məruz qalmasında cavabdehlərin təqsiri aşkar edilməmişdir. İş materiallarında olan sübutlardan görünür ki, iddiaçının həyat yoldaşı “COVİD-19” xəstəliyinə yoluxmuş xəstələrlə işləmək üçün könüllü olmuş və öz xahişi ilə “Atletlər kəndi”nə ezam edilmiş, 1 həftə gücləndirilmiş iş rejimi ilə işlədikdən sonra ezamiyyəsi bitdiyindən oranı tərk etmişdir. Sübuta ehtiyacı olmayan faktdır ki, pandemiya dövründə virusa yoluxmuş xəstələrlə işləyən tibb işçiləri işlədikləri vaxt həmin virusa yoluxmamaq üçün bütün tibbi geyimlər, avadanlıqlar və ləvazimatlar ilə təchiz olunmuş, tam izolyasiya edilmiş formada işləmələri, işlərini bitirdikdən sonra özlərini dezinfeksiya etmələri üçün onlara hər cür şərait yaradılmışdır. Həkimlərə və tibb işçilərinə tələbatın bu qədər yüksək olduğu həssas dövrdə hər hansı qurumun və ya xəstəxanın (istər cavabdehlər olsun, istər qeyrisi) isə həkimin məhz həmin xəstəliyə yoluxmasına və ya yoluxduqdan sonra ölümünə yol verməsi ehtimalı qətiyyən ağlabatan hesab edilmir. İddiaçının həyat yoldaşının ezamiyyəsi bitdikdən qısa müddət sonra xəstəliyə yoluxması və həmin xəstəlik səbəbindən ölməsi hələ o demək deyil ki, bütün bunlar cavabdehlərin təqsirli hərəkətləri (və ya hərəkətsizlikləri) nəticəsində olmuşdur. Belə ki, onun virusa yoluxması aşkar edildikdən sonra bir müddət klinika şəraitində müalicə alması, lakin görülmüş tədbirlərə baxmayaraq, vəfat etməsi faktı da iş materialları əsasında öz təsdiqini tapır. Qeyd olunanlara istinadən məhkəmə hesab edir ki, hazırki işin faktiki halları iddia tələbinin qanuni əsasının dispozisiyası ilə uzlaşmadığından, yəni tələb əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddiaçının “ezamiyyə müddətinin və gündəlik iş saatlarının qanunvericiliklə nəzərdə tutulan müddətdən və saatdan artıq olması” dəlilinə münasibətdə qeyd edir ki, xx.xx.2012-ci il tarixdən qüvvədə olan “X10”nın “Respublika ərazisi daxilində ezamiyyələr” adlanan İİ hissəsinin 1-ci bəndində işçilərin tabeçilik qaydasında yuxarı təşkilatlara ezamiyyət müddətinin yolda olduğu vaxt nəzərə alınmadan 5 gündən artıq olmaması, ezamiyyət müddətinin işçini ezam edən orqanın rəhbərinin sərəncamı (əmri) ilə əlavə 5 gün artırılmasına icazə verilməsi nəzərdə tutulsa da, iddiaçının mərhum həyat yoldaşını ezam edən müəssisənin onu 7 gün müddətində ezam etməsi, lakin bu qaydaların tələblərinə riayət etməməsi, yəni ezamiyyənin 5 günü keçdikdən sonra müddətin artırılmasına dair hər hansı sərəncam və ya əmr verməməsi; həmçinin, Azərbayacan Respublikası Əmək Məcəlləsinin “Xüsusi xarakterli işlərdə çalışan işçilərin qısaldılmış iş vaxtı” adlanan 93-cü maddəsində yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində işləyənlərə) həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtının müəyyən edilməsi göstərilsə də, Atayeva Mətanətin insanın səhhətinə mənfi təsir göstərən əmək şəraitli iş yerində 1 həftə ərzində qanunla müəyyən edilmiş müddətdən artıq işləməsi məhkəmə tərəfindən müəyyən edilmişdir. Lakin göründüyü kimi, onun özü könüllü olaraq ezam edilmiş, hazırda mübahisələndirilən müddət məsələləri ilə bağlı hər hansı narazılığı olmamış, belə ki, aidiyyəti quruma bu barədə şikayət etməmiş və onun ezam edildiyi yer barəsində hər hansı hüquqi məsuliyyət tədbiri görülməmişdir. Beləliklə, iddiaçının mərhum həyat yoldaşını ezam edən müəssisə tərəfindən qanunvericiliyin ezam müddəti və iş vaxtı ilə bağlı tələblərinin pozulmasının məhkəmə tərəfindən müəyyən edilməsi onun ölümü ilə cavabdehlərin bu hərəkətləri arasında səbəbli əlaqənin olması qənaətinə gəlmək üçün tutarlı əsas hesab edilmir. Məhkəmə göstərilənləri ümumiləşdirərək bir daha qeyd edir ki, hazırkı mübahisənin faktiki hallarından görünür ki, iddiaçının mərhum arvadı öz xahişi ilə ezam olunmuşdur. Ezam olunduqdan sonra iş saatı və ya əmək şəraiti ilə əlaqədar heç bir şikayəti olmamışdır. Həmçinin, cavabdehlərin təqsirli hərəkət və ya hərəkətsizliyinə görə hüquqi məsuliyyətə cəlb edilməsi barədə iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Əgər hüquq pozuntusunun əsas elementlərindən olan təqsirli hərəkət və ya hərəkətsizliklə zərər arasında səbəbli əlaqə müəyyən edilmirsə, bu zaman əlavə dəlillərin araşdırılmasına zərurət qalmır. Göründüyü kimi, iddiaçının mərhum arvadının iş vaxtından artıq işləməsi nəticəsində COVİD-19 virusuna yoluxması faktı da iddiaçı tərəfindən sübut edilməmişdir. Buna görə də cavabdehlərdən maddi və mənəvi zərərin tutulması barədə iddianın təmin edilməsi üçün əsas müəyyən edilmir. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçının maddi ziyan kimi qiymətləndirdiyi arvadının uzun müddət yaşasaydı alacağı əmək haqqı və pensiyası ağlabatan hesab edilmir, arvadı öldüyünə görə hazırda ona baxan xidmətçiyə ödədiyi ödənişlər isə onun öz iradəsi əsasında üçüncü şəxslə daxil olduğu müqavilə münasibətlərindən yaranmış xərc olduğundan, cavabdehlərə bu və ya digər şəkildə aidiyyəti müəyyən edilmir. İddiaçı arvadının ölümünü həm də ailə başçısını itirmək kimi qiymətləndirsə də, işin faktiki halları Mülki Məcəllənin “ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi” adlanan 1121-ci maddəsində nəzərdə tutulan şərtlərə də uyğun gəlmir. Belə ki, həmin maddədə nəzərdə tutulmuşdur ki, zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: - ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; - şəxsin ölümündən sonra doğulmuş uşağı; - ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; - ölənin himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər. Maddədə həmçinin, qeyd edilir ki, işləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır. Zərərin əvəzi aşağıdakılara ödənilir: - yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək; - on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək; - əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə ömürlük; - əlilliyi olan şəxslərə - əlillik müddəti üçün; - ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə qulluq etdikləri on dörd yaşına çatanadək. Göründüyü kimi, iddia tələbi bu maddənin əhatə dairəsinə də düşmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096-cı maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. 1112-ci maddəsinə görə, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1117-ci maddəsinə əsasən, müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 8-ci bəndinə görə Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qanunvericiliyin qeyd olunan müddəalarının tələblərindən görünür ki, Mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsiri olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, hüquqa zidd əməllə onun nəticəsi arasında səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər “TƏBİB” PHŞ-yə və “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə iddia ərizəsində müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Belə ki, Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220- ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “TƏBİB” PHŞ-yə və “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar