Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1298/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə İddiaçı cavabdeh "Cavabdeh" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı "cavabdehi müəyyən hərəkətləri etməyə məcbur etmə tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı "cavabdehi müəyyən hərəkətləri etməyə məcbur etmə tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ailəsi və ahıl anası ilə birlikdə şəxsi mülkiyyətində olan ünvan 1 ünvanda yaşayırlar və onlara məxsus yaşayış sahəsinin yerləşdiyi çoxmənzilli bina kompleksi “xxxx” MMMC tərəfindən idarə olunur. Yuxarıda qeyd olunan çoxmənzilli bina izafi xərclərlə “xxxx” MMMC tərəfindən idarə olunur. İddiaçının və digər sahə mülkiyyətçilərinin haqlı etirazlarına rəğmən “xxxx” MMMC-nin İdarə Heyəti xərclərin optimallaşdırması üçün heç bir tədbir görmür, onlarla xidmət müqaviləsi bağlamır, xərclər barədə sahə mülkiyyətçilərinə məlumat vermir, xərcləri əsaslandırmadan və ciddi hesabat blankı olan mədaxil qəbzi təqdim etmədən 3 otaqlı mənzil mülkiyyətçilərindən 65 manat, 4 otaqlı mənzil mülkiyyətçilərindən 85 manat kommunal haqq toplayır, hesablaşmaların əksəriyyəti qanunazidd olaraq nağd aparılır, əmək müqaviləsi olmadan, əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçilər işlədilir. İddiaçı isə müqavilə olmadığı üçün aylıq 50 manat kommunal xidmət haqqı ödəyir. Ödənişi vaxtında etməyən sahə mülkiyyətçilərinin liftlərdən istifadəyə imkan verən kartları deaktiv edilməsi barədə “xxxx” MMMC İdarə Heyətinin sədrinin şəxsində qərar verilmiş, özünü komendant kimi təqdim edən, əmək müqaviləsi olmadan çalışan Vasif adlı şəxs isə həmin qanunsuz qərarı icra edərək sahə mülkiyyətçilərinin liftdən istifadə hüququnu məhdudlaşdırmaqla öz mülkiyyətlərində olan müvafiq yaşayış sahələrinə giriş hüququnu məhdudlaşdırmışdır. Bundan əlavə, həmin kartların özbaşına tətbiqi sahə mülkiyyətçilərinin, o cümlədən iddiaçının və ailə üzvlərinin digər mərtəbələrdə yaşayan qonşuları ziyarət etmək imkanını, sahə mülkiyyətçilərinə gələn qonaqlarını qəbul etmək imkanını kobud şəkildə məhdudlaşdırır; əvvəllər sahə istifadəçilərinin hesabına quraşdırılmış damafon sistemini özbaşına sıradan çıxarmışdır. “xxxx” MMMC-nin özbaşınalığı nəticədə iddiaçı və ailə üzvləri dəfələrlə liftdən istifadə edə bilməmiş, o cümlədən ahıl anası 11-ci mərtəbədə yerləşən yaşayış sahəsinə piyada qalxmalı olmuşlar. Hazırda da iddiaçının və ailə üzvlərinin liftdən istifadə kartı deaktivdir, onlar liftdən istifadə edə bilmirlər. Göstərilənlərə əsasən cavabdehin idarə etdiyi Süleyman Rüstəm küçəsi 61 ünvanda yerləşən, 4 binadan ibarət çoxmənzilli bina kompleksində sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakından, o cümlədən liftlərdən istifadə hüququnu məhdudlaşdıran hərəkətləri dayandırmağa, həmçinin sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakından istifadə hüququnu təmin etməyi cavabdehə məcbur edən qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesa etmişdir. Cavabdeh "Cavabdeh" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilsə də, müxtəlif səbəblərdən bildirişlər həmin ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 05.05.2012-ci il tarixli, MA seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 61, mənzil 38 İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Reyestrindən Çıxarışdan görünür ki, “Cavabdeh” Mənzil Mülkiyyəçilərinin Müştərək Cəmiyyətinin fəaliyyət predmeti və məqsədi - daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvercilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir. İş materiallarında olan qəbzlərin surətlərindən görünür ki, İddiaçı tərəfindən müxtəlif vaxtlarda “xxxx” MMMC-nin hesabına pul köçürülmüşdür. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmçinin, Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa, vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. Müqavilənin çoxmənzilli binada sahəyə mülkiyyət hüquqlarının keçməsi ilə bərabər binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payın keçməsini məhdudlaşdıran müddəaları əhəmiyyətsizdir. Qanunvercilikdən göründüyü kimi yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan lift ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Belə olan halda, iddiaçının mülkiyyətçi kimi çoxmənzilli binanın ümumi əmlakından (liftdən) istifadə edə bilməməsi onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "Cavabdeh" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən ünvan 2 ünvanda yerləşən, 4 binadan ibarət çoxmənzilli bina kompleksində iddiaçının çoxmənzilli binanın ümumi əmlakından, o cümlədən liftlərdən istifadə hüququnu məhdudlaşdıran hərəkətlər dayandırılmalı, iddiaçının çoxmənzilli binanın ümumi əmlakından istifadə hüququ təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "Cavabdeh" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən ünvan 2 ünvanda yerləşən, 4 binadan ibarət çoxmənzilli bina kompleksində İddiaçı çoxmənzilli binanın ümumi əmlakından, o cümlədən liftlərdən istifadə hüququnu məhdudlaşdıran hərəkətlər dayandırılsın, iddiaçının çoxmənzilli binanın ümumi əmlakından istifadə hüququ təmin edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1298/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1298/2021
20.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver