Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1299/2024 16.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «kompensasiya» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «kompensasiya» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikasının qanuna əsasən İddiaçı vurulmuş maddi və mənəvi ziyanın ümumilikdə 15000 (on beş min) manat qiymətləndirilməklə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həmin məbləğin iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(105)-395/2022 saylı hökmündən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 1(074)-63/2022 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bu zaman Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 09 mart 2022-ci il tarixdən 21 iyun 2022-ci il tarixinədək həbsdə və ev dustaqlığında 3 ay 12 gün saxlanılmış və bu müddət 1 il 1 ay 18 gün islah işləri cəzasına bərabər tutularaq ona təyin edilmiş ümumi cəza müddətindən çıxılaraq üzərində qəti olaraq aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla, 11 (on bir) ay 12 (on iki) gün islah işləri cəzasına məhkum olunmuşdur. Şamaxı Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 1(074)-63/2022 saylı hökmündən verdiyi apellyasiya şikayəti təmin olunmuş və iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(105)-395/2022 saylı hökmü ilə Şamaxı Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 1(074)-63/2022 saylı hökmü ləğv edilmiş və iddiaçının əməlinə Azərbaycan respublikası CM-nin 221.2.1-ci maddəsi ilə bəraət verilmişdir. Barəsində “başqa yerə getməmək haqqında iltizam” qətiimkan tədbiri də ləğv edilmişdir. Bu hökmlə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməyi və qanunsuz məhkəməyə verilməyi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası ona izah edilmişdir. Dövlət ittihamçısı (prokurorluq) tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(105)-395/2022 saylı hökmündən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(102)-1090/2023 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin olunmamış, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(105)-395/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına daxil etdiyi sənəddən və həmçinin cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(105)-395/2022 saylı hökmünün 12-ci səhifəsində yazılanlardan və həmçinin bu ərizəyə daxil etdiyi 84352 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Vətən Müharibəsi veteranları ictimai birliyinin üzvüdür və 3-cü qrup müharibə əlilidir. Surətini bu ərizəyə daxil etdiyi Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ərazi Bütövlüyünün və müstəqilliyinin qorunmasına görə İddiaçı 5 il müddətinə 3-cü qrup əlillik dərəcəsi verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(105)-395/2022 saylı hökmünün 12-ci səhifəsində yazılanlardan həmçinin bu ərizəyə əlavə etdiyi medal vəsiqələrinin surətlərindən görünür ki, İddiaçı Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının azad olunması döyüşlərində iştirak etmiş və Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında 1-19825, 1-25338 və 1- 22727 saylı medal vəsiqələri ilə uyğun olaraq Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının azad olunmasına görə medallar ilə təltif edilmişdir. O cümlədən Azərbaycan Respublikası Baş Nazirinin sərəncamı əsasında İ-79377 saylı medal vəsiqəsi ilə “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İddiaçı, 3 ay 12 gün həbsdə və ev dustaqlığında qaldığı müddətdə, həmçinin istintaq orqanlarının və məhkəmənin sonrakı qanunsuz və ədalətsiz hökmü nəticəsində islah işinə məhkum edilməsi ilə əlaqədar ictimaiyyət və İddiaçı tanıyanlar içərisində çox pis formada aşağılanmış və bu əsasda ona mənəvi ziyan dəymişdir. İş materiallarından görünür ki, İddiaçı müharibə əlilidir və həbs olunarkən və ev dustaqlığında olarkən səhhətində əvvəldən olan ciddi problemlər daha da ağırlaşmışdır. Bu səbəbdən müayinə və müalicələrinə daha çox məbləğdə pul xərcləməli, bundan əlavə, həbsdə və ev dustaqlığında olan zaman mal-heyvanları baxımsızlıqdan və xəstəlikdən tələf olduğuna görə ona xeyli məbləğdə maddi ziyan da dəymişdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı verilmiş bir neçə avadanlıqlar, kompressor, dankrat və şlanklar sahibsizlikdən oğurlanıb yoxa çıxmışdır. Bu maddi ziyanlar da onun əvvəldən pis olan səhhətini daha da pisləşdirmişdir. Qeyd olunanlar əsasında hesab edir ki, cinayət prosesini həyata keçirən orqanın və məhkəmənin səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyan ən azı 15000 (on beş min) manat məbləğindədir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(105)-395/2022 saylı hökmünə əsasən müəyyən olunur ki, Şamaxı Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 1(074)-63/2022 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bu zaman Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 09 mart 2022-ci il tarixdən 21 iyun 2022-ci il tarixinədək həbsdə və ev dustaqlığında 3 ay 12 gün saxlanılmış və bu müddət 1 il 1 ay 18 gün islah işləri cəzasına bərabər tutularaq ona təyin edilmiş ümumi cəza müddətindən çıxılaraq üzərində qəti olaraq aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla, 11 (on bir) ay 12 (on iki) gün islah işləri cəzasına məhkum olunmuşdur. Şamaxı Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 1(074)-63/2022 saylı hökmündən verdiyi apellyasiya şikayəti təmin olunmuş və iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, l(105)-395/2022 saylı hökmü ilə Şamaxı Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 1(074)-63/2022 saylı hökmü ləğv edilmiş və iddiaçının əməlinə Azərbaycan respublikası CM-nin 221.2.1-ci maddəsi ilə bəraət verilmişdir. Barəsində “başqa yerə getməmək haqqında iltizam” qətiimkan tədbiri də ləğv edilmişdir. Bu hökmlə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməyi və qanunsuz məhkəməyə verilməyi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası ona izah edilmişdir. Dövlət ittihamçısı X4 tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(105)-395/2022 saylı hökmündən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(102)- 1090/2023 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin olunmamış, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(105)- 395/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(074)- 34/2022 saylı qərarına əsasən İddiaçı barəsində həbs qətimkan tədbiri seçilməklə, həbsetmənin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(074)- 49/2022 saylı qərarına əsasən İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi, ev dustaqlığı qətimkan tədbirinin öncədən seçilmiş 3 ay müddətində həbs qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2711 nömrəli Sərəncamı ilə verilmiş İ-25338 seriyalı Azərbaycan Respublikası medalının vəsiqəsinə əsasən İddiaçı “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2712 nömrəli Sərəncamı ilə verilmiş İ-19825 seriyalı Azərbaycan Respublikası medalının vəsiqəsinə əsasən İddiaçı “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2714 nömrəli Sərəncamı ilə verilmiş İ-22727 seriyalı Azərbaycan Respublikası medalının vəsiqəsinə əsasən İddiaçı “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022ci il tarixli 250s nömrəli Sərəncamı ilə verilmiş İ-79377 seriyalı Azərbaycan Respublikası medalının vəsiqəsinə əsasən İddiaçı “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarından görünür ki, iddiaçıya, barəsində əsassız olaraq qətimkan tədbirlərinin seçilməsi nəticəsində mənəvi ziyan dəymişdir. Belə ki, yuxarıda sadalanmış işin materialları ilə müəyyən edildiyi kimi, İddiaçı barəsində həbs qətimkan tədbiri seçilməklə, sonuncu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (2 ay 10 gün) həbsdə, həbs qətimakn tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməklə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (1 ay 2 gün) ev dustaqlığında saxlanılmış, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (5 ay 11 gün) isə İddiaçı başqa yerə getməmək haqqında iltizam növundə qətimkan tədbirinə məruz qalmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 5000 (beş min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 5000 (beş min) manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 5000 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı ona maddi ziyan vurulmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 5000 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1299/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1299/2024
16.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver