Məhkəmə qərarları › İş №2(006)-13/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-13/2025

25.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-13/2025 25.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X4 oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı Cavabdeh5, onun və digər iddiaçı Cavabdeh1 qızının vəkili-nümayəndəsi Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2, Cavabdeh İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçılar Cavabdeh1 qızının və Cavabdeh5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 cavabdeh İddiaçı MMC-yə qarşı “kompensasiya ödənilməsi” tələblərinə dair iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdehlər Cavabdeh1 qızına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi ünvanında yerləşən 89 nömrəli mənzilin üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması və sökülməsi, iddiaçı tərəfindən həmin ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 222 m2 olan təmirli yeni mənzilin Cavabdeh1 qızının mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək iddiaçı tərəfindən Cavabdeh1 qızına hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş; sonradan iddiaçı tərəfindən Cavabdeh5 da əlavə cavabdeh qismində cəlb edilməklə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilmişdir. Cavabdehlər Cavabdeh5 və Cavabdeh1 qızının vəkili-nümayəndəsi etiraz təqdim edərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar Cavabdeh1 qızı və Cavabdeh5 cavabdeh İddiaçı MMC-yə qarşı “mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi ev 89 ünvanında 0,0185 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının həyata keçirilməsinə (o cümlədən sərbəst istifadəsinə) cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, bu cür maneələrin yaradılmasının qadağan edilməsi, yaradılan maneələrə görə fərdi həyət evindən istifadə edilə bilməməyinə görə cavabdehdən 54.000 (əlli dörd min) manat vəsaitin alınaraq fərdi həyət evinin mülkiyyətçilərinə ödənilməsi, fərdi həyət evinin qəzalı vəziyyətə salınmasına görə həmin evin bərpası üçün evin dəyəri olan 350.000 (üç yüz əlli min) manat vəsaitin, ödənilmiş dövlət rüsumunun və vəkilə çəkilmiş 320 manat xərcin cavabdehdən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda xüsusi mülkiyyətdə olan 0,0185 ha torpaq sahəsində yerləşən 100,4 kv.metr sahəsi olan fərdi həyət evi iddiaçıların xüsusi mülkiyyətindədir (1/2 Cavabdeh5, 1/2 pay isə Cavabdeh2 və Cavabdeh1). Faktiki istifadədə olan torpaq sahəsinin ölçüsü əslində mülkiyyət sənədində əksini tapan ölçülərdən bir qədər artıqdır (faktiki istifadədə olan sahə təxminən 0,022-0,025 ha təşkil edir). Qeyd edilən fərdi həyət evinin əsas mülkiyyətçisi olmuş Allahverdi Sadıqov xx.xx.2021-ci il tarixdə məhz cavabdeh MMC-nin rəhbərliyinin qanunsuz hərəkətləri nəticəsində dünyasını dəyişmişdir. Belə ki, son dövrlər şirkətin əməkdaşları rəhbərliyin tapşırığı ilə axşam düşən kimi gizlicə evin suyunu, qazını və işığını bayırdan kəsirlər. Nəticədə evdə istilik olmur və evdə yaşayan yaşlı sakinlər üçün narahatlıq yaranırdı. Məhz cavabdehin əməkdaşlarının bu əməlləri nəticəsində SSRİ X6 Heyətinin fəxri fərmanı və Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif edilmiş, 50 ilə yaxın müəllimlik etmiş, şəhid atası X1 xəstələnmiş və dünyasını dəyişmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin 51 nömrəli xx.xx.2020-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4.2258 ha torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi, ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlərin, sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi vəsaitinin ödənilməsinin və sakinlərin köçürürlməsinin müvafiq qanunvericiliyə əsasən İddiaçı MMC tərəfindən həll edilməsi qərara alınmışdır. Hazırda cavabdeh tərəfindən iddiaçılara məxsus evin ətrafında söküntü işləri aparılır, ərazidə su, qaz, işıq və digər kommunal xidmətlərin xətləri qanunsuz olaraq kəsilir. Bu isə iddiaçıların mülkiyyət hüquqlarını pozmaqla yanaşı, hazırda mülkiyyətlərindən istifadəyə ciddi maneələr yaradır. Demək olar 3 ildən artıqdır ki, iddiaçılar həmin evdə yaşaya bilmirlər. Bu müddətdə isə cavabdehin nümayəndələri evin ətrafını dağıtmış, fərdi həyət evini yaşayış üçün yararsız vəziyyətə salmışlar. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)-17/2024 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçıların iddiası təmin edilərək Bakı Şəhər İcra Hakimiyyətinin 51 nömrəli xx.xx.2020-ci il tarixli sərəncamı iddiaçıların mülkiyyətində olan ünvan 2 ünvanda olan 0,0185 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə aid hissədə etibarsız sayılmışdır. Apellyasiya instansiyası məhkəməsində iş üzrə təyin edilmiş ekspertiza nəticəsində ekspert tərəfindən müəyyən edilmişdir ki, cavabdehin ərazidə apardığı söküntü və tikinti işləri nəticəsində iddiaçıların mülkiyyətində olan fərdi ev qəzalı vəziyyətə düşmüşdür. Həmin işdən verilmiş kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Beləliklə, inzibati iş üzrə icraat zamanı təsdiq edilmişdir ki, müvafiq torpaq sahəsi və fərdi həyət evi iddiaçıların mülkiyyətində olmaqla ona cavabdehin və digərlərinin müdaxiləsi qanunsuzdur, cavabdehin ərazidəki fəaliyyəti nəticəsində iddiaçıların mülkiyyətində olan fərdi həyət evi qəzalı vəziyyətə salınmışdır. Buna görə də hazırkı iddia tələbi qanuni və əsaslıdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki işlər birləşdirilərək, tələblərə bir icraatda baxılması qərara alınmışdır. İddiaçı MMC iddia ərizəsinin geri qaytarılması barədə ərizə vermiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçılar Cavabdeh5 və Cavabdeh1 qızının vəkili-nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair bir neçə ərizə vermiş, son olaraq verdiyi ərizədə iddiaçıların mülkiyyətində olan torpaq sahəsi və evin faktiki olaraq onların əlindən alınması nəzərə alınmaqla, onun əvəzində eyni ərazidə 240,5 kv.m. təmirli mənzil sahəsinin dəyəri kimi 721.500 (yeddi yüz iyirmi bir min beş yüz) manat pul kompensasiyasının mülkiyyətçilərə ödənilməsi, həmçinin yaradılan maneələrə görə fərdi həyət evindən istifadə edilə bilməməyinə görə 2021-ci ilin dekabr ayından başlamaqla məhkəmə qərarının qəbul edildiyi günə qədər hər aya 1.500 (bir min beş yüz) manat vəsaitin cavabdehdən alınaraq mülkiyyətçilərə ödənilməsi, bundan əlavə, ödənilmiş dövlət rüsumunun və vəkilə çəkilmiş 320 manat xərcin cavabdehdən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 cavabdeh İddiaçı MMC-yə qarşı “kompenasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətində olan evin və onun yerləşdiyi torpaq sahəsinin yararsız hala salınmasına görə ədalətli kompensasiyanın müəyyən edilərək ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Cavabdeh5 və iddiaçıların vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia tələbinin dəqiqləşdirilməsinə dair sonuncu ərizənin məzmununa uyğun izahat verərək bildirdilər ki, xüsusi paylı mülkiyyətlərində olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi 2021-ci ilin sonundan cavabdeh MMC tərəfindən aparılmış tikinti, söküntü, qazıntı işləri ilə əlaqədar tam yararsız və qəzalı vəziyyətə salınmışdır. Onlar həmin vaxtdan bütün kommunal xətləri cavabdeh tərəfindən kəsilən evdən istifadə edə bilməmiş, kirayə yaşamağa məcbur olmuşlar. Buna görə də cavabdeh onlara torpaq sahəsinə və üzərindəki evə görə ədalətli kompensasiya ödəməli, bununla yanaşı 2021-ci ilin sonundan başlayaraq kirayə haqqı da verməlidir. Ödənilmiş dövlət rüsumu və vəkil xərcini də cavabdehdən tələb etdiklərini bildirib, iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 iddianı müdafiə edib bildirdi ki, xüsusi paylı mülkiyyətlərində olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi 2021-ci ilin sonundan cavabdeh MMC tərəfindən aparılmış tikinti, söküntü, qazıntı işləri ilə əlaqədar tam yararsız və qəzalı vəziyyətə salınmışdır. Onlar həmin vaxtdan bütün kommunal xətləri cavabdeh tərəfindən kəsilən evdən istifadə edə bilməmiş, kirayə yaşamağa məcbur olmuşlar. Buna görə də cavabdeh onlara torpaq sahəsinə və üzərindəki evə görə ədalətli kompensasiya ödəməli, bununla yanaşı 2021-ci ilin sonundan başlayaraq kirayə haqqı da verməlidir. Ödənilmiş dövlət rüsumunu da cavabdehdən tələb etdiyini bildirib, iddiasının tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddianı qismən qəbul edib bildirdi ki, cavabdeh tərəf kirayə haqqının hər ailəyə 500 manat olmaqla, cəmi 1.500 manat məbləğində ödənilməsi ilə razıdır. Lakin bu məbləğn qətnamə qəbul edildiyi vaxtdan ödənilməlidir. Qalan hissədə iddianı qəbul etməyib, iddiaçıların və üçüncü şəxsin tələbinin əsassız və sui-istifadə olduğunu bildirdi. Ərazidə yaşayan 338 sakindən 326 nəfərlə razılıq əldə edilərək onların evlərindən çıxarıldığını, qalan 12 nəfərlə isə hələ də danışıqlar aparıldığını qeyd edib, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizələri qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları: Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 51 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4.2258 ha torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi, ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlərin, sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi vəsaitinin ödənilməsinin və sakinlərin köçürürlməsinin müvafiq qanunvericiliyə əsasən İddiaçı MMC tərəfindən həll edilməsi qərara alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi ev 89 ünvanında yerləşən 0,0185 hektar torpaq sahəsi və üzərində yerləşən 100,40 m2-lik fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə ½ hissədə Cavabdeh5, xx.xx.2022-ci il tarixdə 1/8 hissədə Cavabdeh1 qızının, xx.xx.2022-ci il tarixdə 3/8 hissədə Cavabdeh2 adlarına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, iddiaçılar Cavabdeh1 qızının və Cavabdeh5 paylı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsində yerləşən 89 saylı fərdi yaşayış evinin faktiki vəziyyətini, divarlarında və arakəsmələrində, qapı və pəncərə boşluqlarının ətrafında şaquli və maili istiqamətlərdə iki tərəfli keçici çatlar əmələ gəlməsini, döşəmə və tavanın aşağıya doğru çökmüş vəziyyətdə olduğunu, fasad divarlarda hörgü daşlarının bir-birindən aralandığını nəzərə alaraq, həmin yaşayış evinin yaşayış üçün yararsız və qəzalı vəziyyətdə olduğu müəyyən olunur. Tədqiq olunan yaşayış evinin yaxınlığında söküntü, qazıntı, tikinti-quraşdırma işlərinin aparıldığını nəzərə alaraq, evdə yaranmış qüsurların aparılmış söküntü və tikinti işlərinin təsiri nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2098/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)-17/2024 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək Bakı Şəhər İcra Hakimiyyətinin 51 nömrəli xx.xx.2020-ci il tarixli sərəncamı iddiaçıların mülkiyyətində olan ünvan 2 ünvanda olan 0,0185 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə aid hissədə etibarsız sayılmışdır. Həmin qərardan üçüncü şəxs tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmayaraq, şikayətin qəbulundan imtina edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi ev 89 ünvanında yerləşən 100,4 kv.m. sahəsi olan, 1,85 sot torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ədalətli dəyəri 966.000 manat; belə ki, torpaq sahəsinin dəyəri 616.000 manat, tikilinin dəyəri 350.000 manat təşkil edir. xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 784 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 qızının və Cavabdeh5 paylı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsində yerləşən 89 saylı fərdi yaşayış evinin faktiki vəziyyətini, divarlarında və arakəsmələrində, qapı və pəncərə boşluqlarının ətrafında şaquli və maili istiqamətlərdə iki tərəfli keçici çatlar əmələ gəlməsini, döşəmə və tavanın aşağıya doğru çökmüş vəziyyətdə olduğunu, fasad divarlarda hörgü daşlarının bir-birindən aralandığını nəzərə alaraq, həmin yaşayış evinin yaşayış üçün yararsız və qəzalı vəziyyətdə olduğu müəyyən olunur. Tədqiq olunan yaşayış evinin yaxınlığında söküntü, qazıntı, tikinti-quraşdırma işlərinin aparıldığını nəzərə alaraq, evdə yaranmış qüsurların aparılmış söküntü və tikinti işlərinin təsiri nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilir. Evin bir tərəfi söküldüyündən, qalan hissələri də qəzalı vəziyyətdə olduğundan ölçü işlərinin aparılması mümkün olmamışdır. Evin ilkin vəziyyətinə dair məlumat olmadığından, əvvəlki vəziyyətə bərpa edilmənin mümkün olubolmaması ilə bağlı tədqiqat aparılması mümkün olmamışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İddiaçı MMC tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, satılan mənzillərin 1 kv.metrinin dəyəri 2.700-2.750 manat təşkil edir. İş materiallarına İddiaçı MMC ilə başqa şəxslər arasında bağlanmış müqavilələr, vəkillə bağlanmış müqavilə, ona 320 manat ödənilməsinə dair qəbz və digər sənədlər də əlavə edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə müəyyən etdi ki, Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi ev 89 ünvanında yerləşən 0,0185 hektar torpaq sahəsi və üzərində yerləşən 100,40 m2-lik fərdi yaşayış evi xüsusi paylı mülkiyyət hüququ əsasında ½ hissədə Cavabdeh5, 1/8 hissədə Cavabdeh1 qızının, 3/8 hissədə isə Cavabdeh2 mülkiyyətindədir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 51 nömrəli sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4.2258 ha torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi, ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlərin, sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi vəsaitinin ödənilməsinin və sakinlərin köçürürlməsinin müvafiq qanunvericiliyə əsasən İddiaçı MMC tərəfindən həll edilməsi qərara alınsa da, qanuni qüvvəsini alaraq hazırkı iş üzrə preyudisiya təşkil edən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həmin sərəncam iddiaçıların və üçüncü şəxsin mülkiyyətində olan ünvan 2 ünvanda olan 0,0185 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə aid hissədə etibarsız sayılmışdır. Həmin iş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyində evin yaşayış üçün yararsız və qəzalı vəziyyətdə olması, yaxınlığında söküntü, qazıntı, tikinti-quraşdırma işlərinin aparıldığını nəzərə alaraq, evdə yaranmış qüsurların aparılmış söküntü və tikinti işlərinin təsiri nəticəsində yaranmağa xarakterik olması müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə də eyni məzmunlu ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Hazırda torpaq sahəsinin və evin paylı mülkiyyətçiləri olan iddiaçılar və müstəqil tələb irəli sürən üçüncü şəxs torpaq sahəsi və evin faktiki olaraq əllərindən alınması nəzərə alınmaqla, onun əvəzində eyni ərazidə 240,5 kv.m. təmirli mənzil sahəsinin dəyəri kimi 721.500 manat pul kompensasiyasının mülkiyyətçilərə ödənilməsi, yaradılan maneələrə görə fərdi həyət evindən istifadə edilə bilməməyinə görə 2021-ci ilin dekabr ayından başlamaqla məhkəmə qərarının qəbul edildiyi günə qədər hər aya 1.500 manat vəsaitin cavabdehdən alınaraq mülkiyyətçilərə ödənilməsi, bundan əlavə, ödənilmiş dövlət rüsumunun və vəkilə çəkilmiş 320 manat xərcin cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə iddia tələbini yalnız kirayə haqqı hissəsində qəbul edir. c) Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, iddia tələbinin “torpaq sahəsi və evin faktiki olaraq əllərindən alınması nəzərə alınmaqla, onun əvəzində eyni ərazidə 240,5 kv.m. təmirli mənzil sahəsinin dəyəri kimi 721.500 manat pul kompensasiyasının mülkiyyətçilərə ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri sayır ki, onlar xüsusi paylı mülkiyyətlərində olan torpaq sahəsinin üzərinə 30 % əlavə edilməklə hər kvadrat metr üçün 3.000 manat məbləğində kompensasiya tələb etsələr də, formalaşmış məhkəmə təcrübəsinə və cavabdehin digər sakinlərlə bağladığı müqavilələrə əsasən 0,0185 ha torpaq sahəsinin üzərinə 20 % əlavə edilməklə hər kvadrat metr üçün 3.000 manat məbləğində kompensasiyanın cavabdehdən tutulması məhkəmə tərəfindən hüququn ədalət prinsipinə müvafiq hesab olunur. İddiaçıların və üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi və evin yararsız hala salınmasının cavabdehin həmin ərazidə apardığı tikinti, söküntü, qazıntı işlərinin nəticəsi olması mübahisəsiz olduğundan məhkəmə iddia tələbinin bu hissəsinin göstərilən formada təmin edilməsini konstitusion qaydada və beynəlxalq hüquqla təminat verilən iddiaçıların və üçüncü şəxsin cavabdeh tərəfindən pozulmuş mülkiyyət hüquqlarının ədalətli əvəzi kimi qiymətləndirir. Belə ki, cavabdehin təqdim etdiyi arayışda həmin ərazidəki mənzillərin 1 kv.metrinin qiymətinin 2.700 manat olması göstərilsə də, iddiaçının təqdim etdiyi sübutlar həmin ərazidəki mənzillərin 1 kv.metrinin dəyərinin 3.000 manat və daha çox olduğunu təsdiq edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməli, cavabdeh İddiaçı MMC-dən 0,0185 ha torpaq sahəsinin üzərinə 20 % əlavə də gəlməklə, cəmi 0,0222 ha mülkiyyətin əvəzi olaraq, hər kvadrat metrə görə 3.000 manat olmaqla, cəmi 666.000 manat məbləğində kompensasiya alınaraq ½ hissəsi yəni 333.000 manat Cavabdeh5, 1/8 hissəsi yəni 83.250 manat hissəsi Cavabdeh1 qızına, 3/8 hissəsi 249.750 manat Cavabdeh2 verilməlidir. Qeyd olunmalıdır ki, tərəflərə münasibətdə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış müvafiq qərarına görə cavabdehin adına verilmiş sərəncam qismən etibarsız sayıldığından, qətnamənin səmərəli icrasını təmin etmək məqsədilə kompensasiya barədə tələb qismən təmin edilməklə yanaşı, kompensasiya ödənilməsi ilə eyni vaxtda Cavabdeh5, Cavabdeh1 qızının və Cavabdeh2 ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarına xitam verilməlidir. Əks halda yuxarıda da istinad edilmiş hüququn ədalət prinsipi tam bərqərar edilməmiş qalacaqdır. İddia tələbinin “yaradılan maneələrə görə fərdi həyət evindən istifadə edilə bilməməyinə görə 2021-ci ilin dekabr ayından başlamaqla məhkəmə qərarının qəbul edildiyi günə qədər hər aya 1.500 manat vəsaitin cavabdehdən alınaraq mülkiyyətçilərə ödənilməsi” hissəsi ilə bağlı isə qeyd edilməlidir ki, yuxarıda da göstərildiyi kimi, cavabdehin ərazidə apardığı tikinti, söküntü, qazıntı işləri nəticəsində iddiaçıların və üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi və evin yararsız hala salınması, onların şəxsi mülkiyyətlərindən məhrum olması hazırkı iş üzrə mübahisəsiz haldır. İddiaçıların və üçüncü şəxsin 2021-ci ilin sonundan başlayaraq evi tərk etmə məcburiyyətində qalmaları iş materiallarında olan ərizələr və s. sənədlərlə öz təsdiqini tapdığından məhkəmə tələbin bu hissəsinin “2022-ci ilin yanvar ayından başlayaraq kompensasiya ödənilən günədək cavabdeh İddiaçı MMC-dən hər ay 1.500 manat məbləğində kirayə haqqı alınaraq 500 manat hissəsi Cavabdeh5, 500 manat hissəsi Cavabdeh1 qızına, 500 manat hissəsi isə Cavabdeh2 verilməsi” formasında təmin edilməsini ədalətli və qanunamüvafiq hesab edir. İddia tələbinin “məhkəmə xərcləri” hissəsi ilə bağlı qeyd olunmalıdır ki, iddia əksər hissədə təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq 684 manat hissəsi Cavabdeh5, 100 manat hissəsi isə Cavabdeh2 verilməli, ödənilmiş 320 manat hüquqi yardım xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçılar Cavabdeh1 qızına və Cavabdeh5 verilməlidir. Həmçinin iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pul cavabdehdən tutularaq tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Formalaşmış məhkəmə təcrübəsi, cavabdehin ərazidəki digər mülkiyyətçilərlə bağladığı müqavilələr, iş materiallarında olan cavabdehin iddiaçılar və üçüncü şəxsə münasibətdə yol verdiyi hüquq pozuntularına dair faktları təsdiq edən bütün mötəbər sübutlar cavabdehin hazırkı iş üzrə iddiaya qarşı etdiyi etirazının bütün dəlillərini əsassız saymağa səbəb olur. d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizələri qismən təmin edilməli, cavabdeh İddiaçı MMC-dən 666.000 manat məbləğində kompensasiya alınaraq ½ hissəsi yəni 333.000 manat Cavabdeh5, 1/8 hissəsi yəni 83.250 manat hissəsi Cavabdeh1 qızına, 3/8 hissəsi 249.750 manat Cavabdeh2 verilməli, kompensasiya ödənilməsi ilə eyni vaxtda Cavabdeh5, Cavabdeh1 qızının və Cavabdeh2 ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarına xitam verilməli, 2022-ci ilin yanvar ayından başlayaraq kompensasiya ödənilən günədək cavabdeh İddiaçı MMC-dən hər ay 1.500 manat məbləğində kirayə haqqı alınaraq 500 manat hissəsi Cavabdeh5, 500 manat hissəsi Cavabdeh1 qızına, 500 manat hissəsi isə Cavabdeh2 verilməli, iş üzrə ödənilmiş 784 manat məbləğində dövlət rüsumu cavabdeh İddiaçı MMC-dən tutularaq 684 manat hissəsi Cavabdeh5, 100 manat hissəsi isə Cavabdeh2 verilməli, iş üzrə ödənilmiş 320 manat hüquqi yardım xərcinin əvəzi cavabdeh İddiaçı MMC-dən tutularaq iddiaçılar Cavabdeh1 qızına və Cavabdeh5 verilməli, iddia ərizələri qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pul cavabdeh İddiaçı MMC-dən tutularaq tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizələri qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-dən 666.000 manat məbləğində kompensasiya alınaraq ½ hissəsi yəni 333.000 manat Cavabdeh5, 1/8 hissəsi yəni 83.250 manat hissəsi Cavabdeh1 qızına, 3/8 hissəsi 249.750 manat Cavabdeh2 verilsin. Kompensasiya ödənilməsi ilə eyni vaxtda Cavabdeh5, Cavabdeh1 qızının və Cavabdeh2 ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarına xitam verilsin. 2022-ci ilin yanvar ayından başlayaraq kompensasiya ödənilən günədək cavabdeh İddiaçı MMC-dən hər ay 1.500 manat məbləğində kirayə haqqı alınaraq 500 manat hissəsi Cavabdeh5, 500 manat hissəsi Cavabdeh1 qızına, 500 manat hissəsi isə Cavabdeh2 verilsin. İş üzrə ödənilmiş 784 manat məbləğində dövlət rüsumu cavabdeh İddiaçı MMC-dən tutularaq 684 manat hissəsi Cavabdeh5, 100 manat hissəsi isə Cavabdeh2 verilsin. İş üzrə ödənilmiş 320 manat hüquqi yardım xərcinin əvəzi cavabdeh İddiaçı MMCdən tutularaq iddiaçılar Cavabdeh1 qızına və Cavabdeh5 verilsin. İddia ərizələri qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul cavabdeh İddiaçı MMC-dən tutularaq tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar