Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5353/2024 21.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2(006)-60/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçının direktoru X5 iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, X2 və Cavabdeh1 ünvan 1 üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, X2 və Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, N.Qardaşları küçəsi 61 saylı fərdi yaşayış evindən çıxarılmaqla, evin boşaldılması və sökülməsi, İddiaçı1 MMC tərəfindən ünvan 1 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasının 5-ci blokunun 5-ci mərtəbəsində 179 kv.metr ümumi sahəsi olan 4 otaqlı təmirli yeni mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı1 MMC tərəfindən Cavabdeh2 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2(006)-60/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh2 apellyasiya şikayətinə etiraz təqdim edərək, daşınmaz əmlakın əvəzləşdirilməsi və əmlakın sökülməsinə etiraz etdiyini bildirməklə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, cavabdehlə aralarında olan mübahisə ilə bağlı razılığa gəldiyini bu səbəbdən də iddia tələbindən imtina etdiyini bildirməklə, iddiadan imtinanın qəbul edilərək, mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh iddiaçı ilə razılığa gəlindiyini bildirməklə, iddiaçının iddia tələbindən imtinasının qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdırıb hesab edir ki, iddiaçının nümayəndəsinin iddia tələbindən imtina barədə ərizəsi qəbul edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiasından imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, tərəflər arasında olan mübahisələrə dair çıxarılmış birinci instansiya məhkəmələrinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Həmçinin tərəflərə izah olunmalıdır ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Eyni zamanda iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı1ndən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 384, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 iddia tələbindən imtina ərizəsi qəbul edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2(006)-60/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi" tələbinə dair mülki işin icraatına xitam verilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş İddiaçı1nə aid edilsin. Birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı1ndən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-5353/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5353/2024
21.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver