Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-130/2021 16.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh «X6 Azərbaycan» QSC-yə qarşı «borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «X6 Azərbaycan» QSC-yə qarşı «borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və mənəvi zərərin əvəzinin ödənilməsi»tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər məhkəməsinin (hakim E.Məmmədov) 11.11.2015-ci il tarixli, 2(060)-12150/2015 saylı məhkəmə əmri ilə İddiaçı «X6 Azərbaycan» QSC-nin xeyrinə cəmi 805,74 manat pulun tutulması qət edilmişdir. Məhkəmə əmri qanuni qüvvəyə almış və əmrin icrası məqsədilə icra vərəqi verilmişdir. İddiaçının şikayətindən (etirazından) sonra Sumqayıt şəhər Məhkəməsinin 11.11.2015-ci il tarixli 2(060)-12150/2015 saylı əmri ləğv olunmuş və iddia tələbinə iddia icraatı qaydasında baxılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 30.03.2016-cı il tarixli, 2(060)- 5514/2016 saylı qərardadı ilə Sumqayıt şəhər Məhkəməsinin 11.11.2015-ci il tarixli, 2(060)-12150/2015 saylı əmri ləğv edilərək iddia icraatına keçmişdir. Sumqayıt şəhər Məhkəməsinin 08.06.2016-cı il tarixli, 2(060)-5514/2016 saylı qərardadı ilə «X6 Azərbaycan» QSC-nin cavabdeh İddiaçı qarşı «pul tələbinə dair» iddia ərizəsi baxılmamış saxlanılmşdır. İddiaçı «X6 Azərbaycan» QSC-dən kredit kartı almamışdır və bu məsələ ilə əlaqədar «X6 Azərbaycan» QSC-yə qəti etirazını bildirmişdir. Həmçinin məhkəmədə iddiaçı qəti şəkildə bildirmişdir ki, Bankdan kredit kartını götürməmişdir. Məhkəmə Banka kredit kartının ona təqdim olunması ilə bağlı sənəd təqdim etməyi tələb etmişdir. Lakin bank belə bir sənədi təqdim etməmiş və məhkəmə iclasında iştirakdan imtina etmişdir. Hal-hazırda bu iddia tələbi üzrə son qətnamə qəbul edilməmişdir. Buna görə də iddiaçının adına 805,74 manat borcun olduğu barədə «X6 Azərbaycan» QSC tərəfindən Mərkəzi Kredit Reyestrinə (MKR) məlumat daxil edilmişdir. İddiaçı bankdan heç bir kredit kartı almamışdır və onun adına MKR-də göstərilən 805,74 manat borc əsassızdır. Ərizə ilə cavabdehə müraciət edərək Mərkəzi Kredit Reyestrində iddiaçının «X6 Azərbaycan» QSC-yə 805,74 manat borcunun olmasının göstərilməsi səbəbindən kredit ala bilmədiyini göstərmişdir. İddiaçının adının Mərkəzi Kredit Reyestrində qeyd olunması səbəbindən kredit götürüb kommersiya ilə məşğul ola bilmir. Bu səbəbdən də ümumilikdə 50.000 manat qazancdan məzrum olmuşdur. Göstərilənlərə əsasən Mərkəzi Reyestrində iddiaçının «X6 Azərbaycan» QSC-yə 805,74 manat kimi göstərilmiş borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehdən 50.000 manat mənəvi zərərin, ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 50030 manat pulun tutularaq iddiaçıya ödənilməsi ğarədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçıdan pul tələb etməsi ilə bağlı Sumqayıt şəhər Məhkəməsində mülki iş olmuşdur və nəticə etibarı ilə baxılmamış qalmışdır. Sonradan onlar qərardaddan şikayət vermişlər. Bakı Apellyasiya Məhkəməsi Sumqayıt şəhər Məhkəməsinin qərardadını qüvvədə saxlamışdır. Onlar Sumqayıt şəhər Məhkəməsinə sənədlərin geri qaytarılması ilə əlaqədar müraciət etmişlər ki, iddiaçıya qarşı yenidən tələblə müraciət etməsi üçün. Bank vətəndaşın gəlirini bilmədən ona kredit vermir. İddiaçı isə kredit almaq üçün iş yerindən saxta arayış təqdim etmişdir. Digər tərəfindən iddiaçı kredit müqaviləsinin etibarsızlığı ilə məhkəməyə müraciət etmişdir və məhkəmə qətnaməsi ilə iddiaçının iddi tələbi rədd edilmişdir. İddiaçı kredit məbləğini götürmüşdür və 1 gündə 300 manat və 400 manat olmaqla 2 dəfə «Lukoyl» Petrolda 700 manat istifadə olunmuşdur. Bu səbəbdən iddia tələbinin rədd olunmasını və işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. Həmçinin cavabdehin nümayəndəsi mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etdi. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)12150/2015 saylı, 11.11.2015-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, İddiaçı «X6 Azərbaycan» QSC-nin xeyrinə 700 manat əsas borcu, 60,08 manat faiz borcu, 15,16 manat cərimə borcu, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 4 manat, bildirişlərin göndərilməsi üzrə xərcləri 5,50 manat, 21 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 805,74 manat məbləğində pulun tutulması əmr edilmişdir. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 2(006)-4705/019 saylı, 20.08.2019-cu il tarixli qərardadı ilə iddiaçı X1 cavabdeh «X6 Azərbaycan» QSC-nə qarşı «borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraatı Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan iddiaçı «X6 Azərbaycan» QSC-nin İddiaçı qarşı «pul tələbinə» dair 2(060)-7041/2019 saylı mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək dayandırılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 22.11.2019-cu il tarixli 2(060)-7041/2019 saylı məktubundan görünür ki, iddiaçı «X6 Azərbaycan» QSC-nin cavabdeh İddiaçı qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi Sumqayıt Şəhər Məhkəməsinin 15.10.2019-cu il tarixli 2(060)-7041/2019 saylı qərardadı ilə Azərbaycan Respublikasının Prezidentinin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair 28.02.2019-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə uyğun olaraq baxılmamış saxlanılmışır. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 2(006)-6812/2019 saylı, 09.12.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh «X6 Azərbaycan» QSC-yə qarşı müqavilənin etibarsızlığının təmin edilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 2(006)-404/2020 saylı, 31.01.2020-ci il tarixi qərardadı ilə iddiaçı X1 cavabdeh «X6 Azərbaycan» QSC-yə qarşı «borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə işin icraatı təzələnmişdir. İş materiallarınd olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-315/2021 saylı, 12.03.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı 700 manat əsas kredit borcu, 60,08 manat faiz borcu, 15,16 manat cərimə borcu, 4 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 5,50 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üçün poçt xərcləri olmaqla, cəmi 784,74 manat kredit borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı “X6 Azərbaycan” QSC-nin xeyrinə tutulmuşdur. Beləliklə, işin materiallarından göründüyü kimi hazırki iş üzrə eyni tərəflər arasında borcun tutulması tələbi ilə əlaqədar, kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmə mübahisəsi olmuş və bununla əlaqədar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Məhkəmə tələblərin oxşar olmasını, eyni məsələdən qaynaqlandığını, habelə onunla əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğunu nəzərə alaraq hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməməlidir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. «Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli, 3 saylı Qərarının 7-ci bəndində göstərilmişdir ki, MPM-in 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən məsələ ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Həmin akt əsasında İddiaçı 700 manat əsas kredit borcu, 60,08 manat faiz borcu, 15,16 manat cərimə borcu, 4 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 5,50 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üçün poçt xərcləri olmaqla, cəmi 784,74 manat kredit borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı “X6 Azərbaycan” QSC-nin xeyrinə tutulması qət edilmişdir. Həmçinin Nəsimi Rayon Məhkəməsinin 09.12.2019-cu il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə İddiaçı cavabdeh “X6 Azərbaycan” QSC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi də təmin edilməmişdir. Bundan əlavə, məhkəmə iddia tələbinin “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona maddi və mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «X6 Azərbaycan» QSC-yə qarşı «borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «X6 Azərbaycan» QSC-yə qarşı «borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-130/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-130/2021
16.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver