Məhkəmə qərarları › İş №2(006)-130/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-130/2022

22.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-130/2022 22.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (ƏMDK "Daşınmaz Əmlakın Kadastrı və Reyestri" Publik hüquqi şəxs və Binəqədi rayonu Binəqədi qəsəbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayonu Goradil kəndində mülkiyyətindəki 269c saylı 0.12 ha torpaq sahəsindən ibarət bağ sahəsinə aid olan hasarın və darvaza üçün nəzərdə tutulan sütunların uçurulub məhv edilməsi ilə əlaqədar Cavabdeh maddi zərərin əvəzi olaraq 1.200 manat, mənəvi zərərin əvəzi olaraq 3.000 manat məbləğində pul vəsaitinin və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayonu Goradil kəndi 269c saylı 0.12 ha torpaq sahəsindən ibarət olan bağ sahəsi keçmiş X2 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.2005-ci il tarixli 36564 saylı icarə müqaviləsi əsasında atası X1 məxsus olmuşdur. Sonradan atasının notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi əsasında və Birliklə onun arasında 18 may 2007-ci il tarixdə bağlanmış 36564 saylı icarə müqaviləsi ilə 269 C nömrəli bağ sahəsi onun istifadəsinə verilmişdir. Həmin bağ-torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyat tarixi xx.xx.2019-cu il olan Çıxarışa əsasən onun mülkiyyətidir. Bağlar Birliyinin 407 saylı, xx.xx.2006-cı il tarixli icazə məktubu ilə Goradil kəndi 269c saylı 0.12 ha torpaq sahəsindən ibarət olan 269 C nömrəli bağtorpaq sahəsinə atası ilə o həmin ildə hasar da çəkmişlər. Təxminən 7 ay əvvəl Goradil kəndində torpaq sahəsindəki mişar daşından olan hasarın və darvaza üçün nəzərdə tutulan sütunların uçurulub-dağıdılmış vəziyyətdə görmüşdür, mülkiyyətinə edilmiş belə qanunsuzluqdan çox sarsılmışdır və bunu edən şəxsi axtarmağa başlamışdır. Hasarı və sütunları söküb-dağıdan qonşu torpaq sahəsinin sahibi Namiq adlı şəxsin olduğu məlum olduqdan sonra onun ona maddi ziyan vurması ilə bağlı Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə müraciət etmişdir. Təhqiqat zamanı Cavabdeh izahatında bildirmişdir ki, güclü külək nəticəsində özünə məxsus torpaq sahəsinin qarşı tərəfində yerləşən darvazası uçduğuna görə o, torpaq sahəsində tikinti işləri aparmaq məqsədilə buldozeri həmin darvazadan keçirə bilmədiyindən onun torpaq sahəsinin mişar daşından olan hasarından yol açmağa məcbur olduğunu bildirmişdir. Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin təhqiqatçısı polis baş leytenantı Fuad Alıyevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 iyul 2020-ci il tarixli Qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunmasına və yaxud dəymiş ziyanın ödənilməsi məsələsinin həlli üçün qərarın surəti Binəqədi RPİ-nin 43-cü PB-nin aidiyyəti əməkdaşına verilməsinə qərar verilmişdir. Binəqədi RPİ-nin 43-cü PB-nin ona ünvanladığı 330-12514 nömrəli, xx.xx.2020-ci il tarixli məktubla bildirilir ki, Cavabdeh Məmmədtagı oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati tədbirin görülməsi ilə bağlı qərarın icra müddəti ərzində Cavabdeh yerini müəyyən edib barəsində inzibati tədbir görmək mümkün olmamışdır, odur ki, göstərilənlərlə bağlı mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Cavabdeh tərəfindən hasarın sökülməsi nəticəsində heç bir hesablama aparmadan ona təqribən 600 manat maddi ziyan dəydiyini bildirmişdir. Bu səhvdir. Əslində, cavabdeh hasarı uçurub-dağıtması nəticəsində mişar daşlarının bir hissəsi yararsız olub, bir hissəsinin standart vəziyyəti pozulmuşdur. Belə mişar daşları ilə darvaza üçün nəzərdə tutulan sütunların tikintisində künc nöqtələrinin uyğunluğu keyfiyyətli alınmır. Bundan başqa, uçurulmuş mişar daşlarının səthində olan sement-palçıq hissənin təmizlənməsi də əlavə xərc tələb edir. Yenidən vaxt və yol pulu sərf olunmalı-tikinti materialları qum, sement, mişar daşı alınmalı, tikinti ərazisinə su gətirilməli və usta, fəhləyə də pul-əmək haqqı verilməlidir. Göstərilənlər baxımından Goradil kəndində torpaq sahəsindəki mişar daşından olan hasarın və darvaza üçün nəzərdə tutulan sütunların yenidən inşa edilməsi üçün 1200 manat pul xərclənməsi lazımdır. Odur ki, cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanın əvəzini 1200 manat, mənəvi zərərin əvəzini isə 3000 manat qiymətləndirir. Belə ki, mülkiyyətindəki torpaq sahəsinin hasarının və darvaza üçün nəzərdə tutulan sütunların uçurulub-dağıdılması ilə bağlı nəinki cavabdeh tərəfindən edilmiş qanusuz hərəkətlər səbəbindən, həmçinin cavabdehin uçurub dağıtdığı hasar və sütunları yenidən inşa edilməsi xərclərini ödəməkdən yayınması ilə bağlı hərəkətsizliyi, süründürməçiliyi ilə ona məvəvi zərər vurmaqda davam edir. Mənəvi sarsıntı və iztirab keçirir. Cavabdehin ona qarşı qanunsuz əməli nəinki mülkiyyətinin, o cümlədən də həyatının toxunulmazlığına onda inamsızlıq yaratması kimi şüurunda mənfi psixi reaksiyaya səbəb olmuşdur. Həm də cavabdehin əməlləri nəticəsində onda baş ağrıları, təzyiq yaranması-sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkir. İddia ərizəsi verilməsi ilə bağlı tərəfindən məhkəməyə dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul da cavabdehdən onun xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3ində 0,12ha torpaq sahəsində yerləşən 269c saylı bağ sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı polis baş leytenantı Fuad Alıyevin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması və yaxud dəymiş ziyanın ödənilməsi məsələsinin həlli üçün qərarın surəti Binəqədi RPİ-nin 43-cü PB-nin aidiyyəti əməkdaşına verilməsi qərara edilmişdir. Binəqədi RPİ-nin 43-cü PB-nin rəisi Nəriman Bayramovun İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh yerini müəyyən etmək, barəsində qərarın icra müddəti ərzində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati tədbir görmək mümkün olmamışdır. Göstərilənlərlə bağlı mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1989 nömrəli, xx.xx.2021-ci il tarixli ekspertizanın rəyindən görünür ki, qardadın birinci və ikinci sulları üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi təqdim olunmadığından cavablandırmaq mümükün olmamışdır. Üçüncü sual münasibətdə isə smeta üzrə aparılmış hesablamalar nəticəsində ünvan 3ində yerləşən iddiaçı tərəfindən təqdim edilmiş hasarın yenidən bərpası üçün yerinə yetrilməli işlərin təqribi dəyərinin mövcud baza qiymətlərinə uyğun olaraq 421,5 manat məbləğində olduğu müəyyən edilmişdir. Ödəniş qəbzindən (№8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə yuxarıda sadalanan maddələrə əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı tərəfindən özünə məxsus olan ünvan 3i ünvanında 0,12 ha torpaq sahəsində yerləşən 269c saylı bağ sahəsi hasarlanmışdır. O, məhkəməyə müraciət edərək həmin hasarın cavabdeh tərəfindən qanunuz olaraq söküldüyünü iddia etmişdir. Cavabdeh isə istifadə etdiyi ümumi yolun bağlandığına, tikinti işləri aparmaq məqsədilə öz torpaq sahəsinə buldozer keçirtmək üçün bundan əvvəl yol kimi istifadə etdiyi yerdən keçmək məcburiyyətində qaldığına əsaslanmış, həmin yolu hasarı uçurtmaqla açdığını etiraf etmişdir (“Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərar). İştirak etdiyi məhkəmə iclasında cavabdeh uçurduğu hasarın yerləşdiyi tərpaq sahəsinin iddiaçıya məxsus olmadığını, bələdiyyənin göstərişlərinə əsasən ümumi yol kimi istifadə edildiyini bildirsə də bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkətinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Baş vermiş zərərin məbləğinin müəyyən edilməsi üçün təyin edilməsi labüd hesab edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyinə əsasən ünvan 3i nüvanında yerləşən bağ sahəsindəki hasarın yenidən bərpa edilməsi üçün yerinə yetrilməli olan işlərin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 421,5 manat məbləğində olması müəyyən edilmişdir. İddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən həmin məsələ üzrə təkrar məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, lakin ekspert tərəfindən bu sual cavablandırılmamış qalmışdır. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri sayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyil və ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatı o halda kifayət qədər yüksək olur ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar işə baxılan zaman müəyyən edilməsin. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi məbləğdə xərc çəkməsi ağlabatandır və cavabdeh bu məbləğin daha az olması barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə iddia bu hissədə tam təmin edilməli və dəymiş maddi zərərə görə cavabdehdən 1.200 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının mənəvi zərərə görə 3.000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. İddiaçının bağ sahəsinin ətrafına çəkdiyi hasarın cavabdeh tərəfindən uçurulması nəticəsində mənəvi zərər çəkməsi şübhəsizdir və məhkəmə, iddiaçıya dəymiş mənəvi zərəri 200 manat məbləğində qiymətləndirir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, maddi zərər olaraq 1.200 manat, mənəvi zərər olaraq 200 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 10 manatı, cəmi 1.410 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində pul ödəmişdir. Həmçinin, ekspert tədqiqatının dəyəri ekspertiza xərclərinə dair bildirişə görə 50 manat təşkil edir. İddiaçının tələbinin 33%-i təmin edildiyindən çəkilmiş məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərər olaraq 1.200 manat, mənəvi zərər olaraq 200 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 10 manatı, cəmi 1.410 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 33 manatı İddiaçı, 17 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar