Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1301/2020 17.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı, cavabdeh "Cavabdeh1" MMC-nin nümayəndəsi və vəkili x1 iştirakları ilə İddiaçı cavabdehlər "Cavabdeh1" MMC-yə və Cavabdeh2 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "Cavabdeh1" MMC-yə və Cavabdeh2 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ** XD *** dövlət qeydiyyat nişanlı, “Nissan Tida” minik markalı avtomobil iddiaçının mülkiyyətində olan avtomobildir. Həmin avtomobili yalnız idarə etmək üçün iddiaçı 16 sentyabr 2019-cu il tarixində 06 ay müddətinə qohumu x3 notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında istifadəsinə vermişdir. Məhz 04 noyabr 2019-cu il tarixində həmin avtomobil x5 tərəfindən idarə edilərkən, Cavabdeh1 MMC-nin mülkiyyətində olan və həmin təşkilatın verdiyi etibarnaməyə əsasən iddia ərizəsində göstərilən digər Cavabdeh2 idarə etdiyi ** JV *** dövlət qeydiyyat nişanlı “Ford Tranzit” yük vaqon soyuducusu olan nəqliyyat vasitəsi ilə toqquşmuşdur və həmin baş vermiş yol-nəqliyyat hadisəsində günahkar şəxs məhz Cavabdeh2 bilinmişdir. Belə ki, həmin hadisəyə görə Bakı şəhəri DYPİ Polis kapitanı x4 tərəfindən 04 noyabr 2019-cu il tarixində Cavabdeh2 barəsində ilkin olaraq İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokol, daha sonra isə həmin protokol əsasında 11 noyabr 2019-cu il tarixli inzibati xəta haqqında qərar qəbul edilərək, Cavabdeh2 barəsində İXMnin 327.1-ci maddəsinə əsasən 40 manat miqdarında cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Həmin hadisədən sonra cavabdehlərlə aparılmış şifahi danışıqlar zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 hadisə baş verən zaman idarə etdiyi digər Cavabdeh1 MMCnin mülkiyyətində olan 99JV462 dövlət qeydiyyat nişanlı, “Ford Tranzit” Yük Vaqon soyuducusu olan nəqliyyat vasitəsinin icbari sığortası yoxdur. Ona görə də, həmin cavabdehlər tərəfindən iddiaçının avtomobilinə vurulmuş maddi ziyanın ödənilməsi hər hansısa sığorta təşkilatı tərəfindən qarşılanması mümkün olmamışdır. Lakin bununla belə həmin cavabdehlər tərəfindən iddiaçıya vurulmuş maddi ziyan da özləri tərəfindən könüllü olaraq ödənilməsi təmin edilməmişdir. Dəfələrlə həmin cavabdehlərlə aparılmış şifahi danışıqlar heç bir müsbət nəticə verməmişdir. Hazırki vaxtadək iddiaçının mülkiyyətində olan ** XD *** dövlət qeydiyyat nişanlı “Nissan Tida” minik markalı avtomobil təmirsiz və istifadəyə yararsız vəziyyətdə qalmaqdadır. “xxxxxxx” Avto- Servis № 5-in, 15 noyabr 2019-cu il tarixində verdiyi zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi aktından da görünür ki, ** XD *** dövlət qeydiyyat nişanlı, “Nissan Tida” minik markalı avtomobilin hazırda təmir və bərpa işlərinin həyata keçirilməsi üçün ümumilikdə 3705 manat məbləğində pul vəsaiti tələb olunur. Hər iki cavabdeh müştərək qaydada iddiaçının qarşısında mülki məsuliyyət daşıyırlar. Belə ki, iddiaçının avtomobilinə vurulmuş maddi ziyan məhz Cavabdeh2 hadisə baş verən zaman idarə etdiyi digər Cavabdeh1 MMC-nin mülkiyyətində olan ** JV *** dövlət qeydiyyat nişanlı, “Ford Tranzit” Yük Vaqon soyuducusu olan nəqliyyat vasitəsi ilə həyata keçirilmişdir. Bu hadisəyə görə iddiaçı sarsıntı keçirmişdir. İddiaçıya bununla əlaqədar mənəvi ziyan dəymişdir. İddiaçı ona dəymiş mənəvi ziyanın miqdarını 1000 manat məbləğində dəyərləndirir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi və cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 vurulmuş maddi ziyana görə 3705 manat, mənəvi ziyana görə 1000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun müştərək qaydada alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçıiddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "Cavabdeh1" MMC-nin nümayəndəsi və vəkili x2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən 15.08.2019-cu il tarixdə verilmiş, AD № 571068 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** XD *** dövlət qeydiyyat nişanlı, “Nissan Tida” minik markalı avtomobil İddiaçı məxsusdur. İşin materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən 12.10.2019-cu il tarixdə verilmiş, AD № 588762 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** JV *** dövlət qeydiyyat nişanlı, “Ford Tranzit” Yük Vaqon soyuducusu olan nəqliyyat vasitəsi "Cavabdeh1" MMC-yə məxsusdur. İş materiallarında olan 23.10.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, "Cavabdeh1" MMC ona məxsus olan ** JV *** dövlət qeydiyyat nişanlı, “Ford Tranzit” Yük Vaqon soyuducusu olan nəqliyyat vasitəsini 23.10.2020-ci il tarixədək Cavabdeh2 istifadəsinə vermişdir. İş materiallarında olan “xxxxxxx” MMC tərəfindən verilmiş 15.11.2019-cu il tarixli qüsur aktından görünür ki, ** XD *** dövlət qeydiyyat nişanlı, “Nissan Tida” minik markalı avtomobilə 3705 manat məbləğində ziyan dəymişdir. İşin materiallarında olan Bakı şəhər DYPİ YNH tərəfindən tərtib edilmiş İXP № ******* saylı, 04.11.2019-cu il tarixli inzibati xəta haqqında protokolun surətindən və TP № ******* saylı, 11.11.2019-cu il tarixli qərarın surətindən görünür ki, ** JV *** dövlət qeydiyyat nişanlı, “Ford Tranzit” Yük Vaqon soyuducusu olan nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 hərəkət edərkən yol-hərəkəti qaydalarını pozmuşdur. Bununla əlaqədar avtomobili idarə etmiş Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmçinin, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 aprel 2020-ci il tarixli, 9/17 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, “xxxxxxx” MMC-nin 15.11.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2007-ci il buraxılışlı, ** XD *** dövlət qeydiyyat nişanlı, “Nissan Tida” minik markalı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3035 manat müəyyən edilir. Ekspert tətqiqatının dəyəri 100 manat təşkil etmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Eyni Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (eyni Məcəllənin 1099.2-ci maddəsi). Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 04 noyabr 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə 3035 manat məbləğində ziyan dəymişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı avtomobilinə dəymiş zərərə görə 3705 manat pulu tələb etsə də, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, 2007-ci il buraxılışlı, ** XD *** dövlət qeydiyyat nişanlı, “Nissan Tida” minik markalı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3035 manat müəyyən edilir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 birgə qaydada vurulmuş maddi ziyana görə 3035 (üç min otuz beş) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3065 (üç min altmış beş) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 birgə qaydada tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 MMC-dən və Cavabdeh2 birgə qaydada vurulmuş maddi ziyana görə 3035 (üç min otuz beş) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3065 (üç min altmış beş) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 birgə qaydada tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1301/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1301/2020
17.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver