Məhkəmə qərarları › İş №2(006)-1327/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-1327/2024

03.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1327/2024 03.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Quliyeva (Şabanova) Aysu Adəm qızına və Cavabdeh3 qarşı “evə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Quliyeva (Şabanova) Aysu Adəm qızına və Cavabdeh3 qarşı “evə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, övladları Quliyeva (Şabanova) Aysu Adəm qızının və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. İddiaçının övladı Cavabdeh1 hal-hazırda Bakı şəhəri, Nəsimi rayonu, Mövsüm Sənani küçəsi ünvanında yerləşən 7 saylı evdə pasport qeydiyyatında olsa da, 6 (altı) ildir ki, həmin evdə yaşamadığından və Türkiyədə yaşadığından sonuncunun iddiaçıya məxsus evdən istifadə hüququ tam olaraq itmişdir. Həmçinin Cavabdeh1 övladları Quliyeva (Şabanova) Aysu Adəm qızı və Cavabdeh3 da anaları ilə yaşadıqlarından onların da iddiaçıya məxsus evə istifadə hüquqları itmişdir. Həmçinin, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi mükiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. Cavabdeh1 yaşayış sahəsinə olan ehtiyacı tam aradan qalxdığından ona kompensasiya vermədən də istifadə hüququna xitam verilməlidir. Cavabdehlər iddiaçıya məxsus evdə qeydiyyatda olduqlarına görə iddiaçı kommunal xidmətlər üçün əlavə haqq ödəyir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia tələbinin təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Quliyeva (Şabanova) Aysu Adəm qızı və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən, məhkəmə iclasının 03 iyun 2024-cü il tarixli qərardadı ilə işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan (Seriya: RX, № 1037960) görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil (reyestr nömrəsi: **********66-05101-093008) tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: **********) daşınmaz əmlakın dövlət reyestrində 2630 nömrəli reyestr kitabının 245051 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Eskiz layihədən görünür ki, Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi mövcuddur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2003-cü ildən Bakı şəhəri, Nəsimi rayonu, Mövsüm Sənani küçəsi ünvanında yerləşən 7 saylı evdə qeydiyyatda olan xx.xx.1963-cü il təvəllüdlü İddiaçı verilən yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1, Quliyeva (Şabanova) Aysu Adəm qızı və Cavabdeh3 həmin evdə qeydiyyatdadırlar. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təssərüfatı Birliyinin 59 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, 37 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı, həmçinin, qızı Cavabdeh1, nəvələri Quliyeva (Şabanova) Aysu Adəm qızı və Cavabdeh3 M.Sənani küçəsi 7 saylı evdə qeydiyyatdadırlar. İddiaçı dediyinə görə Cavabdeh1, Quliyeva (Şabanova) Aysu Adəm qızı və Cavabdeh3 həmin ünvanda yaşamırlar. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat məbləğində rüsum ödənilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublarından görünür ki: - xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh1 2019-cu ildən mütəmadi olaraq ölkədən getmiş və qayıtmış, sonuncu dəfə xx.xx.2022-ci ildə ölkədən çıxışı qeydə alınmış və həmin tarixdən sonra geri qayıtmamışdır; - xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh3 2023-cü ildə 2 dəfə ölkədən çıxmış və geri qayıtmış, belə ki, sonuncu dəfə xx.xx.2023-cü ildə ölkəyə giriş etmişdir; - xx.xx.2004-cü il təvəllüdlü X6 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Nəsimi rayonu, Möhsün Sənani küçəsi, ev 7 ünvanına Cavabdeh1 xx.xx.2002-ci il, X7 xx.xx.2019-cu il və Cavabdeh3 xx.xx.2004-cü il tarixlərində qeydiyyata alınmışdırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin: xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 xx.xx.2002-ci il tarixdən, X7 xx.xx.2019-cu il tarixdən və Cavabdeh3 xx.xx.2004-cü il tarixdən ünvan 4 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olmuş sənədlərin saxlanılma müddəti bitdiyi üçün məhv edildiyindən məhkəməyə göndərilməsi mümkün deyildir; xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh1 xx.xx.2002-ci il tarixdən, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh3 xx.xx.2004-cü il tarixdən və xx.xx.2004-cü il təvəllüdlü X7 xx.xx.2019-cu il tarixdən hazırki vaxtadək, ünvan 5 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 6 ünvanında yerləşən mənzil ilkin olaraq xx.xx.1991-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır. Nəsimi rayon Xalq Məhkəməsinin 2-1062 nömrəli, xx.xx.1994-cü il tarixli qərarına əsasən evin 1/2 hissəsi X4 adına qeydiyyatdan keçmişdir. Nəsimi rayon Xalq Məhkəməsinin 2-827 nömrəli, xx.xx.1996-cı il tarixli qərarına əsasən 2-1062 nömrəli, xx.xx.1994-cü il tarixli qərar etibarsız hesab edilmişdir. Bakı şəhəri 13 saylı NK-nın 3M- A/2-254 reyestr nömrəli xx.xx.1996-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 adına qeydiyyatdan keçmişdir. 1 saylı Bakı ASAN xidmət mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 4Ə-369 reyestr nömrəli xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məktuba əlavə edilmiş X2 (hədiyyə verən) İddiaçı (hədiyyə alan) arasında bağlanmış xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 50.8 kv/m, yaşayış sahəsi 30 kv/m olan 2 otaqlı mənzili hədiyyə alanın mülkiyyətinə verir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Sənani küçəsində yerləşən 7 saylı ev xx.xx.2017-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinə əsasən, xx.xx.2017-ci ildən İddiaçı mülkiyyətindədir. Cavabdehlər (iddiaçının qızı – Cavabdeh1 xx.xx.2002-ci il tarixdən, nəvələri – Cavabdeh3 xx.xx.2004-cü il tarixdən və Quliyeva (Şabanova) Aysu Adəm qızı xx.xx.2019-cu il tarixdən) həmin ünvanda pasport qeydiyyatında olsalar da, hazırda orada yaşamırlar. Xırdalanda Cavabdeh1 məxsus fərdi yaşayış evi vardır. Hazırda iddiaçı cavabdehlərin ona məxsus evdə yaşamadıqları halda, formal qeydiyyatda qalmalarının onun mülkiyyət hüquqlarının məhdudlaşması və əlavə kommunal xərclərin meydana çıxması ilə nəticələnməsinə əsaslanaraq, həmin şəxslərin evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsinin məhkəmə tərəfindən təsdiq edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclaslarından xəbərdar olsa da, heç bir iclasa gəlməmiş, videoyazı göndərərək, anasına məxsus evdə özünün və uşaqlarının yaşamadığını, Xırdalanda ona məxsus evin olduğunu, uşaqları ilə birlikdə həmin evdə qeydiyyata düşəcəklərini, anasına məxsus evdən özünün və uşaqlarının istifadə hüquqlarının itirilməsinə etiraz etmədiyini bildirmiş; digər Cavabdeh3 hazırda Lökbatanda – qayınanasının evində yaşadığını, bacısı Quliyeva (Şabanova) Aysunun isə həyat yoldaşı ilə birlikdə Sabirabadda yaşadığını bildirmişdir. Məhkəmə hesab edir ki, 2017-ci ildə iddiaçının mülkiyyətinə keçmiş evdən cavabdehlərin istifadə hüquqlarının yaranıb-yaranmaması məsələsinin araşdırılması zamanı, həmçinin, onların həmin evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə olan iddia tələbinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarındakı göstərişlərə müvafiq olaraq, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq normaları tətbiq edilərək hüquqi qiymət verilməlidir. Qeyd edilməsi zəruridir ki, Cavabdeh1 2002-ci ildən həmin evdə formal qeydiyyatda olması (xalası mülkiyyətçi olan zaman formal olaraq qeydiyyata alınmışdır) və evin 2017-ci ildə anasının mülkiyyətinə keçməsindən sonra onun anası ilə birlikdə yaşadığından Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-30.2-ci maddələrinə müvafiq olaraq, həmin evdən istifadə hüququnun yaranması, 1-2 il sonra isə özünə məxsus olan başqa evə köçməsi ilə artıq anası ilə yaşamaması, yəni Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə, istifadə hüququnu itirməsi müəyyən edilmişdir. Cavabdeh1 özünə məxsus fərdi yaşayış evinin, yəni onun alternativ yaşayış yerinin olması öz təsdiqini tapdığından və məhkəməyə göndərdiyi videoyazıda o, iddia tələbini qəbul etdiyini bildirdiyindən məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh1 qarşı olan iddia tələbi əsaslı olduğundan təmin edilməli, onun iddiaçıya məxsus evdən istifadə hüququ itirilmiş hesab edilməlidir. Digər cavabdehlər Cavabdeh3 və Quliyeva (Şabanova) Aysu Adəm qızına qarşı olan iddia tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh3 2004-cü ildə həmin evə qeydiyyata alınması, lakin bu zaman evin nənəsinin deyil, başqa şəxsin (nənəsinin bacısının) mülkiyyətində olması, deməli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli qərarındakı göstərişə əsasən tətbiq edilməli olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-228.2-ci maddələrinə görə, onun evə istifadə hüququnun yaranmaması, evin nənəsinin mülkiyyətinə keçəndən (2017-ci il) sonra isə bir müddət evdə yaşasa da belə, Konstiusiya Məhkəməsi Plenumunun müvafiq qərarının tələblərinə əsasən – Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına müvafiq olaraq, iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququna malik olmadığından, yenə də evdən istifadə hüququnun yaranmaması müəyyən edilir (yəni Cavabdeh3 2009-cu ildən qüvvədə olmuş Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulmuş ailə üzvlərinin dairəsinə aid deyildir). Quliyeva (Şabanova) Aysunun isə evin 2017-ci ildə nənəsinin mülkiyyətinə keçməsindən sonra həmin evdə yaşamadığı halda, 2019-cu ildən evə məhz formal qeydiyyata alınması müəyyən edilmişdir. Deməli, Quliyeva (Şabanova) Aysu da qardaşı kimi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına müvafiq olaraq, iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququna malik olmadığından, məhkəmənin qənaətinə görə onun da mübahisə predmeti olan evdən istifadə hüququnun yaranması müəyyən edilmir. Hazırda Cavabdeh3 və Quliyeva (Şabanova) Aysunun həmin evdə yaşamaması, habelə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququna malik olmaması (əmək qabiliyyətinin olmaması və ya maddi yardıma ehtiyacı olması onun tərəfindən sübuta yetirilməmişdir) müəyyən edildiyindən, analarına (Cavabdeh1) məxsus fərdi yaşayış evinin olması və onların başqa evdə yaşamaqla alternativ yaşayış yerinin olması müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddiaçının mənzil və mülkiyyət hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə cavabdehlər Cavabdeh3 və Quliyeva (Şabanova) Aysuya qarşı olan iddia tələbi təmin edilməli, onların da iddiaçıya məxsus evdən istifadə hüququ itirilmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; 71-ci maddəsinin İ, İİ hissələrinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.1.4-cü maddəsinə görə, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 228.1-228.2-ci maddələrinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-30.2-ci maddələrinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına görə, Mənzil Məcəlləsi qüvvəyə mindiyi tarixdən onun müddəalarına zidd olan Mülki Məcəllənin 228.5-ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəası, faktiki olaraq öz hüquqi qüvvəsini itirdiyindən tətbiq edilə bilməz. Məhz buna görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına müvafiq olaraq: Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə görə, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarına əsasən, 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, istifadə hüququ mülkiyyətçi ilə bu hüquqa malik şəxslər arasında davam edən, vaxtaşırı dəyişə və xitam verilə bilən münasibətlərlə bağlı olduğundan, həmişəlik və ya ehtiyat bir hüquq sayılmır. Yuxarıda da qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehlər iddiaçıya məxsus evdə yaşamır, sadəcə formal olaraq qeydiyyatda saxlanılırlar. Onların həmin evdən istifadə hüquqları itirildiyi halda, formal olaraq qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Qanunda nəzərdə tutulmuş əsaslar yarandıqda istifadə hüququn aradan qalxması (xətm olması) və ya itirilməsinin mümkün olması da məhz mülkiyyətçinin üstün hüquqlarının olması ilə əlaqəlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Quliyeva (Şabanova) Aysu Adəm qızının və Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, Mövsüm Sənani küçəsi ünvanında yerləşən 7 saylı evə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Quliyeva (Şabanova) Aysu Adəm qızının və Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, Mövsüm Sənani küçəsi ünvanında yerləşən 7 saylı evə istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdehlər qiyabi qətnamə onlara rəsmən təqdim edildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar