Məhkəmə qərarları › İş №2(006)-1332/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1332/2023

31.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1332/2023 31.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş maddi ziyanın əvəzi olaraq 2560 (iki min beş yüz altmış) manat, mənəvi zərər olaraq isə 2560 (iki min beş yüz altmış) manat, ümumilikdə 5120 (beş min yüz iyirmi) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında saytlardan birində 2011-ci il istehsalı “Şkoda Yeti” avtomobili yürüşü az olduğuna görə iddiaçının diqqətini cəlb etmişdir (98 000 km, rəngi qara, qiyməti 13000 AZN). Həmin gün elanda göstərilən telefon nömrəsinə zəng edərək telefonu götürən xanımdan avtomobilin ümumi vəziyyəti, qəza olubolmaması, avtomobilin yürüşünün original olub-olmaması, cəriməsinin olub-olmaması, motor, sürətlər qutusu, transmissiyanın nə vəziyyətdə olması barədə suallar soruşmuş, xanım həmin suallara cavab verərək bildirmişdir ki, avtomobilin hər tərəfi əladır, yürüşü originaldır. Avtomobilə baxmaq istədiyini bildirdikdə, xanım avtomobili Rəşid Behbudov küçəsindəki “Kapital Bank”ın yanında saxladığını demişdir. Yaxın olduğu üçün xx.xx.2022-ci il tarixində axşam saatlarında avtomobilə baxmaq üçün razılaşmışlar. Saat 19:10-da avtomobilin yanında görüşdükdə, avtomobilin motorxanasına, səsboğucuya və yağ tökmək üçün motor qapağına baxdıqda iddiaçının xoşu gəlməmişdir. Cavabdehə motorun yağ yediyini bildirib, avtomobilin nə qədər xərci olduğunu soruşmuşdur. Cavabında 200-300 AZN xərcinin olduğunu, maşının son qiymətinin 11800 AZN olduğunu qeyd etmişdir. İddiaçı bütün xərcləri nəzərə alaraq 12500 AZN-ə başa gəlsə ona sərf etdiyini, son sözü öz ustası ilə gəlib baxdıqdan sonra deyəcəyini bildirmişdir. Cavabdeh isə yaxşı usta tanıdığını, lazım olsa orada maşını diaqnostika etdirməyi təklif etmişdir. İddiaçı evə gəldikdən sonra qonşusu Elməddinə zəng edib maşın almaq istədiyini bildirmiş, sabah onunla birlikdə maşına baxmağı xahiş etmişdir. Elməddin yola çıxdığını, üç gündən sonra qaydıdacağını bildirmişdir. İddiaçı məcbur olub Whatsapp vasitəsi ilə cavabdehdən təklif etdiyi ustanın nömrəsini istəmişdir. xx.xx.2022-ci ildə Oqtay ustaya zəng edib maşını diaqnostika etdirmək istədiyini demiş, Oqtay usta razılaşaraq diaqnostika üçün pul almayacağını bildirmişdir. xx.xx.2022-ci il tarixində Qamət xanım və oğlu Həsənlə maşının yanında görüşüb Oqtay ustanın yanına yola düşmüşlər. Gəlib çatdıqdan sonra Oqtay usta kompyüter diaqnostikasının başladığını, onun da gedib ustanın yanında dayanmalı olduğunu demiş, o da diaqnostika ustasının artıq öz işinə başladığını görmüşdür. Bundan anlayışı olmadığı üçün sakit dayanıb müşahidə etməyə başlamışdır. Usta diaqnostikanı qurtardıqdan sonra birlikdə Oqtayın yanına getmişlər. Qamət xanım orada oturmuşdur. Diaqnostikanı edən usta Oqtaya maşında hansı işlərin görüləsi olduğunu demişdir. Oqtay da iddiaçıya maşının stepleniyasının dəyişməli və bəzi xırda-para işlərin görülməli olduğunu, bu işlərin hamısının 1400 AZN tutacağını, motor yağını və yağ filterini dəyişmək üçün iddiaçıdan pul almayacağını demişdir. İddiaçı da qiymətin sərf etmədiyini bildirmişdir. Çünki cavabdehin dediyi 200-300 AZN hara, 1400 AZN hara. Oqtay cavabdehə maşının qiymətini bir az așağı salmağı təklif etmiş, Qamət xanım da siz necə məsləhət bilirsiz elə də edək demiş və mașının son qiymətinin 11000 AZN olacağını bildirmişdir. İddiaçı da nəzərdə tutduğundan bir az çox başa gəldiyini, lakin maşın düzələcəksə, razı olduğunu bildirmişdir. Cavabdeh iddiaçıdan 200 AZN beh istəmiş, lakin iddiaçı cibində pul az olduğu üçün 180 AZN beh vermişdir. Oqtay bildirmişdir ki, maşın servisdə qalmalıdır. İddiaçı razılaşaraq sabah səhər cavabdehlə birgə gəlib maşını qeydiyyata salmaq üçün aparacaqlarını bildirmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində səhər saat 08:00-da cavabdeh və cavabdehin oğlu Həsənlə taksiyə oturub Oqtay ustanın işlədiyi Bakıxanov qəsəbəsində yerləşən VAG GROUP avtomobil təmiri servisinə getmişlər. Servisdə gözətçidən başqa heç kim olmamışdır. Gözətçidən açarları götürüb DYP qeydiyyat məntəqəsinə yola düşmüşlər. Texniki baxışdan keçən zaman maşını diaqnostika edən əməkdaş səs boğucudan çox tüstü çıxdığını bildimişdir. İddiaçı bunu cavabdehə dedikdə, cavabdeh Oqtay ustanın bunu düzəldəcəyini demişdir. Maşını qeydiyyatdan keçirərək iddiaçının adına təzə nömrə (77GN736) alınmışdır. xx.xx.2022-ci il tarixində saat 12:20-də Oqtay maşının hazır olduğunu iddiaçıya demiş, iddiaçı isə işdə olduğunu və axşam saatlarında gələ biləcəyini bildirmişdir. İddiaçı çoxdandır maşın sürmədiyi üçün iş yoldaşı Fərhaddan maşını birlikdə gətirmək üçün ona kömək etməsini xahiş etmişdir. Axşam saatlarında Oqtay müəllimin avtoservisinə gəlib çatmışlar, Oqtaydan bir daha maşında hansı işlərin görüldüyünü və hansı detalların dəyişdirildiyini yazıb ona verməsini xahiş etmişdir. Oqtay yenə stepleniyanın, motor yağının və yağ filterinin dəyişdiyini bildirmişdir. İddiaçı da 1400 AZN sayıb Oqtay ustaya vermişdir. İddiaçının iş yoldaşı Fərhad da yanlarında olmuşdur. İddiaçı maşını bir neçə gün idarə etdikdən sonra sürətlər qutusunda səs eşitmişdir və motor yağının azaldığını görmüşdür. Maşını bir də başqa servisdə diaqnostika etməyi qərara almışdır. xx.xx.2022-ci il tarixində saat 10:50-də Babək pr. 74a-da yerləşən Azərbaycanda X4 "xxxx" MMC aparmışdır. Elektron diaqnostika və texniki baxış keçirildikdən sonra maşında hansı işlərin təcili görülməsini yazılı sənəd təqdim etməklə ona bildirmişdirlər. İddiaçı sənədə baxıb çox təəccüblənmişdir, çünki ümumi görüləcək işlərin qiyməti 2560 AZN göstərilmişdir. İddiaçı bu qədər pulunun olmadığını bildirmiş və maşını aldığı adama zəng edib bunu deyəcəyini bildirmişdir. 50 AZN diaqnostikanın pulunu verib evə qayıtmış, Qamət xanım və Oqtay tərəfindən aldadıldığını başa düşmüşdür. İddiaçı özünə vəkil tutub məhkəməyə iddia ərizəsi yazmaq qərarına gəlmiş, vəkil ona Qamət xanıma zəng edib vəziyyət barədə məlumat verməyi məsləhət görmüşdür. xx.xx.2022-ci il tarixində saat 15:30da Qamət xanıma zəng edərək vəziyyəti ona başa salmağa çalışarkən axıra qədər qulaq asmayıb telefonu söndürmüşdür. Axşam saat 18:30-da daha 3-4 dəfə zəng etmiş, lakin cavabdeh cavab verməmişdir. 1 dəfə də oğlu Həsənin nömrəsinə zəng etməsinə baxmayaraq, o da cavab verməmişdir. Vəziyyətin belə olduğunu görüb cavabdehə Whatsapp vasitəsilə səsli mesaj göndərib məhkəməyə iddia ərizəsi yazacağını demişdir. Məhkəməyə müraciət edənə qədər heç bir xəbər çıxmamışdır. Ona görə də iddiaçı hesab edir ki, hazırki iddia ərizəsi üzrə cavabdeh şəxs qismində cəlb edilmiş Cavabdeh ona dəymiş maddi ziyanın əvəzi olaraq 2560 manat, mənəvi zərər olaraq isə 2560 manat, ümumilikdə 5120 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, nəqliyyat vasitəsinin alqı-satqıdan əvvəl texniki baxışını keçirən və nasazlıqlarını təmir edərək aradan qaldıran Oqtay adlı şəxsin şahid qismində məhkəməyə dəvət edib dindirilməsini, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddia ərizəsi poçt vasitəsilə cavabdehin ünvanına çatdırılmazdan öncə telefonuna məhkəmənin bildirişi mesajı daxil olduqda təəccüb va heyrət içində kim tərəfindən və nə üçün məhkəməyə verildiyini anlamamış, İddiaçı adlı şəxsi xatırlamamışdır. Təhsil sahəsində çalışdığını, himayəsində 1-ci və 2-ci qrup əlil ailə üzvü olduğu üçün, iş və ailə qayğıları ilə səhərdən axşamadək məşğul olduğunu və bu səbəbdən iddianın nə olduğunu öyrənmək məqsədilə məhkəməyə gələ bilmədiyini, günlərlə bunun düşüncəsi, əsəbi va stresi içərisində olduğunu bildirmiş, nəhayət iddia ərizəsini aldıqdan və tanış olduqdan sonra təəccübü, heyrəti, əsəbi və stresi birə min qat artmışdır. Cavabdeh uzun illərdir, təhsil sahəsində çalışır, bütün ömrümü alnıaçıq, üzüağ yaşamış, gənc nəslin yetişməsində, təhsil və tərbiyə almasında vicdanı, dürüstlüyü və mərhəməti ilə fəaliyyət göstərmişdir. İddiaçı cavabdehin onu aldatdığını idda edir. Cavabdeh isə bir ziyalı olaraq kimisə aldatmaqdansa, ölməyi üstün tutur. Bu günə qədər mərd və dürüst yaşamış bir qadın, bir ana, bir müəlimə kimi hazırki işlə əlaqədar cavabdeh olaraq məhkəməyə dəvət olunmağından, kimisə aldatmaqda günahlandırılmağından çox mütəəssir olduğunu, günlərdir özünə gələ bilmədiyini, bu məsələni unuda bilmədiyini, hər saat bașı enibdüşən qan təzyiqini dərman qəbul etməklə tənzimlədiyini qeyd etmişdir. İddia ərizəsində cavabdehə məxsus nəqliyyat vasitəsinin İddiaçı tərəfindən alınmasına, yəni alqı-satqının rəsmiləşdirilməsinə qədər nəql edilənlərdən görünür ki, alıcı ilə satıcı arasında sadə, sıradan alqısatqı münasibətləri olmuş, cavabdeh tərəfindən bir dəfə də olsun, maşınını almaq istəyən şəxsə telefon zəngi edilməmişdir. Cavabdeh əsla bu alqı-satqıda israrçı və tələsən tərəf olmamış, əksinə alıcı tələskən və israrçı olmuş, iddia ərizəsində göstərdiyinin əksinə olaraq cavabdeh iddiaçıya usta təklif etməmiş, iddiaçı özü cavabdehdən yaxşı ustasının olub-olmamasını soruşmuş, onun sualına cavab olaraq elə həmin maşını satın aldığı adamın servisi olduğunu demişdir. İddia ərizəsində göstərilmişdir ki, guya cavabdeh iddiaçıdan beh istəmişdir. Tələsən və israrçı tərəf olaraq iddiaçının maşının servisdə yoxlanışı bitdikdən sonra cavabdehin onun təklif etdiyi aşağı qiymətə razılaşdığını görən kimi özü dərhal beh vermişdir. Cavabdehin bu işdə tək səhvi o olub ki, maşını hələ iddiaçını tanımamış, elanda da aşağı qiymətə qoymuş, satanda da qoyduğu qiymətdən xeyli aşağı satmağa razılaşmışdır. Bunun da səbəbi çox məşğul olmağı, bütün gününün qaçhaqaçla keçməsi və vaxtının olmamasıdır. Həm maddi, həm də fiziki cəhətdən tək olması, köməyinin olmamasına görə əlavə bir qayğı da maşın satmaq, o alıcıya, bu alıcıya göstərmək, get-gəl olmasını istəmədiyinə görə aşağı qiymətə də olsa razılaşmışdır ki, bilsin, bu iş bitdi. Maşını yoldaşının müalicə xərclərini ödəmək üçün satmaq məcburiyyətində qalmışdır. İddiaçı maşını aldıqdan bir aydan sonra cavabdehə zəng edərək maşında yeni nasazlıq aşkar etdiyini bildirmiş, cavabdeh isə ona maşını servisdə yoxlatdırıb, nasazlıqları onun hesabına aradan qaldırıb aldığını, bir aydır maşının iddiaçıda olduğunu, onun idarə ediyini, maşının iddiaçıda olanda nələrin baş verdiyini, nasazlığın hansı səbəblə yarandığının ona məlum olmadığını və sükan arxasında olduğundan bu uzun-uzadı dialoqu davam etdirə bilməyəcəyini, axşam zəng etməsini deyib sağollaşmışdır. Daha sonra cavabdehə heç bir zəng edilməmiş, iddia ərizəsində yazılanın əksinə olaraq heç bir səs mesajı göndərilməmişdir. Bu səbəbdən də cavabdeh bu hadisəni tamam unutmuşdur, Aslan adını isə heç əvvəldən də yadında saxlamamışdır. İddia ərizəsində cavabdehə qarşı 2560 manat pul tələbinin (maddi təzminatın) əsası kimi nəqliyyat vasitəsinin "xxxx" MMC-də diaqnostika və texniki baxış nəticəsində verilən sənəd olduğu göstərilir. Sual olunur: Hələ maşının alqı-satqısı olmamış ustasının olmadığını bildirib cavabdehdən tanış usta və ya servis soruşan iddiaçı nə üçün "xxxx" MMC-yə müraciət etmədi? Çünki cavabdeh də iddiaçı kimi, habelə digər “Şkoda” avtomobil sahibi olan şəxslər kimi bilirdi ki, "xxxx" MMC digər servislərlə müqayisədə çox baha, beş-altı qat artıq qiymətə servis xidməti göstərir, orda adi bir detalın qiyməti başqa yerlərdə satılan eyni detalın qiymətindən kəskin fərqlənir və çox bahadır. Necə olur ki, avtomobil alınmamışdan əvvəl daha ucuz servisə, alındıqdan sonra daha baha servisə aparılıb baxışdan keçirilir? Çünki Aslan adlı maşın taciri indi bu iddianı qaldırmaq, şişirdilmiş 2560 manat xərc yaratmaq, həmin xərci və bir o qədər də mənəvi zərər adı ilə daha da şişirtdiyi və 5120 manata çatdırdığı məbləği bir qadının boynuna qoymaq kimi vicdansız məqsəd güdür. O, əsassız varlanmaq kimi haram yolu tutur. Hansısa servisdə şişirdilmiş xərclər sənədi cavabdehə qarşı pul tələbinin əsası ola bilməz. Cavabdeh tərəfindən satılan nəqliyyat vasitəsində həqiqətən də nasazlıq varmı, varsa yaranma səbəbi nədir, həmin səbəb hansı dövrdə yaranmışdır və real xərci nədən ibarətdir kimi sualların cavabı olmalıdır və bu cavablar əsasında duran sübutlar İddiaçı tərəfindən irəli sürülməlidir. Aslan adlı șəxs də tələbinin əsasını sübut etmək vəzifəsi daşıyır və hansısa servisin şişirdilmiş xərc sənədi bu vəzifənin yerinə yetirilməsi deyil. Cavabdeh vicdanlı insandır, şəxsi istifadəsində olan avtomobili vicdanla satmışdır, ona bəlli olan nasazlıqları iddiaçıya bildirmişdir, iddiaçının öz ustasına aparıb yoxlatdırmağı təklif etmişdir, iddiaçının özünün xahişi ilə cavabdehin tanıdığı, eyni zamanda həmin maşını cavabdehə satan şəxsin - Oqtay müəllimin yanına apara biləcəklərini bildirmişdir. Cavabdeh, Oqtay və iddiaçı səmimi, rahat, bir-birini anlayan şəkildə danışmışlar, ustalar çağırılıb tapşırıqlar verilib, iddiaçının öz nəzarəti ilə maşın tam yoxlanılıb, cavabdeh onun dediyi qiymətə razılaşmış va özü tərəfindən qeyd-şərtsiz beh verilib, əl sıxılıb, sonra da rəsmi alqı-satqı olmuşdur. Burada hansı aldatmadan söhbət gedə bilər? Cavabdehin maşını aşağı qiymətə satış elanı verməyi, sonra da iddiaçının dediyi qiymətə razılaşmağı cavabdehi ona üzüyumşaq, fağır, köməksiz, arxasında kişi xeylağı olmayan zəif qadın olduğunu göstərmiş və bütün bunlar cavabdehdən 5120 manat vəsait qoparmağa onu sövq etmişdir. Sual oluna bilər ki, cavabdeh nə üçün iddiaçını tanımadığı halda onu maşın taciri adlandırır. Çünki cavabdeh maşını satdıqdan bir müddət sonra Oqtay müəllim cavabdehə bildirmişdir ki, sizin maşını satdığınız qiymətdən xeyli yüksək qiymətə satış elanı qoyulub. İddiaçı tacir imiş. Cavabdeh də cavab olaraq demişdir ki, “bunun ona nə aidiyyəti var ki, alan da, satan da xeyrini görsün”. Cavabdeh necə bilsin ki, iddiaçı maşını yüksək qiymətə sata bilməyəndə xəyalında tutduğu gəliri əldə etmək üçün cavabdehə qarşı əsassız iddia qaldırıb 5120 manat tələb edəcək. İddia ərizəsində çoxsaylı qanunlara, mülkiyyətin toxunulmazlığına, mükiyyət hüququna və qanuni sahibliyə qəsd edilməsinə dair müddəalara istinad edilir. Cavabdeh kimin mülkiyyətinə qəsd etmişdir, kimin qanuni sahibliyində olan əmlakla bağlı hüquqlarını pozmuşdur? Əlaqəsiz maddələri yazıb, iddia ərizəsinin səhifələrini çoxaldanda iddia əsaslımı olur, tələb əsaslandırılmışmı olur? İddiaçı sübut etsin ki, əgər doğrudan da cavabdehin ona satdığı avtomobil nasazdırsa, bu nasazlığın təqsirkarı cavabdehdir və əgər cavabdehdirsə, real maddi zərər 2560 manatdır və bu hadisə nəticəsində iddiaçı 2560 manat dəyərində mənəvi zərərə düşüb, psixi sarsıntı və iztirab yaşayıb, xəstələnib həkim, müayinə, müalicə görüb, fiziki əzab çəkib. Göstərilənlərə əsasən, həyatın hər əziyyətində tək və himayəsində 1-ci və 2-ci qrup əlil ailə üzvü olan köməksiz qadın olaraq nəqliyyat vasitəsinin alqı-satqısından əvvəl texniki baxışını keçirən və nasazlıqlarını təmir edərək aradan qaldıran Oqtay adlı şəxsin şahid qismində məhkəməyə dəvət edilib dindirilməsini, iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddianın əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin izahatlarını dinləyib, şahid ifadəsini nəzərə alıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, əvvəlki məhkəmə hazırlıq iclaslarından birində şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, cavabdehi çoxdan tanıyır, belə ki, onlar qonşudurlar. Özü “VAG Servis”in sahibidir, hazırki mübahisənin predmeti olan maşını ona məxsus servisdə pulsuz diaqnostika etmişlər. Maşında gördüyü problemləri tərəflərə bildirmiş və çıxacaq xərclərə görə 11000 manata razılaşmalarını onlara təklif etmişdir. Sonradan maşında mexatronikdə də problem olduğunu görüb, öz hesabına dəyişmişdir. İddiaçıya bildirmişdir ki, nə problem olsa, onun yanına aparsın. Ümumilikdə steplenniyanı (ikiqat ayırıcı mufta), mexatroniki, motor yağını və karobka yağını dəyişdirdiyini bildirmişdir. Mülki işin materiallarında olan tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-yə 49.98 manat məbləğində pul ödənilmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən icra edilmiş xidmətlərə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, “Skoda Yeti” markalı, 77GN736 dövlət qeydiyyat nömrəli, BAN nömrəsi: TMBJF25L3C6021248 olan nəqliyyat vasitəsinə elektron diaqnostika və texniki baxış nəticəsində: - Mexatronikdən yağ gəlir (sökülüb baxılması 300 azn), - Mühərrik yağ filteri korpus salnikləri (200-250 azn təqribi +2 lt yağ əlavə etmək və ya tam dəyişmək), - Sapun qapağından yağ verir (60 azn), - 1-ci və 2-ci muftada zazor var, - Stepleniya dəyişdirilməsi (1900 azn), - Stepleniya adaptasiyası (50 azn) tipli qüsurları aşkarlanmışdır. Mülki işin materiallarında olan X1 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, “Skoda Yeti” markalı, 77GN736 dövlət qeydiyyat nömrəli, BAN nömrəsi: TMBJF25L3C6021248 olan nəqliyyat vasitəsi üzərində, xx.xx.2022-ci il tarixdə: 1) ikiqat ayırıcı mufta (dəyəri 1290 AZN) yenisi ilə əvəz edilmiş, dəyişilməsinin qiyməti 300 manat olduğu halda təmənnasız olaraq pulsuz dəyişdirilmişdir. 2) Mexatronikin təmiri 800 manat olduğu halda təmənnasız olaraq pulsuz təmir olunmuşdur. 3) Sürətlər qutusunun yağının qiyməti 100 manat. 4) Mühərrik yağının dəyişdirilməsi 100 manat olduğu halda təmənnasız, pulsuz dəyişdirilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 72 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, Cavabdeh İddiaçı “Skoda Yeti” minik markalı avtomobilin qiymətinin 13000 manat və kiçik qüsurlarının olduğunu bildirmişdir. Avtomobil satılmamışdan əvvəl iddiaçı avtomobildə qüsurların olub-olmamasını müəyyən etmək üçün ustaya yoxlatdırmaq qərarına gəlmiş, lakin usta tapmadığına görə cavabdehin tanıdığı ustaya müraciət etmişlər. “VAG Servis”də X3 adlı usta avtomobilə baxış keçirmiş və avtomobilin 1400 manat məbləğində xərcinin olduğunu, cavabdehi tanıdığına görə təmir işlərinə görə pul almayacağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh avtomobilin əlavə xərcləri olduğuna görə iddiaçıya ustanın da məsləhətilə endirim etmiş və həmin avtomobili 11000 manata rəsmi olaraq satmışdır. Avtomobil “VAG Servis”də təmir olunduqdan sonra iddiaçı tərəfindən 1400 manat məbləğində pul X2 ödənilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı avtomobilin sürətlər qutusunda səs eşitdiyinə və motor yağında azalma olduğuna görə avtomobili başqa servisdə ("xxxx" MMC-də) yoxlanması üçün aparmış, nəticədə maşının yenə də 2510-2560 manat məbləğində xərcinin olduğu müəyyən olunmuşdur. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona dəymiş maddi ziyanın əvəzi olaraq 2560 manat, mənəvi zərər olaraq isə 2560 manat, ümumilikdə 5120 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh isə öz növbəsində iddianı qəbul etmir, iddia ərizəsinə etiraz təqdim edərək, iddiaçının iddiasını əsassız hesab edir. Göründüyü kimi, tərəflər arasında pərakəndə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı cavabdehdən mübahisə predmetini təşkil edən avtomobili texniki baxışdan keçirib diaqnostika və onun əsasında təmir etdirərək dəyərini ödəməklə almışdır. Sonradan avtomobildə qüsur yarandığını görmüş və həmin qüsurun meydana gəlməsini cavabdeh və ustanın onu aldatması ilə əlaqələndirərək, ona maddi və mənəvi zərər dəydiyini iddia edərək, hazırda cavabdehdən vurulmuş ziyanın ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məcəllənin 567-568-ci maddələrinə müvafiq olaraq, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Mülki Məcəllənin 581.1-581.2-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 582.1-ci maddəsinə əsasən, satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alqı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Sözügedən Məcəllənin 586-cı maddəsinə görə, qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər. Əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. Əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğısatqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir. İstər satıcı, istərsə də alıcı tərəfindən əşyanın keyfiyyətinin yoxlanmasının qaydası, habelə digər şərtləri eyni olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.1-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: - alış qiymətinin mütənasib azaldılması; - əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; - əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Mülki Məcəllənin 587.2-ci maddəsinə görə, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: - alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; - lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.3-587.4-cü maddəsinə əsasən, bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 589.2-ci maddəsinə əsasən, əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Məkhəmə iddia ərizəsinin “iddiaçıya dəymiş maddi ziyanın əvəzi olaraq 2560 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından və proses iştirakçılarının izahatlarından məlum olur ki, tərəflər əvvəlcə cavabdehə məxsus maşında 200-300 manat dəyərində xırda qüsurlar olduğunu ehtimal edərək maşının dəyərinin 13000 manat olması şərtilə razılığa gəlmişlər. Lakin sonradan tərəflərin iştirakı ilə maşının texniki baxışı və diaqnostikası zamanı dəyəri 1400 manat təşkil edən əlavə qüsurlar aşkar olunmuş, buna görə də cavabdeh iddiaçıya endirim edərək avtomobilin alış qiymətini mütənasib azaltmış və 11000 manat ödənilməsinə razı olmuşdur. Alqı-satqı müqaviləsi bağlanmış, tərəflər öz öhdəliklərini yerinə yetirərək birbirlərinin mülkiyyətinə maşını və onun dəyərini təşkil edən pul məbləğini vermişlər. Sonradan iddiaçı maşında nasazlıqlar olduğundan başqa bir yerdə avtomobili texniki baxışdan keçirib diaqnostika etdirmişdir. Nəticədə ona təqdim edilmiş aktdan məlum olmuşdur ki, avtomobildə olan qüsurların aradan qaldırılması üçün 2560 manat məbləğində xərc çəkilməlidir. Bu akta əsaslanaraq iddiaçı cavabdehlə müqavilə bağlanmazdan əvvəl maşını texniki baxış və diaqnostikadan keçirən ustanın onu aldatdığını hesab edir və həmin məbləğdə maddi ziyanı cavabdehdən tələb edir. Məhkəmə araşdırmaları zamanı işin hərtərəfli, obyektiv və tam araşdırılmasını təmin etmək məqsədilə, zərurət olduğu üçün alqısatqı baş tutmamışdan əvvəl maşını diaqnostika edən Tağıyev Oqtay şahid qismində məhkəmə iclasında dindirilmiş və ifadəsindən məlum olmuşdur ki, cavabdeh maşında olan qüsurlara görə iddiaçıya endirim etmiş, diaqnostika zamanı aşkar olmayan bəzi qüsurlar təmir zamanı aşkar olduğuna görə həmin xərcləri iddiaçıdan almadan öz hesabına çəkmiş və iddiaçıya maşını gözlənildiyi vəziyyətdə təqdim etmiş, hətta iddiaçıya bildirmişdir ki, problem çıxarsa, ona müraciət etsin. Məhkəmə iddiaçının maddi ziyanın əvəzinin ödənilməsi tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçı tərəfindən qüsurların məbləği barədə məhkəməyə təqdim edilmiş akt hələ ona maddi ziyan dəydiyini və ziyanın səbəbinin cavabdehin hərəkətləri olmasını təsdiq etmir. Belə ki, işin faktiki hallarından görünür ki, cavabdeh mübahisə predmeti olan maşınla əlaqədar texniki baxış və diaqnostikadan boyun qaçırmamış, mövcud qüsurları ondan gizlətməmiş, yeni qüsurlar aşkar olunduğu zaman maşının alış qiymətini mütənasib olaraq azaltmışdır. Göründüyü kimi, cavabdeh öz hüquqlarını vicdanla həyata keçirmişdir. Sonradan maşında aşkar edilən qüsurların maşın iddiaçıya verilənə qədər yaranmasını təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının 2011-ci il buraxılışlı avtomobilin istismarı zamanı heç bir qüsurun yaranmayacağını ehtimal etməsi də ağlabatan hesab oluna bilməz. Göstərilənlərə əsasən, iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində əsaslı olmadığından və maddi ziyanın dəyməsi ilə cavabdehin hərəkətləri arasında səbəbli əlaqə olmadığından, tələbin qanuni əsası tapılmadığından təmin edilə bilməz. Məhkəmə iddia tələbinin iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq 2560 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, iddiaçının mənəvi zərərə məruz qalması, bunun cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi barədə sübutlar məhkəməyə təqdim edilmədiyinə görə, tələb bu hissədə də təmin edilə bilməz. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna, yaxud iddiaçı öz tələbini təsdiq edən müəyyən halları sübut etdiyi və ya bunlar işin mübahisələndirilməyən halları olduqda iddiaya etirazın əsasları kimi istinad olunan halları sübut etmə yükü cavabdehin üzərinə qoyula bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən, iddia tələbi müvafiq qaydada sübuta yetirilmədiyindən, tələbin qanuni əsası tapılmadığından, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar