Məhkəmə qərarları › İş №2(006)-1335/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1335/2024

17.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1335/2024 17.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Bakı şəhəri Yasamal rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 9100 (doqquz min yüz) manat dəymiş zərərin və 111 (bir yüz on bir) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 9211 (doqquz min iki yüz on bir) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, 2(006)-245/2018 nömrəli qətnaməsi ilə İddiaçı LPO Cavabdeh1 ASC-nin xeyrinə cəmi 153.545 ABŞ dolları pulun tutulması və tələbin onun adına olan yüklü edilmiş “Range Rover” minik markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə əsasında icra vərəqəsi verilərək Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Orxan Abdullayev qiymətləndirmə aparılması üçün "xxxx" MMC-yə müraciət etmişdir. Bundan sonra isə xx.xx.2022-ci il tarixli xx/xx-37876/5 nömrəli məktubda qeyd edilmişdir ki, tələbkar bank xx.xx.2022-ci il tarixdə icra şöbəsinə müraciət edərək icraatın müvəqqəti dayandırılmasını xahiş etmişdir, buna görə qiymətləndirmənin dayandırılması xahiş olunmuşdur. İcraatın dayandırılmasının səbəbləri məlum olmadığına görə, xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məktub göndərilərək, ona bu barədə məlumatın verilməsi xahiş olunmuşdur. Həmin məktubda nəzərə çatdırılmışdır ki, vaxtında “Range Rover” minik markalı, **- VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilib hərraca çıxarılmamasına görə, onun dəyəri qat-qat düşmüş, İddiaçı isə maddi ziyan dəymişdir. Həmin məktuba iddia ərizəsi verilən günədək cavab verilməmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən buraxılış ili 2011-ci il olan, qara rəngli, “Range Rover” minik markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 2018-ci il üzrə 69.200,0 (altmış doqquz min iki yüz) manat, 2019-cu il üzrə 62.900,0 (altmış iki min doqquz yüz) manat, 2020-ci il üzrə 57.100,0 (əlli yeddi min bir yüz) manat, 2021-ci il üzrə 51.900,0 (əlli bir min doqquz yüz) manat, 2022-ci il üzrə 47.100,0 (qırx yeddi min bir yüz) manat, 2023-cü il üzrə 42.800,0 (qırx iki min səkkiz yüz) manat təşkil etmişdir.

3. Cavabdeh LPO Cavabdeh1 ASC “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə etiraz təqdim edərək, işin icraatına xitam verilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-1404/2016 nömrəli qərardadı ilə Cavabdeh1 ASC müflis elan olunmuş və Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. İddiaçı tərəfindən banka qarşı iddia qaldırılarkən tələb ipoteka predmeti olan “Range Rover” minik markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac vasitəsilə satılmasının ləğvedici tərəfindən dayandırılması səbəbindən həmin ipoteka predmetinin qiymətinin aşağı düşməsi ilə əsaslandırılmışdır. İcra işi üzrə icraatın dayandırılması bankın səlahiyyəti daxilindədir və bu səbəbdən iddiaçı tərəfindən bankdan dəymiş zərərin ödənilməsi tələbi əsassızdır. Qanunun tələbinə əsasən icra sənədi üzrə icraatın məcburi olaraq dayandırıldığı hallardan biri də tələbkarın müvafiq xahişidir. Bununla yanaşı, iddiaçının icra məmurunun icraatın dayandırılması barədə qərardadından şikayət vermək hüququ olduğu halda, həmin hüquqdan istifadə etməmiş, bununla da icraatın dayandırılması barədə qərardan razı olduğunu göstərmişdir. Həmçinin, Cavabdeh1 ASC ləğv prosesindədir. Qanunvericiliyə əsasən banka qarşı qaldırılan bütün iddia tələblərinə xitam verilməli, bank barəsində digər məhkəmə icraatına başlanılmasından imtina olunmalıdır.

5. İddiaçı vəkili-nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, LPO Cavabdeh1 ASC-nin və Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər qismində işə cəlb edilmələrinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə prosesi:

6. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər LPO Cavabdeh1 ASC, Əmanətlərin Sığortalanması Fondu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, hazırkı işin və icra işinin materiallarını araşdırıb, ekspert rəyini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, 2(006)-245/2018 nömrəli qətnaməsindən görünür ki, iddia ərizəsinin qismən təmin olunması, cavabdeh İddiaçı və X1 iddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-nin xeyrinə 29 fevral 2012-ci il tarixli 05F20/12 saylı kredit müqaviləsi üzrə 55716,21 manat əsas, 15755,06 manat faiz, 1000 manat cərimə olmaqla, cəmi 72471,27 manat kredit borcunun, cavabdeh İddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-nin xeyrinə 19 sentyabr 2012-ci il tarixli 525/12 saylı kredit müqaviləsi üzrə 131405,29 ABŞ dolları əsas, 21140,10 ABŞ dolları faiz, 1000 ABŞ dolları cərimə, cəmi 153545,39 ABŞ dolları kredit borcunun ödəniş günü Azərbaycan manatı ifadəsində, 08 aprel 2013-cü il tarixli, 49/13 saylı kredit müqaviləsi üzrə 138896,24 manat əsas, 29769,52 manat faiz, 1000 manat cərimə, cəmi 169665,76 manat kredit borcu, həmçinin 31 manat məbləğində dövlət rüsumu vəsaitinin tutulması, tələbin girov ilə yüklü edilmiş İddiaçı adına qeydiyyatda olan “Range Rover” minik markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı, “Mersedes Benz” minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı, “X5 Rover” minik markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobillərə yönəldilməsi, həmin avtomobillərin açıq hərracda satılması və əldə olunan vəsaitin qeyd edilən kredit borcunun ödənilməsinə yönəldilməsi, həmin kredit borcu ödənildikdən sonra qalan məbləğin İddiaçı qaytarılması, iddia ərizəsinin qalan hissədə əsassız olduğundan rədd edilməsi qət edilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-9710/2019 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, 2(006)-245/2018 nömrəli qətnaməsinin “X1 ləğv prosesində olan Cavabdeh1 ASC-nin xeyrinə 29 fevral 2012-ci il tarixli 05F20/12 saylı kredit müqaviləsi üzrə 55716,21 manat əsas, 15755,06 manat faiz, 1000 manat cərimə olmaqla, cəmi 72471,27 manat kredit borcunun tutulması” hissəsində ləğv edilməsi, Cavabdeh1 ASC-nin iddia tələbinin cavabdeh X2 aid hissədə təmin olunmaması qət edilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-404/2020 nömrəli qərarından görünür ki, kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-9710/2019 nömrəli qətnaməsinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

12. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-9710/2019 nömrəli icra vərəqəsindən görünür ki, qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə qanuni qüvvəyə minmiş, icra vərəqəsi xx.xx.2020-ci il tarixdə verilmişdir.

13. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Orxan Abdullayev tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-9710/2009 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır.

14. Tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli bildiriş və icraata başlamaq haqqında eyni tarixli məlumatdan görünür ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-9710/2019 nömrəli icra sənədini könüllü icra etmək üçün vaxt verilmiş, qərarın surəti ona, məhkəməyə və tələbkara göndərilmişdir.

15. İddiaçı tərəfindən Yasamal rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, icra vərəqəsinin icrasının təmin olunması məqsədilə avtomobilin yeri barədə məlumat vermişdir.

16. xx.xx.2021-ci il tarixli qərardan və məktubdan görünür ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Orxan Abdullayev tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-9710/2019 nömrəli icra sənədi üzrə borclu İddiaçı məxsus “Range Rover” minik markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində axtarış elan edilməsi və dayanacaqda saxlanılaraq Yasamal rayon İcra şöbəsinə təhvil verilməsi qərara alınmış, qərar icra olunması üçün Azərbaycan Respublikası DİN BDYPİ-yə göndərilmişdir.

17. İddiaçı tərəfindən Yasamal rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, avtomobilin qiymətləndirilməsi və açıq hərracdan satılması zərurəti halında qanunvericiliyin tələblərinə uyğun olaraq, özünün yazılı şəkildə (təklif edilməsi nəzərə alınmaqla) məlumatlandırılmasını xahiş etmişdir.

18. LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Yasamal rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-9710/2019 nömrəli qətnaməsində qeyd olunan, girov qoyulmuş “Range Rover” minik markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil bankın duracağındadır.

19. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Orxan Abdullayev tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-9710/2019 nömrəli icra sənədinin icrası ilə bağlı "xxxx" MMC-dən mütəxəssis dəvət edilməsi və borclu İddiaçı məxsus “Range Rover” minik markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin mütəxəssis tərəfindən qiymətləndirilməsi qərara alınmışdır.

20. LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Yasamal rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, borclu İddiaçı zərurət yarandığı üçün icra sənədinin icrasının müvəqqəti dayandırılması xahiş olunmuşdur.

21. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Orxan Abdullayev tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-9710/2019 nömrəli icra sənədi üzrə tələbkar Cavabdeh1 ASC xx.xx.2022-ci il tarixdə şöbəyə müraciət edərək, icraatın müvəqqəti dayandırılmasını xahiş etdiyindən, “Range Rover” minik markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsinin dayandırılması xahiş olunmuşdur.

22. "xxxx" MMC-nin nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, **-VV-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011-ci il, rəngi qara, “Range Rover” markalı nəqliyyat vasitəsinin orta bazar dəyəri 2018-ci il üzrə 69.200,0 manat – 40.700 ABŞ dolları, 2019-cu il üzrə 62.900,0 manat – 37,000 ABŞ dolları (aşınma göstəricisi – 10,0%), 2020-ci il üzrə 57.100,0 manat – 33,600 ABŞ dolları (aşınma göstəricisi – 10,0%), 2021-ci il üzrə 51.900,0 manat – 30,500 ABŞ dolları (aşınma göstəricisi – 10,0%), 2022-ci il üzrə 47.100,0 manat – 27,700 ABŞ dolları (aşınma göstəricisi – 10,0%), 2023-cü il üzrə 42.800,0 manat – 25,200 ABŞ dolları (aşınma göstəricisi – 10,0%) təşkil edir.

23. LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Yasamal rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, borclu İddiaçı zərurət yarandığı üçün icra sənədinin icrasının müvəqqəti dayandırılması xahiş olunmuşdur.

24. İddiaçı tərəfindən LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-9710/2019 nömrəli icra sənədi üzrə qiymətləndirmənin dayandırılmasının səbəbləri barədə məlumat verilməsi xahiş olunmuşdur (müraciət xx.xx.2023-cü il tarixdə “İsmayılova” soyadlı şəxs tərəfindən qəbul edilmişdir).

25. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 112 (bir yüz on iki) manat rüsum ödənilmişdir.

26. LPO Cavabdeh1 ASC-nin xx.xx.2024-cü il tarixli məlumatında qeyd edilmişdir ki, “Bank of Azerbaijan“ ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli 525/12 saylı təminatlı kredit müqaviləsinə əsasən illik 16 % olmaqla 24 ay müddətinə 243500 (iki yüz qırx üç min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi “Range Rover” minik markalı, 2011-ci il buraxlışlı, qara metal rəngli, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil girov qoyulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli 2(006)-245/2018 nömrəli məhkəmə qətnaməsinə əsasən Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 19 sentyabr2012-ci il tarixli 525/12 saylı kredit müqaviləsi üzrə 131405.29 ABŞ dolları əsas, 21140.10 ABŞ dolları faiz, 1000 ABŞ dolları cərimə və 31 manat dövlət rüsumu tutularaq Cavabdeh1 ASCnin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra banka ödəniş edilməmişdir. xx.xx.2024-cü il tarixinə 153545.39 ABŞ dolları kredit borcu və 31 manat dövlət rüsumu məbləğində borc mövcuddur.

27. LPO Cavabdeh1 ASC-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna daxil olmuş qərardada əsasən 2(006)-1335/2024 saylı iş üzrə yaranmış zərurətlə əlaqədar olaraq, İddiaçı tərəfindən həmin icra sənədi üzrə ödənişlər edilib-edilməməsi, edildiyi təqdirdə isə hansı tarixlərdə və məbləğlərdə edilməsi, qətnamə üzrə qalıq borcunun hazırda nə qədər təşkil etməsi barədə ətraflı məlumat edilmiş, digər sənədlərin aşkar edilməsi üçün isə arxiv şöbəsinə sorğu yazılmış, lakin tələb olunan sənədlər aşkar edilməmişdir.

28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 sentyabr 2024-cü il tarixli 9/6422 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda və iş materiallarında göstərilən 2011-ci il buraxılışlı, “Range Rover” markalı avtomobilin normal vəziyyətdə 2020-ci ilin mart ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 55000,00 manat, 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 44500,00 manat müəyyən olunur.

29. Ekspertiza xərclərinə dair 03 sentyabr 2024-cü il tarixli bildirişdən görünür ki, ekpsertiza təqdiqatının dəyəri 50 (əlli) manat təşkil edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

30. Beləliklə, məhkəmə müəyyən etdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı və X1 xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə LPO Cavabdeh1 ASC-nin xeyrinə cəmi 72.471,27 manat kredit borcunun, İddiaçı, həmçinin, xx.xx.2012ci il tarixli kredit müqaviləsi üzrə LPO Cavabdeh1 ASC-nin xeyrinə cəmi 153.545,39 ABŞ dolları kredit borcunun ödəniş günü Azərbaycan manatı ifadəsində, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 169.665,76 manat kredit borcu və 31 manat məbləğində dövlət rüsumunun tutulması, tələbin girov ilə yüklü edilmiş İddiaçı adına qeydiyyatda olan “Range Rover” minik markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı, “X5 Rover” minik markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobillərə yönəldilməsi, həmin avtomobillərin açıq hərracda satılması və əldə olunan vəsaitin qeyd edilən kredit borcunun ödənilməsinə yönəldilməsi, həmin kredit borcu ödənildikdən sonra qalan məbləğin İddiaçı qaytarılması; Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə isə həmin qətnamənin X1 pul tutulması hissəsində ləğv edilərək, bankın ona qarşı olan tələbinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almış, qətnamə üzrə icra vərəqəsi xx.xx.2020-ci il tarixdə verilmişdir.

31. İcra sənədi üzrə icraata Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə başlanılmış və həmin tarixdə İddiaçı icra sənədini könüllü icra etmək üçün qanunda nəzərdə tutulmuş 10 günlük müddət barədə bildiriş, məhkəməyə və tələbkar banka isə icra sənədi üzrə icraata başlanılması ilə bağlı məlumat verilmişdir.

32. İcra işinin materiallarından məlum olur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə icra sənədinin icrasının təmin olunması məqsədilə Yasamal rayon İcra şöbəsinə avtomobillərin yeri barədə ərizə ünvanlamışdır.

33. İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı məxsus avtomobillər barəsində axtarış elan edilmiş, avtomobillərin dayanacaqda saxlanılaraq Yasamal rayon İcra şöbəsinə təhvil verilməsi qərara alınmış və qərar icra olunması üçün Azərbaycan Respublikası DİN BDYPİ-yə göndərilmişdir.

34. xx.xx.2021-ci il tarixdə İddiaçı ərizə ilə İcra şöbəsinə müraciət edərək, avtomobilin qiymətləndirilməsi və açıq hərracdan satılması zərurəti halında özünün yazılı şəkildə (təklif edilməsi nəzərə alınmaqla) məlumatlandırılmasını xahiş etmişdir.

35. xx.xx.2021-ci il tarixdə LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İcra şöbəsinə məktub göndərərək, “Range Rover” minik markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin bankın duracağında olması barədə məlumat vermiş, xx.xx.2021-ci il tarixli qərar ilə İcra şöbəsi tərəfindən icra sənədinin icrası ilə bağlı "xxxx" MMC-dən mütəxəssis dəvət edilməsi və avtomobilin mütəxəssis tərəfindən qiymətləndirilməsi qərara alınmışdır.

36. İcra işinin materiallarından, həmçinin, məlum olur ki, xx.xx.2022-ci il tarixdə LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Yasamal rayon İcra şöbəsinə məktub göndərərək, borclu İddiaçı zərurət yarandığı üçün icra sənədinin icrasının müvəqqəti dayandırılmasını xahiş etmiş, icra məmuru da xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə məktub göndərərək, tələbkar bankın xahişinə əsasən, avtomobilin qiymətləndirilməsinin dayandırılmasını xahiş etmişdir.

37. xx.xx.2023-cü il tarixdə LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu yenidən Yasamal rayon İcra şöbəsinə borclu İddiaçı zərurət yarandığı üçün icra sənədinin icrasının müvəqqəti dayandırılması məzmununda ərizə ilə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə isə İddiaçı LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-9710/2019 nömrəli icra sənədi üzrə qiymətləndirmənin dayandırılmasının səbəbləri barədə məlumat verilməsini xahiş etmişdir.

38. İş üzrə aparılmış məhkəmə araşdırmaları zamanı xx.xx.2024-cü il tarixli qərardadla Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9710/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu İddiaçı tərəfindən ödənişlər edilib-edilməməsi, edildiyi təqdirdə hansı tarixlərdə və məbləğlərdə edilməsi, qətnamə üzrə qalıq borcun hazırda nə qədər təşkil etməsi barədə ətraflı məlumatlar və təsdiqedici sənədlər, həmçinin, borclu tərəfindən həmin qətnamənin icrası ilə əlaqədar (hissə-hissə ödəniş etmə və ya möhlət verilmə və s.) banka və ya ləğvediciyə müraciət edilib-edilməməsi barədə məlumatlar, müraciət edildiyi təqdirdə həmin müraciətin (ərizənin və s.) təsdiq edilmiş surəti, **-VV-*** dövlət qeydiyyat nişanlı, “Range Rover” minik markalı avtomobilin hansı tarixdən banka təhvil verilməsinə dair təsdiqedici sənəd (təhvil-təslim aktı və s.), bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən “borcluda zərurət yarandığı üçün icra sənədi üzrə icraatın dayandırılmasına dair” xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli, **********365 nömrəli məktubların surətlərinin, eləcə də həmin məktubların Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ünvanlanmasına əsas olmuş hallar barədə ətraflı məlumatların və təsdiqedici sənədlərin təqdim edilməsi LPO Cavabdeh1 ASC-dən və ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, qeyd olunan məktublar və xx/xx-37876/5 nömrəli icra işinin təsdiq edilmiş surəti isə Yasamal rayon İcra Şöbəsindən tələb edilmiş, bank tərəfindən məhkəməyə ünvanlanmış etiraz, məlumat və ərizədə İddiaçı tərəfindən həmin icra sənədi üzrə heç bir ödəniş edilməməsi, icra üzrə icraatın dayandırılması barədə ərizə ilə müraciət etməyin tələbkar kimi bankın qanundan irəli gələn hüququnun olması və qərardadda göstərilən digər sənədlər üçün arxivə müraciət etdikləri, lakin belə sənədlərin aşkar edilmədiyi qeyd edilmiş və məhkəmə araşdırmasının sonunadək bank icra üzrə icraatın dayandırılması barədə ərizə verməyin onların hüququ olması barədə öz ilkin mövqeyində qalmışdır.

39. Hazırda İddiaçı icra sənədi üzrə tələbin yönəldilməli olduğu **-VV-*** dövlət qeydiyyat nişanlı, “Range Rover” minik markalı avtomobilin qiymətləndirilib hərraca çıxarılmasının bankın (ləğvedicisinin) ərizəsinə əsasən dayandırılması səbəbindən ona maddi ziyan vurduğunu bildirərək, 9.100 manat dəymiş zərərin və hazırkı iş üzrə məhkəmə xərcinin cavabdehlər LPO Cavabdeh1 ASC-dən və Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona ödənilməsini xahiş edir.

c) Məhkəmənin mövqeyi:

40. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin (qismən təmin) olunur, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

41. Hazırkı iş üzrə məhkəmənin qənaəti ondan ibarətdir ki, iş üzrə faktiki hallar iddia tələbinin qanuni əsası ilə uzlaşır və iddianın qismən təmin edilməsinə əsaslar vardır. Belə ki, məhkəmə hesab edir ki, iddianın qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin ziyan və delikt barədə münasibətləri tənzimləyən normalarına uyğun gəlir.

42. Bununla bağlı qeyd edilməlidir ki, müvafiq icra sənədi üzrə tələbin yönəldilməli olduğu, iddiaçıya məxsus olan **-VV-*** dövlət qeydiyyat nişanlı, “Range Rover” minik markalı avtomobil 2021-ci ilin noyabr ayından tələbkar bankın duracağında olmasına baxmayaraq, bankın ləğvedicisinin aidiyyəti İcra şöbəsinə icraatın dayandırılması barədə ərizə ünvanlaması səbəbindən həmin avtomobilin hazıradək satılmaması iş üzrə müəyyən edilmiş mübahisəsiz haldır. İş üzrə müəyyən edilmiş digər bir mübahisəsiz hal, yəni hamıya bəlli olmaqla, sübuta ehtiyacı olmayan fakt isə ondan ibarətdir ki, ötən müddət ərzində həmin avtomobil istifadə edilib-edilməməsindən asılı olmayaraq, onun dəyəri azalmışdır. Ümumiyyətlə, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən avtomobilin hələ də iddiaçının mülkiyyətində olmasının müəyyən edildiyi nəzərə alındıqda, həmin avtomobilin bankın duracağında saxlanılması məhkəmə tərəfindən əsassız hesab edilir. Çünki ipoteka saxlayan kimi bank məhkəmə qətnaməsi ilə tələb yönəldilmiş əmlakı realizə etmək üçün müvafiq İcra şöbəsinə təqdim etmədən, icra hərəkətlərini dayandırmaq barədə ərizə (zəruriliyinə heç bir əsas göstərə bilmədiyi) ilə İcra şöbəsinə müraciət etdiyi halda, həmin avtomobili özündə saxlamaqla (istifadə edib-etməməsindən asılı olmayaraq), iddiaçının öz mülkiyyətindən istifadə hüququnu məhdudlaşdırır, bununla da bank mülkiyyət hüququnun toxunulmazlığına xələl vurmaqla, mülki qanunvericiliyin prinsiplərinə zidd davranış sərgiləyir.

43. Beləliklə, məhkəmə hesab edir ki, ötən müddət ərzində avtomobilin realizə edilməsi əvəzinə, bankın duracağında saxlanılaraq dəyərinin azalması səbəbindən iddiaçıya maddi ziyan dəymişdir. Buna səbəb isə məhz bankın ləğvedicisinin öz hüquqlarından sui-istifadə etməsi olmuşdur. Belə ki, icra haqqında qanunvericiliyə istinadən icra üzrə icraatın dayandırılması barədə müraciət etməyin tələbkarın hüququ olduğunu bildirən bank mülki qanunvericiliyə görə öz hüququndan istifadə edərkən başqalarına ziyan vurmağın, yəni hüquqdan sui-istifadənin yolverilməz olduğunu nəzərə almamışdır.

44. Qanunvericiliyin tələbinə əsasən, iddiaçının özünün də ona ziyan vurulmasında təqsirli hərəkətinin olub-olmamasını araşdırmaq, habelə bankın ləğvedicisinin müraciətinə əsas olan məsələni müəyyən etmək məqsədilə məhkəmə tərəfindən qərardad qəbul edilərək bankın ləğvedicisinin dayandırma məqsədilə İcra şöbəsinə müraciət etməsinə əsas olmuş sübutların (borclunun müraciəti, tərəflər arasında olan hər hansı razılaşma və s.) təqdim edilməsi bankdan və ləğvedicidən tələb edilsə də, bank belə bir sübutun olmadığını bildirmişdir (bank hazırkı iş üzrə aparılan araşdırma müddətində İcra şöbəsinə icra hərəkətlərinin davam etdirilməsi barədə ərizə yazdığını bildirsə də, təsdiqedici sənədləri məhkəməyə təqdim etməmişdir). Qərardad əsasında məhkəməyə təqdim edilmiş icra işinin materiallarından isə məhz iddiaçı – borclu İddiaçı icra sənədi üzrə icraat aparılan zaman müvafiq İcra şöbəsinə icra sənədinin icrasına kömək məqsədilə avtomobilin yeri barədə, habelə avtomobil banka təhvil verildikdən sonra hərrac zamanı özünün də məlumatlandırılması barədə ərizələr yazması, yəni icra sənədinin icrasında maraqlı olması, hətta icraatın dayandırılması barədə tələbinin səbəblərini öyrənmək məqsədilə bankın ləğvedicisinə müraciət etməsi müəyyən edilir. Belə olan halda, iddiaçının ona ziyan dəyməsində hər hansı təqsirli hərəkəti məhkəmə tərəfindən müəyyən edilmir. Əksinə, ziyanın iddiaçıya məhz cavabdehlərin təqsirli hərəkətləri nəticəsində vurulması müəyyən edilir.

45. İddiaçıya dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyini və məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyini müqayisəli şəkildə tədqiq edən məhkəmə hesab edir ki, hər iki rəydə göstərilən məbləğlər bir-birinə yaxın olduğundan (mütəxəssis rəyində 2020-ci il üzrə 57.100 manat; ekspert rəyində 2020-ci ilin mart ayına 55.000 manat) və rəylərin mötəbərliyinə xələl gətirəcək hər hansı əsas mövcud olmadığından, iddiaçıya vurulmuş ziyanın həcmini həmin rəylər əsasında müəyyən etmək ədalətli və məqsədə müvafiqdir.

46. Məhkəmə hesab edir ki, avtomobil heç bir əsas olmadan 2021-ci ilin noyabr ayından bankın duracağında saxlanıldığından, həmin vaxtdan hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilən 2024-cü il tarixədək olan dövr ərzində iddiaçıya vurulmuş ziyanın əvəzi ona ödənilməlidir. İş materiallarında olan mütəxəssis rəyində **-VV-*** dövlət qeydiyyat nişanlı, “Range Rover” minik markalı nəqliyyat vasitəsinin 2021-ci ilə olan orta bazar dəyərinin 51.900 manat, ekspert rəyində isə 2024-cü ilə olan orta bazar dəyərinin 44.500 manat olması nəzərə alındıqda, ötən bu müddət ərzində avtomobilin dəyərinin 7.400 manat azalması, yəni iddiaçıya məhz 7.400 manat məbləğində ziyan dəyməsi müəyyən edilir.

47. Belə olan halda məhkəmənin qənaətinə görə, iddiaçıya vurulmuş maddi ziyanın əvəzi ləğv prosesində olan cavabdeh bankdan tutularaq ona ödənilməlidir. Çünki icra üzrə icraatın tərəfi – tələbkar bank hələ ləğv prosesində olduğundan, yəni mövcud olduğundan, Əmanətlərin Sığortalanması Fondu isə yalnız bankın ləğvedicisi funksiyasını həyata keçirərək onu təmsil etdiyindən, məhkəmə hesab edir ki, hazırkı iş üzrə əsl cavabdeh LPO Cavabdeh1 ASC-dir, Fond isə iş üzrə əsl cavabdeh deyildir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh LPO Cavabdeh1 ASC-dən maddi zərərin əvəzi olaraq 7.400 manat məbləğində pul tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

48. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 560.1-560.2. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır.

49. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 115.0.1. Ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

50. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

51. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və yuxarıda istinad edilən normalara müvafiq hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh LPO Cavabdeh1 ASC-dən maddi zərərin əvəzi olaraq 7.400 (yeddi min dörd yüz) manat məbləğində pul tutularaq İddiaçı verilməli, iddia qalan hissədə (Əmanətlərin Sığortalanması Fonduna münasibətdə və digər hissədə) təmin edilməməlidir.

52. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 92 (doxsan iki) manat hissəsi cavabdeh LPO Cavabdeh1 ASC-dən alınaraq iddiaçıya verilməli, dövlət rüsumunun qalan hissəsi İddiaçı aid edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat məbləğində pulun 41 (qırx bir) manat hissəsi cavabdeh LPO Cavabdeh1 ASC-dən, qalan 9 (doqquz) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Nəticə:

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh LPO Cavabdeh1 ASC-dən maddi zərərin əvəzi olaraq 7.400 (yeddi min dörd yüz) manat məbləğində pul tutularaq İddiaçı verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 92 (doxsan iki) manat hissəsi cavabdeh LPO Cavabdeh1 ASC-dən tutularaq İddiaçı verilsin, qalan hissəsi İddiaçı aid edilsin. İddia qalan hissədə (Əmanətlərin Sığortalanması Fonduna münasibətdə və digər hissədə) təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat məbləğində pulun 41 (qırx bir) manat hissəsi cavabdeh LPO Cavabdeh1 ASC-dən, qalan 9 (doqquz) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar