Məhkəmə qərarları › İş №2(006)-1336/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1336/2025

08.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1336/2025 08.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı maşın almaq qərarına gəlmiş, Turbo.az saytına maşınlara baxmaq məqsədi ilə daxil olmuş və saytda Cavabdeh2 ilə telefon əlaqəsi quraraq ünsiyyətdə olmuşdur. Cavabdeh2 **-CA-*** qeydiyyat nişanlı, Volkswagen Touareg minik avtomobilini kredit şəkilində satmağı barədə danışmışlar. Ona telefon vasitəsi ilə demişdir ki, maşın yaxşı vəziyyətdədir, sadəcə kreditə götürdüyünə görə pulu ödəyə bilmir deyə satışa çıxarmışdır. İddiaçı, Cavabdeh2 ilə ilkin ödəniş 6300 manat olmaqla ayda 730 manat əldən ələ 15 ay ödəməyi ona izah eləmişdir. Buna baxmayaraq Cavabdeh2 krediti kimə ödəməli deməyinə baxmayaraq ona demişdir ki, görüşərək maşını almaq qərarına gəlmişdir. Ayxan ilkin ödəniş 6300 manat pulu verdikdən sonra ona demişdir ki, etibarnamə və müqavilə bağlanacaq. Ayxan dediyinə görə Cavabdeh1 müqavilə bağlamağa görə əlavə 500 manat pul istəyir. Onda Ayxana demişdir ki, niyə sadə müqaviləyə 500 manat istəyir Ayxan isə müqavilə bağlamasa da olar, pulu vaxtlı vaxtında 15 ay 730 manat ödədikdən sonra maşını onun adına keçirərlər. İddiaçı Ayxana 6300 manat pulu verdikdən sonra ona onlayn şəklində Cavabdeh1 tərəfindən qızı X3 ona etibarnamə vermişdir. Maşını az müddət sürərək motoru dağılmış, həmin ərəfədə motorun yığılmasına görə 4000 manat pul xərcləmişdir. Amma ki, Ayxan ona maşının 200 və yaxud 300 manat xərci ola, ya olmaya demişdir. İddiaçı hər ayın 29 da 730 manat 10 ay Cavabdeh1 kartına Unibank Bakıxanov fılialında ödəniş aparatı ilə pul ödəmişdir. Bir müddət keçdikdən sonra müqavilə bağladığına görə ürəyində şübhələr yaranmışdır. Maşının pulunu 10 ay ödədikdən sonra ailəsilə ilə qərara gəlmişdir ki, maşının pulunu 5 ayını tam şəkildə bağlasın. Nuriyeva əlaqə saxlayaraq pulun yerdə qalan hissəsinin tam şəkildə bağlamağını deməyinə baxmayaraq Cavabdeh1 ona demişdir ki, Cavabdeh2 ondan əlavə 1500 manat aldığı pulu ödəməlidir. İddiaçı Cavabdeh1 demişdir ki, Ayxana verdiyi borcu o niyə ödəməlidir, həmin vaxtdan əlaqələri kəsilmişdir. Dəfələrlə Cavabdeh1, Cavabdeh2 pulunu istəməyinə baxmayaraq cavabdehlər pulunu ona qaytarılmasından boyun qaçırır. Borclular onu pulunu qaytarmaq istəmir. Cavadehlərlə bu barədə dəfələrlə söhbət etməyinə baxmayaraq onun sözlərinə hörmətsiz yanaşmışdır. Cavabdehlər şifahi şəkildə xəbərdarlıq edilmişdir. Lakin cavabdehlər dələduzluq hərəkətlərindən istifadə edərək pulu qaytarmadığına görə məcburiyyət qarşısında qalaraq Sabunçu Rayon Polis idarəsinin 12-ci Polis şöbəsinə müraciət etməyinə baxmayaraq rəis Yunis Əsgərovun xx.xx.2024-ci il tarixli №-l/2B-1673 saylı məktubuna əsasən Cavabdeh1 7300 manat, Cavabdeh2 tərəfindən ona 6300 manat pul borcunun geri qaytarılması ilə bağlı araşdırılma aparılmış, lakin göstərilən xüsusatlar məhkəmə səlahiyyətlərinə aid olduğu üçün məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 7300 manat və Cavabdeh2 6300 manat olmaqla cəmi 13.600 manat məbləğində pulun və 131 manat dövlət rüsumunun alınıb İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Arzu xanım ilə Ayxan bəy arasında 15 ay müddətinə müqavilə bağlanmış, avtomobil üçün ilkin ödəniş olaraq 6300 manat Cavabdeh2 ödəmiş, 15 ay müddətində isə hər ay 730 manat olmaqla ödənişləri etməli idi. 9 ay ərzində Cavabdeh1 kart hesabına hər ay 730 manat pul ödəmişdir. Daha sonra Arzu xanım bildirmişdir ki, əlavə olaraq 15 ay da pul ödəməlidir, ödəmədiyi təqdirdə avtomobili onun adına keçirməyəcəkdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq, əlbəəl 6300 manatı Cavabdeh2 verdiyini, 100 manatı isə kartına atdığını, həmin məbləğin 50 manatını qaytardığını, 9 ay ərzində hər ay Arzu xanıma 730 manat pul ödədiyini, 100 manatla bağlı çıxarışının olmadığını, çünki bu hadisədən çox uzun müddət keçdiyini, Arzu xanımın kart hesabına pulları atdığını, avtomobilin hal-hazırda onda olduğunu, pulunu qaytardıqları təqdirdə avtomobili geri qaytaracağını bildirmişdir. 4.Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, iddiaçını tanımır. Onunla müqavilə bağlamamış və ona avtomobil verməmişdir. O, Ayxan ilə müqavilə bağlamış və avtomobilin idarəedilməsi üçün ona etibarnamə vermişdir. 2 ildir ki, avtomobil iddiaçıdadır və o, avtomobili qaytarmır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə suallara cavab olaraq, ona iddiaçı tərəfindən pulların ödənilmədiyini, Ayxan tərəfindən ödənildiyini, o, avtomobili Ayxana verdiyini, Ayxanın 24 ay müddətində ayda 730 manat olmaqla pul ödəməli və ödənişləri bitirdikdən sonra avtomobil onun mülkiyyətinə keçməli olmasını, avtomobili satmadığını, nisyə verdiyini, 9 ay ərzində ayda 730 manat olmaqla pullar ödənildiyini, amma geriyə qalan pulunun ödənilmədiyini, 2 ildir ki, nə avtomobili ala, nə də Ayxanı tapa bilmədiyini, 9 ay sonra iddiaçının iddia qaldıraraq başına belə bir hadisə gəldiyini bildiyini qeyd etmişdir. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-CA-*** qeydiyyat nişanlı Volkswagen Touareg minik avtomobili X2 adına xx.xx.2022-ci ildə qeydiyyata alınmışdır. 8.Mülki işin materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, **-CA- *** dövlət qeydiyyat nişanlı, Volkswagen Touareg minik markalı avtomobil X4 tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixədək etibar verilmişdir. 9.Mülki işin materiallarında olan satıcı Cavabdeh1 və müştəri Rüstəmov X5 arasında 15 ay müddətinə bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, satıcı Volkswagen Touareg minik avtomobilini müqavilə bağlandığı tarixdə müştəriyə təhvil verməyi, müştəri əldə etdiyi avtonəqliyyat vasitəsinin dəyərini vaxtı-vaxtında ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən müştəri razılaşdırılmış ümumi məbləği hissə-hissə hər ayın təyin olunmuş gündən gec olmayaraq, hər ay minimum 730 AZN olmaqla satıcıya nəğd və yaxud bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. 10.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi 12-ci polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 1/2B- 1673 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı Sabunçu RPİ-nin 12-ci PŞ-nin rəhbərliyinə xx.xx.2024-cü il tarixdə ünvanladığı müraciətində Ayxan adlı şəxs vasitəsi ilə Arzu adlı şəxsə məxsus olan Touareg markalı avtomobili razılaşma yolu ilə ilkin ödəniş 6300 AZN, ayda 730 AZN olmaqla 15 ay müddətinə kredit vasitəsi ilə almağı, lakin həmin şəxsin avtomobili idarə etməyi üçün etibarnaməni ləğv etməsi qeyd olunmuşdur. Aparılan araşdırma zamanı müraciətdə göstərilən xüsusatlar mülki hüquqi xarakterli mübahisə olduğu müəyyən edilmiş, buna görə də vətəndaşa mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. 11.Mülki işin materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, Sumqayıt şəhər 1 saylı notariat ofisinə müraciət edilərək bildirmişdir ki, 24 avqust 2022-ci il tarixdə Bakı şəhəri 49 saylı notariat ofisində İddiaçı reyestrdə 7E-1545 nömrə ilə qeyd olunmuş etibarnamə vermişdir. Həmin etibarnamənin qüvvəsinə xitaç verilməsi xahiş edilmişdir. 12.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 131 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 13.Mülki işin materiallarına əlavə edilən whatsapp yazışmalarından çıxarışlar. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 14.Beləliklə, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı maşın almaq qərarına gəlmiş, bununla bağlı Cavabdeh2la əlaqə qurmuş, aralarında şifahi razılıq əldə edilmiş, həmin razılığa əsasən iddiaçı **-CA-*** dövlət qeydiyyat nişanlı, Volkswagen Touareg minik markalı avtomobilə görə Cavabdeh2 ilkin ödəniş olaraq 6300 manat pul vermiş, qalan məbləği isə 15 ay müddətinə hər ay 730 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Avtomobilin idarə edilməsi üçün iddiaçıya etibarnamə verilmiş, bundan sonra iddiaçı tərəfindən aylıq 730 manat məbləğində ödəniş Cavabdeh1 məxsus kart hesabına göndərilmişdir. 15.Müəyyən edilmişdir ki, sözügedən avtomobil Cavabdeh1 qızı X2 mülkiyyətindədir, lakin avtomobillə bağlı hərəkətləri Cavabdeh1 həyata keçirir. xx.xx.2022ci il tarixində Cavabdeh2 və Cavabdeh1 arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh1 tərəfindən qızının adına olan **-CA-*** dövlət qeydiyyat nişanlı, Volkswagen Touareg minik markalı avtomobili Cavabdeh2 satmış, sonuncu 15 ay müddətinə hər ay 730 manat olmaqla satıcıya pul ödəməyi öhdəsinə götürmüşdür. 16.Müəyyən edilmişdir ki, avtomobilin mülkiyyətçisi tərəfindən Cavabdeh2 ona sürücüsü kimi təqdim etdiyi, yəni İddiaçı etibarnamə verilmişdir. Sonradan qalan pul ödənilmədiyinə görə iddiaçıya verilən etibarnamə ləğv edilmişdir. 17.Hazırda iddiaçı Cavabdeh2 vasitəsi ilə əldə etdiyi avtomobilin nasaz olduğunu, adına verilən etibarnamənin ləğv etdirildiyini və nəticədə avtomobili öz mülkiyyətinə keçirə bilmədiyini iddia edərək, Cavabdeh2 verdiyi 6300 manat və Cavabdeh1 kartına göndərdiyi 7300 manat pulun və həmçinin, ödədiyi dövlət rüsumunun tutulmasını tələb edir. 18.Cavabdeh1 iddiaçını tanımadığını, Cavabdeh2la müqavilə bağladığını, iddiaçıya etibarnamə verdiyini, 9 ay ərzində ona ödənişlər edildiyini və avtomobilin iddiaçıya satılmasından məlumatsız olduğunu, avtomobilinin ona geri qaytarılmadığını bildirərək, iddia tələbinin rədd edilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 19.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14-cü maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsassız varlanma halı qeyd edilmişdir (14.2.7). 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1096-cı maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 20.Qanunvericiliyin qeyd olunan müddəalarının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. 21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 22.Məhkəmə ilk növbədə iddia tələbinin “Cavabdeh1 7300 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilməklə qismən təmin edilməlidir. 23.Belə ki, işin araşdırılan hallarından göründüyü kimi cavabdehlər arasında avtomobilin alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə uyğun olaraq Cavabdeh2 Cavabdeh1 15 ay müddətinə hər ay 730 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Məlum olmuşdur ki, bu müqavilədən əlavə Cavabdeh2la iddiaçı arasında şifahi razılıq əsasında müvafiq ödənişlər edildikdən sonra eyni avtomobilin iddiaçının mülkiyyətinə keçməsinə dair razılıq əldə edilmişdir. 24.İddiaçı tərəfindən avtomobilə görə Cavabdeh1 məxsus karta ödənişin edilməsi işin mübahisəsiz hallarından biridir. Belə ki, iddiaçı iddia edir ki, Cavabdeh2la razılaşdıqdan sonra iddiaçı avtomobilin sahibi Cavabdeh1 kartına 10 ay müddətinə 7300 manat məbləğində pul köçürmüşdür. Lakin Cavabdeh1 polis bölməsində verdiyi izahatında və həmçinin, məhkəmə iclaslarında verdiyi izahatında ona 9 ay ərzində hər ay 730 manat məbləğində pul köçürüldüyünü etiraf etmişdir. Odur ki, Cavabdeh1 ona məxsus karta ümumilikdə 9 ay ərzində hər ay 730 manat olmaqla ümumilikdə 6570 manat məbləğində pulun köçürüldüyünü mübahisələndirmir, iddiaçı da iddia etdiyi məbləğdə, yəni tam olaraq 7300 manat pulu köçürdüyünə dair sübut təqdim etməmişdir. Tərəflər arasında həmin pulun cavabdehə məxsus karta köçürülməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə etiraf etdiyi pul məbləğini (6570 manat) ona qaytarmalıdır. Bundan əlavə isə məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh1 qeyd edilən nəqliyyat vasitəsinin mülkiyyətçisi olmamış, avtomobil onun qızına məxsus olmuşdur. Lakin buna baxmayaraq tərəflər arasında olan münasibətdən aydın olur ki, Cavabdeh1 həmin nəqliyyat vasitəsinə sahiblik etmiş və digər Cavabdeh2 tərəfindən onunla maşının nisyə satılması barədə razılıq əldə edilmiş və bundan sonra nəqliyyat vasitəsinin mülkiyyətçisi iddiaçıya etibarnamə vermişdir, daha sonra aylıq ödənişlər ödənilmədiyindən qeyd edilən etibarnamə ləğv edilmişdir. Bu isə onu deməyə əsas verir ki, həqiqətən iddiaçı münahisəli nəqliyyat vasitəsini almaq barədə razılaşmış , mülkiyyətçi (və ya sahib) bundan xəbərdar olmuş, lakin daha sonra iddiaçı aldadıldığını bildikdən sonra pulların geri qaytarılmasını tələb etmişdir. 25.Məhkəmə iddia tələbinin “Cavabdeh2 6300 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə tam əsaslıdır və təmin edilməlidir. 26.Belə ki, işin araşdırılan hallarından müəyyən edildiyi kimi iddiaçı və Cavabdeh2 arasında edilən şifahi razılığa əsasən iddiaçı avtomobilə görə ilkin ödəniş olaraq cavabdehə əlbəəl şəkildə 6300 manat məbləğində pul vermişdir. 27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 28.Hazırki iş üzrə Cavabdeh2 məhkəmə iclaslarında iştirak etməmiş və iddiaçının tələbinə dair öz etirazını təqdim etməmiş, iddiaçının tələbinin əksini təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəmə işin araşdırılan hallarından yola çıxaraq hansı ki, Cavabdeh1 avtomobili Cavabdeh2 ödənişlər edildikdən sonra mülkiyyətinə keçməsinə dair müqavilə bağlamasını, lakin sonradan Cavabdeh2 Cavabdeh1 etibarından istifadə edərək iddiaçı ilə özünə məxsus olmayan avtomobilə dair razılıq əldə etməsi və iddiaçının ödənişlər edildikdən sonra avtomobilin onun mülkiyyətinə keçməsinə inanaraq Cavabdeh2 ilkin ödəniş olaraq pul ödənilməsi və s. bütün bunlar iddiaçının tələbinin təmin edilməli olması qənaətinə gəlməyə əsas verir. 29.Odur ki, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında həmin pulun cavabdehə əlbəəl verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə 6300 manat məbləğində pul vəsaitini ona qaytarmalıdır. 30.Məhkəmə iddia tələbinin “131 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınıb iddiaçıya qaytarılması” hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslı hesab edilməklə təmin edilməli, ödənilmiş dövlət rüsumunun 66 manatı Cavabdeh1, 65 manatı isə Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. 31.Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 6570 (altı min beş yüz yetmiş) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 66 (altmış altı) manatı, Cavabdeh2 isə 6300 (altı min üç yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 65 (altmış beş) manatı tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 32.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 33.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 6570 (altı min beş yüz yetmiş) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 66 (altmış altı) manatı, Cavabdeh2 isə 6300 (altı min üç yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 65 (altmış beş) manatı tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar