Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1337/2021 19.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi cavabdeh Ağaquliyev Ədalət Valeh oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xüsusi mülkü olan Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 3 saylı evdə yerləşən 40 saylı mənzili vaxtında təhvil vermədikləri üçün mənzilinin dəyərinin 5%-i həcmində, yəni 14.750 manat məbləğində dəbbə pulu cavabdehlərdən müştəərək qaydada tutularaq ona ödənilməsi, əldən çıxmış faydanın əvəzi qismindən 14.000 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi, cavabdehlərin qanunsuz əməlləri nəticəsində ona dəymiş mənəvi ziyanın əvəzi qismində 10.000 manat cavabdehlərdən müştərək qaydada ona ödənilməsi və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı həyat yoldaşı X4 ilə birlikdə 2017-ci ilin may ayında Milli Məclisin inzibati binası yaxınlığında ev almaq fikrində olduqlarından bir müddət soraqlaşıb Cavabdeh1 ilə tanış olmuşlar. Belə ki, sonuncu özünə məxsus olan - Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 3 saylı evdə yerləşən 40 saylı mənzili (yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 9, m 5, m 2) satmaq və ya üzərində pul almaqla dəyişdirmək niyyətində idi. Bir müddət əlaqə saxladıqdan sonra Cavabdeh1 qeyd edilən evini qayınatası X2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, 3006-cı məhəllə, Məmmədcəfər Cəfərov küçəsi, 10 saylı evin 425 nömrəli mənzili ilə dəyişdirilməsinə razılıq vermişdir. İlkin razılaşmaya görə onlar Cavabdeh1 evinin 215.000 manat, öz evlərinin isə 130.000 manat dəyərində qəbul edilməsini və aradakı 85.000 manatın da nağd qaydada ödəniləcəyi barədə sövdələşmə etmişlər. Lermontov küçəsi, 3 saylı evdə yerləşən 40 saylı mənzil həmin zaman "xxxx" ASC-də ipotekada olduğundan Cavabdeh1 xahişi ilə onlar ilk növbədə 40.000 ABŞ dolları ödəməklə evi yüklülükdən azad etmişlər. Qalan 10.000 ABŞ dollarını isə 02.06.2017-ci il tarixdə evlərin dəyişdirilməsinə dair razılaşma bağlanarkən Cavabdeh1 təqdim olunmuşdur. Cavabdeh1 onlara hər dəfə özünə məxsus olun evin satılmasında ailə üzvlərinin, o cümlədən həyat yoldaşının da razı olduğunu demişdir. Razılaşma müqaviləsi bağlandıqdan sonra Cavabdeh1 həyat yoldaşı X3 ilə birlikdə onların evinə baxarkən oranı bəyənmədiyini, havasının ağır olduğunu dediyindən onlar da onun adına olan, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, 8 saylı evin 10 nömrəli mənzili (yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, 36, m3, m3) onlara təklif etmişlər. Cavabdeh2 əri ilə birlikdə evə baxdıqdan sonra bu evi bəyəndiyindən heç bir tərəfin əlavə hər hansı ödəniş etməməsi şərti ilə 24.06.2017ci il tarixdə 3 saylı Bakı “Asan xidmət” mərkəzindəki notariat kontorunda dəyişmə müqavilə imzalanmışdır. Onun adından müqaviləni etibarnamə əsasında həyat yoldaşı Emin Paşayev imzalamışdır. Qarşı tərəfdən müqaviləni Ağayev Ədalət özü imza etmiş, habelə notariat kontoruna həyat yoldaşı Cavabdeh2 adından mənzilin dəyişdirilməsinə etiraz etməməsi barədə ərizə də təqdim etmişdir. Belə ki, Cavabdeh2 əri Ədalət Ağayevə Bakı şəhəri 13 saylı notariat kontorunda 06.03.2008-ci il tarixdə 1951 reyestr nömrəli etibarnamə vermişdir. Dəyişmə müqaviləsi bağlanarkən hər bir tərəf üzərinə öhdəlik götürmüşdür ki, öz evindən 24.07.2017-ci il tarixədək qeydiyyatdan çıxsın, 31.12.2018-ci il tarixədək isə mənzili faktiki olaraq digər tərəfin sahibliyinə versin. Həmçinin müqavilənin şərtlərinə görə, müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o bununla bağlı digər tərəfə dəbbə pulu ödəməlidir. Müqavilədə mənzilə köçmələri ilə bağlı 1 ildən çox müddətin müəyyən edilməsinin səbəbi isə Cavabdeh1 uşağının yaxınlıqdakı təhsil müəssisəsində oxuması ilə bağlı olmuşdur. Dəyişmə müqaviləsi bağlandıqdan sonra onların hər biri yeni aldıqları evlərə hüquqlarını təsdiqləyən rəsmi sənəd almışlar. Belə ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən 04.07.2017-ci il tarixdə ona Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 3 saylı evin 40 saylı mənzili (yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 9, m5, m2) üzərində mülkiyyət hüququnu təsdiqləyən RX ******* saylı çıxarış verilmişdir. Cavabdeh1 də Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, 8 saylı evin 10 nömrəli mənzilinə (yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, 36, m3, m3) müvafiq çıxarış almış və hətta çox keçmədən başqa bir şəxsdən borc pul götürməklə həmin mənzili girova qoymuşdur. Pulunu ödəyə bilmədiyindən bu mənzil hərraca da çıxarılmışdır və həmin mənzilin taleyi ilə bağlı başqa məlumatı yoxdur. Dəyişmə müqaviləsində razılaşdıqları kimi, 2019-cu ilin ilk günlərində onlar Cavabdeh1 evi təhvil verməsini xahiş etdikdə onun həyat yoldaşı Cavabdeh2 evdən çıxmayacağını bildirmişdir. Bunun səbəbini soruşduqda isə ərinin onların var-dövlətini sataraq müflis etdiyini, yaşayacaqları yeganə mənzil olduğundan uşaqları ilə birlikdə oranı tərk etməyəcəklərini demişlər. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xüsusi mülkü olan Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 3 saylı evin 40 saylı mənzili tərk edərək ona təhvil vermir, onun mülkiyyət hüququna açıqcasına qəsd edirlər. Əlavə olaraq qeyd etmək istəyir ki, yuxarıda qeyd etdiyi bütün hallar artıq məhkəmədə araşdırılmış və onun iddia tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18.07.2019-cu il tarixli, 2(009)-1712/2019 saylı qətnaməsi ilə öz təsdiqini tapmışdır. Bakı Apelyasiya Məhkəməsinin 06.11.2019-cu il tarixli, 2(103)- 13331/2019 saylı qətnaməsi və Ali Məhkəmənin 08.06.2020-ci il tarixli, 2(102)-1838 saylı qərarı ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, həm daxili, həm də beynəlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə onun kənar müdaxilələrdən qorunmasına istiqamətlənmişdir. Bu baxımdan hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən çıxmamaları mənzilin mülkiyyətçisi kimi onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməli və onlar dərhal onun xüsusi mülkündən çıxarılmalıdırlar. Artıq 20 aydır ki, cavabdehlər üzərilərinə düşən öhdəliyi qəsdən icra etmirlər və bununla da onun mülkiyyət hüququnu kobud şəkildə pozur, mənzilindən faktiki olaraq istifadə etməyə imkan vermirlər. Dəyişmə müqaviləsində də onlar gələcəkdə öhdəliyin lazımi qaydada icra edilməməsi zamanı dəbbə pulunun ödənilməsi barədə razılığa gəlmişlər. Faktiki sahibliyindən məhrum olduğu evin qiyməti hələ 3 il əvvəl 215.000 manat dəyərində qiymətləndirilmişdir. Hazırda 20 aydır ki icra edilməyən öhdəliyin əvəzi olaraq bu dəbbə pulunun mənzilin ümumi qiymətinin ən azı 5%-i miqdarında, yəni 10.750 manat məbləğində hesablanması və həmin məbləğin onun xeyrinə tutulması onun pozulmuş mülkiyyət hüququnun bərpası istiqamətində layiqli qərar olar. Cavabdehlərin qanunsuz olaraq onu xüsusi mülkündən artıq 20 aydır ki, məhrum etmişlər . Bu hərəkətləri ilə onlar nəinki əsassız olaraq evində yaşayırlar, eyni zamanda onu bu müddət ərzində əldə edə biləcək gəlirindən də məhrum etmiş olurlar. Belə ki, Dağüstü parka yaxın, şəhərə gözəl mənzərəsi açılan 70 kv metr sahəsi olan evin hazırda əmlak bazarında aylıq kirayə haqqısı ən azı 700 manat təşkil etməkdədir. Bu baxımdan hələlik iddia ərizəsi verilənədək 20 ay üçün əldən çıxmış fayda müqabilində 14.000 manat pul da cavabdehlərdən tutularaq ona ödənilməlidir. Cavabdehlərin onun inamını qazanıb dəyişmə müqavilə üzrə mənzili əldə etdikdən sonra onların xahişi ilə 1 ildən artıq bir müddət üçün onlara həmin mənzildə yaşamağa icazə versə də, onlar onun bu etibarından istifadə etməklə hazırda mənzili ona təhvil verməməsi istər-istəməz mülkiyyət hüququndan faktiki olaraq məhrumetmə deməkdir. Onların bu qanunsuz əməli onda ciddi mənəvi sarsıntı oyatmışdır. Bu sarsıntının təsiri həm ailəsi ilə münasibətinə, həm də iş həyatına da öz təsirini göstərmişdir. Qanunsuz hərəkətlərlə bağlı o, dəfələrlə cavabdehlərlə danışıb hər dəfə onların israrla evi ona təhvil verməyəcəkləri, başqa sözlə aldadıldığını söylədikdə bu iztirabları daha da artmaqdadır. Qeyd edilənləri nəzərə almaqla ona dəymiş mənəvi ziyanla bağlı 10.000 manat məbləğində kompensasiyanın cavabdehlərdən alınması zəruridir ki, bu hal həm də onların digər şəxslərin hüquqlarını əsassız və istəklərinə uyğun şəkildə pozmasında onların bədəli olsun. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmalıdır. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırkı iş üzrə iddia tələbi ilə məhkəməyə müraciət edən zaman əldən çıxmış fayda kimi o, cavabdehlərdən 14.000 manat pul tələb etmişdir. Belə ki, iddia ərizəsini hazırlayan zaman cavabdehlər onun mənzilindən qanunsuz olaraq 20 ay istifadə etməkdə idilər. Uzun sürən məhkəmə və icra işlərindən sonra cavabdehləri icra məmurlarının köməyi ilə yalnız 17.03.2021-ci il tarixində mənzilindən çıxara bilmişdir. İş materiallarına əlavə edilmiş 24.06.2017-ci il tarixli dəyişmə müqaviləsinin şərtlərinə görə mənzil ona 31.12.2018-ci il tarixində təhvil verilməli idi. Göründüyü kimi, cavabdehlərin qanunsuz hərəkətləri ucbatından o, 2 il 2 ay 17 gün əmlakından istifadə hüququndan məhrum olmuşdur. İddia tələbinə əlavə etdiyi sənədlərlə də müəyyən edildiyi kimi, mənzilinin aylıq kirayə haqqısının ən azı 700 manat olduğu nəzərə alınsa, onun bu hissədə əldən çıxmış faydası 18.550 manat (26,5 ay x 700) təşkil etməkdədir. Bundan başqa, mənzilini təhvil alandan sonra ona məlum olmuşdur ki, cavabdehlərin hazırkı günə qədər “xxxx” ASC-yə 64,50 manat, “xxxx” ASC-yə 150,01 manat, “xxxx” MTK-ya isə 500 manat borcu vardır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xüsusi mülkü olan Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 3 saylı evdə yerləşən 40 saylı mənzili vaxtında təhvil vermədikləri üçün mənzilinin dəyərinin 5%-i həcmində, yəni 14.750 manat məbləğində dəbbə pulunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini, əldən çıxmış faydanın əvəzi qismindən 18.550 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini, ödənilməmiş kommunal xidmətlərə görə onlardan müştərək qaydada cəmi 714,51 manat məbləğində pulun, cavabdehlərin qanunsuz əməlləri nəticəsində ona dəymiş mənəvi ziyanın əvəzi qismində 10.000 manat cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1337/2021 saylı, 19.04.2021-ci il tarixli qərardadı ilə ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh2 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi X4 iddianın təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianın rədd edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 24.06.2017-ci il tarixli dəyişdirmə müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, ev 8 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60,3 kv.m olan 10 saylı mənzili Cavabdeh1 mülkiyyətinə, Cavabdeh1 isə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 51 kv.m olan 3 otaqlı 40 saylı mənzili İddiaçı mülkiyyətinə verməyi öz öhdələrinə götürmüşlər. Həmin müqavilənin müvafiq bəndindən görünür ki, müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı digər tərəfə dəbbə pulu ödəməlidir. Dəbbə pulunun miqdarını tərəflər müəyyən edə bilərlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1712/2019 saylı, 18.07.2019-cu il tarixli qətnaməsinə əsasən, ilkin iddianın təmin edilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 3 saylı evin, 40 saylı mənzilindən (yeni qaydalarla: AZ1006 Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 9, M5, m2) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları, Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 3 saylı evin, 40 saylı (yeni qaydalarla: AZ1006, Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 9, M5, m2) mənzilin İddiaçı faktiki olaraq sahibliyinə verilməsi, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbi barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13331/2019 saylı, 06.11.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, hazırkı iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2(009)-1712/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08.06.2020-ci il tarixli, 2(102)-1838/2020 saylı qərarından görünür ki, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 noyabr 2019-cu il tarixli, 2(103)- 13331/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 3 saylı ev, 40 saylı mənzil (yeni qaydalarla: AZ1006 Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 9, M5, m2) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 153 nömrəli reyestr kitabının 15171 nömrəli vərəqində 04.07.2017-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Tap.az saytından çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsində yerləşən və 70 kv.m-dən ibarət olan mənzilin kirayə haqqı ***-**** manat civarındadır. MTK “xxxx” tərəfindən tərtib olunmuş qəbzlərdən görünür ki, ünvan 2, 40 saylı mənzil üzrə 2016-cı ilin mart ayı, 2017-ci ilin may ayı, 2018-ci ilin fevral ayı, 2019-cu ilin fevral ayı və 2020-ci ilin mart ayı üçün ödənilməmiş kommunal haqqı 500 manat təşkil edir. “xxxx” İB tərəfindən tərtib olunmuş ünvan 2, 40 saylı mənzil üzrə ödənilməmiş borcu 64,50 manat təşkil edir. “xxxx” ASC tərəfindən tərtib olunmuş ünvan 2, 40 saylı mənzil üzrə ödənilməmiş borcu 150,01 manat təşkil edir. Ödəniş qəbzindən (№ 4829) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında 24.06.2017-ci il tarixli dəyişmə müqaviləsi imzalanaraq İddiaçı Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, ev 8 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60,3 kv.m olan 10 saylı mənzili Cavabdeh1 mülkiyyətinə, Cavabdeh1 isə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 51 kv.m olan 3 otaqlı 40 saylı mənzili İddiaçı mülkiyyətinə verməyi öz öhdələrinə götürmüşlər. Həmçinin dəyişmə müqaviləsinə əsasən tərəflər 24.07.2017-ci il tarixədək qeydiyyatdan çıxmağı öz öhdələrinə götürmüşlər. Tərəflər arasında mənzilin faktiki olaraq digər tərəfin sahibliyinə verilməsi tarixi Cavabdeh1 uşağının yaxınlıqdakı təhsil müəssisəsində oxuması ilə bağlı 31.12.2018-ci il müəyyən edilmişdir. Müqavilə imzalandıqdan sonra Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, ev 8, mənzil 10 (yeni qaydalarla ünvan 1 ünvanına dair İddiaçı adına 03.07.2017-ci il tarixli texniki pasport işlənilmiş və 04.07.2017-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətinə keçməsinə dair Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, 17.03.2021-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1712/2019 saylı, 18.07.2019-cu il tarixli icra sənədi tam icra edilmiş, ünvan 2, 40 saylı mənzilin açarları dəyişdirilərək tələbkara təhvil verilmiş, bu barədə müvafiq akt tərtib edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 3 saylı evdə yerləşən 40 saylı mənzilin ona vaxtında təhvil verilmədiyi üçün mənzilinin dəyərinin 5%-i həcmində, yəni dəbbə pulu kimi 14.750 manat, əldən çıxmış fayda kimi 18.550 manat, ödənilməmiş kommunal xidmətlərə görə 714,51 manat, cavabdehlərin qanunsuz əməlləri nəticəsində ona dəymiş mənəvi ziyanın əvəzi qismində 10.000 manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; MM-nin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Belə ki, Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehlərin qanunsuz hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehlərin təqsiri qanuni qüvvəsini almış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1712/2019 saylı, 18.07.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçı ilə cavabdehlərin tərəf olduqları mülki iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş və bu iş üçün preyudisiya əhəmiyyətinə malik olan faktlara əsasən cavabdehlərin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 3 saylı evin, 40 saylı mənzilindən (yeni qaydalarla: AZ1006 Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 9, M5, m2) qanunsuz istifadə etmələri, mənzili təhvil verməkdən imtina etdikləri müəyyən edilmiş, onların həmin mənzildən çıxarılmaları qanuni hesab edilmişdir. Bu faktların hazırkı məhkəmə baxışı çərçivəsində mübahisələndirilməsi, yenidən sübut edilməsi yolverilməzdir və artıq müəyyən edilmiş hesab edilməlidir Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İş materiallarından görünür ki, ünvan 2, 40 saylı mənzil üzrə 2016-cı ilin mart ayı, 2017-ci ilin may ayı, 2018-ci ilin fevral ayı, 2019-cu ilin fevral ayı və 2020-ci ilin mart ayı üçün “xxxx” MTK-ya ödənilməmiş kommunal haqqı 500 manat təşkil edir. Həmçinin ünvan 2, 40 saylı mənzil üzrə cavabdehlərin yaşadığı dövr üçün “xxxx” İB-yə 64,50 manat, “xxxx” ASC-yə isə 150,01 manat məbləğində yaranmış borcu vardır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehlərin ödəmədiyi qaz və istilik sərfiyyatına görə borc iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə bu pulun iddiaçı tərəfindən ödənildiyini nəzərə alaraq hesb edir ki, maddi zərər kimi 214,51 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı həmçinin cavabdehdən onun xeyrinə mənəvi zərərin əvəzi olaraq 10000 manat pulun tutulmasını xahiş etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə, cavabdehlərin iddiaçıya məxsus mənzili vaxtında təhvil verməkdən imtina etdikləri nəticəsində iddiaçının mənəvi sarsıntılara məruz qaldığını nəzərə alır və ona dəymiş mənəvi ziyanı 1000 manat məbləğində qiymətləndirir. Həmçinin iddianın “mənzilin dəyərinin 5%-i həcmində, yəni dəbbə pulu kimi 14.750 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulması” barədə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Mülki Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 24.06.2017-ci il tarixli dəyişmə müqaviləsinə əsasən tərəflər müqavilə öhdəlikləri icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi təqdirdə dəbbə pulunun ödənilməli olduğu, dəbbə pulunun miqdarının müqaviləni bağlayanlar tərəfindən müəyyən ediləcəyi barədə razılığa gəlmişlər. İddiaçı 14.750 manat məbləğində dəbbə pulunun cavabdehlərdən tutulmasını xahiş etsə də, bu pulun hansı əsasla və hansı qaydada hesablandığı, cavabdeh tərəflə hesablanma qaydası haqqında razılığa gəlinibgəlinmədiyini göstərməmişdir. Mehkəmə hesab edir ki, iddia bu hissədə əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddia mənzilin vaxtında iddiaçıya təhvil verilməməsi nəticəsində 18.550 manat əldən çıxmış faydanın tutulması hissəsində təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsindən göründüyü kimi əldən çıxmış fayda zərərin tərkib hissəsidir. Həmin Məcəllənin 443.4-cü maddəsində isə göstərilmişdir ki, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Lakin iddiaçı qeyd olunan maddənin dispozisiya şərtinə uyğun olaraq fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını, yəni mənzilin kirayə verilməsi ilə bağlı danışıqlar apardığını, bununla bağlı razılığın əldə olunduğunu və s. halları təsdiq edən sübutları təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi ziyana görə 214,51 manat, vurulmuş mənəvi zərərə görə 1000 manat, cəmi 1214,51 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Həmçinin iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 21 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə müştərək qaydada tutulmalıdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Maddi zərərə görə 214,51 manat, mənəvi zərərə görə 1000 manat, cəmi 1214,51 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 21 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə müştərək qaydada tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1337/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1337/2021
19.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver