Məhkəmə qərarları › İş №2(006)-1359/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1359/2025

28.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1359/2025 28.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh özgənin əmlakını ələ keçirtmək məqsədi ilə tanışı olan iddiaçının mərhum atası X1 8000 manat pul müqabilində şəxsi əlaqələri vasitəsi ilə qızını, yəni iddiaçı Nataliya Əhmədovası “Unibank” Açıq səhmdar Cəmiyyətində ekspert vəzifəsinə işə düzəldəcəyinə dair yalandan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla 28 iyun 2022-ci il tarixdə ünvan 1 ünvanda "xxxx" ASC-nin qarşısında mərhum atası Vəliyullah Əhmədovdan 5000 (beş min) manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərəçəkmiş şəxs olan mərhum atası Vəliyullah Əhmədova maddi ziyan vurmaqla dələduzluq etmişdir. Buna görə də tərəflərindən müvafiq orqana müraciət olunmuşdur. Polisdə araşdırma aparılan zaman o, 5000 (beş min) manat məbləğində pulun 1000 (bir min) manatını qaytarsa da, 4000 (dörd min) manatı qaytarmamışdır. Daha sonra Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)- 269/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 01 (bir) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hesab edir ki, Cavabdeh tərəfindən iddiaçıya dəymiş maddi ziyanın məbləği 6000 (altı min) manat və ona dəymiş mənəvi ziyanın məbləği isə 11000 (on bir min) manat təşkil edir. Belə ki hər hansı bir işə 5000 (beş min) manat məbləğində sərmayə qoymaqla əldə edəcəyi gəlir hüququnun pozulması nəticəsində itirilmişdir. Habelə, cavabdeh hər dəfə işlə bağlı söhbət etmək lazım olduğunu bildirdikdə atası tərəfindən ona müxtəlif restoranlarda ziyafətlər verilmiş, mərhum atası X2 cavabdeh tərəfindən aldadıldığını bildikdə isə böyük sarsıntı keçirtmiş, həmin sarsıntı nəticəsində yaranmış xəstəlikdən müalicə olunmuş, buna baxmayaraq o, ürək çatışmamazlığı səbəbindən vəfat etmişdir. Göstərilənlərə əsasən Cavabdeh vurulmuş maddi ziyana görə 6.000 manat və mənəvi ziyana görə isə 11.000 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq, sədrlik edənin suallarına mənəvi ziyanın həm ona, həm də atasına vurulduğunu, atasının bu hadisələrlə bağlı xəstəlik tapdığını və nəticədə, vəfat etdiyini, həmçinin əsəb, stress keçirdiyini, lakin bununla bağlı hər hansı müalicə-müayinə olunması ilə sübutlarının olmadığını, həmin pulun cavabdehdə saxlandığı müddətdə əldə edəcəyi gəlirdən məhrum olduğunu bildirdi. 4.Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçıya olan borcunu tam şəkildə ödəmişdir və hazırda ona qarşı hər hansı ödənilməli borcu yoxdur. Mənəvi ziyan və əldən çıxmış fayda hissəsinə gəlincə isə iddia tələbini bu hissədə də qəbul etmir. Belə ki, iddiaçının atası 85 yaşında vəfat etmişdir. Onu uzun müddət idi ki, tanıyırdı. O, dialez xəstəsi idi, yəni onun vəfat etməsini ona olan borcu ilə əlaqələndirmək məntiqli deyildir. 5.Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-269/2024 saylı Hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə təqsirli bilinərək ona 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. 7.Mülki işin materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 07 oktyabr 2023-cü il tarixdə verilən AZ-İİ seriyalı, 367876 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X2 ürəyin dəqiqləşdirilməmiş kəskin işemik xəstəliyindən xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. 8.Mülki işin materiallarında olan İddiaçı və Cavabdeh tərəfindən imzalanan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, həmin aktla tərəflər aralarında olan 1474 manat məbləğində borcdan xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı Cavabdeh tərəfindən 1000 manat məbləğində pul İddiaçı ödənilmişdir. 9.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən Cavabdeh Məmmədtahir oğluna məxsus bank hesabından çıxarış. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 10.Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçını işə düzəldəcəyini vəd edərək, iddiaçının atasından 5.000 manat məbləğində pul alaraq dələduzluq etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)- 269/2024 saylı Hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən edilən dələduzluğa görə ona maddi və mənəvi ziyan dəydiyini iddia edərək, cavabdehdən maddi ziyanın əvəzi kimi 6000 manat və mənəvi zərərin əvəzi kimi isə 11.000 manat məbləğində pulun tutulmasını tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 11.Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 12.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 13.Həmin Məcəllənin 1096-cı maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 14.Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 15.Qanunvericiliyin qeyd olunan müddəalarının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. 16.Məhkəmə iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh tərəfindən iddiaçının atasının aldadılaraq ondan 5.000 manat məbləğində pul alması və pulun qaytarılmaması işin mübahisəsiz halı olmuşdur. Hazırda iddiaçı cavabdehin təqsiri üzündən ona 6.000 manat məbləğində maddi ziyan və 11.000 manat məbləğində mənəvi ziyan dəydiyini iddia etsə də, dəlillərini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, habelə, aparılmış araşdırma nəticəsində həmin hallar da aşkar edilməmişdir. Əksinə, xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında cavabdeh iddia tələbini qismən etiraf edərək, aldığı 5.000 manat puldan 3.526 manat məbləği iddiaçıya geri qaytardığını bildirmiş, eyni zamanda həmin məhkəmə iclasında borcdan 1.000 manat məbləği də akt əsasında iddiaçıya geri qaytarmışdır. Sonuncu məhkəmə iclasında isə cavabdeh iddiaçıya 185 manat məbləğində borcunun qalmasını, qalan hissəsinin iddiaçıda olan kart hesabından çəkildiyini və qalan 185 manat məbləği isə məhkəmə iclasında iddiaçıya təqdim edilmişdir. Göründüyü kimi cavabdehin iddiaçıya borcu qalmamışdır. Buna görə də hazırki işin faktiki hallarının iddia tələbinin qanuni əsası ilə uzlaşmadığı məlum olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tələb sübuta yetirilmədiyindən əsassız hesab edilməklə təmin edilməməlidir. 17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 18.Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. 18.Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

19. Məhkəmə iddiaçının mənəvi ziyanın tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız hesab edilməklə təmin edilməməlidir.

20. Belə ki, iddiaçı ilk öncə mənəvi ziyanın sırf cavabdehin təqsirli hərəkətləri nəticəsində ona bir başa mənəvi ziyan dəydiyini, mənəvi iztirab və sarsıntı keçirməsi ilə bağlı sübutları təqdim edə bilməmiş, yalnız atasının vəfat etməsinin əsası kimi cavabdehi təqsirli hesab etmişdir ki, bu halda məhkəmə tərəfindən öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının vəfat etmiş atasına emosional yüksək bağlılığı və atasının vəfat etməsi hələ cavabdehin bununla bağlı təqsiri olması mənasını daşımamalıdır. 21.Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. 22.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 23.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 24.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 25.Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar