Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-136/2020 16.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı «əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı «əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlakına vurulmuş 2.000 manat maddi ziyanın cavabdeh X1 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 da cavabdeh qismində cəlb edilməsini və əmlakına vurulmuş 2.000 manat maddi ziyanın onun xeyrinə tutulması və su sızmasına səbəb olan nasazlığın aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 45 saylı mənzilin sahibidir. Mənzil Azərbaycan Respublikası DƏDRX tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilən ******* saylı çıxarışa əsasən ona məxsusdur. Təxmini xx xxxx 2018-ci il tarixdə onun mənzilindən bir mərtəbə yuxarıda yerləşən mənzildən suyun axması nəticəsində su basmışdır. Tavan, divarlar, elektrik naqilləri, döşəmə yararsız vəziyyətə düşüb. Dəymiş zərəri və zərərin yuxarı qonşudan olmasını qeydiyyatda olduğu kooperativ sədri və xx.xx.2018-ci il tarixli akt əsasında təsdiqləmişlər. Cavabdehin təqsirli hərəkətsizliyi nəticəsində mənzilinə dəyən təxmini ziyan 2.000 manat təşkil edir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, həmin dövrdə onun mənzilindən alt mərtəbədə yerləşən qonşusu X3 məxsus 48-49 saylı mənzilə su axmış, lakin həmin vaxtı suyun 45 saylı mənzilə axması mümkün ola bilməzdi belə ki, həmin bina çox keyfiyyətli inşa olunmuşdur. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X5 məhkəməyə iddia ərizəsinə etiraz göndərərək göstərmişdir ki, ondan bir mərtəbə aşağıda yaşayan qonşusu olan iddiaçının iddia ərizəsinə görə, guya təxminən 3 ay əvvəl – xx xxxx 2018-ci il tarixdə onun mənzilindən suyun axması nəticəsində iddiaçının bir mərtəbə aşağıda yerləşən mənzilinin tavan, divar və döşəmə hissələrini su basıb yararsız vəziyyətə salmışdır. İddiaçının bir neçə nəfərlə özbaşına tərtib etdikləri akt da guya dediklərini «təsdiqləyir». Ərizəyə görə guya onun təqsirli hərəkətsizliyi nəticəsində iddiaçının mənzilinə dəymiş ziyan təxminən 2.000 manatdır, təmir-bərpa xərcidir və o, həmin məbləği tam həcmdə ödəməyə borcludur. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərdikləri tamamilə əsassız, heç bir hüquqi məntiqə və reallığa söykənməyən, yalnız öz təxəyyülünün məhsulu olmaqla, sırf fatnastikadan ibarətdir. Həqiqətdə isə baş vermiş olay aşağıdakı kimidir: onlar 12 mərtəbəli binanın sakinləri olmaqla, iddiaçının mənzili 2-ci, onun mənzili isə 3-cü mərtəbədə yerləşir. Həmin 86,33 m2 yaşayış sahəsi olan 5 otaqlı 48; 49 saylı mənzillər tam mülkiyyət hüququ və dövlət qeydiyyatlı çıxarışla xx.xx.2007-ci il tarixdən onun adına rəsmiləşmişdir. Əvvəllər həmin mənzilində yaşasa da, son illərdə başqa yerdə yaşaması ilə əlaqədar mənzildə xalası və digər qohumları yaşamışlar. Lakin buna baxmayaraq mənzil daim özünün və valideynlərinin nəzarətində olmuşdur. Növbəti, bu dəfə isə evinə gələndə məhkəmənin ona göndərdiyi çağırış məktubunu və məlum iddia ərizəsinin surətini alıb, iş üzrə məhkəmə hazırlıq iclasında iştirak etmişdir. İddia ərizəsi ilə ətraflı tanışlıqdan sonra isə dəhşətə gəlmişdir. Çünki, yaşadıqları binanın ümumi su boruları dəmirdən olmaqla hələ ötən əsrdə, uzun illər əvvəldən çəkildiyindən tamam köhnəlmişdir – paslanmış, öz istismar müddətini də artıq 10 illərdir ki, tamam bitirmişdir. Dəfələrlə müraciət olunsa da, su xətləri yenisi ilə çəkilib əvəzlənməmişdir. Güman ki, su oradan sızma yolu ilə iddiaçının mənzilinə axmışdır. 1 il əvvəl də oxşar hadisə baş verdiyindən, onlar Bakı şəhəri üzrə həmin sahədə çalışan mütəxəssis – texnikləri evə gətirmişlər. Sonuncular müasir texniki kompüter aparatları ilə onların xətt üzrə daxili su yollarını yoxlayıb (həmin aparatlar ən yuxarıdan aşağıyadək bütün boru boyu su, yaxud kanalizasiya və s. sızan ən kiçik dəliyi belə açıq ekranda göstərir) onların mənzildən aşağıya – alt mərtəbələrə, o cümlədən də iddiaçının evinə elementar sızma belə tapa bilməmişlər. Həmin vaxt iddiaçı özü və binanın komendantı da məlum yoxlamada iştirak etmiş, hər şeyi öz gözləri ilə görmüş və heç bir etirazları olmamışdır. Əslində bütün sızmalar onlardan bir mərtəbə yuxarıda yaşayan Məlahət adlı qadının evindən axır. Özü də sızma yox, əməlli-başlı axma formasında. Həmin şəxsin mənzilindən axan su aşağı mərtəbələr üçün çox təhlükəlidir. Öz mənzillərinin otaqları həmin qadının evindən axan sulara görə artıq kifli-nəmli və çox bərbad vəziyyətə düşüb. Hətta evlərinin beton tavanı da çürüyüb. İşıq xətləri, ümumi kabellər, koridor, demək olar ki, bütün əsas və əlavə otaqlar – hamam, mətbəx, hər yer tamam pis, yararsız hala düşüb ki, bunlara görə ona bəlkə də 10.000 manatdan çox maddi ziyan dəymişdir. Bu barədə mənzilində çəkilmiş foto şəkilləri maddi sübut kimi etiraza əlavə etmişdir. Xahiş edir ki, nümayəndə göndərilsin, hər şeyi öz gözləri ilə görüb, aktlaşdırıb təsdiq etsinlər, çünki mənzili büsbütün tamam batıb. Məhz onların evdən də həmin sular tədricən axıb Qasımovun mənzilinə və üzü aşağı. Onlar bu barədə dəfələrlə odan yuxarı mərtəbədə yaşayan Məlahətə və binanın Kamran adlı komendantına deyib şikayət etsələr də, heç bir əhəmiyyəti olmamış və heç bir tədbir görülməmişdir. O, artıq ona dəymiş həmin ziyanla bağlı Məlahəti mülki qaydada məhkəməyə verməyə hazırlaşır. O, indi də istəyir ki, müvafiq Dövlət komissiyası gəlib hər yerə baxış keçirərək hər şeyi yerində yoxlasın və əsl günahkarı və ziyanların həcmini müəyyənləşdirsin. Məlahət isə buna qarşıdır. Çünki, bu, təbii ki, ona sərf etmir. Məlahət guya yuxarılarda adamı olması ilə daim onları hədələyir, mütəxəssisləri baxış keçirməyə qoymur. İddiaçı da Məlahətdən çəkindiyi üçün, iddianı sonuncuya deyil, ona qarşı vermişdir. İddiaçıya dəymiş maddi ziyana gəldikdə isə, bu ziyan olsa-olsa 100-150 manat civarında ola bilər, daha fantastik və absurd olaraq göstərdiyi 2.000 manat yox. Bu kosmik məbləği kim və necə, harada baxıb, hesablayıb, bilmir, iddiaçı özü bunu məhkəmədə izah etsin. O, özü, ailə başçısı olmayan qadındır, həyat yoldaşı vəfat edib. 2 uşağı var. Özü heç yerdə işləmir. Onları pensiyaçı valideynləri saxlayırlar. Əslində onun iddiaçı ilə heç bir ədavəti yoxdur. Münasibətləri də normaldır. İddiaçı yaxşı insandır, niyə belə bir iddianı Məlahətə qarşı yox, ona qarşı qaldırıb, özü də təəccüb edir. Həmin məbləğin ona heç bir aidiyyəti yoxdur. O, özü qanunsevən insandır, indiyədək heç kimə zərrəcə ziyan vurmamışdır, vurmaz da. Axı indiki çətin vaxtda hamı birtəhər dolanıb ailəsini saxlayır. Bu səbəbdən, iddianın ona münasibətdə rədd edilməsini xahiş etmişdir. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 81 saylı evin 45 saylı mənzili (107, M2, m3) İddiaçı mülkiyyətində, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 81 saylı evin 52 saylı mənzili isə Cavabdeh2 mülkiyyətindədir. «xxxxxxxxxxx» MTK-nın sədri, mənzil sahibi və şahid tərəfindən tərtib olunmuş akta sübut kimi istinad edilməsinə zərurət yoxdur. Belə ki, həmin aktda su sızma halının baş verməsi düzgün qeyd olunsa da, hansı mənzildən su sızmanın baş verməsi qeyri-dəqiq göstərilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 13282 saylı rəyindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 81 saylı evin 45 saylı mənzilinin yuxarıda göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsurların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini, 45 saylı mənzilin üst mərtəbəsində 48/49 saylı mənzilin yerləşdiyini və aktda göstərilənləri nəzərə alaraq 45 saylı mənzilə 48/49 saylı mənzildən su axıdıldığı müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 81 saylı evin 45 saylı mənzilinin susızma nəticəsində yaranmış qüsurlarının aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 767 manat məbləğində olduğu müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə ekspert tərəfindən xx.xx.2019-cu il tarixli qərardadla təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə qoyulmuş 3-cü suala cavab verilmədiyindən təkrar məhkəmə tikintitexniki ekspertizası təyin olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 24338 saylı rəyindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 81 saylı evin 45 saylı mənzilində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 767 manat məbləğində olduğu müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 81 saylı evin 45 saylı mənzilinin üst mərtəbəsində yerləşən 48-49 saylı mənzilinin dəhliz, mətbəx tikililərinin tavanı və divarları üzərində sarımtıl su sızma ləkələrinin olduğunu və eləcə də, 52 saylı mənzilin hamam tikilisinin qarşısında yerləşən dəhliz-mətbəx tikilisinin döşəməsi su sızma nəticəsində yararsız vəziyyətə düşdüyünü nəzərə alaraq, su sızma 52 saylı mənzildən, 48-49 saylı mənzilə və sonra da 45 saylı mənzilə keçdiyi müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 81 saylı evin 45 saylı mənzilinə 767 manat məbləğində ziyan dəymişdir. Ziyan məhz 52 saylı mənzildən suyun sızması nəticəsində vurulmuşdur. Beləliklə, maddi zərərin ödənilməsi tələbinə dair hissədə iddia qismən təmin edilməli, qeyd olunan maddi ziyan qanunvericiliyə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, 52 saylı mənzildə su sızmasına səbəb olan nasazlıq cavabdehin öz vəsaiti hesabına aradan qaldırılmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 767 manat pul Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. 52 saylı mənzildə su sızmasına səbəb olan nasazlıq Cavabdeh2 öz vəsaiti hesabına aradan qaldırılmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 150 (50+100) manat Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. İddianın qalan hissəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə 767 manat pul Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. 52 saylı mənzildə su sızmasına səbəb olan nasazlıq Cavabdeh2 öz vəsaiti hesabına aradan qaldırılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-136/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-136/2020
16.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver