Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-137/2024 26.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3, Cavabdeh Borclun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Borclu qarşı "pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Borclu qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ederək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının iş № 1(103)-1546/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilmiş məbləğ-137.000 (yüz otuz yeddi min) manat zərərdən əlavə olaraq, 30.871 (otuz min səkkiz yüz yetmiş bir) manat maddi ziyan, 20.000 (iyirmi min) manat mənəvi ziyan, eləcə də, ödənilmiş 457) manat dövlət rüsumu tam şəkildə cavabdeh Borclu tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, iş № 1(101)-199/2022 saylı hökmü ilə "Borclu, AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək ona 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, C.Mənmədzadəyə təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx.xx.2021-ci il tarixdən hesab edilməsi, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Borclu tərəfindən zərərçəkmiş şəxs İddiaçı dəymiş 137.000 manat məbləğdə zərərlə əlaqədar mülki-mühakimə icraatı qaydasında müstəqil şəkildə məhkəməyə müraciət etmək hüquqları izah edilməsi hökm edilmişdir. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının iş № 1(103)-1546/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə, "Məhkum edilmiş şəxs Borclu və zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Borclu AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-199/2022 saylı hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bununla bağlı bildirir ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində qaldırılmış sözügedən cinayət işi üzrə ibtidai istintaqda toplanmış iş materillarında, eyni zamanda, Bakı Ağır Cinayətlər Məhkəməsinin sözügedən hökmündə və Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarında dəlil və sübutlar qismində göstərilmişdir ki, eləcə də, həmin məhkəmələrdə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh Borclu özgənin əmlakını ələ keçirmək məqsədilə ona qarşı dələdüzluq hərəkətləri edib etibarından sui-istifadə edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,237 hektar təşkil edən torpaq sahəsinə ƏMDX yanında DƏDRX-dən müvafiq qaydada mülkiyyət hüququna dair çıxarış alacağına vəd verib onu aldatmış, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 2018-ci ilin aprel ayının əvvəllərində ünvan 2 ünvanda ondan 119.000 manat, 2019-cu ilin iyun ayında sənədləşmə prosesində əlavə xərclərin ödənilməsi adı ilə Nəsimi rayonu, Nizami küçəsi, 96 saylı ünvanın qarşısında ondan sürücü X4 vasitəsilə göndərdiyi 15.000 manat və 2019-cu ilin iyun ayında ünvan 3 ünvanın qarşısında sürücü Vüqar Sarıyevin vasitəsilə göndərdiyi 3.000 manat pul vəsaitini alıb ələ keçirərək verdiyi vədlərə əməl etməmiş, ümumilikdə külli miqdarda ölçülən, yəni 137.000 manat məbləğdə pulu ələ keçirərək mənimsəmişdir. İş materiallarından da göründüyü kimi, həm ibtidai istintaq getdiyi müddətdə, həm də məhkəmə araşdırmaları zamanı cavabdeh Borclu, onun bütün ailəsi, atası, anası, qardaşı, yaxınları, qohumları və s. digər şəxslər 137.000 (yüz otuz yeddi min) manat pul vəsaitini ona geri qaytaracağı barədə uzun müddət ərzində mütəmadi olaraq görüşlərdə, telefon vasitəsi ilə danışıqlarda və s. fərqli vaxtlarda çoxsaylı vədlər versələr də, dəfələrlə oğlu Adil Hüseynova söz versələr də yenə də onları aldatmağa çalışmış, müxtəlif bəhanələr gətirməklə daima məsələnin həllini süni şəkildə və qəsdən uzatmaqla məşğul olmuş, pulu qaytarmamış və bizi hüquq-mühafizə orqanlarına müraciət etməyə məcbur etmiş, sövq etmiş və bu günə kimi də pulu ödəməmişlər. Qeyd olunan müddətdə cavabdeh Borclu ailəsi və yaxınları mütəmadi şəkildə onu və oğlu Adili aldatmağa cəhd etmiş, ilk əvvəl pulu ödəyəcəyi, daha sonra hissə-hissə ödəyəcəyi, sonradan isə onlarla borc müqaviləsi bağlamaq barədə təklif etmiş, özlərinə məxsus daşınmaz əmlakı sataraq pulu qaytaracaqlarını bildirmiş, lakin bütün bu vədlər də hamısı yalan olmuş, məqsədləri yenə də aladatmaq olmuş, pulu ödəməkdən yayınmış, bir daha etibarlarından sui-istifadə etməyə çalışmışlar. Göstərilən səbəblərdən hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalmışlar, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış qərarı ilə cavabdeh Borclu haqq etdiyi məsuliyyətə cəlb edilmiş, AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək ona 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və zərərçəkmiş şəxs olaraq ona ümumilikdə vurulmuş 137.000 (yüz otuz yeddi min) manat məbləğdə zərərlə bağlı mülki-mühakimə icraatı qaydasında müstəqil şəkildə məhkəməyə müraciət etmək hüququ tanınmışdır. Yuxarıda sadaladığı bütün faktları nəzər alıb hesab edir ki, cavabdeh Borclu dələduzluq hərəkətləri etməklə ona qarşı cinayət əməlləri törətdiyi üçün, özünə məxsus cəmi, 137.000 manat məbləğdə pul vəsaitini mənimsədiyi, bu günə kimi qaytarmadığı və qaytarılmasından da qəti şəkildə imtina etdyindən həmin müddətdə pul vəsaitindən səmərəli istifadə edib, zəruri olan problemləri həll edib, iş qurub gəlir əldə etmək hüququndan məhrum olmuşdu. Bu səbəbdən hazırkı iddia ərizəsində qeyd olunan tələbi tam qanuni və əsaslıdır, bir başa cavabdehin təqsiri ucbatından baş verdiyi üçün Borclu əsas borcdan əlavə, dəymiş maddi və mənəvi zərərin əvəzini də ödəməyə borcludur, ərizəsi məhkəmə tərəfindən təmin edilməli, pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməli, pozulmuş və mübahisə edilən hüquqlarımın real bərpası təmin olunmalıdir. Qanunun göstərilən maddələrinin tələbinə görə cavabdeh Borclu dələduzluq yolu ilə əldə etdiyi cəmi 137.000 manat pul vəsaitinin ona ödənilməsini gecikdirilmiş vaxt üçün illik 5 % ödəməyə borcludur. Qeyd edir ki, 119.000 manat pul vəsaitinin əldə etdiyi gündən bu günə kimi 4 (dörd) il, 9 (doqquz) ay; 15.000 manat pul vəsaitinin əldə etdiyi gündən bu günə kimi 3 (üç) il, 7 (yeddi) ay; 3.000 manat pul vəsaitinin əldə etdiyi gündən bu günə kimi 3 (üç) il, 7 (yeddi) ay müddət keçsə də pulun ona ödənilməsi hələ də təmin edilmir, gecikdirilir. -119.000 x 5 % =5.950 manat təşkil edirsə, 5.950 x 4 il =23.000 manata bərabərdir. 5.950 : 12 ay=496 x 9 ay=4464 manat; 23.000 + 4464= 27.464 manata bərabər olduğunu nəzərə alsaq, 27.464 (iyirmi yeddi min dörd yüz altmış dörd) manat pul vəsaiti mənə əlavə ödəməlidir. -15.000 x 5 % =750 manat təşkil edirsə, 750 x 3 il =2.250 manata bərabərdir. 750 : 12 ay=63 x 7 ay= 441 manat; 2.250 + 441= 27.464 manata bərabər olduğunu nəzərə alsaq, 2.691 (iki min altı yüz doxsan bir) manat pul vəsaiti mənə əlavə ödəməlidir. -3.000 x 5 % =150 manat təşkil edirsə, 150 x 3 il =450 manata bərabərdir. 450 : 12 ay=38 x 7 ay= 266 manat; 450 + 266= 716 manata bərabər olduğunu nəzərə alsaq. 716 (yeddi yüz on altı) manat pul vəsaiti ona əlavə ödəməlidir. Yəni ki, 27.464+2691+716= 30.871 (otuz min səkkiz yüz yetmiş bir) manat pul vəsaiti cavabdeh Borclu tərəfindən ona əlavə ödəməlidir. b)eyni zamanda hesab edir ki, cavabdeh Borclu ona qarşı törətdiyi qanunsuz hərəkətləri səbəbindən vurulmuş mənəvi zərərin əvəzi olaraq 20.000 (iyirmi min manat) məbləğdə pul vəsaiti də cavabdehdən tutularaq ona ödənilməlidir. Belə ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində özümə məxsus pul vəsaitindən, eləcə də, əmlakmın sənədləşdirilməsindən tam məhrum olduğum üçün 5 (beş) ilə yaxındır ki, hər gün əzab-əziyyət içində bu problemləri yoluna qoymağa, cavabdehin bir başa təqsiri üzündən yaradılmış problemləri qanun çərçivəsində həllinə çalışır. Cavabdehin ona qarşı törətdiyi dələduzluq hərəkətləri, etibarından sui-istifadə etməsi, aldatması səbəbindən yaşlı qadın olaraq onda bir çox xəstəliklər, əsəb pozğunluğu və ürək ağrısına gətirib çıxarmışdır. 5 (beş) ilə yaxındır ki, əsəb gərginliyindən əziyyət çəkir və mənəvi sıxıntı içində yaşayır, bütün bunlar səbəbindən çox böyük çətinliklərlə üzləşir, əziyyət və iztirablar çəkmiş, mənəvi sarsıntı keçirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və müstəqil tələb irəli sürməyən 3cü şəxs X5 137.000 manat maddi və 20.000 manat mənəvi ziyanın, eləcə də, ödənilmiş 457 manat dövlət rüsumunun cavabdeh Borclu tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə müəssissində cəzaçəkən cavabdeh Borclun nümayəndəsi və vəkili Vəkil iddia tələbin təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, iş № 1(101)-199/2022 saylı hökmünün sürətindən görünür ki, Borclu, AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək ona 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, C.Mənmədzadəyə təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx.xx.2021-ci il tarixdən hesab edilməsi, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Borclu barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək deyişdirilməməsi, Borclu tərəfindən zərərçəkmiş şəxs İddiaçı dəymiş 137.000 manat məbləğində, zərərçəkmiş şəxs X2 4500 manat zərərlə əlaqədar mülki-mühakimə icraatı qaydasında müstəqil şəkildə məhkəməyə müraciət etmək hüquqlarının izah edilməsi hökm edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının iş № 1(103)-1546/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının sürətindən görünür ki, məhkum edilmiş şəxs Borclu və zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Borclu AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-199/2022 saylı hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)- 1652/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının sürətindən görünür ki, məhkum müdafiəçisi Vəkil tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin ediməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmuş məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının iş № 1(103)-1546/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 457 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda adı çəkilən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, iş № 1(101)-199/2022 saylı hökmü hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Həmin Məcəllənin 180.2 və 180.3-cü maddələrinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Qeyd olunan qanunvericiliyin tələbindən göründüyü kimi hazırki halda Hüseynova X1 Cavid Yaşar oğluna qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verməkdə haqlı olmuşdur. Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə məhkəmə hesab edir ki, iddianın “137.000 manat maddi ziyanın ödənilməsi” hissəsi, tam əsaslı olduğundan, təmin edilməlidir. Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə hesab edir ki, cavabdehin İddiaçı qarşı törətdiyi dələduzluq hərəkətlər, etibarından sui-istifadə etməsi və aldatması Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, iş № 1(101)-199/2022 saylı hökmündə öz təsdiqini tapdığından, İddiaçı vurulmuş mənəvi ziyanın əvəzi kimi (keçirdiyi sarsıntı və narahatlıq, qorxu hissi) kompensasiya ödənilməlidir. Lakin İddiaçı mənəvi zərərin məbləğinin hansı səbəbdən 20.000 manat təşkil etməsini əsaslandırmadığından və bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmadığından, iddia tələbi bu hissədə qismən təmin edilərək, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi ağlabatan hesab edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi 137.000 manat zərərdən əlavə olaraq 30.871 manat maddi ziyanı tələb etmədiyinə görə, iddia bu hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Borclu maddi zərərə görə 137.000 (yüz otuz yeddi min) manat, mənəvi zərərə görə 500 (beş yüz) manat və 457 manat ödənilmiş dövlət rüsumu məbləğində pul tutularaq İddiaçı xeyrinə verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Borclu maddi zərərə görə 137.000 (yüz otuz yeddi min) manat, mənəvi zərərə görə 500 (beş yüz) manat və 457 (dörd yüz əlli yeddi) manat ödənilmiş dövlət rüsumu məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-137/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-137/2024
26.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver