Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1377/2021 16.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı2, İddiaçı1, iddiaçıların vəkili Vəkil, cavabdeh Azərbaycan Respulikası Daxili İşlər Nazirliyinin nümayəndəsi Əhmədov Fərid Ramiz oğlunun iştirakları ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 və İddiaçı1 qanunsuz həbsi ilə əlaqədar onların hər birinə 10.000 (on min) manat məbləğində məhkəmə xərclərinə görə kompensasiya, əldən çıxmış gəlirlə əlaqədar olaraq 30.000 (otuz min) manat məbləğində maddi zərər və 100.000 (bir yüz min) manat məbləğində mənəvi zərərin Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən müştərək qaydada alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 Azərbaycan Respublikası CM-nin 221.3 və 127.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 221.3-cü maddəsi ilə 3 il 6 ay müddətə, CM-nin 127.2.3-cü maddəsi ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və AR CM-nin 66.3-cü maddəsinə görə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 il müddətə azadlıqdan məhrumetmə cəzası verilmişdir. İddiaçı2 AR CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 12 fevral 2018-ci il tarixli 1(106)155/2018 saylı qərarı ilə Sabirabad Rayon Məhkəməsinin hökmü dəyişdirilib, iddiaçılar barəsində təyin olunan cəza müddəti azaldılıb. İddiaçı1 CM-nin 221.3-cü maddəsi ilə təyin olunmuş 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 il 4 ay azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və CM-nin 66.2-ci maddəsinə əsasən AR CM-nin 127.3-cü maddəsi ilə təyin olunmuş 1 il müddətə azadlıqdan məhrumetmə cəzası 221.3-cü maddə ilə təyin olunmuş 2 il 4 ay müddətə azadlıqdan məhrumetmə cəzasını əhatə etmək yolu ilə ona qəti olaraq 2 il 4 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. İddiaçı2 AR Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təyin olunmuş 3 il 6 ay müddətə olan azadlıqdan məhrumetmə cəzası 2 il 4 ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, İddiaçı2 və İddiaçı1 təyin edilmiş 2 il 4 ay azadlıqdan məhrumetmə cəzası AR CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinə hesablanıb və onlar barəsində həbs qətiimkan tədbiri ləğv edilib. AR Ali Məhkəməsinin 15 avqust 2018-ci il tarixli 1(102)-890/2018 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilərək İddiaçı1 barəsində AR CM-nin 221.3-cü maddəsi ilə cinayət işi üzrə icraata xitam verilərək onun əməli AR CM-nin 127.2.3-cü maddəsindən 127.1-ci maddəsinə, İddiaçı2 əməli AR CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilərək hər iki şəxs barəsində cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cavabdehlər barəsində cəza təyin edilməyib. İddiaçı2 və İddiaçı1 AR CM-nin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə AR Ali Məhkəməsinin 15 avqust 2018-ci il tarixli, İŞ № 1(102)-890/2018 saylı qərarı ilə onların əməlində AR CM-nin 221.3. və 127.2.3 maddələri ilə irəli sürülmüş ittihamlar üzrə cinayət işi üzrə icraata AR CPM-nin 39.1.2-ci, yəni əməllərində cinayət tərkibi olmaması əsası ilə xitam verilib. İddiaçı2 xx xxxxx 1971-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. O, orta təhsilli, ailəlidir, himayəsində iki azyaşlı uşağı var, Sabirabad rayon Nizami kənd tam orta məktəbində müəllim işləmiş, əvvəllər heç bir məhkumluğu olmayıb. İddiaçı1 06 yanvar 1980-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. O, orta təhsilli, ailəlidir, himayəsində iki azyaşlı uşağı var, Sabirabad rayon Nizami kənd tam orta məktəbində müəllim işləmiş, əvvəllər heç bir məhkumluğu olmayıb. İddiaçılar qeyd edir ki, onların işinə Sabirabad RPŞ-nin istintaq bölməsinin rəisi X1 tərəfindən düzgün hüquqi qiymət verilməyib. Onlar istintaqın ilk mərhələsindən etibarən həbs edilmələrinə əsas olmuş əməlin heç bir xuliqanlıq niyyəti ilə törədilmədiyini, iş üzrə zərərçəkmiş şəxslərlə daha əvvəldən tanış olduqlarını və aralarında uzun müddətdir münaqişə olduğunu bildirsələr də, Sabirabad RPŞ-nin istintaq bölməsinin rəisi tərəfindən əməl yanlış tövsif edildiyindən hər iki şəxs 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. AR Ali Məhkəməsinin qərarı ilə əməlin tövsifi dəyişdirildikdən sonra isə cavabdehlər barəsində cəza təyin edilməsə də, cavabdehlər faktiki olaraq törətmədikləri əməllərə görə 2 il 4 ay azadlıqdan məhrum ediliblər. İddiaçılar müəllim olduqları üçün bu maddələrlə təqsirləndirilmələri onların iş həyatlarına təsir edəcək mahiyyətdə olub. Hadisə şəxsiqohumluq münasibətləri gedişində iki ailənin arasındakı münaqişəsindən yaranıb və xuliqanlıq kimi tövsif edilib. Məhkəmələr tərəfindən də əmələ düzgün hüquqi qiymət verilməyib. Digər tərəfdən, iddiaçılar tutulduğu dövrdə ailəsinin maddi təminatı üçün qazandığı gəlirdən də məhrum olub. İddiaçılar Nizami kənd tam orta məktəbində müəllim işləyiblər və Ailələrinin bütün maddi təminatı iddiaçılar tərəfindən qarşılanıb. Lakin həbsdə olduğu dövr ərzində iddiaçılar bu dövr ərzində aylıq qazanclarından və bütün təminatlardan məhrum olub. Nəticədə, сəmi 30 000 manat məbləğində maddi ziyan dəyib. İddiaçılar göstərir ki, onlar ittiham olunduğu dövr ərzində fərdi qaydada fəaliyyət göstərən Vəkil vasitəsi ilə təmsil olunublar. Daha keyfiyyətli müdafiə üçün dövlət hesabına təyin olunan vəkil xidmətindən yararlanmamış və hər biri aralarındakı müqaviləyə əsasən, müdafiəçiyə 10.000 (on min) manat məbləğində ödəniş ediblər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı2, İddiaçı1 və iddiaçıların vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X2 iddia ərizəsinə dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Nəsmi Rayon Məhkəməsinə müraciət etmişdir. İş materiallarından göründüyü kimi iddiaçılar təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin hərəkətləri ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış etmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçılara qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçılar maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə əlaqədar heç bir sübut göstərə bilməmişdir, sübut kimi sadəcə olaraq sadaladığı faktlar əsassızdır. Həmçinin iddiaçıların qeyd etdiyi məbləğ heç bir real fakta əsaslanmır, əsassızdır. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Cinayət Kollegiyasının 15.08.2018-ci il tarixli, 1(102)-890/2018 saylı qərarından görünür ki, məhkumlar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətlərinin qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin 12 fevral 2018-ci il tarixli qərarının dəyişdirilməsi, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığından məhkum İddiaçı1 barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməsi, onun əməlinin Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsindən 127.1-ci maddəsinə tövsif edilməsi və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəzanın təyin edilməməsi, İddiaçı2 əməli Azərbaycan Respublikası CM-nın 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Eyni zamanda həmin qərardan görünür ki, Sabirabad Rayon Məhkəməsinin 16 noyabr 2015-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: M.İ.Qarayev) İddiaçı1 - Azərbaycan Respublikası CM-nin 221.3 və 127.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 221.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə, CM-nin 127.2.3-cü maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, çəzaçəkmə müddətinin əvvəlinin 12 oktyabr 2015-cı il tarixdən hesablanması hökm edilmişdir. İddiaçı2 - Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 12 oktyabr 2015-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən zərərçəkmiş şəxs, məhkumlar və onların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 12 fevral 2018-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, məhkumlar və onların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş və Sabirabad Rayon Məhkəməsinin 16 noyabr 2015-ci il tarixli hökmü dəyişdirilmişdir. İddiaçı1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası həddinədək azaldılmış, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təyin olunmuş 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təyin olunmuş 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə əhatə etmək yolu ilə İddiaçı1 qəti olaraq 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, İddiaçı1 12 oktyabr 2015-ci il tarixdən 12 fevral 2018-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) il 4 (dörd) ay həbs müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 2 (iki) il 4 (dörd) ay azadlıqdan məhrumetmə müddətinə hesablanmış və o, təyin edilmiş 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasını çəkmiş hesab edilmişdir. İddiaçı2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası həddinədək azaldılmış, İddiaçı2 12 oktyabr 2015-ci il tarixdən 12 fevral 2018-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) il 4 (dörd) ay həbs müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 2 (iki) il 4 (dörd) ay azadlıqdan mehrumetmə müddətinə hesablanmış və o, təyin edilmiş 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasını çəkmiş hesab edilmişdir. Ödəniş qəbzindən (№ 7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, Sabirabad Rayon Məhkəməsinin 16 noyabr 2015-ci il tarixli hökmü ilə İddiaçı1 - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM-nin) 221.3, 127.2.3-cü və 221.3cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına, İddiaçı2 isə CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sözügüdən cinayət işi üzrə qəbul edilmiş sonuncu məhkəmə aktına əsasən (Azərbaycan Respublikasının Ali Məhkəməsi Cinayət Kollegiyasının 15.08.2018-ci il tarixli, 1(102)- 890/2018 saylı qərarı) Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığından məhkum İddiaçı1 barəsində CM-nin 221.3-cü maddəsi ilə cinayət işi üzrə icraata xitam verilmiş, onun əməlinin CM-nin 127.2.3-cü maddəsindən 127.1-ci maddəsinə tövsif edilmiş və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəzanın təyin edilməməsi qərara alınmışdır. İddiaçı2 əməli isə CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməməsi qərara alınmışdır. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən yol verilmiş bir sıra konkret qanunsuz hərəkətlərin nəticəsində vurulmuş zərərin əvəzi, ona yol vermiş müvafiq orqanın vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət tərəfindən tam həcmdə ödənilir. Qanunvericilikdə bu cür qanunsuz hərəkətlərin bitkin siyahısı göstərilmiş, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın, inzibati tənbehin qanunsuz tətbiqi halları bu siyahıya daxil edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıların qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, barəsində qanunsuz olaraq həbs qətimkan tədbirinin seçilməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə baxışı zamanı toplanmış sübutlara əsasən Azərbaycan Respublikasının Ali Məhkəməsi Cinayət Kollegiyasının 15.08.2018-ci il tarixli, 1(102)-890/2018 saylı qərarı ilə məhkumlar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 12 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmişdir. Belə ki, həmin Qərara əsasən İddiaçı1 barəsində CM-nin 221.3-cü maddəsi ilə cinayət işi üzrə icraata, CPM-in 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığından, bəraətverici əsaslarla xitam verilmiş, lakin digər əməlində CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan dispozisiya şərtləri mövcud olduğundan bu maddə üzrə təqsirli bilinmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmişdir. İddiaçı2 əməlində isə CM-nin 128-ci maddəsində nəzərdə tutulan dispozisiya şərtləri mövcud olduğundan bu maddə üzrə təqsirli bilinmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmişdir. Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında öz əksini tapan cinayət əməlini törədən şəxsə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında öz əksini tapan cinayət əməlini törədən şəxsə bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 155.3-cü maddəsinin tələblərinə görə həbs və ona alternativ qətimkan tədbirləri yalnız aşağıdakı təqsirləndirilən şəxs barəsində tətbiq oluna bilər: 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə; bu Məcəllənin 155.1.1 və 155.1.3-ci maddələrində nəzərdə tutulmuş hərəkətlərin qarşısını almaq üçün 2 (iki) ilədək az müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2010-cu il tarixli Qərarında qeyd olunur ki, Cinayət-Prosessual Məcəlləsinin 155.3-cü maddəsində həbs və ona alternativ qətimkan tədbirlərinin tətbiq olunmasının iki halı müəyyən edilmişdir. Həmin hallardan birincisi ondan ibarətdir ki, təqsirləndirilən şəxsin ittiham edildiyi əmələ görə 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsun (Cinayət-Prosessual Məcəlləsinin 155.3.1-ci maddəsi). İkinci halda isə məqsəd 2 (iki) ilədək müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsin qanuna zidd davranışının qarşısını almaqdır. Məhkəmənin gəldiyi qənaətə görə iddia ərizəsində qeyd olunan dövlət orqanlarının əməkdaşları tərəfindən hər hansı qanuna zidd davranışa yol verilməmişdir. Belə ki, İddiaçı1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəi ilə elan olunmuş ittiham üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə baxmayaraq o, Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsində təqsirli bilinmişdir. Eyni ilə digər İddiaçı2 Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsində təqsirli bilinmişdir. Əməlin törədildiyi zaman qüvvədə olan Cinayət Məcəlləsinin bu maddələrin sanksiyasında cəzanın növü və həddi müvafiq olaraq iki və bir ilədək müddətə azadlıqdan məhrum etmə kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 155.3-cü maddəsinin tələblərinə əsasən 2 (iki) ilədək müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə münasibətdə, tutulmasının əsaslılığı və qanuniliyi yoxlanılmaqla, cinayətin törədilməsində ittiham olunan şəxsin qanuna zidd davranışının qarşısını almaq məqsədilə, həbs növündə qətimkan tədbirinin seçilməsinin labüdlüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Sadalanan maddələrə əsasən məhkəmə qeyd edir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən iddiaçılar İddiaçı2 və İddiaçı1 münasibətdə hər hansı hüquqazidd hərəkətə yol verilmədiyindən, onların, Mülki Məcəllənin 1101-ci maddəsinə uyğun olaraq cavabdehin mülki məsuliyyətə cəlb edilməsinə dair iddia tələbləri təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Məhkəmə həmçinin hesab edir ki, iddiaçıların bu tələbləri digər cavabdeh Daxili İşlər Nazirliyinə münasibətdə də təmin edilə bilməz. Çünki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009cu il tаrixli 48 №- li Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən vəzifələr Аzərbаycаn Respublikаsı Maliyyə Nazirliyinə aid edildiyindən, Daxili İşlər Nazirliyi isə hazırkı iddia tələbləri üzrə cavabdehlik daşıdığı müəyyən edilmədiyindən ona qarşı irəli sürülən iddia təmin edilə bilməz. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1377/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1377/2021
16.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver