Məhkəmə qərarları › İş №2(006)-1377/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1377/2024

16.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1377/2024 16.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə İddiaçı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «qeyri-yaşayış sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «qeyri-yaşayış sahəsindən çıxarılma» tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 7 saylı evin 1 otaqlı yaşayış sahəsi 10,0 kv.m olan xidməti mənzilində yaşayan Cavabdeh1 mənzilinə bitişik olan sahəsi 85 kv.m olan qeyri-yaşayış sahəsini heç bir müvafiq icazə sənədi olmadan zəbt etmiş və oratadan istifadə edir. Həmin əraziyə xidmət göstərən MKİS tərəfindən cavabdehə həmin qeyri-yaşayış sahəsinin boşaldılması üçün xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh həmin qeyri-yaşayış sahəsini boşaltmaqdan imtina edir. Bununla da Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi AR MM-nin 152-ci maddəsində nəzərdə tutulan hüquqları pozulmuşdur. Qeyd olunanlara nəzərə alaraq məhkəmədən cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 7 saylı evə bitişik sahəsi 85.0 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir.

3. Daha sonra AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən ümçüncü şəxs qismində cəlb edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 7 saylı evə bitişik sahəsi 85.0 kv.m olan qeyri-yaşayış sahəsini cavabdehlər heç bir müvafiq sənəd olmadan zəbt edib istifadə edirlər. Həmin əraziyə xidmət göstərən MKİS tərəfindən cavabdehə həmin qeyri-yaşayış sahəsinin boşaldılması üçün xəbərdarlıq edilməainə baxmayaraq cavabdeh həmin qeyri-yaşayış sahəsini boşaltmaqdan imtina edir. Bununla da onların sahiblik və istifadə hüquqları pozulur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, 4 qızı ilə küçədə qalmış, yaşayacaq başqa yerləri yoxdur. Bununla bağlı bir çox dövlət orqanlarına müraciət etmiş və nəticədə ona qızları ilə yaşamaq üçün sahəsi 10 kv.m-lik sahə verilmişdir. Lakin onun 4 qızı və 4 nəvəsi ilə həmin sahədə yaşaması mümkün deyil, ona görə də artıq uzun illərdir ki, yaşadıqları sahənin ətrafında olan sahədən də istifadə edirlər. Onların başqa yaşayış yeri yoxdur. Qeyd olunanların nəzərə alınaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.

8. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən bina Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 7 saylı evə bitişik sahəsi 85.0 kv.m olan qeyri-yaşayış sahəsində faktiki olaraq yaşayaraq istifadə edirlər. Dəfələrlə xəbərdarlıq olunmasına baxyaraq cavabdehlər qeyri-yaşayış sahəsini boşaltmaqdan imtina etmişdirlər. İddiaçı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «qeyri-yaşayış sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

b) Mülki işin materialları:

10. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 41 saylı MKİS-dən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 , Bakı şəhəri Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 7 saylı evin 1-ci mərtəbəsində yerləşən mənzilində yaşayırlar.

11. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktların surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 7 saylı evə bitişik sahəsi 85.0 kv.m olan qeyri-yaşayış sahəsini cavabdehlər heç bir müvafiq sənəd olmadan zəbt edib istifadə edirlər. Qeyri-yaşayış sahəsinin boşaldılması barədə rəzmi xəbərdarlığı qəbul etməkdən imtina etmişdirlər.

12. Mülki işin materiallarına əlavə edilmiş AR iqtisadiyyat Nazirliy yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 mart 2024-cü il tarixli, 2-21-3/2-3885/2024 nömrəli məktubundan və ona əlavə edilmiş çıxarışdan görünür ki, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 7 saylı ev Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında qeydiyyata alınmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri).

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

15. Eyni Məcəllənin 152.5.-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

16. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

17. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

18. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.

19. İşin faktiki hallarından göründüyü kimi mübahisə predmeti olan qeyri-yaşayış sahəsi iddiaçının balansındadır və cavabdehlər heç bir hüquqi əsas olmadan həmin sahəni zəbt etməklə qanunsuz sahibliklərində saxlayırlar. Ona görə iddiaçı cavablərin mübahisə predmeti qeyri-yaşayış sahəsindən çıxarılmalarını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Bundan əlavə isə məhkəmə həmçinin qeyd edir ki, sözügedən həm yaşayış sahəsi , həmdə qeyri-yaşayış sahəsi mülkiyyətçisi Azərbaycan Respublikasıdır (dövlət) və bununla bağlı müvafiq arayışda məhkəməyə təqdim edilmişdir. Lakin cavabdehlər qeyri-yaşayış sahəsinə bitişik yaşayış sahəsini belə özəlləşdirməmişdir (mülkiyyətə keçirilmə ilə bağlı müvafiq dövlət qurumuna müraciət etməmişdir) .

20. Avropa Məhkəməsi özünün bir çox qərarlarında, o cümlədən “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə xx.xx.2004-cü il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 7 saylı evə bitişik sahəsi 85.0 kv.m olan qeyriyaşayış sahəsindən çıxarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar