Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1379/2025 04.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3800 manat məbləğində borc və 63 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3863 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Pərvin oğlu onunla sinif yoldaşı olmuşdur. Cavabdeh ondan 4200 manat borca pul istəmişdir. Cavabdehin ona bildirdiyinə görə banklara borcu çox olmuş, hətta 2000 manat borc məbləğini təcili ödəməli olmuş, lakin heç bir bank ona kredit verməmişdir. Buna görə də, ondan borca pul istəmişdir. Lakin onun həmin zaman pulu omadığı üçün xx.xx.2023-cü il tarixdə “X1” ASCdən 5000 manat 36 ay müddətinə kredit götürmüşdür. Komissiya xidmət haqqı tutulduqdan sonra 4800 manat götürmüşdür. Banka faiz borcu ilə ümumilikdə ödəməli olduğu məbləğ 6280 manat təşkil edir. Kredit götürməmişdən əvvəl cavabdeh ona bildirmişdir ki, götürdüyü bütün kreditləri faiz borcu da daxil olmaqla özü ödəyəcək. Özünün avtomobili var və həmin avtomobili sataraq bütün yerdə qalan borcu faizi ilə birlikdə verəcək. O, həmin tarixdə, yəni xx.xx.2023-cü ildə götürmüş olduğu kredit məbləğindən 4200 manat ona vermişdir. Cavabdehin əvvəllər "xxxx" ASC-dən götürmüş olduğu 2000 manatı dərhal ödəmişdir. Bununla bağlı qəbzlər ondadır. 600 manatı isə onda olan bank kartına köçürmüşdür. Qalan pulları nəğd olaraq vermişdir. Cavabdeh yalnız kredit borcunun 2 ayını, başqa sözlə birinci və ikinci ay üzrə ümumilikdə 400 manat ödəmişdir. Digər ayları ödəməkdən boyun qaçırmışdır. O, dəfələrlə borcu ödəməsini bildirsə də, cavabdeh yenidən ödənişlərdən boyun qaçırmışdır. Nəticədə məcbur qalıb 102 xidmətinə məlumat vermişdir. Məlumat əsasında onu 5-ci Polis Bölməsinə çağırmışlar. Polis Bölməsində mübahisənin mülki xarakterli olması əsası ilə iş rədd edilmişdir. O, məcbur qalıb hər ay banka olan borcu ödəyir. Cavabdhein hazırda ona 3800 manat borcu yaranmışdır. O, bankdan əldə etdiyi kreditdən cəmi 800 manatını özünə götürmüşdür. 6280 manat ümumilikdə banka pul ödəyəcək. Cavabdeh onun etibarından sui-istifadə etməklə onu bu qədər xərcə salmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbinə etirazı yoxdur. Onlar sinif yoldaşı olmuşlar. İddiaçıdan pul istəmiş, o da kredit götürüb ona vermişdir. Bankdan 5000 manat kredit götürmüşdür. Bu məbləğin bir qismini iddiaçı özünə götürmüşdür. İddiaçı onun "xxxx" ASC-yə olan 2000 manat borcunu ödəmişdir. O, işlədiyi dövrdə 200 manat ödəniş edirdi, lakin sonra işdən çıxmağı səbəbi ilə ödənişləri edə bilməmişdir. Cavabdehə 3800 manat borcu olduğunu qəbul edir. Borcu ödəməkdən yayınmır. İddiaçını pis vəziyyətdə qoymaq istəməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan və cavabdeh iddianı etiraf etdiyindən, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinə görə müqavilə “X1” ASC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmışdır. Müqavilə əsasında İddiaçı 36 ay müddətinə illik 15.5% dərəcəsi ilə 5000 manat məbləğində kredit ayrılmışdır. - Ödəniş qəbzi ilə müəyyən edilir ki, GTKR4739670A112 saylı kredit müqaviləsi üzrə Cavabdeh adından 2000 manat kredit ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə işin məhkəmə tərəfindən araşdırılması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri yaranmışdır. Belə ki, Cavabdeh tanışı (sinif yoldaşı) İddiaçı borc pul istəmiş, sonuncu borcu verməkdən ötrü bankdan kredit götürmüşdür. Götürdüyü kreditin ümumi məbləği 5000 manat təşkil etmişdir. İddiaçı bankdan götürdüyü kredit məbləğinin 800 manatını özünə ayırdıqdan sonra qalan məbləği cavabdehə, daha dəqiq deyilsə, 2000 manatını cavabdehin banka olan kredit borcuna, qalan hissəsini isə özünə vermişdir. Bu hal nə iddiaçı, nə də ki, cavabdeh tərəfindən inkar edilir. Cavabdeh kredit müqaviləsi üzrə iki ay müddətində hər ay 200 manat olmaqla (4200 manat – 400 manat = 3800 manat) ödəniş etsə də, sonradan aralarında olan razılığıa əməl etməyib, ödənişlərdən yayınmışdır. Nəticədə iddiaçı məhkəməyə müraciət etmək və borcu tələb etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclaslarında iştirakı təmin edilmiş cavabdeh iddia tələbi ilə razı olmasını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin: - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. - 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. - 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildkdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianın etiraf edilməsinin qanunun tələblərinə zidd olmamasını, əksinə işin halları ilə də öz təsdiqini tapmasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 63 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 3800 manat məbləğində borc və dövlət rüsumunun əvəzi olaraq 63 manat pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 3800 manat məbləğində borc və dövlət rüsumunun əvəzi olaraq 63 manat pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1379/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1379/2025
04.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver