Məhkəmə qərarları › İş №2(006)-1382/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1382/2023

05.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1382/2023 05.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh-27 sentyabr 1990-cı il təvəllüdlü Cavabdeh ona borclu olduğu 6000 (altı min) manat pulun və ödədiyi 80 (səksən) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, o, Cavabdeh tanışları Könülün və Asəfin qurbanı olmuşdur. Bu şəxslər ondan 31 yanvar 2022-ci il tarixində 6000 manat pulu cavabdehə işinin müsbət həll olunması məqsədilə şirinlik vurmağını bildirdilər. Həmin dövrdə onun diplomunun tanınması barədə məsələ Könül və Asəf bəyin əlində idi və hal-hazırda onlarla bağlı araşdırmada AR DİN istintaq idarəsindədir. Onlar bu pulu ondan tələb edərkən o, telefonda cavabdehlə danışdı və ona bildirdi ki, o, bu pulu ona qısa zamanda verəcəkdir. O isə bildirdi ki, təki işi alınsın, bu, ona problem deyil. Bundan sonra Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsində yerləşən Araz Marketdən həmin 6000 manat pulu 2 dəfəyə cavabdehin kartına vurdu. Lakin, onun işi alınmadıqda cavabdehə şirinlik kimi özünün isə borc kimi götürdüyü pulu ondan tələb etsə də, ona qarşı hədə-qorxular təhdidlər gəlməyə başladı. O da hüquqlarının bərpa olunması məqsədilə məhkəməyə müraciət etmək qərarına gəldi. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hazırki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işin materiallarında olan məhkəmə baxışı zamanı tədqiq edilmiş: -xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, həmin tarixdə 14:32:30 və 14:34:50 saatlarında ünvan 1 ünvanında yerləşən Araz Express-dən Cavabdeh məxsus ******************** hesab nömrəsinə 5000 (beş min) manat, daha sonra 1000 (min) manat, ümumilikdə 6000 (altı min) manat məbləğində pul köçürülmüşdür. -"xxxx" ASC tərəfindən “sübutların cəlb olunması” ilə bağlı qərardadın icrası ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanlanan, Cavabdeh məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 416974******5502 nömrəli karta 5000 manat və 1000 manat məbləğində pul vəsaiti daxil edilmişdir. -xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 80 (səksən) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, İddiaçı tərəfindən 31 yanvar 2022-ci il tarixdə Araz supermarketdə yerləşən aparat vasitəsilə Cavabdeh məxsus 416974******5502 nömrəli kartına iki dəfə, 5000 (beş min) manat və 1000 (min) manat olmaqla, cəmi 6000 (altı min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçının bildirdiyinə görə cavabdeh həmin pul vəsaitini borc olaraq qəbul etmiş və qaytaracağını vəd etmiş, lakin qaytarmamışdır. Hazırda iddiaçı həmin pul vəsaitinin, iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddia tələbinin cavabdehə məxsus karta köçürülmüş 6000 manat məbləğində pul vəsaitinin geri qaytarılması tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Göstərilən Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Eyni Məcəllənin 1092.1-ci maddəsinə əsasən isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmçinin, həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Bundan başqa, həmin Məcəllənin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hazırki iş üzrə İddiaçı Cavabdeh məxsus karta 6000 (altı min) manat məbləğində pul vəsaiti köçürmüş, cavabdeh isə həmin pul vəsaitinin iddiaçıya geri qaytarılmasını təmin etməmiş, nəticədə Cavabdeh əsassız olaraq varlanmışdır. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, əsassız varlanmış şəxs, yəni Cavabdeh 6000 manat məbləğində pul vəsaiti alınaraq məhrum olana, yəni İddiaçı geri qaytarılmalıdır. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 80 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6000 (altı min) manat məbləğində borc pul və dövlət rüsumu olaraq ödənilmiş 80 (səksən) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 6000 (altı min) manat məbləğində borc pul və dövlət rüsumu olaraq ödənilmiş 80 (səksən) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar