Məhkəmə qərarları › İş №2(006)-1383/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1383/2021

08.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1383/2021 08.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlər ilə 2019-cu ilin dekabr ayında “Turbo.az” sayt vasitəsilə tanış olmuşdur. Belə ki, 2019-cu ilin dekabr ayında “Nissan-Pickup” markalı, H018379 dövlət qeydiyyat nişanlı avtomobili “Turbo.az” saytında 7200 (yeddi mn iki yüz) manata satılması barədə elan yerləşdirdikdən sonra Cavabdeh2 iddiaçıya zəng edərək avtomobili almaq istədiyini bildirmişdir. Avtomobilə baxmaq üçün “Koroğlu” metrostansiyasının yanında görüşməyə razılaşdılar. Cavabdeh2 ora Cavabdeh1 ilə gəlmişdir. Avtomobili bəyəndikdən sonra Elçin “Azadlıq” metrostansiyasının yaxınlığına getməyi, orada geyim mağazasında işləyən qohumundan pul alıb beh kimi verəcəyini bildirmişdir. Lakin ora getdikdə Elçinin qohumu orada olmamışdır. Həmin vaxt Cavabdeh1 Elçinə cərimə meydançasında olan avtomobilinə müştəri tapmağını bildirmişdir. İddiaçı cavabdehlərə həmin avtomobilə baxmaq istədiyini, razılaşdıqları halda həmin avtomobili beh kimi qəbul edəcəyini bildirdi və birlikdə “Qələbə” dairəsi yaxınlığında yerləşən cərimə meydaçasına getdilər. Orada “Volsvagen Jetta” markalı avtomobilə baxdı və həmin avtomobil qəzalı vəziyyətdə olduğu üçün onu 2500 (iki min beş yüz) manat müqabilində beh kimi qəbul edəcəyinə dair razılaşdılar. Bundan başqa, tərəflər arasında olan razılaşmaya görə cavabdehlər “Nissan-Pickup” markalı avtomobili arendatora verib, sonuncudan aldıqları 3000 (üç min) manatı və “Volsvagen Jetta” markalı avtomobilə görə alacaqları sığorta pulu ilə isə yerdə qalan 1700 (bir min yeddi yüz) manat pulu ödəyəcəklərini bildirmişlər. Razılaşdıqdan sonra, xx xxxxxx 2019-cu il tarixdə cavabdehlər X5 adlı arendator taparaq “Nissan-Pickup” markalı avtomobili sonuncunun adına keçirib, iddiaçıya 3000 (üç min) manat pul vermişlər. Elə həmin vaxt cavabdehlər “Volsvagen Jetta” markalı avtomobilin sahibinə 1000 (bir min) manat borcları olduğunu, ödəmədiyi halda sonuncu adına etibarnamə verməyəcəyini bildirib, həmin borcu ödəmək üçün iddiaçıdan 1000 (bir min) manat borc götürmüşlər. Daha sonra, xx xxxxxx 2019-cu il tarixdə Elçin iddiaçıya zəng edərək 500 (beş yüz) manat lazım olduğunu və həmin pulu “Milliön” vasitəsi ilə dediyi hesaba göndərməyini istəmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Orxan" marketdən “Milliön” vasitəsi ilə -X2 adına 500 (beş yüz) manat pul köçürmüşdür. Tərəflər arasında olan razılaşmaya əsasən cavabdehlər iddiaçıdan aldıqları 1500 (min beş yüz) manat pulu “Volsvaqen Jetta” markalı avtomobilə görə alacaqları sığorta pulundan qartaracaq idilər. Lakin həmin gündən etibarən cavabdehlər müxtəlif bəhanələr gətirərək yerdə qalan 1700 (bir min yeddi yüz) manat pulu, iddiaçıdan borca götürdükləri 1500 (min beş yüz) manatı və “Volsvagen Jetta” markalı avtomobilə dair etibarnaməni iddiaçıya verməmişlər. Bundan başqa, cavabdehlər arendatordan götürdükləri pulu ödəmədikləri üçün "Nissan- Pickup” markalı avtomobil satılmış və həmin puldan sonuncuya 4500 (dörd min beş yüz) manat ödənilmişdir. Cavabdehlərin qanunsuz hərəkətlərindən Bakı şəhəri Səbail RPİ-nə şikayət verilmiş, şikayət əsasında araşdırma aparılaraq cinayət təqibinin rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cavabdehlər borcu etiraf etsələr də, bu günə qədər iddiaçıya heç nə ödəməmişlər. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıdan borca aldıqları 1500 (bir min beş yüz) manat, arendatora əlavə ödənilmiş 1500 (bir min beş yüz), vəkilə ödənilmiş 510 (beş yüz on) manat və 30 (otuz) manat dövlət rüsumu, cəmi 3540 (üç min beş yüz qırx) manat olmaqla sonunculardan tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdehlər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilsə də, onun həmin ünvanda yaşamaması səbəbindən bildiriş ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, İddiaçı onun yanında “Volsvaqen Jetta” markalı avtomobilin qeydiyyatı üçün 1000 manat məbləğində cavabdehlərə pul vermişdir. O, “Nissan-Pickup” markalı avtomobili 3500 manata almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, “Nissan- Pickup” markalı avtomobili internetdə görmüşdür. Həmin avtomobilin qiyməti 7200 manat məbləğinə razılaşdırıldı. Bununla əlaqədar 4500 manat Pərvizə pul vermişdir. Sonradan avtomobillə bağlı Sumqayıt şəhərində notariusda olarkən məlum oldu ki, kimsə avtomobili əvvəlcədən satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, İddiaçı oğludur. O, Cavabdeh2 ilə Əzizbəyov rayonuda görüşərək, avtomobilə baxmağa getmişlər. Avtomobil Xırdalan şəhərində qeydiyyata alınmalı idi. Avtomobili faiz verən şəxsin adına keçirmişlər. Bununla əlaqədar “Meyvəli” deyilən yerdə 1500 manat pul almışlar. Belə ki, iş materiallarındakı Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X1 «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» xx xxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Cavabdeh1 və Cavabdeh2 izahatlarında bildirmişlər ki, Əbdül faiz verən tanışından 3000 manat götürmüş və maşınını həmin şəxsin adına sənədləşdirmək istəmişdir. Lakin maşın Əbdülün mülkiyyətində olmadığı üçün sənədləşdirə bilməmiş və bundan sonra Əbdül maşının əsl sahibini çağırmışdır. Maşının sahibi Hindistan Respublikasının vətəndaşı imiş, həmin şəxs də maşını Əbdülün 3000 manat götürdüyü şəxsin adına sənədləşdirib çıxıb getmişdir. Əbdül də 3000 manatı götürüb idarə etdiyi avtomobilə əyləşib çıxıb getmişdir. Həmin 3000 manatı Anar ödəyəcəkmiş. Əbdülə isə 4200 manat verib maşını ondan götürəcəkmiş, lakin Anar pul tapa bilmədiyi üçün, Anar istəmişdir ki, “Volsvagen” markalı avtomaşını satıb Əbdülə 4200 manat versin və maşını ondan götürsün, lakin Anar maşınını da sata bilməmişdir. Əbdül, Anara “Volsvagen” markalı avtomaşını 2500 manata ona satmasını deyib, yerdə qalan borcunu sonra ödəməsini bildirmiş, lakin Anar Əbdülə “Volsvagen” markalı maşınının qiymətinin 6500 manat olduğunu deyib bildirmişdir ki, “istəyirsənsə maşını verim sənə, 1000 manat borcum qalsın”, lakin Əbdül Anarla razılaşmamış və həmin vaxtdan da Anarla Əbdülün arasında pul mübahisəsi başlamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 14 saylı Vəkil bürosunun hesabına 510 manat məbləğində pul köçürülmüşdür. Beləliklə məhkəmə iclasında işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bir avtomobili satıb, digər avtomobilin barter yolu ilə alınması məqsədilə cavabdehlərə 1500 manat pul vermiş, eyni zamanda bununla əlaqədar faiz verən şəxsə 1500 manat ödəniş etmiş, lakin cavabdehlər iddiaçı qarşısında öz öhdəliklərini yerinə yetirməmişlər. Hazırda iddiaçı vurulmuş zərərin əvəzini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı verəcəkləri 3000 manat borcu qaytarmamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Eyni Məcəllənin 1092.1-ci maddəsinə əsasən isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddianın hüquqi yardıma görə ödənilmiş 510 manat məbləğində pulun cavabdehlərdən alınması hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmalı və hüquqi yardım xərci cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3000 (üç min) manat, hüquqi yardıma görə ödənilmiş 510 (beş yüz on) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3540 (üç min beş yüz qırx) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3000 (üç min) manat, hüquqi yardıma görə ödənilmiş 510 (beş yüz on) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3540 (üç min beş yüz qırx) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar