Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1384/2023 14.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı «payın naturada ayrılması və ya mülkün açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şıxəliyeva (Səmidova) Mina Atamoğlan qızı Cavabdeh qarşı «payın naturada ayrılması və ya mülkün açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədova küçəsi 8-ci mikrorayon 7 saylı evin 122 saylı mənzilindən payın naturada bölünməsi, naturada bölgü mümkün olmazsa Cavabdeh tərəfindən ona kompensasiya verilməklə, ümumi əmlakdakı paya hüququnun itirilməsi və ya mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun sabiq əridir. Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədova küçəsi 8-ci mikrorayon 7 saylı evin 122 saylı mənzilinə cavabdehlə onun hər birinə 1/2 olmaqla paylı mülkiyyət hüquqları vardır. Mənzilin ümumi sahəsi 64,73 m2-dir. Hazırda mənzilə paylı mülkiyyət hüququnun olmasına baxmayaraq, mənzil cavabdehin sahibliyindədir, orada kirayəçi saxlayaraq onun istifadə etməsinə imkan vermir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdiyini bildirmiş və məhkəməyə ünvanlamış olduğu ərizəni müdafiə edərək bildirmişdir ki, öncəki məhkəmə iclasında iştirak edərkən, izahatında bildirdi ki, iddiaçı tərəfin ona qarşı qaldırdığı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2021-ci il 29 iyul tarixli 2(001)-2350/2021 nömrəli qətnaməsi ilə iddiaçı tərəflə birinci nikah dövründə böyük oğlu üçün aldığı və ünvan 1 ünvanda yerləşən mənzil üzərində 1/2 hissəyə münasibətdə onun, 1/2 hissəyə münasibətdə iddiaçı tərəfin mülkiyyət hüququ tanınmışdır. Binəqədi Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin əmlakdan natura formasında istifadə edilməsi üçün payın ayrılması ilə bağlı istəyin olması barədə nə iddiaçı tərəf, nə də digər şəxslər tərəfindən ona heç nə bildirilməmişdir. Qeyd etmək istəyir ki, keçən müddət ərzində ona bu istəyin bildiriləcəyi təqdirdə tərəf hər hansı bir maneə ilə üzləşməyəcəkdir. Hazırkı iddia tələbi ilə bağlı bildirmək istəyir ki, ünvan 1 ünvanda yerləşən mənzilin tərəfin istifadə etməsi üçün naturada payın ayrılmasına etiraz etmir. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDX-nın DƏDKR PHŞ-nin müvafiq ərazi idarəsi tərəfindən verilmiş 29 avqust 2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədova küçəsi 7 saylı evin 122 saylı mənzili 1/2 hissədə paylı mülkiyyət hüququ üzrə Səmidova (hazırda Şıxəliyeva) Mina Atamoğlan qızının, 1/2 hissədə paylı mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə Mülki Məcəllənin 220-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin həmin maddə ilə bağlı hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, qanunvericilik paylı mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyri-mümkün olduğu müəyyən edilməlidir. Hazırki iş üzrə tərəflərin ümumi mülkiyyətində olan mübahisəli mənzilə payları müəyyən edilmişdir. İşin məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə tikinti texniki ekspertizası ilə mənzilin real bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2023-cü il tarixli 10/1954, 9/2067 saylı ekspert rəyindən göründüyü kimi, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədova küçəsi 7 saylı evin 122 saylı mənzilinin tikililərinin planda yerləşməsi, yardımçı otaqların sayını, yəni mənzil üzrə bir ayaqyolunun, bir hamamın, bir dəhlizin və bir mətbəxin olmasını, mənzilin doqquzmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşməsini, eləcə də, həmin mənzilə giriş-çıxış pilləkən qəfəsinə açılan bir qapı vasitəsi ilə olduğunu nəzərə alaraq, tədqiq olunan mənzilin tikililərinin tərəflərin 1/2 paylarına uyğun naturada bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.7. bəndlərinin, eləcə də metodik tövsiyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədova küçəsi 7 saylı evin 122 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 161.000 manat məbləğində müəyyən olunur. Aparılmış tədqiqatının dəyəri 100 manat təşkil edir. Göründüyü kimi, paylı mülkiyyətdə olan mənzilin tərəflərin paylarına uyğun naturada ayrılması mümkün deyil. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarından (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair) görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Maddi hüquq normalarının tələblərindən göründüyü kimi, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədova küçəsi 8-ci mikrorayon 7 saylı evin 122 saylı mənzili açıq hərracda satılmalı, Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədova küçəsi 8-ci mikrorayon 7 saylı evin 122 saylı mənzilinin satışından əldə olunan pul vəsaiti Azərbaycan Respublikası ƏMDX-nın DƏDK və Reyestri PHŞ-nin müvafiq ərazi idarəsi tərəfindən verilmiş 29 avqust 2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən paylara uyğun olaraq 1/2 hissəsi X2, 1/2 hissəsi Cavabdeh verilməklə bölüşdürülməli, mənzilin hərracda ilkin satış qiyməti 161.000 manat məbləğində müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədova küçəsi 8-ci mikrorayon 7 saylı evin 122 saylı mənzili açıq hərracda satılsın. Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədova küçəsi 8-ci mikrorayon 7 saylı evin 122 saylı mənzilinin satışından əldə olunan pul vəsaiti Azərbaycan Respublikası ƏMDX-nın DƏDK və Reyestri PHŞ-nin müvafiq ərazi idarəsi tərəfindən verilmiş 29 avqust 2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən paylara uyğun olaraq 1/2 hissəsi X2, 1/2 hissəsi Cavabdeh verilməklə bölüşdürülsün. Mənzilin hərracda ilkin satış qiyməti 161.000 manat məbləğində müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1384/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1384/2023
14.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver