Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1389/2022 12.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi, mənəvi və fiziki zərərə görə 17400 (on yeddi min dörd yüz) manat məbləğində pul vəsaitinin kompensasiya kimi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağstafa Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 3(015)-114/2021 saylı qərarı ilə, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Z. Əsədovun həbsdə saxlama müddətinin əvvəli 14 aprel 2021 -ci il tarixi, saat 15:40-dan hesablanmışdır. Qərar dərhal icra edilmiş, İddiaçı həmin müddətdə Ağstafa Rayon Polis X3 Yerində saxlanılmaqla 22 aprel 2021-ci il tarixdə həbsdən azad olunmuşdur. Ağstafa Rayon Məhkəməsinin 14 aprel 2021- ci il tarixli qərarından Gəncə Apelyasiya Məhkəməsinə verilmiş apellyasiya şikayətinə baxılaraq, Gəncə Apelyasiya Məhkəməsi 25 may 2021-ci il tarixli, 3(104)- 181/2021 saylı qərarı ilə şikayəti qismən təmin etmiş, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Ağstafa Rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli, 3(015)-114/2021 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında material yenidən baxılması üçün Ağstafa Rayon Məhkəməsinə qaytarılmışdır. Ağstafa Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 3(015)-114/2021 saylı qərarı ilə işə yenidən baxılaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa RPŞ tərəfindən tərtib olunmuş 14.04.2021-ci il tarixi, MN ******* №li inzibati protokola əsasən İddiaçı barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və o, inzibati məsuliyyətdən azad olunmuşdur. Bu qərar qanuni qüvvəsini almışdır. Göründüyü kimi, AR DİN-in struktur vahidi olan Ağstafa Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş 14.04.2021-ci il tarixli, MN ******* №li İnzibati protokola əsasən, İddiaçı barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və o, inzibati məsuliyyətdən azad olunmuşdur. Lakin İddiaçı qarşı əsassız olaraq tətbiq edilmiş inzibati protokola müvafiq olaraq o, İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə ona qarşı irəli sürülmüş əsassız suçlama və barəsində seçilmiş inzibati həbs nəticəsində, 14.04.2021-ci il tarixdən 22.04.2021-ci il tarixə qədər, yəni 8 gün qanunsuz həbsdə saxlanılmışdır. Halbuki AR-in İXM-in 30.2-ci maddəsinin tələblərinə görə, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla, digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101-ci maddəsində göstərilir ki, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, intizibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Qanunun bu normasında göstərildiyi kimi, inzibati xəta məsuliyyətə qanunsuz cəlb olunma və barəsində qətimkan tədbiri kimi həbsə alma tədbiri görməklə, azadlığından 8 (səkkiz) gün məhrum olmuş, ailəsi başsız qalmış, həbs yerində olmazın məhrumiyyətlərə düçar edilmiş, nəticədə sağlamlığına mühüm ziyan vurulmuşdur. Həbsə alınmazdan əvvəl 61 yaşlı Astma xəstəsi olan anası X1 və himayəsində biri ağır “Autizm” xəstəsi olmaqla, 2 azyaşlı övladı onun qazandığı maddi gəlirlər hesabına yaşamışlar. Qanunsuz həbsə alınmaqla, Bakı şəhəri Müşviqabad qəsəbəsində yeni tikilmiş fərdi yaşayış evinin damını vurmaq müqabilində 2500 manat dəyərindəki işini itirmiş, ailəsi maddi təchizatsız qalmışdır.Həmin işi görə bilmədiyi üçün iş başqasına həvalə edilmiş və həmin iş üçün alıb xərclədiyi 500 manatı geri qaytarmaq məcburiyyətində qalmışdır. Ona psixoloji bağlılığı olan 8 yaşlı Autizm xəstəsi oğlu Yusifin müalicə ardıcıllığı pozulmuş, uşaq depressiyaya düşmüş, nitqi qismən tutularaq yenidən kəkələməyə başlamışdır. Müalicə seanslarına yenidən başlamaq zərurəti yaranmış və bu da öz növbəsində əlavə vəsait tələb edir. Hər iki azyaşlı övladına mənəvi psixoloji ziyan dəymişdir. Yalnız 8 gün qanunsuz və əsassız olaraq inzibati həbs yerində saxlanmağı onun nə qədər böyük mənəvi iztirablara düçar olduğunun, maddi, mənəvi və fiziki itkilərə məruz qaldığının sübutudur. Həbsə alındıqdan sonra onsuz da sağlamlığında olan problemlər daha da dərinləşmiş, sağlamlığında ciddi problemlər yaranmışdır. Həbsdə qaldığı, həbsdən çıxdığı sonrakı bütün dövr ərzində müalicə olunmaq zərurətində qalmışdır. Hazırda da sağlamlığını bərpa edə bilməmiş və intensiv müalicəni davam etdirir. Qanunsuz həbs olunmağı ilə bağlı iş yerini itirdiyindən iş tapa bilmir və ailəsinin dolandırılması üçün, habelə, müalicəsi üçün lazım olan maddi imkanlardan məhrumdur. Bütün bu məhrumiyyətlərə qanunsuz azadlıqdan məhrum edilməyi nəticəsində düşmüş, həyat ritmi pozulmuş, hələ də bərpa edə bilməmişdir. Qanunsuz həbs olunmağı ilə bağlı məhkəmələrdə və hüquq mühafisə orqanlarında hüquqlarını müdafiə etmək üçün 2000 manat müqabilində öz hesabına vəkil tutmuşdur. Əlavə olaraq məhkəmə iclaslarına ayrı-ayrı vaxtlarda gedib-gələrkən çəkilən yol xərcləri vəkilinin, şahidinin və nümayəndənin yol xərcləri ümumilikdə 300 manat olmaqla, əlavə maddi ziyan çəkmişdir.Bundan başqa, o, həbsdə olarkən, ailəsi hər gün ona azuqə gətirərək 8 gün müddətində 400 manat məbləğində maddi zərər dəymişdir. Düçar olduğu bütün bu məhrumiyyətlərə görə kompensasiya tələb etmək hüququ var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatının 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi “Cinayət və hakimiyyətdən su-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında" Bəyannamənin 1-ci maddəsində göstərilir ki, “qurbanlar’ termini altında üzv dövlətlərin hakimiyyətdən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqları pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Göstərilənlərə əsasən, ona vurulmuş maddi, mənəvi və fiziki zərərə görə 17400 (on yeddi min dörd yüz) manat məbləğində pul vəsaitinin kompensasiya kimi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Sonradan İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, o, heç bir inzibati xəta törətməmiş, buna baxmayaraq qanunsuz 8 gün inzibati həbsdə qalmışdır. Məhkəmə tərəfindən göndərilən sorğuya cavab məktubunun DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Oktay Kərimov tərəfindən gəlməsi birmənalı şəkildə həqiqətləri gizlədərək, reallığı əks etdirməyən cavab yazmaqla polis əməkdaşını müdafiə məqsədi daşıyır. Belə ki, 14.04.2021-ci il tarixində ictimai yerdə onu döyərək qəsdən sağlamlığına yüngül dərəcəli və digər dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə, heç bir rəsmi sənədə və qanuna əsaslanmayaraq qərəzli şəkildə özü tərəfindən barəsində qanunsuz protokol tərtib etməklə, nəticədə 8 gün qanunsuz həbsinə səbəb olan polis əməkdaşı Vasif Həsənovun barəsində DİN-in Daxili Təhqiqatlar İdarəsində xidməti araşdırma aparılmamışdır. Guya Baş İctimai Təhlükəsizlik İdarəsində araşdırma getmişdir. Ona məlum olmayan araşdırma necə getmişdirsə, çağrılıb izahatı alınmamış, birbaşa V.Həsənovun barəsində əməlində cinayət tərkibinin olmaması barədə rəyi Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilmişdir. Həmin rəy qanunsuz və əsassızdır, çünki heç bir qanuni sənədə əsaslanmamış və obyektiv araşdırılmamışdır. Tam formal xarakterli bir rəydir. Həmçinin, Baş İctimai Təhlükəsizlik İdarəsinin 09.01.2022-ci il tarixli məhkəməyə göndərdiyi məktubunda qeyd olunan guya polis şöbəsinə dəvət olunarkən polis kapitanı Vasif Həsənovun ünvanına nalayiq sözlər işlədərək polisin əmrinə qəsdən tabe olmaması tamamilə yalandır. Göründüyü kimi Baş İctimai Təhlükəsizlik İdarəsi polis əməkdaşını hüquq müstəvisində müdafiə etmək üçün barəsində həqiqəti əks etdirməyən məlumat verir. Ağstafa RPŞ-nin rəisi Vüqar Xəlilov, Ağstafa rayon prokuroru Anar Cəfərov, DİN və DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi cinayətə qarşı hərəkətsiz qalaraq, qanunçuluğa, ədalətliliyə, vicdanlı olmağa riayət etməyərək polis əməkdaşı Vasif Həsənovun onu heç bir günahı və əsas olmadan döyərək qəsdən sağlamlığına zərər vurmasına, üstəlik qərəzli olaraq qanunsuz protokol tərtib etməsinə və s. qanunsuz əməllərinə göz yummuşlar. O, zərərçəkən olduğu halda, üstəlik qanunsuz cəza almış, nəticədə o və ailəsi maddi və mənəvi zərər çəkmiş, onun vətəndaş hüquqları kobud şəkildə tapdalanmışdır. Bütün bunlar barədə yuxarı orqanlara müraciət etsə də, süründürməçiliyə yol verilir və hələ də o əziyyət çəkir. Qeyd etdiyi xüsusatların təsdiqi olaraq Ağstafa rayon prokurorunun köməkçisi Abdulla Məmmədovun “Cinayət işiniin başlanmasının rədd edilməsi haqqında” 22.06.2021-ci il tarixli qərarını, Azərbaycan Respublikasının Baş Prokurorluğunun 01.11.2021-ci il tarixli 04/6768 saylı məktubunu və Ağstafa Rayon Məhkəməsinin “Müstəntiqin qərarının ləğvi barədə” 03.02.2022-ci il tarixli qərarını təqdim etmişdir. Həmçinin bildirmişdir ki, rəsmi və şifahi qaydada dəfələrlə Ağstafa rayon prokurorluğundan istəsə də, məhkəmə-tibb ekspertizasının barəsində “Yüngül dərəcəli bədən xəsarəti” olan rəyi prokurorluq tərəfindən ona göstərilməmiş, məqsədli şəkildə rəy ona verilməmişdir. Yuxarıda qeyd etdiklərindən asanlıqla görünür ki, onu polis əməkdaşı Vasif Həsənov günahsız və əsassız döyərək sağlamlığına xəsarət yetirmiş və xəsarətlərini gizlətmək məqsədi ilə dərhal ona RPŞ-nə apararaq qəsdən qərəzli protokol tərtib edərək 8 gün onu aradan götürməyə nail olmuşdur. Təəssüf ki, Ağstafa Rayon Məhkəməsi ədalətsiz qərar verərək Vasifin niyyətinin həyata keçməsinə səbəb olan barəsində 14.04.2021-ci il tarixdə 8 günlük həbs qərarını vermişdir. X6 Məhkəməsi həmin qərarı 25.05.2021-ci il tarixdə ləğv etmiş, araşdırmanın düzgün getməməsi əsası ilə baxılması üçün yenidən Ağstafa rayon məhkəməsinə qaytarmışdır. Ağstafa Rayon Məhkəməsi isə icraat müddətinin keçməsi səbəbi ilə icraata xitam vermişdir. Qərarın ləğv olunma tarixi 25.05.2021-ci il olduğu üçün burda heç bir müddətdən söhbət gedə bilməz. Lakin o, 8 gün günahsız həbsdə qalmış, qanunsuz azadlıqdan məhrum olmuşdur. O, on dörd yaşına çatmamış və biri ağır dərəcəli “autizm” xəstəliyindən əziyyət çəkən 2 uşağını təkbaşına böyüdür. Bütün bunlara səbəb olan polis əməkdaşı Vasif Həsənov isə müxtəlif vasitələrlə aradan çıxır, heç bir məsuliyyətə cəlb olunmur. Hal -hazırda Ağstafa rayon prokurorluğunda guya araşdırma gedir. Faktla bağlı cinayət işi açılmalı olduğu halda prokurorluq hadisəni ört basdır etmək üçün əlindən gələni edir. Hüquq-mühafizə orqanlarının ədalətsiz, qanunsuz cinayət qarşısında hərəkətsiz qalması onu məyus edir, mənəvi əzab çəkir, hüquq mühafizə orqanlarına etimadı azalır. Müvafiq iddialar üzrə dövləti təmsil edən və cavabdehlik daşıyan Maliyyə Nazirliyindən və Daxili İşlər Nazirliyindən qanunsuz olaraq inzibati qaydada həbs olunmağı ilə əlaqədar ona vurulmuş maddi, mənəvi və fiziki ziyanın əvəzinin ödənilməsini tələb edir. İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Ağstafa Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 3(015)-114/2021 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Gəncə Apelyasiya Məhkəməsinin 25 may 2021-ci il tarixli, 3(104)-181/2021 nömrəli qərarından görünür ki, Ağstafa Rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli, 3(015)- 114/2021 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında material yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Ağstafa Rayon Məhkəməsinin 27.07.2021-ci il tarixli, 3(015)-114/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağstafa Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş 14.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati protokola əsasən İddiaçı barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, o, inzibati məsuliyyətdən azad olunmuşdur. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, araşdırma materialına əsasən, “İdarəçilik əleyhinə olan inzibati xətalar” fəslinə aid olan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta 14.04.2021-ci il tarixdə törədilmiş və qərar qəbul edilərkən həmin xətanın törədilməsindən üç aydan artıq müddət keçmişdir. Göründüyü kimi qərarın qəbul edilməsinə əsas müddətin keçməsi ilə əlaqədar şəxs inzibati məsuliyyətdən azad edilmişdir. Ağstafa Rayon Məhkəməsinin 27.07.2021-ci il tarixli, 3(015)-114/2021 nömrəli qərarından apelyasiya şikayəti verilmədiyindən, həmin qərar qanuni qüvvəyə minmişdir. Ağstafa Rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı 14.02.2022-ci il tarixli, 133-3538-1222 nömrəli məktubundan görünür ki, İddiaçı rayonun Köçəsgər kəndi üzrə polis sahə rəisi Vasif Həsənov tərəfindən zorakılığa məruz qalaraq döyülməsi barədə araşdırma materialına Ağstafa rayon prokurorluğunda baxılaraq 22.06.2021-ci il, 07.07.2021 və 13.07.2021-ci il tarixlərdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin məhkəməyə ünvanladığı 09.03.2022-ci il tarixli, 013-7280-1222 nömrəli məktubundan görünür ki, şikayət ərizəsinin araşdırılması ilə bağlı 14.04.2021-ci il tarixdə Ağstafa rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı V.Həsənov tərəfindən polis şöbəsinə dəvət olunan İddiaçı təhqiredici ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və Ağstafa Rayon Məhkəməsinin qərarı ilə o, 8 gün inzibati qaydada həbs olunmuşdur. Polis kapitanı V.Həsənov tərəfindən İddiaçı qarşı qanunazidd hərəkətlərə yol verilməsi xüsusatı təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1100-cü maddəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Məhkəmə qeyd edir ki, Ağstafa Rayon Məhkəməsinin 27.07.2021-ci il tarixli, 3(015)- 114/2021 nömrəli qərarından şikayət verilmədiyindən, həmin qərar qanuni qüvvəsini almışdır və hazırda qüvvədədir. Həmin qərarda isə İddiaçı inzibati xətanın törədilməsində təqsirinin olmamasına dair hər hansı əsas göstərilməmiş, iş üzrə icraata müddətin keçməsi səbəbindən xitam verilmişdir. Belə ki, şəxsin təqsiri qəbul edilməklə, müddət keçdiyinə görə icraata xitam verilməsi barədə müvafiq qərar çıxarılmışdır. İddiaçı tərəfindən isə həmin qərarın çıxarılmasından müəyyən müddət keçməsinə baxmayaraq qərar mübahisələndirilməmişdir. Hazırda iddia tələbi şəxs barəsində 8 gün müddətində qanunsuz olaraq inzibati həbs inzibati tənbeh tədbirinin seçilməsi ilə əlaqədardır. Məhkəmə qeyd edir ki, qüvvədə olan Ağstafa Rayon Məhkəməsinin 27.07.2021-ci il tarixli, 3(015)-114/2021 nömrəli qərarına əsasən iddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən kompensasiya tələb etməkdə haqlı olmamışdır. Bundan başqa, iş materiallarında olan 22.06.2021-ci il, 07.07.2021-ci il, 13.07.2021ci il və 17.09.2021-ci il tarixlərdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlardan da görünür ki, (həmin qərarlar ləğv edilsə də belə hazıradək onların əksini sübut edən qərar qəbul edilməmişdir) İddiaçı qarşı polis əməkdaşı tərəfindən zor tətbiq edilməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı qaldırılmış iddia əsaslı deyil, təmin edilə bilməz. Məhkəmə iddianın qeyd edilən hissəsinin təmin edilməməsi nəticəsinə gəldiyi üçün ondan törəmə tələblər olan maddi və mənəvi ziyanın tutulması hissələrinə hüquqi qiymət verilməsini əhəmiyyətsiz olduğundan zəruri saymır və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1389/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1389/2022
12.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver