Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1391/2020 13.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X7 və X11 oğlunun iştirakları ilə, İddiaçı cavabdeh "xxxxxxxx" ASC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 7700 manat vəsaitin cavabdeh “xxxxxxxx” ASC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı ildə Şabran rayonu, Eminşaxlı kəndində anadan olmuşdur. Siyəzən rayonu, Yenikənd kəndində yaşayır. xx.xx.2019-cu ildə Yenikənd kəndində kəndin mal-qara sürüsünün növbəsində olmuşdur. Həmin günü 13-30 radələrində ona evdən zəng etmişlər ki, “həyətdəki ot tayası yanır, tez evə gəl”. Belə ki, həmin günü səhər saat 10- 00 radələrində Siyəzən rayonunda, o cümlədən Yenikənd kəndində də güclü külək əsməyə başlamışdır. Mal-qaranı tanış adamların yanında qoyub, 5 km-ə kimi yolu piyada evə gəlmişdir. Görmüşdür ki, Siyəzən və Şabran rayonunun FHN-nin yanğınsöndürənləri oradadır. Hadisə baş verən vaxt qonşu Kərimova Gülmirə onların evinə gələrək bildirmişdir ki, rezin iyi gəlir. Həyat yoldaşı bayıra çıxan vaxtı görmüşdür ki, elektrik naqillərindən qığılcım çıxır və yerə səpələnir. X8 görmüşdür ki, qığılcım tayaya düşmüş və taya yanmışdır. Elektrik naqili qızıb, onların evin qabağında tayanın yanına düşüb. Sonra FHN-nin 2 yanğınsöndürən maşını təxminən 20 dəqiqə sonra gəliblər. 8 maşın su vursalar da ona məxsus 200 ədəd saman bağlaması, 800 ədəd isə ot bağlaması, şifer çardaq, 3 tövlədən biri tamam yanıb, birinin isə şiferləri yanıb. Sonradan ekskavator hasarı söküb (X9 məxsus olub) yanğının qarşısı alınıb. Ayın 9-da FHN-nin Xaçmaz Regional Bölməsinin inspektoru evdəkilərdən, qonşulardan izahat almış və bu barədə akt tərtib edilmişdir. Elektrik naqilləri (10 minlik) telefon xətləri ilə bir yerdə çox bərbad vəziyyətdə çəkilib (fotoşəkillər əlavə olunur). “xxxxxxxx” ASC-nin Siyəzən rayon filialının işçiləri nə hadisə yerinə gəlmiş, nə də ona dəymiş zərərlə maraqlanmışlar. Halbuki birbaşa “xxxxxxxx”ASC-nin günahı ucbatında ona külli miqdarda zərər dəyib. Hadisə nəticəsində ona aşağıda qeyd etdiyi məbləğdə zərər dəyib: Siyəzən rayon Prokurorluğunun xx.xx.2019-cu il tarixli, 158 saylı məktubuna əsasən ona məxsus fərdi yaşayış evinin həyatyanı sahəsində olan ot tayasının və mal tövləsinin yanmasına dair FHN-nin Əməliyyat-İstintaq İdarəsində toplanmış 1366№ li material üzrə araşdırmanın davam etdirilməsi üçün Siyəzən RPŞ-nin Təhqiqat Qrupuna göndərilmişdir. Siyəzən RPŞ-nin xx.xx.2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Ona dəymiş ziyanla əlaqədar məhkəməyə müraciət etməyini tövsiyyə ediblər. Bütün bunlara baxmayaraq cavabdeh qeyd olunan sübutlara əhmiyyət verməyərək ona dəymiş ziyanı ödəməkdən boyun qaçırır. Saman bağlaması - 1,5 man x 200 əd = 300 man, ot bağlaması - 3 man x 800 əd = 2400 man, şifer çardaq - 3000 man, 1 tövlə - 2000 man, cəmi: 7700 man (yeddi min yeddi yüz manat), Yuxarıda göstərilənlərə əsasən ona dəymiş 7700 manat vəsaitin cavabdeh “xxxxxxxx” ASC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 etiraz edərək bildirmişdir ki, iddiaçı iddia tələbini Siyəzən rayonu, Yenikənd kəndində yaşaması, xx.xx.2019-cu il tarixdə saat 12:30 radələrində həyətyanı sahəsində yerləşən ot tayasının və yaxınlıqda olan mal tövləsinin dam örtüyünün elektrik xətlərinin bir-birinə toqquşması zamanı əmələ gəlmiş qığılcımların təsirindən həmin ot çalınına və tövlənin dam örtüyünə düşərək yanması nəticəsində yaranması ilə əsaslandırmışdır. İddia ərizəsinə Azərbaycan Respublikası FHN-nin Şimal Regional Dövlət X5 xx.xx.2019-cu il tarixli yanğın haqqında aktının surəti (aktın məzmunu oxunmur), «xxxxxxxx» ASCnin X12 Təchizatı və Satışı İdarəsinin 09-6-01-/165/130 nömrəli xx.xx.2019-cu il tarixli məktubu və DİN-nin Siyəzən RPŞ-nin xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surəti əlavə olunmuşdur. Belə ki, DİN-nin Siyəzən RPŞ-nin xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarının 9-cu abzasında «xxxxxxxx» ASC-nin Şimal RETSİ-nin X3 paylayıcı şəbəkə sahəsində aparıcı mühəndis vəzifəsində işləyən X6 izahatında göstərmişdir ki, onun fəaliyyətinə abonentlərə fasiləsiz elektrik enerjisi ilə təmin etməkdən ibarət olduğu, xx.xx.2019-cu il tarixdə saat 12:30-da Siyəzən rayonu, Yenikənd kəndində İddiaçı Abid oğluna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində tövlədə və ot tayasında baş vermiş yanğın zamanı 10 kv Çınqıl zavod hava xəttində heç bir qüsur və xətlərdə heç bir qabarit olmadığı, İddiaçı Abid oğluna məxsus dam altında yerləşən ot tayası mühafizə zonasından kənarda tikildiyi, 10 kv Çınqıl zavod xəttinin 1 metrliyində qoyulduğunu, 4 tərəfi damla örtüldüyü və eyni zamanda, əgər 10 kv Çınqıl zavod xəttində bir qüsur, xətt qırılması, qısa qapanma olsaydı həmin an xətt ayrıcısı yarımstansiyadan avtomatik açılmalı olduğunu bildirmişdir. Heç bir açılmalı faktı qeydə alınmamışdır. Bununla yanaşı X4 yanğın haqda məlumat verildikdən sonra Şabran şəbəkəsinə məlumat verilərək gərginliyin dayandırıldığı və hadisə yerində 10 kv Çınqıl zavod xəttində xətlərin biri-birinə dəyməsi izinin olmadığını bildirmişdir. Nəticə etibarı ilə baş vermiş hadisədə təqsirli şəxsin müəyyən edilməməsi səbəbi ilə Siyəzən RPŞ-nin xx.xx.2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilmişdir. Sonradan İddiaçı Abid oğlu dəymiş ziyanın ödənilməsinin təmin edilməsi məqsədi ilə Cəmiyyətin Şimal RETSİ-nə ərizə ilə müraciət etmiş, ərizəyə baxılmış və 09-6-01-/165/130 nömrəli xx.xx.2019-cu il tarixli cavab məktubu ilə baş vermiş yanğın hadisəsi zamanı Siyəzən EŞ-nin əməkdaşlarının hadisə yerində olduqları, əraziyə baxış keçirdikləri və baxış zamanı 2017-ci ildə çəkilmiş xəttin «Texniki İstismar və Təhlükəsizlik Qaydaları»na tam uyğun olduğu, yanğın baş verdiyi ərəfədə enerji sistemində qısa qapanma və digər qəza hallarının baş vermədiyi, lakin «Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə Qaydaları»nın və «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası NK-nin xx xxxx 2005-ci il tarixli 103 nömrəli Qərarına zidd olaraq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yanğın təhlükəli quru otlardan taya qurulmasının qanunsuz olması və eyni zamanda yanğın nəticəsində 0.4 kv-luq şəbəkədən 60 metrdən artın 1x50 SİP kabelin yanaraq sıradan çıxmasının səbəbkarı olduğu barədə cavablandırılması müəyyən edilir. Hesab edir ki, iddiaçının baş vermiş yanğın hadisəsində məhz «xxxxxxxx» ASC-nin təqsirindən baş verməsini təsdiq edən fakt sübut kimi iddia ərizəsinə əlavə olunmamış, qeyri-mötəbər aidiyyəti olmayan sənədlər əlavə olunmuşdur ki, məhkəmə tərəfindən də həmin sənədlərin sübut növü kimi qəbul edilməsi istisnadır. Yuxarıda qeyd olunanları nəzərə alıb, İddiaçı Abid oğlunun cavabdeh «xxxxxxxx» ASC-yə qarşı həyətyanı sahəsində yerləşən ot tayaçının və tövlənin dam örtüyünün elektrik xətlərinin bir-birinə toqquşması zamanı əmələ gəlmiş qığılcımların təsirindən yanması nəticəsində dəymiş ziyanın əvəzi olaraq 7700 manat dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 oğlu X7 ilə eyni məzmunlu izahat verərək iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası FHN DYMX Siyəzən rayon dövlət yanğından Mühafizə hissəsinin rəisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, xx.xx.2019-cu il tarixində ona məxsus həyətyanı sahədə yığılmış 20 ton ot bağlamasında və yaxınlıqda olan mal tövləsinin dam örtüyündə yanğın hadisəsi baş vermişdir. Azərbaycan Respublikası FHN DYNX-i Şimal Regional DYNİ-nin DYNŞ-nin böyük inspektoru Ramiz Həsənov, İddiaçı Abid oğlu və X2 iştirakı ilə tərtib edilmiş xx.xx.2019-cu il tarixli yanğın haqqında aktdan görünür ki, İddiaçı Abid oğluna məxsus ot tayası və mal tövləsində yanğın baş vermiş və hadisə nəticəsində İddiaçı Abid oğluna 4200 manat məbləğində maddi ziyan dəymişdir. Yanğın baş verdiyi yerə baxışın nəticələrinə əsasən yanğın hadisəsinin elektrik xətlərinin küləyin təsirindən bir-birinə toxunaraq, qığılcım əmələ gələrək ot tayasının üzərinə düşməsindən baş verməsi güman edilmişdir. xx.xx.2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, xx.xx.2019-ci il tarixdə İddiaçı Abid oğluna məxsus Siyəzən rayonu, Yenikənd kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində tövlədə və ot tayasında baş vermiş yanğınla əlaqədar ona 4200 manat məbləğində maddi zərər dəymişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186 və 187-ci maddəsində göstərilmişdir ki, özgənin əmlakını qəsdən və ya ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 5000 manatdan yuxarı ziyan vurmaqla törədildikdə cinayət hadisəsi kimi qiymətləndirilə bilər. Lakin göründüyü kimi baş vermiş hadisə zamanı İddiaçı Abid oğluna 4200 (dörd min iki yüz) manat məbləğində ziyan dəydiyindən, qeyd olunan faktla əlaqədar cinayət işinin başlanması rədd olunmuş və müraciət müəllifinə qeyd olunan xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etməsi hüququnun olması izah edilmişdir. «xxxxxxxx» ASC-nin X12 Təchizatı və Satışı İdarəsinin 09-6-01-/165/130 nömrəli xx.xx.2019cu il tarixli məktubundan görünür ki, yanğın hadisəsi zamanı X3 əməkdaşları hadisə yerində olmuşlar. Əraziyə baxış keçirilərkən 2017-ci ildə çəkilmiş xətt “Texniki İstismar və X1”na tam uyğundur. Yanğın baş verən ərəfədə enerji sistemində qısa qapanma və digər qəza halları baş verməmişdir. Lakin o, “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005-ci il tarixli 103 №-li Qərarına zidd olaraq, yüksək gərginlikli elektrik veriliş xəttinin mühafizə zonasında yanğın təhlükəli quru otlardan taya qurmuşdur. Yanğın nəticəsində kəndin 0.4 kv-luq şəbəkəsində 60 metrdən artıq 1x50 SİP kabel yanaraq sıradan çıxmışdır. Qeyd edilənləri nəzərə alaraq, baş vermiş yanğın hadisəsinə görə enerji təchizatçı təşkilat məsuliyyət daşımır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/2063 saylı və xx.xx.2020-ci il tarixli, 10/1083 saylı ekspert rəylərindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydaları»nın 5.7.1, 5.7.5, 5.7.16, 5.7.18, 5.7.19 bəndlərinin və «Gərginliyi 1000 V-dan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları»nın 5-ci bəndinin tələbləri pozulmuşdur. Həmin tələblərin pozulması hadisənin texniki səbəbləri olmuşdur. Hava elektrik xətlərinin bir-birinə toxunması nəticəsində yaranan qığılcımların quru ot tayasının üzərinə düşməsi nəticəsində otun alışması mümkündür. Yaşayış məntəqələrində gərginliyi 10 kV-luq hava elektrik xətləri yer səthindən 7 m hündürlükdə aparılmalı idi. Ot tayası 10 kV-luq hava elektrik xətlərinin altında, yəni xəttlərin mühafizə zonasında saxlanıldığına görə, «Gərginliyi 1000 V-dan yuxan olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları»nın 5, 14 bəndlərinin tələbləri ot tayasının sahibi tərəfindən pozulmuşdur. 10 kV-luq hava elektrik xəttinin etibarlı işləməsini təmin etmək üçün hava xətlərinin elementlərində qüsur və nasazlıqlar ləğv edilmədiyinə, xəttlərə vaxtaşırı və növbədənkənar baxışların keçirilməsi təşkil olunmadığına görə, «Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydaları»nın 5.7.1, 5.7.5, 5.7.16, 5.7.18, 5.7.19 bəndlərinin tələbləri hadisə baş vermiş fərdi yaşayış evinin yerləşdiyi ərazi üzrə elektrik hava xətlərinə texniki baxışların keçirilməsini təşkil edib təmin etməli olan vəzifəli və digər əməkdaşları tərəfindən öz vəzifə və peşə təlimatları dairəsində pozulmuşdur (Siyəzən rayon Elektrik Şəbəkəsinin vəzifəli və digər əməkdaşlarının vəzifə və peşə təlimatları ekspertizaya təqdim olunmadığı üçün hazırda sualın tam həlli imkan xaricindədir). Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; MM-nin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Belə ki, Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2019-cu il tarixində ona məxsus həyətyanı sahədə yığılmış 20 ton ot bağlamasında və yaxınlıqda olan mal tövləsinin dam örtüyündə yanğın hadisəsinin yüksək elektrik xətlərinin bir-birinə toxunmasından əmələ gəlmiş qığılcımların ot tayasına düşməsinin nəticəsində baş verdiyi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, «xxxxxxxx» ASC-nin Şimal Regional DYNİ DYNŞ-nin böyük inspektoru Ramiz Həsənov, İddiaçı Abid oğlu və X2 iştirakları ilə bu barədə xx.xx.2019-cu il tarixli akt tərtib edilmişdir. Müvafiq Qaydaların pozulması nəticəsində baş vermiş zərər ilə cavabdehin əməli (hərəkət və (və ya) hərəkətsizliyi) arasında hər hansı səbəbli əlaqənin müvcud olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Ekspert rəyinə əsasən yanğın hadisəsinin cavabdehin təqsiri ucbatından baş verdiyi, yəni əməkdaşlarının öz vəzifə və peşə təlimatları dairəsində hərəkət etmədikləri nəticəsində pozulduğu müəyyən olunsa da (cavabdehin əməkdaşları tərəfindən «Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydaları»nın 5.7.1, 5.7.5, 5.7.16, 5.7.18, 5.7.19 bəndlərinin və «Gərginliyi 1000 V-dan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları»nın 5-ci bəndinin tələblərinin pozulduğu, 10 kV-luq hava elektrik xəttinin etibarlı işləməsini təmin etmək üçün hava xətlərinin elementlərində qüsur və nasazlıqların ləğv edilmədiyi, xəttlərə vaxtaşırı və növbədənkənar baxışların keçirilməsinin təşkil olunmadığı), eyni zamanda ot tayasının sahibi tərəfindən «Gərginliyi 1000 V-dan yuxan olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları»nın 5 və 14-cü bəndlərinin tələblərinin pozulduğu aşkar edilmişdir. Belə ki, o, ot tayasını 10 kv-luq hava elektrik xətlərinin altında, yəni xəttlərin mühafizə zonasında saxlamaqla qeyd edilən Qaydaların müvafiq tələblərini pozmuşdur. Belə ki, Mülki Məcəllənin 23.3-cü maddəsinin tələblərinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə yanğın hadisəsinin baş verməsində hər iki tərəfin təqsirli olduğu müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası FHN DYNX-i Şimal Regional DYNİ-nin DYNŞnin xx.xx.2019-cu il tarixli yanğın haqqında akta əsasən müəyyən edilmiş zərərin məbləği yarıbayarı azaldılmalı, 2100 manat məbləğində pul "xxxxxxxx" ASC-dən tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 2100 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 8 manatı, cəmi 2108 manat məbləğində pul cavabdeh «xxxxxxxx» ASC-dən tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 222 manatın 60 manatı iddiaçı "xxxxxxxx" ASC-dən, 162 manatı isə cavabdeh İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərərə görə 2100 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 8 manatı, cəmi 2108 manat məbləğində pul cavabdeh "xxxxxxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 222 manatın 60 manatı iddiaçı "xxxxxxxx" ASC-dən, 162 manatı isə cavabdeh İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1391/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1391/2020
13.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver