Məhkəmə qərarları › İş №2(006)-1402/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1402/2025

21.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1402/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, iddiaçı X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi cavabdeh Azərbaycan Respublikasınin Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı X9 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi cavabdeh Azərbaycan Respublikasınin Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı vurulmuş mənəvi zərərə görə 100.000 manat məbləğində kompensasiyanın və 45.600 manat maddi ziyanın, cəmi 145.600 manat kompensasiyanın cavabdeh vasitəsilə Dövlət büdcəsi vəsaiti hesabına iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1981-ci il tarixində Oğuz rayonunda doğulmuşdur. İddiaçı gənc yaşlarından qəlibçilik üzrə fərdi əməklə məşğul olmuş, qəlibçi usta olaraq müxtəlif tikintilərdə çalışmışdır. N2-N4-cü illər ərzində inşaat sahəsində fəaliyyət göstərən məhdud məsuliyyətli cəmiyyətlərin birinin əməkdaşı olaraq bu işlərə cəlb edilmişdir. İddiaçı 01 sentyabr N4-cü il tarixdən etibarən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Azərbaycan Respublikası Müdaliə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etməyə başlamışdır. N7-ci ilin mart ayından xidmətini Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində davam etdirmiş, N7-ci ilin may ayında baş vermiş şərti olaraq adlandırılan “Tərtər işi” hadisələri nəticəsində hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bundan sonra iddiaçı hərbi xidmətdən əvvəlki qəlibçi usta fəaliyyəti ilə məşğul olmağa davam etmişdir. İddiaçı 1 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, sonradan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1. 234.1. 237.2.1 və 237.2.3-cü maddələri ilə ittiham irəli sürülərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Oğuz Rayon Məhkəməsinin 03 avqust 2020-ci il tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə ibtidai istintaq yekunlaşdıqdan sonra baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 1(091)- 96/2021 saylı hökmü ilə iddiaçı Cinayət Məcəlləsinin 228.1. 234.1. 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, ona qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli 01 avqust 2020-ci ildən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmdən iddiaçının müdafiəçisi X14 tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin qeyd edilən qərarından iddiaçının müdafiəçisi E.N.Əliyev tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 oktyabr 2023-cü il tarixli 1(107)-159/2023 saylı hökmü ilə iddiaçının müdafiəçisi E.N.Əliyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iddiaçının məhkum olunmasına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ləğv edilmiş, iddiaçının Cinayət Məcəlləsinin 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələrində nəzirdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 oktyabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı X7 tərəfindən verilmiş kassasiya protesti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli 1(102)-998/2024 saylı qərarı ilə təmin edilməmiş, iddiaçıya bəraət verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 oktyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Beləliklə, iddiaçı 1 avqust 2020-ci il tarixdən 4 oktyabr 2023cü iİ tarixədək, yəni 38 ay, 4 gün ərzində qanunsuz və əsassız olaraq azadlıqdan məhrum edilmiş, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində iddiaçıya ağır maddi ziyan və mənəvi zərər vurulmuşdur. İddiaçı cinayət məsuliyyətinə cəlb edilərkən və barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni 2020-ci ilin avqust ayında qəlibçi usta olaraq müxtəlif tikintilərdə fərdi əməklə məşğul olmuş, onun həmin vaxt aylıq qazancı 1200 manat civarında olmuşdur. Bununla iddiaçıya vurulmuş maddi ziyanın (əldə çıxmış fayda) məbləği 45.600 manat təşkil edir (1200*38ay=45.600). Eyni zamanda iddiaçı həbs edildikdən sonra üzləşdiyi qidalanma ilə bağlı məhdudiyyətlər nəticəsində hazırda qastrit xəstəliyindən əziyyət çəkməkdədir. İddiaçı ona vurulmuş mənəvi zərərə görə isə 100.000 manat kompensasiya tələb edir. Belə ki, öhdəsində xx.xx.N0-cu il təvəllüdlü azyaşlı övladı olmuş, həbs edildiyi vaxtda ailəsinin yeganə gəlir gətirən üzvü olmuş, qanunsuz və əsassız həbsi özünə və ailə üzvlərinə indiyə qədər davam edən ağır mənəvi iztirablar yaşatmışdır. Eyni zamanda fərqlənmə ilə xidmət etmiş (N6-cı ilin aprel döyüşlərində düşmənin yüksək rütbəli hərbi qulluqçusunu NSVP silahı ilə məhv etmişdir) iddiaçıya etmədiyi bir əmələ görə ittihamların irəli sürülməsi, onun həbs edilməsi və ümumilikdə cinayət məsuliyyətinə cəlb olunması yaşadığı Oğuz rayonunda qohumları və dostları yanında da onun şəxsi nüfuzuna xələl gətirmiş, yaranmış vəziyyət iddiaçıya daxili narahatlıq, nigaranlıq, qeyri-müəyyənlik formasında mənəvi əzablar yaşatmışdır. Sonradan İddiaçı nümayəndəsi (vəkili) Vəkil Azərbaycan Respublikası MPM-nin 53cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı vurulmuş mənəvi zərərə görə 100.000 manat məbləğində kompensasiyanın və 10.955 manat maddi ziyanın, cəmi 110.955 manat kompensasiyanın cavabdeh vasitəsilə Dövlət büdcəsi vəsaiti hesabına iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1 avqust 2020-ci il tarixdən 4 oktyabr 2023-cü il tarixədək, yəni 38 ay, 4 gün müddətinə qanunsuz və əsassız olaraq azadlıqdan məhrum edildiyindən ona vurulmuş mənəvi zərərə görə 100.000 manat məbləğində kompensasiyanın və 45.600 manat maddi ziyanın, cəmi 14.600 manat kompensasiyanın cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Dövlət büdcəsi vəsaiti hesabına iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həm iddiaçının nümayəndəsinin (vəkilinin), həm də məhkəmənin iddiaçı tərəfinin vəsatətləri əsasında sorğular göndərməsinə baxmayaraq İddiaçı qəlibçi usta olaraq fərdi əməklə məşğul olması nəticəsində aylıq gəlirlərini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda ona 1 avqust 2020-ci il tarixdən 4 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqı məbləğləri hesablanaraq maddi ziyana görə kompensasiya olaraq ödənilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının artırılması” haqqında 18 iyun N9-cu il tarixli Sərəncamı ilə N9-cu il sentyabrın 1-dən minimum aylıq əmək haqqının məbləği 250 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əmək haqqının artırılması və “Minimum aylıq əmək haqqının artırılması” haqqında Azərbaycan Respublikası Prezidentinin N9-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 17 dekabr 2021-ci il tarixli Sərəncamı ilə 2022-ci il yanvarın 1-dən minimum aylıq əmək haqqının məbləği 300 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli Sərəncamı ilə 2023-cü il yanvarın 1-dən minimum aylıq əmək haqqının məbləği 345 manat müəyyən edilmişdir. Beləliklə, iddiaçıya minimum aylıq əmək haqqı məbləğləri hesablanmaqla 1 avqust 2020-ci il tarixdən 4 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində vurulmuş maddi ziyanın həcmi 10,955 manat təşkil edir (2020-ci il: 5 ay X 250=1250 manat; 2021-ci il: 12 ay X 250 manat = 3000 manat; 2022-ci il: 12 ay X 300 manat = 3600 manat; 2023-cü il: 9ay X 345 manat = 3105 manat. 1250+3000+3600+3105=10,955 manat). Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X10 məhkəməyə iddia ərizəsinə etiraz göndərmişdir. Həmin etirazda qeyd olunmuşdur ki, İddiaçı artıq eyni iddia tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və hakim Əfsanə Heydərovanın icraatında olan 2(006)-1033/2025 saylı iş üzrə yekun məhkəmə aktı çıxarılmışdır. Həmin qətnamədən Maliyyə Nazirliyi tərəfindən xx.xx.2025-ci il tarixli 3-23/2- 1158/2025 nömrəli apellyasiya şikayəti verilmiş və Apellyasiya Məhkəməsi tərəfindən icraata qəbul olunaraq xx.xx.2025-ci il tarixdə saat 10:00-a işə baxış təyin edilmişdir. Bununla bağlı bildirir ki, Mülki Prossesual Məcəllənin 153-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa həmin iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda qeyd edir ki, iddiaçı ərizəsində fərdi əmək fəaliyyəti ilə olduğunu qeyd etsədə aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etmədən, xərcləri əsaslandırmadan maddi zərərə görə 45.600 manat məbləğində kompensasiya ödənilməsini tələb etmişdir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materillarına əlavə edilməmişdir. Qeyd edir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində ödənilən ziyanın (məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər və s) konkret növləri göstərilmişdir. Əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bununla bağlı bildirirk ki, məhkəmə təcrübələrində məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində ziyan vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi də həmin qurumun üzərində qalır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. AR Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Sözügedən Məcəllənin 81 -ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bundan başqa qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 Ns-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Əlavə olaraq bildirir ki, iddia ərizəsində sadalanan əsaslara münasibətdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Eyni zamanda qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin N8-ci il 10 iyul tarixli “Bogdanov və Vasilevski Rusiyaya qarşı” Qərarında ərizəçinin 472 gün qanunsuz olaraq həbsdə saxlanılması ilə əlaqədar ona dəymiş mənəvi zərərə görə 5.000 avro (1 gün üçün təxminən 10 avro) məbləğində pulun kompensasiya qismində ərizəçiyə ödənilməsi nəzərdə tutulmuşdur. Həmin qərarda vurğulanmışdır ki, mənəvi zərərin dəqiq məbləğinin qiymətləndirilməsində yerli səviyyədə verilən pul kompensasiyasının sözügedən ölkənin sosial faktorlarının, habelə ərizəçinin həbsdə saxlanma müddəti kimi işin faktiki elementlərinin nəzərə alınması ilə qiymətləndirilməlidir. Bu baxımından iddia ərizəsində qeyd edilən tələb şişirdilmiş və absurd olmaqla yanaşı, beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyət təşkil edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini rəhbər tutaraq, İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(091)-96/2021 nömrəli hökmü ilə İddiaçı CM-in 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, CM-in 228.1-ci maddəsi ilə bir il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə dörd il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılaraq, İddiaçı qəti olaraq beş il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli 01 avqust 2020-ci il tarixdən hesablanması, İddiaçı yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınması və İddiaçı barədə seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(107)- 159/2023 hökmü ilə təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi X14 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilərək, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum olunmasına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 1(091)-96/2021 nömrəli hökmünün ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməsi, İddiaçı barədə seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək və onun məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi və İddiaçı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınması və ona izah edilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(102)-998/2024 nömrəli qərarı ilə kassasiya protestinin təmin edilməməsi və İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 228.1, 234.1, 237.2.1, 237.2.3 və 66.3-cü maddələrinə əsasən 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü ilə barəsində Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ləğv edilmiş, barəsində bəraət hökmü çıxarılmış və o, məhkəmə zalından dərhal azad edilib. Oğuz RİHB-nin Qumlaq Ərazi Nümayəndəliyi tərəfindən xx.xx.N1-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 631651 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.N0-cu il tarixdə anadan olmuş, bu barədə xx.xx.N1-ci il tarixdə 10 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur, uşağın atası İddiaçı, anası X1r. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş ********** nömrəli protokoldan görünür ki, İddiaçı 12b/b soğanağın kəskinləşmə fazasında olan xorası, qastrit diaqnozu qoyulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-1033/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 3500 manat məbləğində mənəvi zərərin əvəzi ödənilməsi qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. 4-cü maddəsinə əsasən bəraətverici hökm çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilmişdir ki, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X4rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi 38 ay, 4 gün ərzində əsassız yerə həbsdə saxlanılmış və iddiaçının hazırki iddia tələbi ilə məhkəmə müraciət etməsinə subyektiv hüququ yaranmışdır, həmçinin iddianın qanuni əsası da qanunvericilikdə nəzərdə tutulmuşdur və tələb müvafiq maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğundur. Lakin, məhkəmə iddia tələbinin maddi və mənəvi zərərin ödənilməsi olmaqla iki hissədən ibarət olmasını nəzərə alaraq hər bir hissənin ayrıca sübutetmə predmetinə malik olmasını qeyd etməyi zəruri hesab edir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində tam və mənəvi zərərin ödənilməsi ilə hissəsində isə qismən təmin edilməlidir. Məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi maddi ziyanın ödənilməsi tələbi ilə bağlı bildirir ki, iddiaçı 38 ay yəni, 3 il 2 ay müddətinə əsassız olaraq azadlığından məhrum edilmişdir. Bu müddət ərzində iddiaçı öz əmək fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edə biləcəyi halda cəzaçəkmə müəssisəsində saxlanılmışdır. İddiaçı konkret gəlirləri barədə yetərli sübutlar təqdim etməsə də, o, hər bir halda əmək qabiliyyəti olmuş və bu baxımdan işçi kimi ən azından özünü minimum əmək haqqı məbləğində məvaciblə işlə təmin etmək iqtidarından məhrum olmuşdur. İddiaçının iddia tələbi həcminin azaldılması barədə ərizəsində apardığı hesablamaları məhkəmə əsaslı hesab edir və bu qənaətə gəlir ki, iddiaçının özünü minimum əmək haqqı miqdarında gəlirlə təmin etməsi onun iradəsinə zidd olaraq mümkün olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin olunmalı və 10.955 manat məbləğində maddi ziyana görə pul tutulmalıdır. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının əsassız olaraq kifayət qədər uzun dövr üçün təqsirliliyinin sübuta yetirilmədiyi əmələ görə həbsdə saxlanması, barəsində kifayət qədər uzun illər ərzində araşdırma aparılması ona mənəvi narahatlıq hissələri yaradan hallardır. Odur ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni həbsdə saxlanma müddətinə mütənasib olaraq 38.000 manat məbləğində mənəvi ziyana görə pul tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 38.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Məhkəmə cavabdeh Maliyyə Nazirliyi tərəfindən təqdim edilmiş İddiaçı Maliyyə Nazirliyinə qarşı daha əvvəl baxılmış iddia tələbi üzrə çıxarılmış məhkəmə aktının mövcudluğu ilə bağlı vurğulayır ki, qeyd edilən məhkəmə qətnaməsi üzrə baxılmış tələb İddiaçı qarşı törədilmiş işgəncə ilə bağlı olmuşdur. Hazırda baxılan tələb isə şəxsin özünün barəsində qəbul edilmiş bəraət hökmü ilə bağlı yaranmış kompensasiya hüququndan irəli gəlir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli və iddiaçı X5 vurulmuş maddi zərərə görə 10.955 manat və mənəvi zərərə görə 38.000 manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı X5 vurulmuş maddi zərərə görə 10.955 (on min doqquz yüz əlli beş) manat və mənəvi zərərə görə 38.000 (otuz səkkiz min) manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar