Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1405/2025 14.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 BOKT MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə, Cavabdeh2 BOKT MMC-yə, "xxxx" MMC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nın 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə, Cavabdeh2 BOKT MMC-yə, "xxxx" MMC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nın 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən keçirilən xx.xx.2021-ci il tarixli 108 nömrəli Hərracın yekunları barədə protokolun etibarsız sayılması, eyni zamanda həmin hərracın nəticələrinə uyğun olaraq Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon A.Mustafayev küçəsi, ev 14, 49 nömrəli mənzilə dair "xxxx" BOKT MMC-yə (Cavabdeh2 BOKT MMC) verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli **********57-05101-093049 reyestr nömrəli ********** saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı ərizə ilə (vəsatətlə) məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdeh qismində qeyd edilmiş "xxxx" MMC-nin adının "xxxx" MMC olmasının nəzərə alınmasını xahiş etmişdir. Ərizəyə həmin MMC-nin dövlət reyestrində "xxxx" MMC adı ilə xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatından keçməsini və təsisçilərinin qərarına əsasən adının xx.xx.2023-cü il tarixdə dəyişdirilərək "xxxx" MMC olmasını təsdiq edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 iyun 2025-ci il tarixli məktubu, eləcə də həmin məktuba qoşma sənədlər əlavə edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 14 saylı notariat ofisində 8İ-11896 nömrəli xx.xx.2020-ci il tarixli icra qeydi aparılmış, ipoteka qoyan kimi ona (AZE********, xx.xx.2017 ASAN 1) məxsus ipoteka predmeti olan ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə ona verilmiş **********57-05101-093049 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 84,36 m2 olan mənzildən ibarət əmlaka (öhdəlik yaradan müqaviləyə əsasən 65.000 manat borc üzrə) tutma yönəldilmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 1560-166998/20-515 saylı ekspert rəyinə əsasən Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon A.Mustafayev küçəsi 14 nömrəli evin, 49 saylı mənzili 120.000 manat dəyərində qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən keçirilən hərracda xx.xx.2021-ci il tarixli 108 nömrəli Hərracın yekunları barədə protokolua əsasən ipoteka ilə yüklü edilmiş olan Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon A.Mustafayev ev 14, 49 nömrəli mənzil 76.500 manat "xxxx" BOKT MMC-yə, yəni hazırki Cavabdeh2 BOKT MMC-yə satılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli **********57-05101- 093049 reyestr nömrəli ********** saylı çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon A.Mustafayev küçəsi, ev 14, 49 nömrəli mənzil Cavabdeh2 BOKT MMC-nin mülkiyyətindədir. Bütün yuxarıda sadalanmış hüquqi hərəkətlər cavabdehlər tərəfindən onları məlumatlandırmadan və qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar etmədən aparılmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qiymətləndiricinin ünvana gəlməsi barədə onda hər hansı məlumat olmamışdır. Bu barədə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi və ya qiymətləndirici vasitəsilə ona rəsmi bildiriş göndərilməmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi tərəfindən tərəflərə əmlakın ilkin satış qiyməti ilə bağlı qarşılıqlı razılığa gəlibgəlməmələri aydınlaşdırılmamış, icra məmuru bunun üçün lazım olan icra hərəkətlərini etməmişdir. Bildirmək istəyir ki, hərracın keçirilməsi barədə kütləvi informasiya vasitələrində dolğun məlumat verilməmiş və ünvan üzrə bildirişlər göndərilməmişdir. Göründüyü kimi, hərrac həmçinin qanunvericiliyin tələblərinin kobud pozulması ilə keçirildiyindən məhkəmə tərəfindən etibarsız hesab edilməli, eyni zamanda həmin hərracın nəticələrinə uyğun olaraq verilmiş çıxarış ləğv edilməlidir. Eləcə də bildirir ki, 2020-2022-ci illərdə o, ümumiyyətlə ağır xəstəliklərlə mübarizə aparmış, həm gözlərində, həm də ürəyində əməliyyatlar icra edilmiş, daim xəstəxanalarda olmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, onların arasında keçən müddət ərzində, hər zaman mənzilinin onun tərəfindən müştəri tapılaraq satılması, satışdan əldə ediləcək məbləğdən "xxxx" BOKT MMC-yə olan borcunun ödənilməsi və qalan məbləğin ona qaytarılması ilə bağlı razılaşmaları olmuşdur. Sonuncu dəfə belə bir razılaşmaları 2024-cü ilin yay aylarında olmuşdur. Hətta ona "xxxx" BOKT MMC-nin Ümumi Yığıncağının 23 iyul 2024-cü il tarixli, 09 №-li protokolu əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli, 41 №-li əmri də təqdim olunmuşdur. Həmin əmrdə qeyd olunmuşdur ki, «ünvan 3 ünvanında yerləşən, ölçüsü 84,36 m2 olan fərdi yaşayış evinin 204.000 manat qiymətinə satışı həyata keçirilsin. Mənzilin satışından əldə edilən 87.610 manat həcmində pul vəsaitinin BOKT terəfindən xx.xx.2018-ci il tarixli, 591 nömrəli kreditin bağlanmasına sərf edilmiş borc əvəzinə ödənilməsi nəzərə alınsın. Satışdan əldə edilən 116.390 manat artıq qalan vəsait həmin kredit müqaviləsinin təminatı qismində ipoteka qoyan keçmiş mülkiyyətçi - İddiaçı bank hesabına köçürülsün.» Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, "xxxx" MMC tərəfindən keçirilən xx.xx.2021-ci il tarixli 108 nömrəli Hərracın yekunları barədə protokol etibarsız sayılmalı, eyni zamanda həmin hərracın nəticələrinə uyğun olaraq Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon A.Mustafayev küçəsi, ev 14, 49 nömrəli mənzilə dair "xxxx" BOKT MMC-yə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli 0D**********-05101-093049 reyestr nömrəli ********** saylı çıxarış ləğv edilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 BOKT MMC-nin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etdi və izahatında bildirdi ki, Bakı şəhəri 14 saylı notariat ofisində 8İ-11896 nömrəli xx.xx.2020-ci il tarixli icra qeydi aparılmış, ipoteka qoyan İddiaçı (AZE********, xx.xx.2017 ASAN 1) məxsus ipoteka predmeti olan ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2018ci il tarixində İddiaçı verilmiş **********57-05101-093049 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 84,36 m2 olan mənzildən ibarət əmlaka (öhdəlik yaradan müqaviləyə əsasən 65.000 manat borc üzrə) tutma yönəldilmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 1560- 166998/20-515 saylı ekspert rəyinə əsasən Nəsimi rayonu 3-cü mikrorayon A.Mustafayev küçəsi 14 nömrəli evin, 49 saylı mənzili 120.000 manat dəyərində qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən keçirilən hərracda xx.xx.2021-ci il tarixli 108 nömrəli Hərracın yekunları barədə protokoluna əsasən ipoteka ilə yüklü edilmiş olan Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon A.Mustafayev ev 14, 49 nömrəli mənzil 76.500 manat "xxxx" BOKT MMC-yə (hazırda Cavabdeh2 BOKT MMC) satılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021ci il tarixli **********57-05101-093049 reyestr nömrəli ********** saylı çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon A.Mustafayev küçəsi ev 14, 49 nömrəli mənzil Cavabdeh2 BOKT MMC-nin mülkiyyətindədir. İddiaçı Cavabdeh2 BOKT MMC-yə dəfələrlə yaxınlaşmış, özü də qeyd etdiyi kimi, əmlakın yenidən BOKT-nin mülkiyyətindən geri qaytarılması ilə bağlı danışıqlar aparmışdır. Ona əmlakın hal-hazırda yenidən qiymətləndirilməsinin keçirilməsi ilə bağlı məlumat verilmişdir. Artıq uzun illərdir ki, tam dəqiq ifadə etdikdə xx.xx.2021-ci il tarixdən əmlakın mülkiyyətçisi Cavabdeh2 BOKT MMC olmasına baxmayaraq İddiaçı mülkiyyətdən çıxmamış, evi boşaltmamışdır. İddia ərizəsinə etirazda qeyd olunan və qanunvericiliklə nəzərdə tutulmuş hallara əsasən İddiaçı qanunsuz olaraq Cavabdeh2 BOKT MMC-yə məxsus mülkiyyətdən istifadə və sahiblik edir. Ona mənzildən çıxarılma, evin boşaldılması barədə pretenziya məktubu göndərilmiş, lakin nəticə olmamışdır. Bununla əlaqədar BOKT tərəfindən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə mənzildən çıxarılma, evin boşaldılması və istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət olunmuşdur. İcra qeydinin aparılması, mənzilin qiymətləndirilməsi, hərracın keçirilməsi bütün sadalanan proseslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılmışdır. Hesab edir ki, mənzildən çıxarılma, evin boşaldılması və istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra müddəti süni olaraq uzatmaq məqsədi ilə guya baş verən hallar barədə məlumatsız olmasını bildirərək hərracın nəticələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində də qeyd etdiyi kimi «sonuncu dəfə 2024-cü ilin yay aylarında razılaşmamız oldu» cümləsi ilə də təsdiq edir ki, ilk vaxtlardan bu günə qədər işin bütün halları barədə məlumatlı olmuş və mütəmadi olaraq Cavabdeh2 BOKT MMC-yə gəlib getmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsində qeyd olunduğu kimi əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İddiaçı əqdin etibarsızlığı ilə bağlı kəsici müddətə də əməl etməmiş və müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 12 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Həmçinin iddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Burdan da görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüş, xx.xx.2021-ci il tarixdən bu vaxta qədər hərracın nəticələri barədə məlumatlı olmuş və etiraz etməmişdir. Hesab edirik ki, hərracın nəticələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi əsassızdır. Qeyd etdiyi xəstəliklə bağlı heç bir sənəd əlavə edilməmişdir. Onun bir neçə dəfə Cavabdeh2 BOKT MMC-yə gəlməsi, danışıq aparması da onu göstərir ki, o, evinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada icra qeydi əsasında hərraca çıxarılması, proseslərin gedişatı barədə yetərincə məlumatı olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı tərəfindən verilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin əsassız olması və müraciət etmək müddəti ötürüldüyü üçün iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə digər cavabdehlərin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin Cavabdeh2 BOKT MMC-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon A.Mustafayev küçəsi 14 saylı evin 49 saylı mənzili xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2975 saylı reyestr kitabının 277684 saylı vərəqində qeydiyyata alınmışdır. - Bakı şəhəri 14 saylı Notariat Kontorunun xx.xx.2020-ci il tarixli 8İ-11896 saylı icra qeydindən görünür ki, "xxxx" BOKT MMC-nin tələbinin ipoteka müqaviləsi üzrə yüklü edilmiş, İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon A.Mustafayev küçəsi 14 saylı evin 49 saylı mənzilinə yönəldilməsi barədə icra qeydi verilmişdir. Öhdəlik yaradan müqavilə üzrə tələb (borc məbləği) 79.041,26 manat təşkil etmişdir. - Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarxli qərardan görünür ki, Bakı şəhəri 14 saylı Notariat Kontorunun xx.xx.2020-ci il tarixli 8İ-11896 saylı icra qeydi üzrə icraata başlanmışdır. - xx.xx.2020-ci il tarixli e166998/2020-5-15-004 saylı bildirişdən görünür ki, icra məmuru tərəfindən İddiaçı tələbin könüllü icrası haqqında bildiriş göndərilərək, ondan Bakı şəhəri 14 saylı Notariat Kontorunun xx.xx.2020-ci il tarixli 8İ-11896 saylı icra qeydi üzrə pul vəsaitinin 10 gün müddətində ödənilməsini xahiş etmişdir. - Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarxli qərardan görünür ki, icra sənədi üzrə borclu İddiaçı məxsus 4 avtomobilin üzərinə həbs qoyulmuşdur. - Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarxli qərardan görünür ki, ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi üçün "xxxx" MMC-dən mütəxəssis dəvət edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 022/21 saylı ekspert rəyindən görünür ki, ipoteka predmeti olan mənzilin dəyəri 120.000 manat müəyyən edilmişdir. - Açıq hərracın keçirilməsinə dair bildirişlərdən görünür ki, "xxxx" MMC tərəfindən borcluya, tələbkara və icra qurumuna keçirilməsi nəzərdə tutulan hərrac barədə məktub göndərilmişdir. - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli YP seriyalı 108 saylı hərracın nəticələrinə dair yekun protokoldan görünür ki, ipoteka predmeti olan mənzil (ilkin satış qiyməti 120.000 manat olmuşdur) Bakı şəhəri 14 saylı Notariat Kontorunun xx.xx.2020-ci il tarixli 8İ-11896 saylı icra qeydi, Nəsimi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli 3374- 166998/20-5-15 saylı sifariş məktubuna əsasən 76.500 manata («İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.5 və 43.7-ci maddələri nəzərə alınmaqla) "xxxx" BOKT MMC-yə satılmışdır. - "xxxx" BOKT MMC-nin xx.xx.2024-cü il tarixli 41 saylı əmrindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon A.Mustafayev küçəsi 14 saylı evin 49 saylı mənzilinin (fərdi yaşayış evinin) 204.000 manata satışının həyata keçirilməsi; mənzilin satışından əldə edilən 87.610 manat pul vəsaitinin BOKT tərəfindən xx.xx.2018-ci il tarixli 591 nömrəli kreditin bağlanmasına sərf edilmiş borc əvəzinə ödənilməsinin nəzərə alınması; satışdan əldə edilən 116.390 manat artıq qalan pul vəsaitinin həmin kredit müqaviləsinin təminatı qismində ipoteka qoyan keçmiş mülkiyyətçi İddiaçı bank hesabına köçürülməsi əmr edilmişdir (Əsas: Ümumi Yığıncağın 23 iyul 2024-cü il tarixli 09 saylı protokolu). - Təqdim olunmuş iddia ərizəsindən görünür ki, Cavabdeh2 BOKT MMC İddiaçı qarşı «evdən çıxarılma, evin boşaldılması və istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. - 22.12.2024-cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 1) hərraca iki nəfərdən az alıcı gəldikdə; 2) hərracın iştirakçısı olmadıqda; 3) hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokolu imzalamaqdan imtina etdikdə; 4) hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Prosessual qanunvericiliyin «iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi», «nə kimi halların müəyyən edilməməsi», «tərəflərin hansı hüquq münasibətində olmaları» barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmədə hazırki mülki işə baxılarkən hərracın nəticələrinin etibarsız olmasına səbəb ola biləcək hər hansı hal, qanuni əsas müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün məhkəmə tədqiqatı zamanı hər hansı əsas müəyyən edilməmiş, eyni zamanda iddiaçı bunun üçün hər hansı əsas olan hər hansı bir sübutu məhkəməyə təqdim etməməklə iddiasını sübuta yetirə bilməmişdir. İş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, açıq hərracın keçirilməsinə dair bildirişlər iddiaçıya göndərilmiş və həmin bildirişlər iddiaçı tərəfindən rəsmi şəkildə qəbul edilmişdir. Digər sözlə ifadə etdikdə, iddiaçının hərracın keçirilmə tarixi, vaxtı və hərracla əlaqəli digər zəruri məlumatlardan xəbəri olmuşdur və aidiyyəti hərrac qurumu tərəfindən iddiaçı vaxtında, qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmışdır. İş materiallarına əlavə olunmuş hərracın yekunları barədə protokoldan və Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilədən görünür ki, qanunvericiliyin tələblərinə riayət edilməklə keçirilmiş hərrac baş tutmuş, ipoteka predmeti müvafiq icra vərəqəsi və icra qurumunun sifariş məktubuna əsasən hərracdan satılmış, ipoteka predmeti BOKT tərəfindən alınmışdır. Yuxarıda sadalananlardan göründüyü kimi, "xxxx" MMC tərəfindən hərracın təşkili və keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunmuş, iddiaçının hüquqları pozulmamış, qanuni mənafeyinə xələl gəlməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. İddia müddətinin tətbiq edilməsi barədə cavabdeh BOKT-nin ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, hazırki iş üzrə mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, əmlak hərracdan satılmamışdan öncə, satılandan sonra da, iddiaçının bütün proseslərdən xəbəri olmuş, hərracdan sonrakı dövrdə də, əvvəllər olduğu kimi iddiaçı BOKT-yə müraciət edərək, ona borcun ödənilməsi üçün vaxt verilməsini, mənzildən çıxarılmamalarını xahiş etmiş, BOKT iddiaçının xahişlərini nəzərə alaraq, uzun müddət ərzində icra sənədi üzrə borcun ödəniləcəyini gözləmişdir. Hətta BOKT tərəfindən iddiaçıya qarşı çox həssas münasibət göstərilmiş, bu illər ərzində iddiaçının mənzildən çıxarılması üçün əməli tədbir görməmiş, iddiaçının borcu ödəyəcəyini gözləmişdir. BOKTnin xoş niyyətli olmasını iddia ərizəsində adı çəkilən əmrin qəbul edilməsi bir daha sübut edir. Qeyd olunan münasibətlər onu göstərir ki, iddia müddətinin axımı (kəsici müddət) baxımından iddiaçı iddia müddətini ötürməmişdir. Lakin iddia özü-özlüyündə əsassızdır, yuxarıda vurğulandığı kimi, hərrac qanuna ciddi şəkildə riayət olunmaqla keçirilmişdir, bundan öncə və sonra cavabdehlərin heç biri iddiaçının hüquqlarını hər hansı şəkildə pozmamışlar. Hərrac etibarlı olduğundan, hərracın nəticələrinə dair tərtib olunmuş rəsmi sənədlərə uyğun şəkildə dövlət reyestrini aparan orqan tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış da ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə, Cavabdeh2 BOKT MMC-yə, "xxxx" MMC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nın 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə, Cavabdeh2 BOKT MMC-yə, "xxxx" MMCyə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nın 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1405/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1405/2025
14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver