Məhkəmə qərarları › İş №2(006)-1409/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1409/2021

17.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1409/2021 17.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 64.000 manat borcun və devalvasiya nəticəsində borc məbləğinin dollara nisbətdə yaranmış fərqi, əlavə olaraq 20.000 manatın, ümumilikdə 84.000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, 2013-cü ilin əvvəlində tanıdığı Cavabdeh1 6.000 manat məbləğində borc vermişdir. Borc pul aldıqdan sonra Cavabdeh1 yenidən onunla görüşərək 2-3 ay müddətinə 60.000 manat borc verməyini istəmişdir. Həmin vaxt maddi vəziyyəti yaxşı olduğuna və həm də cavabdehlə qohumluq münasibətlərinin olması səbəbilə cavabdehin istədiyi məbləği 2013-cü ilin avqust ayında vermişdir. Cavabdeh həmin vaxtdan 3 ay sonra verdiyi məbləği işlərinin pis getməsi və maddi sıxıntısının olması səbəbi ilə ödəyə bilmədiyini bildirmiş və ondan əlavə yenidən 4.000 manat pul istəmiş, lakin həmin vaxt özünün də pula ehtiyacı olduğundan yalnız 2.800 manat pulu cavabdehə vermişdir. Bu məbləğdən sonra cavabdehin ona borcu 68.800 manat təşkil etmişdir. Bir müddət sonra uzun sürən təkidlə cavabdehə maddi vəziyyətinin pisə doğru getdiyini bildirmiş və cavabdeh hər ay onun pulundan 1.000 manat verəcəyini bildirmişdir. 2016-cı ilin avqust ayından 3 ay müddətində hər ay 1.000 manat ödəmişdir. Bundan sonra cavabdeh maddi vəziyyətinin pisləşməsi səbəbi ilə artıq ona pul verə bilməyəcəyini bildirmişdir. Onlardan uzun müddət pulun qaytarılmasını tələb etsə də, ona pullarının olmamasını əsas gətirərək daha heç bir ödəniş etməyəcəklərini bildirmişlər. Uzun müddət onlarla apardığı danışıqlardan sonra 2017-ci ilin mart ayında 200 manat, sentyabr ayında 500 manat, 2018-ci ilin noyabr ayında 300 manat, 2019-cu ilin avqust ayında 300 manat, sentyabr ayında 200 manat və noyabr ayında 300 manat verdikdən sonra cavabdehlərin ona 64.000 manat borcu qalmışdır. Bundan sonra dəfələrlə Yasin və Cavabdeh1lərdən pul tələb etsə də, onlar maddi vəziyyətlərinin yaxşı olmadığını əsas gətirərək pulu geri qaytarmayacaqlarını bildirmişlər. Ailə üzvlərinin hər biri hazırda ayrı-ayrı biznes sahəsində çalışırlar və ailənin aylıq gəlirləri 5.000-6.000 manat civarındadır. Onun cavabdehlərə pulu verdiyi vaxt dolların məzənnəsi manata nisbətdə 0,78 manat idi. Məlum devalvasiyadan sonra onlarda olan pulunun dəyəri iki dəfə aşağı düşmüşdür. Hazırda heç bir yerdə işləmir. Birinci qrup əlildir və həyat şəraiti ağırdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o iş adamı olmuş, iddiaçıdan faizlə borc pul götürmüş, sonradan iflasa uğradığı üçün borcunu qaytara bilməmişdir. Borcundan 48.200 manat qaytarmışdır. 2016-cı il tarixindən sonra iddiaçıya pul qaytarmamışdır. Göstərilənlərə əsasən iddia müddəti təqbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkilli X2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı faizə pul verməklə məşğuldur. Cavabdeh1 isə quşçuluq fabrikində müvafiq biznes ilə məşğul olmuş və biznes fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə iddiaçıdan üç dəfə faizə pul götürmüşdür. Birinci dəfə Cavabdeh1 2011-ci ilin yanvar ayında 4 faizə, yəni hər ay 240 manat olmaqla ildə 2880 manat qaytarmaq şərtilə iddiaçıdan 6.000 manat pul götürmüşdür. Həmin borca görə iddiaçıya 2011-2013-cü illər üçün hər il faiz ilə 2880 manat, 2014-cü ilin yanvar-aprel ayları üçün isə faizilə 960 manat, cəmi 2014-cü ilin aprel ayına qədər 9.600 manat pul qaytarmışdır. Beləliklə, həmin borc tamamilə ödənilmişdir. İkinci dəfə Cavabdeh1 13.02.2013-cü il tarixdə 4 faizə, yəni hər ay 2.400 manat qaytarmaq şərtilə iddiaçıdan 60.000 manat pul götürmüşdür. Həmin borca görə 2014-cü ilin aprel ayına qədər 33.600 manat sələm pulu qaytarmışdır. 2014-cü ilin aprel ayında Cavabdeh1 biznesinin iflasa uğradığı və işlərinin dayandırıldığı üçün bundan bir müddət sonra iddiaçı ilə sələm pulunun dayandırılması və əsas borcun hissə-hissə qaytarılması barədə razılığa gəlmiş, tərəflərin razılaşmasına əsasən iddiaçı borcun qaytarılmasına görə Cavabdeh1 müəyyən vaxt vermişdir. Beləliklə, bundan bir müddət sonra, yəni 2016-cı ilin may-oktyabr ayları ərzində Cavabdeh1 hər ay iddiaçıya hissə-hissə 1.000 manat olmaqla, əsas, yəni 60.000 manat borcdan cəmi 6.000 manat pul qaytarmışdır. 2016-cı ilin oktyabr ayından sonra isə, yəni həmin ilin noyabr-dekabr ayları ərzində Cavabdeh1 bir dəfə 300 və iki dəfə 200 manat olmaqla iddiaçıya pul qaytarmışdır. Lakin həmin pullar xırda məbləğlər olduğuna görə bu məbləğləri həmin dövrdə özünün tərtib etdiyi qeydiyyat siyahısına əlavə etməmişdir. Bundan sonra Cavabdeh1 biznesinin tam iflasa uğraması və işlərini yenidən qura bilməməsi səbəbindən borcun qaytarılması tam dayandırılmış və həmin tarixdən bu günə qədər maddi vəziyyətlə əlaqədar heç bir ödəniş edilməmişdir. Beləliklə, həmin borcun əsas hissəsi, yəni 60.000 manat borc qalmışdır. Üçüncü dəfə H.Qulliyev 2013-cü ilin avqust ayında 4 faizə iddiaçıdan 2.800 manat pul götürmüşdür. Həmin borc tam olaraq 2013-cü ilin sonunadək qaytarılmışdır. Nəhayət, qeyd etdi ki, digər Cavabdeh2 ümumiyyətlə tərəflər arasındakı borc münasibətlərinin iştirakçısı olmamış, yalnız atası Cavabdeh1 tapşırığına əsasən bir epizod üzrə, yəni 60.000 manat epizodu üzrə pulu iddiaçıdan götürərək atasına vermişdir. Beləliklə, Cavabdeh1 iddiaçıya cəmi 60.000 manat borcu qalmışdır. İddiaçı bu məsələ ilə bağlı AR DİN BMCMİ-nə müraciət etmiş və həmin müraciət baxılması üçün Nəsimi rayon Polis İdarəsinə göndərilmişdir. İddiaçı polis bölməsində verdiyi ifadəsində ötən 7 il ərzində, özü də 2017-2019-cu illər ərzində 4.800 manat pulun qaytarıldığını bildirmişdir. Bununla da o, borcun qaytarılmasının 2019-cu ilə qədər davam etməsi barədə görüntü yaratmağa cəhd etmişdir. Əslində isə 2016-cı ilin dekabr ayından sonra iddiaçıya heç bir ödəniş edilməmişdir. Bu fakt həm də iddiaçının BMCMİ-nə daxil olan müraciətinin məzmunu, həm də polis bölməsində Cavabdeh1 təqdim etdiyi qeydiyyat siyahısı ilə dəqiq müəyyən olunur. Nəzərə almaq lazımdır ki, göstərilənlərin əksinə olaraq, iddiaçı 2017- 2019-cu illər ərzində 4.800 manat pulun qaytarılması ilə bağlı heç bir sübut təqdim edə bilmir, ona görə ki, belə bir fakt mövcud deyil. Halbuki, göstərilənlərin əksini sübut etmə yükü məhz iddiaçının üzərinə düşür. Belə olan halda iddianın dəlilləri formal mülahizələrə əsaslanır. Bundan başqa, tərəflər arasında heç bir borc müqaviləsi bağlanmamış, iddiaçı Cavabdeh1 faizə pul vermişdir. Başqa sözlə, tərəflər arasında qanunvericilikdə nəzərdə tutulan borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə müqavilə bağlanmamışdır. Ona görə də iddiaçının borc öhdəliyinin icrasını cavabdehdən tələb etməsi qanunsuzdur. Onu da qeyd edək ki, hətta iddia əsaslı olsa belə, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Buna görə də hazırkı iddiaya iddia müddəti tətbiq edilməlidir. İddia müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə ki, əvvəla iddiaçı özü nə 2016-cı ilə qədər, nə də ondan sonra cavabdehlər tərəfindən hər hansı bir ödəniş edilməsi ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir. Bununla belə, cavabdehlərdən Cavabdeh1 özü 2016-cı ilin sonuna qədər müəyyən ödənişlər edilməsini etiraf etmişdir. İşdən göründüyü kimi, iddiaçı tərəfindən iddia 19 noyabr 2020-ci il tarixdə, yəni sonuncu ödənişin edildiyi dekabr 2016-cı il tarixdən 4 il sonra qaldırılmışdır. Beləliklə, məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaq, iddiaçının iddia müddətini ötürdüyünü bildirmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və iddia müddətinin tətbiq edilməsinə dair ərizəni araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31.07.2020-ci il tarixli qərarın surətindən görünür ki, tərəflər aralarında borc münasibətlərinin yaranmasını təsdiq etmişlər. Qeyd edilən qərarda İddiaçı verdiyi ifadədə cavabdehlərin 2016-cı ilin avqust ayından başlamaqla 3 ay müddətində avqust-oktyabr hər ay 1000 manat, 2017-ci ilin mart ayında 200 manat, sentyabr ayında 500 manat, 2018-ci ilin noyabr ayında 300 manat, 2019-cu ilin avqust ayında 300 manat, sentyabr ayında 200 manat və noyabr ayında isə sonuncu dəfə 300 manat ödəniş etdiklərini və bundan sonra Cavabdeh1 və Cavabdeh2 ona 64000 borcu qaldığını, Cavabdeh1 isə verdiyi ifadədə 2016-cı ilin may ayından başlamaqla, oktyabr ayı daxil hər ay 1000 manat olmaqla cəmi 6000 manat pulun ana borcdan çıxılması şərti ilə verildiyini, bundan başqa bir neçə dəfə Nazirə 200-300 manat olmaqla xırda pullar verdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə ilkin olaraq iddia tələbinin Cavabdeh2 aid hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının Cavabdeh2 ilə aralarında borc münasibətlərinin yaranması öz təsdiqini tapmadığından tələb ona aid hissədə əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir ki, borc müqaviləsi iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış, iddiaçı borcun bir hissəsini bilavasitə Cavabdeh1, bir hissəsini isə Cavabdeh1lə aralarındakı razılaşmaya əsasən sonuncuya çatdırması məqsədilə onun oğlu Cavabdeh2 vermişdir. Göründüyü kimi, Cavabdeh2 verilmiş borcun atasına çatdırılmasında vasitəçi kimi çıxış etmişdir və bu halda məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh2 arasında borc münasibətləri yaranmadığından iddiaçının ondan borcun ödənilməsi ilə bağlı öhdəliyin icrasını tələb etməsi də əsassızdır. Məhkəmə iddia tələbinin digər Cavabdeh1 aid hissəsinə münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 380-ci maddəsinə görə isə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarında göstərilir ki, mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 31.07.2020-ci il tarixli qərara əsasən, eyni zamanda məhkəmə proseslərində verdikləri izahatlardan tərəflərin borcdan edilən sonuncu ödənişin tarixi ilə bağlı fərqli mövqelərdən çıxış etdikləri müəyyən edilir. Belə ki, iddiaçı cavabdeh tərəfindən borcla bağlı sonuncu ödənişin 2019-cu ilin noyabr ayında ödənildiyini bildirmişdir. Cavabdeh isə son ödənişi 2016-cı ilin oktyabr ayında etdiyini, bundan sonra 200-300 manat olmaqla xırda ödənişlər etdiyini bildirmiş, 2016-cı il tarixindən sonra iddiaçıya ümumiyyətlə ödəniş etmədiyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 nümayəndəsi və vəkilli X1 iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair dəlili əsaslıdır. Belə ki, 2017- 2019-cu illər ərzində borcdan ödənişlər edildiyini bildirən iddiaçı sübut etmə yükü onun üzərinə düşməsinə baxmayaraq, dediklərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Göründüyü kimi, hazırki halda qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh borcdan sonuncu ödənişi 2016-cı il tarixdə etdiyini bildirdiyindən və iddiaçı sonradan ödənişlərin edilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən müqavilə tələbləri üzrə nəzərdə tutulmuş 3 illik iddia müddətinin axımı iddiaçıya münasibətdə 2016-cı il tarixdən hesablanmalıdır. Belə olan halda məhkəmə 02.12.2020-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçının tələbini iddia müddətini ötürmüş olması səbəbindən əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar