Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1411/2024 16.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-yə qarşı «kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı bu yaxınlarda şəxsi istehlak səbəbi ilə öz adına müəyyən məbləğdə kredit götürmək qərarına gəlmişdi. Elə bu səbəbdən də banklardan birinə yaxınlaşaraq lazım olan məbləğdə kredit üçün müraciət etdi. Müraciət əsasında ona bankdan kredit verilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi də onun Royalbank ASC qarşısında icra edilməmiş öhdəliyinin olduğu bildirilmişdir. İddiaçı həmin an bank əməkdaşlarına bu vaxtadək adına kredit götürülmədiyini bildirsə də, ona kredit tarixçəsində sözügedən bank qarşısında borcunun hələ də ödənilməməsi göstərilmişdir. Bu halı araşdırmaq üçün Azərbaycan Kredit Bürosuna müraciət etdi və həmin idarədən ona çıxarış verilmişdir. Aldığı çıxarışda onun 2012-ci il tarixdə Royalbank ASC-dən kredit almağı və hazırda da 1143.86 manat aktiv kredit borcunun olduğu qeyd edilmişdir. Eyni zamanda iddiaçının ünvanına Azərbaycan Kredit Bürosu tərəfindən göndərilmiş məktubda sonuncunun apardığı araşdırma nəticəsində onun borc öhdəliyinin aşkar edilmədiyi, müvafiq öhdəliyin başqa şəxsə aid olduğu, yəni texniki xəta nəticəsində onun adına qeyd edildiyi bildirilmişdir. O heç bir zaman nəinki Royalbank ASC, heç bir banka kredit üçün müraciət etməmiş, hər hansı bankla kredit müqaviləsi bağlamamış və pul vəsaiti almamışdır. Bugünədək nə bank tərəfindən, nə də hazırki ləğv edici tərəfindən ona banka borcunun olması barədə məlumat verilməmiş, zəng edilməmiş və bildiriş göndərilməmişdir. LPO Royalbank ASC-nin ləğvedicisi olan X2 müraciət etsə də, məsələnin onların səlahiyyətləri kənarında olmasını bildirmiş, müvafiq düzəlişin yalnız məhkəmə qərarı ilə aparılacağı, adının kredit tarixçəsindən silinə biləcəyi qeyd edilmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, iddiaçının Röyalbank ASC qarşısında hər hansı bir öhdəliyinin olmaması (borcunun olmamasına dair) barədə məlumatların Azərbaycan Respublikası Mərkəzi Bankın nəzdində olan Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Azərbaycan Kredit Bürosuna verilməsi öhdəliyinin LPO Röyalbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması və ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
3. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, cavabdehin Ləğv prosesində olan Cavabdeh2 ASC kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, atası, yəni İddiaçı şəxsi istehlak məqsədi ilə banka yaxınlaşıb kredit götürmək istəyərkən bundan imtina olunub. Buna səbəb olaraq ona bildirilib ki, onun ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti icra edilməmiş borc öhdəliyi vardır. Lakin, atası heç vaxt cavabdeh bankdan kredit götürməmişdir. Onun belə bir öhdəliyinin olması mümkün deyildir. Bununla bağlı onlar Azərbaycan Kredit Bürosuna müraciət etdilər. Oradan onlara çıxarış təqdim edilmişdir. Həmin çıxarışa əsasən atasının güya 2012-ci ildə ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən kredit alması və hazırda 1143.86 manat məbləğində icra edilməmiş borc öhdəliyinin olması qeyd edilmişdir. Daha sonra Azərbaycan Kredit Bürosu tərəfindən verilmiş ikinci məktubda texniki yanlışlığa yol verildiyi, həmin borcun əslində başqa şəxsə aid olmasının müəyyən olunduğu qeyd edilmişdir. Onlar bununla bağlı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etsələr də, oradan bildirildi ki, bu, onların səlahiyyətləri xaricindədir. Bununla bağlı məhkəməyə müraciət etməli olduğu bildirmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi X5 məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
7. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının mərkəzləşdirilmiş kredit reyestrində hazırda aktiv borc öhdəliyi mövcuddur. Hazırda iddiaçı cavabdeh qarşısında öhdəliyinin olmaması barədə məlumatın "xxxx" MMC və Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb edir.
b) Mülki işin materialları:
8. Mülki işin materiallarında olan Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanna xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, “Azərbaycan Kredit Bürosunun məlumat bazasında (00) **********00376 saylı hesab nömrələri üzrə əks olunan borc öhdəliklərinin Sizin kredit tarixçənizdə əks olunmaması ilə bağlı hər hansı düzəlişin edilməsi ləğvedicinin səlahiyyətləri xaricindədir”.
9. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanan xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, qeyd edilən məsələnin araşdırılması üçün müvafiq məlumat təchizatçısına (Bank, BOKT və s.) müraciət edilmişdir. Məlumat təchizatçısı tərəfindən Büroya göndərilən rəsmi məktubda daxil olmuş müraciətin araşdırıldığı və İddiaçı aid borc öhdəliyinin aşkar edilmədiyi, müvafiq öhdəliyin başqa şəxsə aid olduğunun müəyyənləşdirildiyi qeyd olunmuşdur. Buna baxmayaraq məlumat təchizatçısı rəsmi məktubunda kredit müqaviləsi aşkar edilmədiyindən Büronun məlumat bazasında müvafiq düzəlişlərin aparılması üçün zəruri məlumatların göndərilməsinin səlahiyyətləri xaricində olduğunu qeyd etmişdir. Nəzərə çatdırılır ki, Büroya məlumat təchizatçıları tərəfindən təqdim edilən məlumatlar yalnız texniki emal edilir və onların üzərində dəyişikliklərin aparılması Bürounun səlahiyyətləri xaricindədir. Kredit hesabatının məlumatlarında yanlışlıq olduğu iddia edildiyi halda, təsdiqləyici sənədlərlə müvafiq məlumatı təqdim etmiş məlumat təchizatçısına və ya məhkəməyə müraciət edilə bilər.
10. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanan xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, daxil olmuş müraciətlə bağlı tərəflərindən sözügedən Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna sorğu göndərilmişdir. Fond tərəfindən sorğuya təqdim olunan cavab məktubunda ləğv prosesində olan bankın əməliyyat sistemində İddiaçı adına borc öhdəliyinin aşkar edilmədiyi, Azərbaycan Kredit Bürosu MMC-nin və Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminin məlumat bazalarında səhvən adında qeyd olunan kredit məlumatlarının silinməsinə dair araşdırma aparıldığı bildirilmişdir.
11. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Mərkəzi X6 12 iyul 2012-ci il tarixli qərarı ilə Cavabdeh2 ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş xx.xx.1993-cü il tarixli, 158 nömrəli bank lisenziyası ləğv edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2iqt(81)-2410/2012 saylı qərarı ilə Cavabdeh2 ASC-nin müflis elan edilməsi və məhkəmənin 07 sentyabr 2016-cı il tarixli, 2iqt(81)-2410/2012 saylı qərardadı ilə ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənməsi qərara alınmışdır. Odur ki, qeyd edilən məsələnin araşdırılması üçün müraciət Fonda və "xxxx" MMC (AKB)-yə göndərilmişdir. Müraciətə baxılmasının nəticəsi ilə bağlı Fond, AKB tərəfindən İddiaçı və Mərkəzi Banka məlumat təqdim ediləcəkdir. Eyni zamanda, məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
12. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilən İddiaçı Rəhbər oğlunun kredit məlumatlarına dair çıxarışdan görünür ki, İddiaçı Ləğv p.o. RoyalBank ASC-dən xx.xx.2012-ci il tarixdə 1780 manat məbləğində kredit götürmüş, hal-hazırda onun adına kreditin qalıq məbləği 1143.86 manat, faiz məbləği isə 933.20 manat qeyd edilmişdir.
13. Mülki işin materiallarında olan ********** nömrəli, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
15. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.
16. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər-hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Göstərilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Hazırki iş üzrə iş materialları əsasında İddiaçı və Ləğv prosesində olan Cavabdeh2 ASC arasında heç bir müqavilənin bağlanmadığı, hazırda da "xxxx" MMC və Mərkəzləşdirilmiş Kredit Reyestrində iddiaçının adına texniki olaraq səhv qeyd edilən öhdəliyin də başqa şəxsə aid olduğu müəyyən edilmişdir. Yəni hal-hazırda iddiaçının cavabdeh qarşısında heç bir öhdəliyi mövcud deyildir. Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
20. Bundan başqa, "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən, Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır.
21. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır.
22. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır.
23. Məhkəmə qeyd edir ki, mülki işin materiallarında olan reyestr məlumatlarına əsasən xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçının aktiv olan ödəniş cədvəli üzrə adı siyahıda mövcud olduğundan onun adının Mərkəzi Kredit Reyetsrindən çıxarılması üçün borcunun olmaması barədə məlumatın Mərkəzi Kredit Reyetsrinə göndərilməsi vəzifəsi cavabdeh LPO Cavabdeh2 ASC-yə həvalə edilməlidir.
24. Bundan başqa, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
25. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Hazırki iş üzrə iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu da cavabdeh LPO Cavabdeh2 ASC-dən İddiaçı xeyrinə tutulmalıdır.
27. Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminə və "xxxx" MMC-yə göndərilməsi vəzifəsi cavabdeh LPO Cavabdeh2 ASC-nin üzərinə qoyulmalı və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdeh LPO Cavabdeh2 ASC-dən İddiaçı xeyrinə tutulmalıdır.
28. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
30. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
31. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ:
İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh LPO Cavabdeh2 ASC qarşısında borcunun olmaması barədə məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminə və "xxxx" MMC-yə göndərilməsi vəzifəsi cavabdeh LPO Cavabdeh2 ASC-nin üzərinə qoyulsun. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdeh LPO Cavabdeh2 ASC-dən İddiaçı xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.