Məhkəmə qərarları › İş №2(006)-1423/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1423/2022

18.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1423/2022 18.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsi, hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərə görə pulun ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərə görə pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş 34.700 manat və 15.000 ABŞ dolları məbləğində maddi ziyan, 20.000 manat həcmində mənəvi ziyan, ümumilikdə 54.700 manat və 15.000 ABŞ dolları məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh17 noyabr 2018-ci il tarixli saat 02 radələrində etibarnamə əsasında idarə etdiyi Hummer H3 markalı ** NZ *** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanında yerləşən asfalt yolla hərəkət edərkən piyada (iddiaçının atası) X2 bədəni üzərindən keçərək ehtiyatsızlıqdan onun ölümünə səbəb olmuşdur. X1 yol nəqliyyat hadisəsi nəticəsində dünyasını onların ailəsinə ağır, heç nə ilə ölçülməsi mümkün olmayan mənəvi zərbə olmuş, onların ailəsi hələ də atalarının ölümünə inana bilmir, bu vəziyyətlə barışa bilmir. Hadisənin üzərindən bir il yarımdan artıq vaxt keçib və hər dəfə ailə üzvləri Almaniya Federativ Respublikasında yaşadığından, onların yas mərasiminə gəlib getməkləri xeyli xərcə başa gəlmişdir. Həmin xərcləri qeyd edərək bildirmişdir ki, 5 nəfər ailə üzvlərinin təyyarə ilə gəlməkləri və qalmaqları 7200 manat, 4 nəfərin 40 mərasiminə ailə üzvlərinin təyyarə ilə gəlməkləri və qalmaqları 6500 manat, yas mərasimi üçün (3,7,40 və il mərasimi) xərclər 7500 manat, qəbir daşı 6000 manat, bu işlə bağlı 2018-ci ilin 20 noyabrdan 18 dekabra kimi və 2019-cu il 18 yanvardan hazırki vaxta kimi Bakıda olduğundan xərcləri 7500 manat, atasının şəriklərinə olan borcu 15000 ABŞ dolları, cəmi 34700 manat və 15000 ABŞ dolları maddi zərər vurmuşdur. X1 yol nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişməsi onların ailəsinə ağır, heç nə ilə ölçülməsi mümkün olmayan mənəvi zərbə olmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, bu illər ərzində onlar 34700 manat və 15000 ABŞ dolları maddi və 20000 manatdan çox mənəvi ziyan çəkmişlər. Bu səbəbdən 34700 manat və 15000 ABŞ dolları maddi ziyan və 20000 manat həcmində mənəvi ziyan, ümumilikdə 54700 manat və 15000 ABŞ dolları məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X6 iddia ərizəsinə uyğun izahat verərək, onun təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mülki iş üzrə cavabdeh məhkəmə baxış iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə AR MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15 aprel 2019-cu il tarixli, 0109966№-li qaimə fakturadan görünür ki, qəbir daşı üçün çəkilən ümumi məbləğ 6000 manat təşkil edir. İş materiallarında olan 18 noyabr 2019-cu il tarixli Aktdan görünür ki, 19 noyabr 2018-ci il tarixindən 18 noyabr 2019-cu il tarixinədək mərhum X2 yas mərasiminin təşkili üçün 7500 manat məbləğində xərc çəkilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1224/2021 saylı, 30.07.2021-ci il tarixli qərarına əsasən, İddiaçı zərəçəkmiş şəxs X2 hüquqi varisi kimi tanınmış, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli, 1(001)-261/2019 nömrəli hökmündən zərrəçəkmiş şəxsin hüquqi varisi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti cəzaya aid hissədə qismən təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 iyun 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 saylı Qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (2-ci bənd). Həmin Qərarın 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Qərarın 11-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən mərhum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan mərhum olması, sağlamlığna xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edildi ki, iddiaçının atası mərhum X5 17 noyabr 2018-ci il tarixdə saat 02.00 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində ehtiyatsızlıqdan dünyasını dəyişmişdir. Bu hadisə ilə əlaqədar mərhumun ailəsinə həm maddi, həm də mənəvi olaraq ziyan dəymişdir. Belə ki, mərhumun yas mərasiminin təşkili ilə bağlı olaraq iddiaçı və onun ailəsinə 7500 manat, mərhumun qəbir daşı ilə bağlı isə 6000 manat manat məbləğində maddi ziyan və həmçinin, ailə başçısının itirilməsi ilə bağlı olaraq onlara mənəvi ziyan dəymişdir. Belə olan halda iddiaçı cavabdehdən vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır və ona vurulmuş zərər cavabdeh tərəfindən ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş maddi və mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, maddi zərərin məbləğinin iddia tələbində 34700 manat və 15000 ABŞ dolları məbləğində, mənəvi ziyanın məbləğinin isə 20000 manat məbləğində göstərilməsi çox olmaqla real qiymətləndirilmir və hesab edir ki, maddi zərərin baş verməsinə səbəb olmuş xərclərlə bağlı 13.500 manat maddi ziyan və mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətlər nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmaqla dəymiş mənəvi zərərin məbləği 3000 manat ağlabatan və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçıya vurulmuş 13.500 (on üç min beş yüz) manat məbləğində maddi ziyan və 3.000 (üç min) manat məbləğində mənəvi ziyan, ümumilikdə 16.500 (on altı min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçıya vurulmuş 13.500 (on üç min beş yüz) manat məbləğində maddi ziyan və 3.000 (üç min) manat məbləğində mənəvi ziyan, ümumilikdə 16.500 (on altı min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar