Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1427/2024 21.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı X3 vəkili-nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və səbəb olmadan qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməklə xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi 1 il 9 ay 8 gün müddətində ev dustaqlığında, istintaq təcridxanasında və cəzaçəkmə müəssisəsində saxlanıldığından və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1-(106)-577/2022 saylı hökmünə əsasən onun barəsində bəraət hökmü çıxarıldığından Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən məhrum olduğu əmək haqqı ilə bağlı maddi ziyana görə 5061 (beş min altmış bir) manat, mənəvi ziyana görə 50.000 (əlli min) manat olmaqla, cəmi 55.061 (əlli beş min altmış bir) manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 xx.xx.2020-ci il tarixində İmişli Rayon Polis X7 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 188.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. X6 xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 188.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və İmişli Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Həmin cinayət işi üzrə ittiham aktı İmişli Rayon Polis X7 tərəfindən tərtib edilmiş və İmişli rayon prokuroru tərəfindən təsdiq edilmiş, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(099)-207/2021 nömrəli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 188.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, CM-nin 178.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə, CM-nin 188.2.4-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla X4 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixindən hesab edilmiş, X6 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və o məhkəmə iclas zalında həbs edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(099)-207/2021 nömrəli hökmündən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(099)-207/2021 nömrəli hökmü CM-nin 178.2.2-ci maddəsinə aid hissədə ləğv edilmiş, CM-nin 73-1.2-ci maddəsinə əsasən X6 CM-nin 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və həmin maddə ilə cinayət təqibinə xitam verilmiş və o, CM-nin 182.2.4-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsi ilə bağlı müddəa hökmdən xaric edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(102)-300/2022 nömrəli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ləğv olunmuş, cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(106)- 577/2022 nömrəli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(099)-207/2021 nömrəli hökmü ləğv edilmiş, X4 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsi ilə bəraət verilmiş, X6 Azərbaycan Respublikası CM-nin 73.1.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etdiyi və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə barəsində cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(102)-162/2023 nömrəli qərarı ilə kassasiya protesti təmin edilməmiş, X3 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(106)-577/2022 nömrəli hökmü və qərarı dəyişdirilmədən saxlanılmışdır. X6 ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və səbəb olmadan qanunsuz olaraq şübhəli şəxs qismində tutulmuş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi 1 il 9 ay 8 gün müddətində ev dustaqlığında, istintaq təcridxanasında və cəzaçəkmə müəssisəsində saxlanılmış, bu azmış kimi, X3 barəsində bəraət hökmü çıxdıqdan sonra dövlət ittihamçısı tərəfindən protest verildiyi üçün onun barəsində məhkəmə istintaqı davam etmişdir. Bütün bu müddət ərzində X3 özü və ailəsi mənəvi sarsıntı keçirmiş, onun səhhətində ciddi problemlər yaranmışdır. Cinayət prosesini həyata keçirən orqanların səhvi və ya sui-istifadəsi nəticəsində X4 vurulmuş mənəvi ziyanın pul ilə kompensasiyası mümkün deyildir. Belə ki, cinayət prosesini həyata keçirən orqanların səhvi və ya sui-istifadəsi nəticəsində X3 şəxsi və işgüzar nüfuzuna xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmışdır. X1 atası X9 övladının qanunsuz həbs edilməsinə dözməyərək vəfat etmişdir. Cinayət təqibi zamanı X6 uzun müddət qapalı şəraitdə saxlanıldığı üçün səhhətində ciddi problemlər yarandığından müalicəyə ehtiyacı var. X6 qanunsuz olaraq ev dustaqlığında, istintaq təcridxanasında və cəzaçəkmə müəssisəsində saxlanıldığı 1 il 9 ay 8 gün müddətində mənəvi sarsıntı keçirmiş və ona vurulmuş mənəvi ziyana görə 50.000 (əlli min) manat pul tələb edir. Həmçinin, X6 həbs olunduğu günə qədər İmişli rayonunda yerləşən "xxxx" MMC-də bağban işləyərək aylıq 241 (iki yüz qırx bir) manat əmək haqqı almış, həbs olunduqdan sonra həmin işindən azad edilmişdir. Nəticədə iddiaçı 1 il 9 ay müddətində əldə edəcəyi 5061 (beş min altmış bir) manat məbləğində əmək haqqından məhrum edilmiş və ona həmin məbləğdə maddi ziyan vurulmuşdur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, iddia tələbi təmin edilməli, X3 ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və səbəb olmadan qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməklə xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi 1 il 9 ay 8 gün müddətində ev dustaqlığında, istintaq təcridxanasında və cəzaçəkmə müəssisəsində saxlanıldığından və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1-(106)-577/2022 saylı hökmünə əsasən onun barəsində bəraət hökmü çıxarıldığından Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən məhrum olduğu əmək haqqı ilə bağlı maddi ziyana görə 5061 (beş min altmış bir) manat, mənəvi ziyana görə 50.000 (əlli min) manat olmaqla, cəmi 55.061 (əlli beş min altmış bir) manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmalıdır. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi etiraz təqdim edərək, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı X6 hüquq-mühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusu törədən orqana deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb olunur. Halbuki qanunda “müvafiq icra hakimiyyəti”, yəni Maliyyə Nazirliyi müəyyən olunmamış, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozuntusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Qanunda fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavabdeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin, sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda, Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb olunması və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, onun işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericiliyin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaqı aparmış orqanların cəlb olunması zəruridir. Hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zəzərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçının maddi zərərə görə kompensasiya tələb etməsi də əsassız hesab edilməlidir. Belə ki, onun tərəfindən işləməsi, aylıq gəlir və qazancını sübut edəcək faktlar təqdim edilməmişdir. Bu baxımdan, maddi zərərə görə kompensasiya tələbi ağlabatan deyildir. Məhkəmə iclasında iddiaçı X3 vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, etirazın əsassız olduğunu bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(099)-207/2021 nömrəli hökmündən görünür ki: - İbtidai istintaq orqanının xx.xx.2020-ci il tarixli qərarına əsasən, Elməddin Əliyev cinayət törətməkdə şübhə edilən şəxs qismində tutulmuşdur; - İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən, X3 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnaməyə əsasən, X6 əvvəllər məhkum edilməmişdir; - X3 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə, CM-nin 182.2.4-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla İddiaçı 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, İddiaçı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2020-ci il tarixindən hesab edilməsi, X6 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsə alınması, seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi və s. hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(106)-577/2022 nömrəli hökmündən görünür ki, apellyasiya şikayətinin təmin edilməsi, təqsirləndirilən X3 müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün ləğv edilməsi, X4 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsi ilə bəraət verilməsi, X6 barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin ləğv edilməsi və s. hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1-(106)-577/2022 nömrəli qərarından görünür ki: - X4 Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsi ilə bəraət verildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilmişdir; - Zərərçəkmiş şəxs X2 xx.xx.2021-ci il tarixli ərizəsində X6 tərəfindən ona dəymiş 600 manat məbləğində maddi ziyanın tamamilə ödənilməsi, buna görə də onun təqsirləndirilən şəxslə barışması, şikayət və tələbinin olmaması, Elməddin Əliyev barəsində CM-in 178-ci maddəsilə cinayət təqibinə xitam verilməsi xahiş olunmuşdur; - X3 Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etdiyi və ona dəymiş maddi ziyanı tamamilə ödədiyi üçün Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə barəsində cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad olunması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(102)-162/2023 nömrəli qərarından görünür ki, kassasiya protestinin təmin edilməməsi, X6 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2022-ci il tarixli hökmü və qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST İş Mərkəzinin xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli cavab məktublarından görünür ki, X6 ilə Mərkəz arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanılaraq İmişli rayonu ərazisinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim olunmuşdur. İmişli rayonu üzrə haqqı ödənilən ictimai işlərə qəbul olunan işçilərlə əmək münasibətlərində tərəflərin hüquqları, məsuliyyəti, səlahiyyət və vəzifə bölgüsü İmişli RİH, İmişli KMK (İcraçı) və Mərkəz arasında bağlanılmış “İşçi qüvvəsinin təmin edilməsinə dair Saziş”lə müəyyən edilmiş qayda və prinsiplərə əsasən tənzimlənir. İddiaçı aylıq əmək haqqı məbləği 2019cu ilin may ayından sentyabr ayınadək 180 manat, 2019-cu ilin sentyabr ayından 2022-ci ilədək 250 manat müəyyən edilmişdir. Mərkəz tərəfindən ictimai işçilərin işə davamiyyətinə dair mütəmadi olaraq regionlar üzrə müvafiq qaydada monitorinqlər təşkil olunur və mənfi hallar aşkar edildikdə qanunvericiliyə uyğun tədbirlər görülür. İmişli rayonu üzrə haqqı ödənilən ictimai işlərə təhkim olunmuş işçilərin işə davamiyyətinin yoxlanılması məqsədilə Mərkəz tərəfindən 21-22 yanvar 2020ci il tarixlərində keçirilmiş monitorinq tədbirləri zamanı İddiaçı təhkim olunduğu iş yerində müşahidə olunmadığı müəyyən edilmiş və bununla bağlı İcraçı qurumun iştirakı ilə akt tərtib olunmuşdur. Əhalinin xüsusi həssas təbəqəsindən olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə monitorinq tədbirləri zamanı İddiaçı iş saatlarında təhkim olunduğu iş yerində olmadığı üzrlü hesab edilərək onunla bağlanılmış əmək müqaviləsi qüvvədə saxlanılmışdır. Bundan başqa İcraçı qurum tərəfindən İddiaçı işə mənfi davamiyyəti ilə bağlı tərtib edilmiş xx.xx.2021-ci il tarixli akt Mərkəzə daxil olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəlarına uyğun olaraq Mərkəz tərəfindən xx.xx.2021-ci il tarixli **********5 nömrəli xəbərdarlıq məktubu hazırlanaraq İddiaçı qeydiyyatda olduğu ünvana poçtla göndərilmiş və xəbərdarlıq məktubunun ünvana çatması barədə xx.xx.2021-ci il tarixli xəbərnamə Mərkəzə daxil olmuşdur. Qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud da bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) uyğun olaraq İddiaçılə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verilmiş və son haqq-hesabı ödənilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin xx.xx.2024-cü il tarixli cavab məktubuna əlavə edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatdan görünür ki, X6 xx.xx.2019-cu il tarixdən "xxxx" MMC-də işə başlamış, əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə “70ç” maddəsi ilə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST İş Mərkəzinin xx.xx.2024-cü il tarixli cavab məktubuna əlavə edilmiş: - Arayışdan görünür ki, X6 həqiqətən 02 may 2019-cu il tarixindən 10 noyabr 2021-ci il tarixinədək DOST İş Mərkəzində çalışmışdır və çalışdığı dövr üçün əmək haqqısı aşağıdakı kimidir: - 2019-cu il may ayı üzrə - əmək haqqı 180,00 manat, ödənilmiş məbləğ 173,70 manat; - 2019-cu il iyun ayı üzrə - əmək haqqı 360,00 manat, ödənilmiş məbləğ 347,40 manat; - 2019-cu il iyul ayı üzrə - əmək haqqı 180,00 manat, ödənilmiş məbləğ 173,70 manat; - 2019-cu il avqust ayı üzrə - əmək haqqı 180,00 manat, ödənilmiş məbləğ 173,70 manat; - 2019-cu il sentyabr ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 241,25 manat; - 2019-cu il oktyabr ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 241,25 manat; - 2019-cu il noyabr ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 241,25 manat; - 2019-cu il dekabr ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 241,25 manat; - 2020-ci il yanvar ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 241,25 manat; - 2020-ci il fevral ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 241,25 manat; - 2020-ci il mart ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 241,25 manat; - 2020-ci il aprel ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 241,25 manat; - 2020-ci il may ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 241,25 manat; - 2020-ci il iyun ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 241,25 manat; - 2020-ci il iyul ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 241,25 manat; - 2020-ci il avqust ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 241,25 manat; - 2020-ci il sentyabr ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 241,25 manat; - 2020-ci il oktyabr ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 241,25 manat; - 2020-ci il noyabr ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 241,25 manat; - 2020-ci il dekabr ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 241,25 manat; - 2021-ci il yanvar ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 236,25 manat; - 2021-ci il fevral ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 236,25 manat; - 2021-ci il mart ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 236,25 manat; - 2021-ci il aprel ayı üzrə - əmək haqqı 0,00 manat, ödənilmiş məbləğ 0,00 manat; - 2021-ci il may ayı üzrə - əmək haqqı 0,00 manat, ödənilmiş məbləğ 0,00 manat; - 2021-ci il iyun ayı üzrə - əmək haqqı 0,00 manat, ödənilmiş məbləğ 0,00 manat; - 2021-ci il iyul ayı üzrə - əmək haqqı 0,00 manat, ödənilmiş məbləğ 0,00 manat; - 2021-ci il avqust ayı üzrə - əmək haqqı 0,00 manat, ödənilmiş məbləğ 0,00 manat; - 2021-ci il sentyabr ayı üzrə - əmək haqqı 0,00 manat, ödənilmiş məbləğ 0,00 manat; - 2021-ci il oktyabr ayı üzrə - əmək haqqı 0,00 manat, ödənilmiş məbləğ 0,00 manat; - 2021-ci il noyabr ayı üzrə - son haqq-hesab 181,55 manat, ödənilmiş məbləğ 171,56 manat. - "xxxx" MMC ilə X6 arasında bağlanmış əmək müqaviləsindən və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X6 xx.xx.2019-cu il tarixindən haqqı ödənilən ictimai işlərə cəlb olunmaqla Təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə qəbul edilmişdir (aylıq əmək haqqı 180 (166) manat). - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, X3 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində nəzərdə tutulmuş özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi halına) bəndinə əsasən, xx.xx.2021-ci il tarixindən xitam verilməsi, son haqq-hesabın ödənilməsi əmr edilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən, İddiaçılə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı X6 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 2 il müddətə, Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzalar qismən toplanılmaqla ona 6 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixindən hesablanmış, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalından dərhal həbsə alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ləğv edilərək, təqsirliliyi sübuta yetirilmədiyinə görə ona Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə bəraət verilmiş və barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilmişdir. Bununla yanaşı, iddiaçıya Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə bəraət verildiyindən Şirvan Apellyasiya Məhkəməsinin həmin tarixli qərarı ilə onun əməli Məcəllənin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1ci maddəsinə tövsif edilmiş, zərərçəkmiş şəxslə barışıq əldə etdiyi və ona dəymiş maddi ziyanı tamamilə ödədiyi üçün Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə barəsində cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad olunması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2022-ci il tarixli hökmü və qərarı dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almışdır. İddiaçı xx.xx.2019-cu il tarixdən əmək müqaviləsi üzrə "xxxx" MMC-də “təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsində işləmiş (əvvəllər 180 manat, 2019-cu ilin sentyabr ayından isə 250 manat əmək haqqı müqabilində), lakin onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, daha dəqiqi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində nəzərdə tutulmuş özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi halına görə xitam verilmiş və ona son haqq-hesab ödənilmişdir. Hazırda iddiaçı cinayət məsuliyyətinə qanunsuz olaraq cəlb edildiyinə görə, ona maddi və mənəvi ziyan vurulduğunu bildirərək, 5.061 manat maddi və 50.000 manat mənəvi zərərin əvəzinin dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsini; cavabdeh isə iddiaçıya onun təqsiri ucbatından ziyan dəyməsinin sübuta yetirilməməsi və əsl cavabdeh olmaması səbəbindən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə işin halları ilə bağlı vurğulayır ki, göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilərək, xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulsa da və İmişli Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarla onun barəsində ev dustaqlığı, sonra isə - xx.xx.2021-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılmış hökmlə azadlıqdan məhrum edilsə də (həm də ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir), təqsirliliyi sübuta yetirilmədiyinə görə xx.xx.2022-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış hökmlə ona Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, həmin məhkəmənin eyni tarixli qərarı ilə isə törətdiyi əməl Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə tövsif edilmiş, zərərçəkmiş şəxslə barışıq əldə etdiyi və ona dəymiş maddi ziyanı tamamilə ödədiyi üçün iddiaçı barəsində cinayət təqibinə xitam verilmişdir. Deməli, iddiaçı yalnız Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi halda, Cinayət Məcəlləsinin 178.2.2 və 182.2.4-cü maddələri ilə qanunsuz olaraq təqsirləndirilmişdir. Belə ki, iddiaçının törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsində 1.000 manatdan 2.000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi nəzərdə tutulduğu halda, iddiaçıya törətmədiyi əməllərə görə daha ağır cəzalar təyin edilmişdir. Barəsində çıxarılmış məhkəmə qərarlarında onun əvvəllər məhkum olunmaması və rəsmi iş yerinin olmasının qeyd edilməsi, həmçinin, cəzasını ağırlaşdıran halın olmaması, əksinə məhkəmə tərəfindən yüngülləşdirici halın müəyyən edilməsi nəzərə alındıqda, məhz iddiaçının törətdiyi cinayət əməlinə görə ona həmin maddənin ən ağır cəzası olan 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ehtimalı ağlabatan hesab edilmir. Hətta iddiaçının məhz törətdiyi əməllə bağlı zərərçəkmiş şəxslə barışıq əldə etməsi və ona dəymiş maddi ziyanı tamamilə ödəməsi səbəbindən zərərçəkmiş şəxsin xx.xx.2021-ci il tarixli ərizəsi əsasında iddiaçı barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməsi nəzərə alındıqda məhkəmə hesab edir ki, əgər onun törətdiyi əməl vaxtında düzgün qiymətləndirilsəydi (tövsif olunsaydı), bu məsələnin daha əvvəl (ən geci xx.xx.2021-ci ildə) yekunlaşması da mümkün olardı (zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə ərizə verdiyindən, deməli, ona dəymiş zərərin ödənilməsi daha əvvəl olmuşdur), ən əsası, iddiaçı işdən də çıxarılmazdı. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsində bu Məcəllənin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. İddiaçının törətdiyi əmələ görə zərərçəkmiş şəxsə dəyən ziyanı ödəməsi və onunla barışması, qanunsuz olaraq həbsə alınanadək ona əmək haqqı ödənilməsi, işdən də məhz azadlıqdan məhrum edildiyi müddət ərzində “üzrsüz səbəbdən işə gəlməməsi” əsası ilə çıxarılması iş materiallarında olan mötəbər sübutlarla öz təsdiqini tapır. Lap iddiaçı heç zərərçəkmiş şəxslə barışıq əldə etməsəydi də, yenə də Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan əməli törətdiyinə görə onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi və azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi formalaşmış məhkəmə təcrübəsi nəzərə alındıqda ağlabatan hesab edilə bilməz. Beləliklə, iddiaçının törətmədiyi cinayət əməllərinə görə qanunsuz olaraq azadlıqdan məhrum edilməsi müəyyən edildiyindən, ona qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halı hesab olunur. Lakin iddiaçıya hansı məbləğdə ziyan dəyməsi işin mübahisəli halını təşkil edir. Belə ki, iddiaçı bu müddət ərzində ona 5.061 manat maddi, 50.000 manat mənəvi ziyan dəydiyini bildirir. Məhkəmə X3 oğlunun qanunsuz olaraq törətmədiyi əmələ görə cinayət məsuliyyətinə cəlb olunması səbəbindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən iddiaçı ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İddia tələbinin “5.061 manat məbləğində maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar aparılan araşdırma nəticəsində məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya dəyən maddi ziyanın məbləği 3.424 manatdır. Belə ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli cavab məktubuna əlavə edilmiş arayış əsasında müəyyən edilir ki, iddiaçı sonuncu dəfə 2021-ci mart ayında 236,25 manat əmək haqqı almış, 2021-ci ilin aprel ayından işdən çıxarılan tarixədək əmək haqqı almamış, işdən çıxarılması ilə əlaqədar 2021-ci ilin noyabr ayında ona 171,56 manat son haqq-hesab verilmişdir. İddiaçının işdən çıxarılmasının əsası kimi onun üzrlü səbəb olmadan işə gəlməməsinin qeyd edilməsi onu deməyə əsas verir ki, iddiaçı qanunsuz azadlıqdan məhrum edildiyi dövrdə, yəni xx.xx.2021-ci ildən, bəraət alaraq həbsdən azad olunduğu xx.xx.2022-ci ilədək cəmi 3.424 manat məbləğdə maaşından məhrum olmuşdur (14 ay 15 günlük əmək haqqı, yəni 3.424 manat ≈ 3.307,5 manat [14 ay x 236,25 manat] + 116,57 manat [15 gün x (236,25 / 30,4)]). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyan hissəsində qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 3.424 manat məbləğində pul iddiaçı X3 xeyrinə ödənilməlidir. İddia tələbinin “mənəvi ziyan” hissəsinə münasibətdə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının törətmədiyi cinayət əməllərinə görə qanunsuz olaraq azadlıqdan məhrum edilməsi onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzabəziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Lakin məhkəmə hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzi 50.000 manat deyil. Məhkəmə bütün diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 12.000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi mənəvi ziyan hissəsində də qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 12.000 manat məbləğində pul iddiaçı X3 xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, insan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin: 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. 1100-cü maddəsinə görə, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsinin ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4cü maddəsində göstərilir ki, qurbanlara mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X5rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi ona qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biridir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhz hazırki cavabdehə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə hesab edir ki, zərərin ödənilmə mənbəyi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyekt isə “Azərbaycan Respublikası” kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir. Bundan başqa, cavabdehin “iddiaçının maddi və mənəvi zərərə məruz qalmasını heç bir mötəbər sübutla təsdiqləməməsinə dair” dəlilini məhkəmə əsassız hesab edir. Belə ki, qanunsuz məhkum edilməsi nəticəsində iddiaçı, fəal ictimai həyat tərzindən məhrum olmuş, azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmışdır. Məhkəmə onu da qeyd edir ki, keçən bu proseslər nəticəsində iddiaçının mənəvi ziyan çəkməsinin mülahizə olması fikri heç bir məntiqə sığmır və onun inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər çəkməsi, bir sözlə mənəvi sarsıntılar keçirməsi işin mübahisəsiz hallarındandır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi olaraq 3.424 (üç min dörd yüz iyirmi dörd) manat, mənəvi zərərin əvəzi olaraq 12.000 (on iki min) manat olmaqla, cəmi 15.424 (on beş min dörd yüz iyirmi dörd) manat məbləğində pul iddiaçı X3 xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi olaraq 3.424 (üç min dörd yüz iyirmi dörd) manat, mənəvi zərərin əvəzi olaraq 12.000 (on iki min) manat olmaqla, cəmi 15.424 (on beş min dörd yüz iyirmi dörd) manat məbləğində pul iddiaçı X3 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1427/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1427/2024
21.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver