Məhkəmə qərarları › İş №2(006)-1429/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1429/2021

11.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1429/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 2180 manat əsas borcun, ona vurduğu 773 manat zərərin, dövlət rüsumu kimi ödədiyi 30 manat olmaqla, cəmi 2983 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, özü və iki qızından ibarət olan ailəsini kiçik bir dükanda xırda ticarətlə məşğul olmaqla dolandırır. xx.xx.2013-cü il tarixdə ticarət yoldaşı İradə xanım vasitəsilə tanıdığı X1, Cavabdeh və onun gənc yaşlarında olan qız övladı ilə birgə mal almaq üçün onun yanına gəlmişlər. Həmin vaxt köhnə müştərisi olan Kəmalə xanım da yanında idi. Mallara baxa-baxa söhbət əsnasında Cavabdeh bildirdi ki, vəkillik və jurnalistlik fəaliyyəti ilə məşğul olur və onunla gələn Pakizə xanım və digər iki qadın onun işçiləridir. Mallara baxdıqdan sonra Cavabdeh bəzi pal-paltar və xırda qızıl əşyalar almaq istədiyini bildirdi və xahiş etdi ki, hazırda pulu olmadığı üçün həmin malları ona iki ay müddətinə nisyə versin. İki ay ərzində malların dəyərini hissə-hissə ödəyəcəyinə tam əmin olmağını israrla söylədi. O, onları yanına göndərən İradə xanəmla əlaqə saxlamış və İradə ona bildirmişdir ki, Pərvanə və Pakizə ondan da əvvəllər bəzi malları nisyə alıblar və pulunu sonradan ödəyiblər. Pərvanə öz danışığı və rəftarı ilə də onda cavabdehə qarşı bir ziyalı xanım təsüratı yaratmış və o, cavabdehə inanmışdır. Cavabdeh ondan ümumilikdə dəyəri 2380 manat olan pal-paltar və qızıl əşyaları nisyə almış və həmin pulu iki ay ərzində hissə-hissə ödəyəcəyinə söz vermişdir. Verdiyi sözə baxmayaraq cavabdeh ona bir qəpik belə pul ödəməmişdir. O, cavabdehlə dəfələrlə telefon əlaqəsi saxlamış və cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək yaxın günlərdə pulu ödəyəcəyini bildirsə də, heç nə ödəməmişdir. Bununla bağlı o, xx.xx.2014-cü il tarixdə Nərimanov rayon Polis idarəsinə ərizə ilə müraciət etmişdir. Polis idarəsində Cavabdeh ilə aparılan söhbətdən sonra, idarənin əməkdaşı ona zəng edib bildirmişdir ki, Pərvanə ilə müvafiq profilaktik söhbət aparmış və izahat yazaraq yaxın günlərdə pulu ödəyəcəyinə söz vermişdir. Bundan sonra 2014-cü ilin dekabr ayında Pərvanə poçt vasitəsilə ona 200 manat pul göndərmişdir. Sonra yenidən müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınmışdır. Cavabdehə onunla görüşmək istədiyini bildirdikdə cavabdeh onu işlədiyi vəkil bürosunun yanına dəvət etmişdir. İradə xanımla birgə oraya getmiş və cavabdehlə görüşmüşdür. Borcunu qaytarmasa yenidən şikayət edəcəyini bildirmişdir. Pərvanə çox xahiş etmişdir ki şikayət etməsin və bildirmişdir ki, yaxın bir həftədə qalan borcunu, yəni 2180 manatı tam ödəyəcək. Qısa müddət sonra cavabdeh onunla əlaqəni tam kəsmiş və telefon zənglərinə cavab verməmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdehi dələduzluq maddəsi ilə həbs ediblər. Cəza çəkdiyi müddətdə o, cavabdehə dəfələrlə xəbər göndərmişdir ki, ona olan borcunu ödəsin. Cavabdeh Pərvanə cəzaçəkmə müəssisələrindən bir-neçə dəfə ona zəng edərək yalvarmışdır ki, səbr etsin, şikayət etməsin, güya Moskva şəhərində yaşayan oğlu hər ay 400-500 manat pul göndərəcək və 5-6 aya ona olan borcunu ödəyəcək. Bunlara baxmayaraq yenə də o, bir qəpik belə pul ödəməmiş və cəhdlərinə baxmayaraq onunla əlaqəni tamamilə kəsmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ünvanlayaraq borcunu etiraf etmiş, lakin iddiaçı iddia müddətini ötürdüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını və iddia müddətinin tətbiq edilməsinə dair ərizəni araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 380-ci maddəsinə görə isə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2013-cü il tarixli Qərarında göstərilir ki, mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Stanyo Belçikaya qarşı" iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair dəlil əsaslıdır. Belə ki, iddia ərizəsindən və iddiaçının keçirilən məhkəmə iclaslarında verdiyi izahatlardan müəyyən edilir ki, cavabdeh iddiaçıdan aldığı mallara görə son dəfə 2014-cü ilin dekabr ayında 200 manat ödəniş etmiş, iddiaçı isə iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə işin qeyd olunan hallarına əsasən belə qənaətə gəlir ki, iddiaçı müvafiq iddia tələblərini irəli sürməkdə haqlı olsa da, iddia müddətini ötürmüş olması səbəbindən onun iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar