Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1429/2024 13.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı Azərbaycan Respublikasının Hərbi Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı vurulmuş mənəvi zərərə görə 100.000 (bir yüz min) manat məbləğində kompensasiyanın və 1150 (on bir min əlli) manat maddi ziyanın cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsi vəsaiti hesabına iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1991-ci il tarixində Salyan rayonunda doğulmuşdur. İddiaçı N16-cı ilin avqust ayında öz müraciəti əsasında Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində gizir hazırlığı kursuna başlamış, kursu uğurla bitirdikdən sonra xidmətini davam etdirmək üçün həmin ilin oktyabr ayından etibarən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmişdir. Hazırda Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmətini davam etdirir. İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olarkən N17-ci ilin may ayında şərti olaraq “Tərtər işi" adlandırılan iş çərçivəsində saxlanılmış, qanunsuz sorğu-suala və ağır işgəncələrə məruz qalmışdır. Eyni zamanda iddiaçı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona qarşı Azərbaycan Respublikasının CM-nin 274-cü maddəsi ilə ittiham irəli sürülmüş, barəsində Tərtər Hərbi Məhkəməsinin xx.xx.N17-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbs müddəti sonradan uzadılmışdır. Cinayət əməllərini törətməsində təqsirliliyi sübuta yetirilmədiyi üçün iddiaçının barəsində aparılmış cinayət təqibinə bəraətverici əsasla, Azərbaycan Respublikasının CPM-nin 39.2-ci maddəsinə əsasən xx.xx.N18-ci il tarixdə xitam verilmiş və o, həmin tarixdə həbsdən azad edilmişdir. Beləliklə, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində iddiaçıya maddi ziyan və mənəvi zərər vurulmuşdur. İddiaçı ona vurulmuş ziyana görə kompensasiya almalıdır. İddiaçı cinayət məsuliyyətinə cəlb edilərkən, yəni N17-ci ilin may ayında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdə olmuşdur. “Kapital Bank" ASC-nin Mingəçevir şəhər filialından verilən xx.xx.N23-cü il tarixli çıxarışdan görünür ki, həmin vaxt iddiaçının orta aylıq əmək haqqı məbləği 1.105 (bir min yüz beş) manat təşkil etmişdir. İddiaçı məsuliyyətə cəlb edilərkən son əmək haqqını N17-ci ilin may ayında almışdır. Beləliklə, iddiaçı N17-ci ilin may ayından N18-ci ilin aprel ayına qədər 10 aylıq (iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr N17-ci il və yanvar, fevral, mart N18-ci il) müddətdə əmək haqqından məhrum olmuşdur. Bu isə 11,050 (on min bir min əlli) manat edir (10 ay*1105=11,050). İddiaçı xüsusilə ağır cinayətdə ittiham edilərək 10 ay ərzində istintaq altında saxlanılıb. Azərbaycan Ordusunun hərbi qulluqçusu olaraq ona qarşı hərbi qulluqçu üçün ən ağır ittiham hesab edilən dövlət xəyanəti ittihamının verilməsi iddiaçıya mənəvi əzab və iztirab vermiş, onda qeyri-müəyyənlik, nigarançılıq kimi hisslər oyatmışdır. İrəli sürülmüş ittiham və həmin ittiham üzrə uzun müddət ərzində istintaq altında olması onun hərbi qulluqçu şərəfinə də ləkə gətirmiş, iddiaçının məsələnin mahiyyətindən məlumatlı olmayan şəxslərin əsassız tənqid və təhqirlərinə məruz qalması ilə nəticələnmişdir ki, bu da iddiaçının keçirdiyi mənəvi iztirabları gücləndirmişdir. İddiaçı ona vurulmuş mənəvi zərərə görə 100.000 (bir yüz min) manat kompensasiya tələb edir. Tərəflərin iştirakı və izahatlar: İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, əvvəlki məhkəmə iclaslarında tərəfindən verilmiş izahatların məhkəmə çıxışı kimi qəbul edilməsini və verilmiş iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən aydın olur ki, İddiaçı Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən istintaqın başlanılmasını və Tərtər Hərbi Məhkəməsinin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddə ilə cinayət işinin başlanmasını, həbs qətimkan tədbirinin seçilməsini qanunsuz hesab edərək bu əsasda ona vurulmuş ziyana görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən 100.000 manat məbləğində mənəvi, 11.050 manat maddi pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı hüquq-mühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən daxili işlər orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı maddi və mənəvi ziyana məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Yuxarıda göstərilənlərə əsasən İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materialları: Tərtər Hərbi Məhkəməsinin xx.xx.N17-ci il tarixli qərarından görünür ki, ********* nörməli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin arayışına əsasən İddiaçı hal-hazırda N saylı hərbi hissədə gizir qismində xidmət edir. Bağlaşma əsasında xidmət müddəti xx.xx.N26-cı ildə başa çatır. "xxxx" ASC tərəfindən verilmiş İddiaçı aid ödəniş kartı üzrə çıxarışdan müəyyən edilir ki, xx.xx.N16-cı il tarixdə 1099,78 manat, xx.xx.N16-cı il tarixdə 1047,56 manat, xx.xx.N16-cı il tarixdə 1190,14 manat, xx.xx.N17-ci il tarixdə 891,88 manat,xx.xx.N17-ci il tarixdə 1364,88 manat, xx.xx.N17-ci il tarixdə 891,88 manat, xx.xx.N17-ci il tarixdə 1121,28 manat məbləğində hesaba mədaxil olunmuşdur. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.N18-ci il tarixli “cinayət təqibinə xitam verilməsi” barədə qərarından çıxarışdan görünür ki, İddiaçı barəsində CMnin 274-cü maddəsi ilə aparılan cinayət təqibinə CPM-nin 39.2-ci maddəsi ilə xitam verilmişdir. İnternet informasiya resurslarından götürülmüş N17-ci il üçün istehsalat təqvimindən görünür ki, N17-ci ilin iyun ayında 18, iyul ayında 21, avqust ayında 23, sentyabr ayında 19, oktyabr ayında 22, noyabr ayında 21, dekabr ayında 21, N18-ci ilin yanvar ayında N,fevral N,mart ayında 16 iş günü olmuşdur. Tətbiq edilməli qanunvericilik: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. 4-cü maddəsinə əsasən bəraətverici hökm çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilmişdir ki, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.N02-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel NN-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 177-ci maddəsinin: 1-ci bəndinə əsasən orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir. 2-ci bəndinə əsasən əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. 3-cü bəndinə əsasən 2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktik işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərin sayına vurulur. 4-cü bəndinə əsasən orta əmək haqqı müəyyən edilərkən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hesaba alınır. 5-ci bəndinə əsasən orta əmək haqqının hesablanması qaydası bu Məcəllənin 60, 77, 123, 170, 172, 179, 181, 198, 224, 230, 232, 236, 243, 244, 245 və 293-cü maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilir. 6-cı bəndinə əsasən orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi kifayət qədər uzun müddət ərzində əsassız yerə həbsdə saxlanılmış və iddiaçının hazırki iddia tələbi ilə məhkəmə müraciət etməsinə subyektiv hüququ yaranmışdır, həmçinin iddianın qanuni əsası da qanunvericilikdə nəzərdə tutulmuşdur və tələb müvafiq maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğundur. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının kifayət qədər uzun dövr üçün təqsirliliyinin sübuta yetirilmədiyi əmələ görə təqib olunması, ona mənəvi iztirab yaradan hallardır. Belə ki, işin faktiki hallarından aydın olur ki, iddiaçı 10 ay müddətinə həbs qətimkan tədbirinə məruz qalmışdır. Nəticə etibarilə isə şəxsin təqsirliliyi sübuta yetmədiyindən onun barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilmişdir. Bütövlükdə aparılan araşdırma dövrü üçün şəxsin əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət alması onun həmin dövr üçün məhrumiyyətlərinin qarşılanması, yəni kompensasiya tələbi hüququnu yaratmışdır. Odur ki, iddia qismən təmin edilməli və ona dəymiş mənəviz ziyana görə xx.xx.N17-ci il tarixdən xx.xx.N18-ci il tarixədək olan dövr üçün iddiaçının barəsində tətbiq edilmiş həbs qətimkan tədbirinə görə hər ay üçün 1000 manat olmaqla, 10 müddətinə 10000 (on min) manat məbləğində pul iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 10000 (on min) manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Eyni zamanda, məhkəmə iddiaçının tələbində göstərdiyi orta aylıq əmək haqqına görə 11050 manat maddi ziyanın ödənilməsinə münasibətdə qeyd edir ki, iddiaçının N17ci il tarixdə həbs edilməzdən əvvəlki son iki ayda (xx.xx.N17, xx.xx.N17) əmək haqqının cəmi (891,88+1121,28=N13,16) N13,16 manat təşkil etmişdir. Həmin aylarda iş günlərinin sayı (həmin illər üçün təsdiq edilmiş istehsalat təqvimlərinə əsasən) N17-ci il aprel ayında N gün, may ayında 21 gün təşkil etmişdir. Bu hesabla, onun bir günlük əmək haqqının təqribən N13,16:41≈ 49 manat olması müəyyən edilmişdir. xx.xx.N17-ci il tarixdən xx.xx.N18-ci il tarixədək əmək haqqı saxlanılan iş günlərinin saylı N1 gün olmasını nəzərdə aldıqda iddiaçıya ödənilməli olan maddi zərərin məbləği 9849 (doqquz min səkkiz yüz qırx doqquz) manat təşkil edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, müəyyən edilən pul kompensasiyasının iddiaçının mənəvi aləmində müəyyən müsbət dəyişikliklərə səbəb olmasını əsas götürməklə vurulmuş mənəvi zərərə görə 10000 (on min) manat, həmçinin, iddiaçının əmək haqqından məhrum olması səbəbindən vurulmuş maddi zərərə görə 9849 (doqquz min səkkiz yüz qırx doqquz) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-2N, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 10000 (on min) manat, maddi zərərə görə isə 9849 (doqquz min səkkiz yüz qırx doqquz) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1429/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1429/2024
13.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver