Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1445/2021 13.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «dəymiş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh «iPhone 11» markalı telefona görə 1.500 manat, mənəvi zərərə görə 1.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh «iPhone» 11 markalı telefona görə 840 manat qalıq pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, qızı, xx.xx.2004-cü il təvəllüdlü Mustafazadə Arzu xx.xx.2020-ci il tarixdə sosial şəbəkə vasitəsi ilə tanımadığı Cavabdeh adlı şəxsə «iPhone 11» markalı telefon sifariş vermişdir. Qızı onun xəbəri olmadan evdə olan 1.600 manat pulu götürərək, 2002-ci il təvəllüdlü Bəşirov Sədyar adlı qohumları ilə Cavabdeh yanına gedərək həmin telefonu almışlar. Həmin vaxtdan 15-20 gün sonra ona bu məlum olmuşdur. O, telefonu Bəşirov Sədyar vasitəsi ilə Cavabdeh qaytarmışdır. Fazil bir həftəyə telefona ödənmiş pulu onlara qaytaracağına söz vermişdir. Sonradan cavabdehin onları aldatdığını başa düşərək, Bakı şəhəri Suraxanı rayon 31-ci Polis Bölməsinə şikayət etmişdir. Polis Bölməsində izahat verdikdən sonra 90 manat verdikdən sonra qalan məbləğ pulu qaytaracağına söz versə də, hələ də telefona görə ödənilmiş məbləği onlara qaytarmamışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, telefonu 1.600 manata almışlar. Uşaq işlətmişdi deyə, 1.400 manata razılaşmışlar. Cavabdehdən 1.400 manat geri götürməli idilər. Həmin məbləğdən 560 manatı cavabdeh tərəfindən ödənilmiş, 840 manat qalıq qalmışdır. Cavabdehin ödədiyi 560 manat kart hesabındadı, çıxarmamışlar. Bu səbəbdən, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. Məhkəmədən ərizənin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının mülki işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-1445/2021 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından (cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan və s.) görünür ki, iddiaçının yetkinlik yaşına çatmamış övladı sosial şəbəkə vasitəsi ilə cavabdehdən telefon almış, telefon almaq üçün anasından icazəsiz olaraq evdən 1.600 manat pul götürmüş, pulu digər qohumu vasitəsi ilə cavabdehə çatdırmış, cavabdeh isə həmin şəxs vasitəsi ilə mobil telefonu iddiaçının qızına göndərmiş, bir müddət iddiaçının övladı həmin telefondan istifadə etmiş, iddiaçının bu məsələlərdən xəbəri olandan sonra, telefon cavabdehə qaytarılmış, cavabdeh telefona görə aldığı pulu aralarında olan razılaşmaya əsasən 1.400 manat həddində qaytarmağı öhdəsinə götürmüş, həmin puldan 560 manat ödəmiş, qalan 840 manat pulu isə ödəməmişdir. Bu səbəbdən, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, X2 yuxarıda qeyd olunan telefona görə aldığı pulun 1.400 manatını iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, həmin pulun bir hissəsini ödəmiş, lakin qalan pulu vaxtında qaytarmayaraq, öhdəliklərini icra etməmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, «iPhone» 11 markalı telefona görə 840 manat qalıq pul və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X1 İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241-244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «iPhone» 11 markalı telefona görə 840 manat qalıq pul və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X1 İddiaçı xeyrinə tutulsun. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1445/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-1445/2021
13.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver