Məhkəmə qərarları › İş №2(006)-147/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-147/2021

09.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-147/2021 09.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili X2, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi və maddi ziyan» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi və maddi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən 6 saylı mənzilinin yanında əsas divarına bitişik formada qanunsuz tikilmiş sahəsi 15 m2-dən ibarət yaşayış sahəsinin onun öz hesabına sökülməsi və dəymiş maddi zərərə görə 2.500 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayonu Əbilov küçəsində yerləşən 94 saylı evin 1 otaqdan ibarət 6 saylı mənzili xüsusi mülkiyyət əsasında ona məxsusdur. Həmin mənzilin sahəsi 11,5 m2-dir. Həmçinin həmin evin qarşısında yerləşən və təxmini sahəsi 15 m2 olan ərazi də uzun müddətdir ki, onun istifadəsindədir və o, həmin sahədən yardımçı sahə kimi istifadə edir. Onunla həmin ünvanda qonşu olan Cavabdeh bir neçə ildir ki, evinin istinad divarına bitişdirərək ona aid yaşayış sahəsinə daxil olmaqla öz evinin qarşısında təxmini sahəsi 15 m2 olan qanunsuz yaşayış sahəsi inşa etmiş və nəticədə onun evinin bir divarı qəzalı vəziyyətə düşmüşdür. Bununla da ona kifayət qədər maddi və mənəvi ziyan vurmuşdur. Həmçinin evinin bir tərəfini tam tutmaqla onu gün işığından və havadan məhrum etmişdir. Nəticədə onun və uşaqlarının normal yaşayışı pozulmuşdur. Sözügedən tikili inşa edilənədək həmin ərazi boş olmuş və həyətyanı sahə kimi onların (qonşuların) ümumi istifadələrində olmuş, lakin sonradan cavabdeh tərəfindən zəbt edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia əsassızdır. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi sahə ümumiyyətlə özbaşına tikili olmaqla heç kimə məxsus deyildir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu İbrahim Əbilov küçəsi 94 saylı evin 6 saylı mənzili X3 mülkiyyətindədir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, o, həmin mənzili qızı X4 hədiyyə etmişdir. Mənzil qızının mülkiyyətindədir. Mənzilin ümumi sahəsi 19,50 m2-dir. İddia ərizəsində qeyd etdiyi tikili qızı Tağıyeva Səidənin mülkiyyətində olan 19,50 m2 sahəyə bitişik deyildir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ mövcud deyil. İddiaçının subyektiv hüquqa malik olmaması iddianın rədd edilməsi üçün əsasdır. Bundan başqa, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 25379 saylı rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən 6 saylı mənzil və evə bitişik vəziyyətdə cavabdeh tərəfindən inşa edilmiş hamam-ayaqyolu, mətbəx-dəhliz və yaşayış otağının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1. və 4.2. bəndlərinə uyğun inşa olunmadığı müəyyən edilir. ünvan 1 ünvanda yerləşən 6 saylı mənzilin tikililəri (döşəmələri, divarları və tavanları) təmirsiz vəziyyətdə olduğunu nəzərə alaraq cavabdeh tərəfindən inşa olunmuş tikililərin inşa olunması nəticəsində iddiaçıya məxsus mənzilin tikililərinə ziyanın dəyibdəymədiyini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də, qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Göründüyü kimi, cavabdeh tərəfindən inşa olunmuş tikililərin inşa olunması nəticəsində iddiaçının qızının mülkiyyətində olan mənzilin tikililərinə ziyanın dəyibdəymədiyini müəyyən etmək mümkün deyil. Çünki, ünvan 1 ünvanda yerləşən 6 saylı mənzilin tikililəri (döşəmələri, divarları və tavanları) zatən təmirsiz vəziyyətdədir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının subyektiv hüququ olmadığından və iddia əsassız olduğundan İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi və maddi ziyan» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi və maddi ziyan» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar