Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1475/2025 04.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və ‘‘İAMZERV‘ Tədris Mərkəzi” MMC-yə qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 vurduğu maddi ziyana görə 150 manat, mənəvi ziyana görə 800 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, cəmi 980 manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxıldığı dövrdə iddiaçının müraciəti əsasında "xxxx" MMC cavabdeh qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, instagram sosial şəbəkəsində paylaşılmış kurs elanına rast gəlmiş və həmin elanda ingilis dilinin öyrədilməsi ilə bağlı 3 aylıq kurs təşkil edildiyi göstərilmişdir. Həmçinin, 150 manat ödəməklə məşğələlərdə iştirakın mümkünlüyü göstərilmişdir. O, elana inanaraq göstərilmiş mobil əlaqə telefonuna zəng etmiş və ona ödəniş üçün göndərilmiş kart hesabına 150 manat köçürmüşdür. Pulu aldıqdan sonra kursda dərslərin 2023-cü ilin sentyabr ayında başlanılacağı və bu barədə məlumat veriləcəyi cavabdeh tərəfindən bildirilmişdir. Lakin sentyabr ayında heç bir məlumat verilməmişdir. Təkrar müraciətdən sonra heç bir problemin olmadığı və dərslərin başlanması barədə məlumat veriləcəyi bildirilmişdir. Lakin vəd edildiyi kimi qrup yaradılmamış və dərslər keçirilməmişdir. Cavabdeh müxtəlif bəhanələr gətirərək dərs deyəcək müəllimin ölkə xaricində, gah da xəstə olduğunu bildirmişdir. Nəticədə bir dəfə də olsun dərs keçirilməmişdir. Cavabdehlə ‘’whatsapp’’ üzərində olan yazışmaların sübutu qalmaqdadır. Vəd edən qrup açılmadığından, aldadılmış şəxslərin birləşdiyi şikayət qrupu yaradılmışdır. Şikayət qrupunda toplaşanların məqsədi verdikləri pulları geri almaq idi. Vəd edilmiş dərslər üçün yaradılmış qrupda ən azı 20 nəfər vardı. Onların bəzilərindən 150, 300, hətta 600 manat pul alınmışdır. Artıq aldanıldıqlarını yəqin edən bəzi şəxslər polis orqanına müraciət etmişdilər. Şikayət etdikdən sonra cavabdeh, habelə müəllimlər və orada işləyən qeydiyyatçılar dedilər ki, heç kim polisə şikayət etməsin, əks halda verilmiş pullar qaytarılmayacaqdır. Bunun üçün hər bir dinləyiciyə gün təyin etdilər ki, həmin gün pul qaytarılacaq. Lakin heç kimin pulu qaytarılmadı. Digər şəxslər kimi Sumqayıt Şəhər Pİnin 3-cü Polis Bölməsinə müraciət etmişdir. Polis Bölməsi cavabında bildirmişdir ki, müraciəti araşdırılmış, mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməli olduğu bildirilmişdir. Bildirir ki, əsas məqsədi doktoranturaya hazırlaşmaq üçün ingilis dili biliklərini artırmaqdır və buna görə maddi çətinliklərə baxmayaraq, ingilis dilində canlı danışmaqdan ötrü kursa müraciət etmişdir. Lakin aldanıldıldığı müddətdə hazılaşa bilmədiyindən, habelə mənəvi sarsıntılar keçirdiyindən doktoranturaya qəbul ola bilməmişdir. Belə ki, cavabdeh digərləri kimi onu da aldatmış və mənəvi ziyan vurmuşdur. Real olaraq 150 manat ziyan vurulmuş və maddi ziyanla yanaşı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan da vurulmuşdu. Vəd edilmiş ingilis dili üzrə kurslar keçirilsə idi qarşıya qoyulan məqsədə, yəni dokoranturaya qəbul olmaq üçün imtahanlarda iştirak etməsi mümkün olardı. Zaman etibarı ilə 1 il gecikməz, sarsıntı və iztirablar keçirmək sağlamlığıma zərər vurmazdı. Sonradan, İddiaçı MPM-nin 53-cü maddəsinə istinadən ərizə ilə müraciət edib, mənəvi ziyan tələbinin olmadığını, yalnız maddi zərəri və dövlət rüsumunu tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iddia tələbinə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının işə qiyabi icraat qaydasında baxılması barədə etirazının olmamasına dair ərizəsi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-1475/2025 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.3-cü maddəsinə əsasən işdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.4-ci maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş «WhatsApp» tətbiqi vasitəsi ilə aparılan danışıq və yazışmalarla təsdiq olunur ki, iddiaçı cavabdeh tərəfin tələb etdiyi məbləği ona göndərilmiş kart hesabına köçürmüş, dərslərin başlama vaxtı cavabdeh tərəfindən ona dəqiq bildirilməmiş, həmçinin iddiaçı pulunu geri tələb etdikdə isə müxtəlif vaxtlarda geri qaytarılacağı vəd edilsə də, hansısa geri ödəniş edilməmişdir. İş materiallarına əlavə edilmiş 58-3/2-N-16882 nömrəli, xx.xx.2024-cü il tarixli Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin məktubundan görünür ki, İddiaçı müraciətinə baxılmış, müraciətdə qeyd edilmiş xüsusatların araşdırılması məhkəmələrin səlahiyyətində olduğundan, AR MM-nin müvafiq maddələri, eləcə də MPM-nin 149, 150-ci maddələri ilə müəyyən edilmiş qaydada iddia ərizəsi ilə məhkəmə orqanına müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 14.2-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qismində çıxış edir. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında formalaşmış mövqe ondan ibarət olmuşdur ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Qərarın davamında qeyd edilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş həqiqi halı ondan ibarətdir ki, tərəflər arasında «WhatsApp» tətbiqi üzərindən aparılmış danışıqlara görə iddiaçı sosial şəbəkədə rastladığı instagram səhifəsi üzrə elana rast gəlmiş, elanda cavabdeh tərəfin ingilis dili üzrə kurs təşkil etdiyi, kursda iştirak üçün ödənişin tələb edildiyi göstərilmiş, iddiaçı isə elanda nəzərdə tutulmuş şərtlərlə razı olub ödəniş müqabilində kursda iştirak etmək istəyini cavabdeh tərəfə bəyan etmişdir. Təqdim edilmiş yazışmalara görə iddiaçının razılaşdıqları qaydada 150 manat ödənişi həyata keçirdiyi müəyyən olunduğu kimi, cavabdehin vəd etdiyi şərtlərə əməl etməməsi və kursu planlaşdırdığı vaxtda təşkil etməməsi də müəyyən olunur. Nəticədə iddiaçı 150 manat ödəniş həyata keçirməklə qarşılığında vəd edilmiş şərtlərlə təmin edilmədiyi üçün maddi ziyana uğramışdır ki, baş verənlər cavabdeh tərəfin əsassız olaraq varlanmasına səbəb olmuşdur. Bununla da məhkəmənin qənaətinə görə, əksi sübuta yetirilmədiyinə görə iddia tələbi təmin edilməklə, ididaçının ödədiyi 150 manat pul vəsaiti ona geri qaytarılmalıdır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, vurulmuş maddi ziyana görə 150 manat pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və ‘‘İAMZERV Tədris Mərkəzi‘‘ MMC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241-244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş maddi ziyana görə 150 manat pul vəsait və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və ‘‘İAMZERV Tədris Mərkəzi‘‘ MMC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Cavabdehlər qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə verməyə haqlıdırlar. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1475/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-1475/2025
04.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver