Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1479/2022 12.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 66000 manat əsas məbləğ, 30 manat ödənilmiş dövlət rusumun və vəkilə hüquqi yardım üçün ödənilmiş 150 manat, cəmi 66180 manat iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya 66000 manat pul verməlidir. Cavabdeh iddiaçıya 66000 manat pulun verməli olduğunu, onun özü tərəfindən yazmış olduğu qəbzdə da aydın görsənir. İddiaçıya verilməli olan məbləğin yaranma mənşəyi ilə əlaqədar olaraq bildirir ki, 2010-cü ildə özünə ev almaq istəmişdir. Bununla əlaqədar olaraq cavabdehin qardaşı olan X2 mənzil almaq üçün 75760 manat pul vermişdir. Lakin o, iddiaçını aldatmış və mənzili ala bilməmişdir. Aparılan cinayət işi ilə bağlı apellyasiya məhkəmə istintaqı zamanı cavabdeh iddiaçıya bildirmişdir ki, ərizə yaz X3 tərəfindən vurulmuş ziyan ödənilmişdir və sonra şəxsən özü 66000 manatı 1 il ərzində qaytaracaqdır. Lakin indiyə kimi heç nə yoxdur. Dəfələrlə cavabdehə həmin məbləğin verilməsi ilə əlaqədar müraciət etsə də, o, müxtəlif bəhanələrlə 66000 manat pulu verməkdən boyun qaçırır. Pulun verilməsi barədə müvafiq orqanlara dəfələrlə müraciət etsə də, bunun məhkəməyə aid olunduğu bildirilmişdir. Bütün bunlar maddi vəziyyətinin və səhhətinin pisləşməsinə gətirib çıxarmışdır. Bunları əsas gətirərək məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: 17 sentyabr 2019-cu il tarixli Qəbzdən görünür ki, cavabdeh iddiaçıya 66000 manat borcludur və həmin borcu 1 ildən sonra, yəni 17 sentyabr 2020-ci ilədək ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1145 saylı ekspert rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 43-cü vərəqində Cavabdeh adından olan qəbzdəki “Qəbz Məm Cavabdeh bildirirəm ki, Mən İddiaçı 66.000 (altmış altı min) manat borcluyam və həmin borcu 1 ildən sonra, yəni 17 sentyabr 2020-ci ilədək ödəməyi öz öhdəmə götürürəm. İmza: Cavabdeh” yazıları və "İmza: Cavabdeh" yazılarının orta hissəsindəki imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdeh iddiaçıya borclu olduğu 66000 manat pulu 1 ildən sonra, yəni 17 sentyabr 2020-ci ilədək ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında qəbz tərtib edilsə də, həmin qəbzin məzmunundan müəyyən edilən şərtlər baxımından məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri borc müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir. Məhkəmə qeyd edir ki, borc (kredit) müqaviləsinə əsasən bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı, cavabdehin ona borclu olmasını aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borcun mövcud olmasına dair yazılı sənədə (əlyazma) istinad edir. Hansı ki, borcun mövcud olması ilə bağlı yazılı sənəddəki yazıların və imzanın cavabdeh tərəfindən icra olunması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1145 saylı ekspert rəyi ilə təsdiq olunmuşdur. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında tərtib edilmiş edilmiş qəbzdən, yəni borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə cavabdeh borcu iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə tədqiqatı zamanı cavabdehin iddiaçıya 66000 manat məbləğində borcu olması iş materialları və ekspert rəyi ilə təsdiq olunduğundan həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən göründüyü kimi iddiaçı tərəfindən hüquqi yardıma görə vəkil X1 hesabına 150 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 150 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 66.000 manat əsas məbləğ, 30 manat ödənilmiş dövlət rüsumu və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 150 manat, cəmi 66180 manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-1479/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1479/2022
12.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver