Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-148/2023 01.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh (X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh (X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində ünvan 1 ünvanında yerləşən X3 məxsus mənzil "xxxx" ASC tərəfindən “Daşınmaz Əmlakın icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixində ünvan 2 ünvanında yerləşən Cavabdeh məxsus mənzildən su axması nəticəsində həmin ünvanda yerləşən 7 saylı mənzilə zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar 31 avqust 2019-cu il tarixində akt tərtib olunmuşdur. “Grand Baku” Müstəqil Sığorta eksperti tərəfindən tərtib olunmuş qüsur aktına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 24, 7 saylı mənzilin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 8.759,00 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə 250,00 manat azadolma çıxılmaqla 8.509,00 manat məbləğində sığorta ödənişinin zərərçəkənin şəxsi hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Beləliklə, hesab edilir ki, "xxxx" ASC tərəfindən zərərçəkənə ödənilmiş vəsaitin subroqasiya qaydasında Cavabdeh tutulmalıdır. Göstərilənlərə əsasən, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 8.509,00 manatın və ödənilmiş 105,09 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, hadisə 31 avqust tarixində baş vermişdir. Hadisə nəticəsində evə ziyan vurulmuşdur və həmin vaxtı həmin mənzildə yaşayan üçüncü şəxs Qarayev Elqar tərəfindən 500 manat məbləğində ödəniş edilmişdir. Hazırda iddiaçı tərəfindən qeyd edilən məbləğlə razı deyillər. Təklif etdilər ki, ekspertiza təyin olunsun, lakin qapı olduğundan ekspertiza keçirilmədi. Hesab edir ki, məqsədyönlü şəkildə bu həyata keçirilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, 2021-ci ilə kimi 24 nömrəli binanın komendantı kimi fəaliyyət göstərirdi və həmin binanın da 1 nömrəli mənzilində yaşayır. Hadisə olan vaxtı ona dedilər, o da qalxıb baxdı, həmin vaxtı Xuramanın qohumu Elqar adlı şəxs mənzildə yaşayırdı. Mənzildə su axıdılması var idi. Amma divarda çatların əmələ gəlməsi halı real deyil, çünki su axıdılması nəticəsində divarda çat əmələ gələ bilməz, sadəcə aboy qopa bilər. İddia ərizəsində qeyd edilən summa həddindən çoxdur. İş materiallarında olan aktdan onun məlumatı yoxdur. O, elə bir akta imza atmamışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X9 xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə yazılı ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 3 ünvanı Cavabdeh adına qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı, 1420723№-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 24, mənzil 7 xüsusi mülkiyyət hüququ əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində 540 nömrəli reyestr kitabının 49729 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 22 oktyabr 2019-cu il tarixli, 4577/1№-li məktubundan görünür ki, Cavabdeh "xxxx" ASC tərəfindən ödənilmiş 8.509 manat məbləğində vəsaiti 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödəməsi xahiş edilmiş, əks halda məhkəmə qaydasında subroqasiya tələbinin irəli sürüləcəyi barədə qabaqcadan xəbərdar edilmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən xx.xx.2019-cu il tarixli Sığorta aktından görünür ki, X3 məxsus ünvan 4 ünvanda xx.xx.2019-cu il tarixdə subasma hadisəsi baş vermiş, zərər məbləği 8.759 manat məbləğində qiymətləndirilmiş, ondan 250 manat azadolma məbləği çıxılmaqla sığorta ödənişi 8.509 manat məbləğində müəyyən edilmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən xx.xx.2019-cu il tarixli Plastik kartların təhvil-təslim aktından görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış Nəsimi rayonu, Cavadxan küçəsi, 24/7 ünvan üzrə "xxxx" ASC tərəfindən 8.509 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Mülki işin materiallarında olan “Grand Baku” Qiymətləndirmə və Sığorta Ekspertizası tərəfindən verilən 17 sentyabr tarixli Qiymətləndirmə haqqında Rəydən görünür ki, araşdırma nəticəsində sözügedən mənzilə zərər dəyməsi təsdiqlənmiş, zərər məbləği 8.759 manat məbləğində müəyyən edilmişdir. Mülki işin materiallarında olan 31 avqust 2019-cu il tarixli aktdan görünür ki, X5 və X6 maddi ziyanın vurulması ilə bağlı akt tərtib edərək, onun doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, 921203937№-li mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün 105,49 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixli qərardadları ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin məhkəməyə məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 24 mənzil 7 iddiaçı "xxxx" ASC tərəfindən “Daşınmaz Əmlakın icbari sığortası” növü üzrə sığortalanmışdır. Cavabdeh Əbdüləli qızına məxsus ünvan 2-dan su axıdılması nəticəsində X3 məxsus mənzilə ziyan dəymişdir. Bu işin mübahisəsiz halıdır. Eyni zamanda, müəyyən olundu ki, iddiaçı "xxxx" ASC tərəfindən azadolma məbləği çıxılmaqla zərərçəkənə 8.509 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Hazırda iddiaçı subroqasiya qaydasında həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh tərəf isə mənzilə ziyan vurulduğunu etiraf edir, lakin məbləği yüksək qiymətləndirməklə eyni zamanda, həmin vaxtı mənzildə o yaşamadığından pulun ondan yox, mənzildə yaşayan şəxsdən, yəni hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən X4 tutulmasını tələb edir. Məhkəmə hazırki iddia tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.2-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 560.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 1096.1-1096.2, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1111.1-ci maddəsinə əsasən binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir; 1111.2-ci maddəsinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “İcbari Sığortalar” haqqında Azərbaycan Respublikası Qanununun 36.1.5-ci maddəsinə əsasən, daşınmaz əmlakın su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Hazırki iş üzrə iş materialları, cavabdehin nümayəndəsi və vəkilinin izahatı, şahidin ifadəsi ilə təsdiq olundu ki, ünvan 1-ə ziyan vurulmuşdur. İş materiallarında olan Qiymətləndirmə haqqında Rəydən görünür ki, mənzilə 8.759 manat məbləğində ziyan vurulmuşdur. Məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin ekspertizanın keçirilməsindən imtina barədə məlumat daxil olmuşdur. Buna görə məhkəmə iş materiallarında sübut olaraq qiymətləndirərək, hesab edir ki, ziyan məbləğindən 250 manat məbləğində azadolma məbləği çıxılmaqla iddiaçı tərəfindən ödənilmiş 8.509 manat məbləğində pul vəsaiti subroqasiya qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda, cavabdeh tərəfin pul vəsaitinin Cavabdeh yox, həmin vaxtı mənzildə yaşayan üçüncü şəxs X4 tutulması mövqeyinə münasibətdə bildirir ki, cavabdeh tərəf hadisə baş verən vaxtı mənzildə onun yox, X1 olaraq yaşadığını iddia etsə də, bunu təsdiq edə biləcək sübutları (əmlak kirayəsi müqaviləsi və s.) məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, mənzilin mülkiyyətçisi Cavabdeh subroqasiya qaydasında pul iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 921203937№-li mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 105.09 manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində bank xidmət xərci ödənilmişdir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının tutulması hissəsinə münasibətdə qeyd edir ki, hazırki iş üzrə iddia tələbi təmin edildiyindən iddia qaldırılması üçün də ödənilən 105,49 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidməti xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Əbdüləli qızından subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 8.509 (səkkiz min beş yüz doqquz) manat və ödənilmiş 105,09 (yüz beş manat, doqquz qəpik) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat bank xidmət xərci tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 8.509 (səkkiz min beş yüz doqquz) manat və ödənilmiş 105,09 (yüz beş manat, doqquz qəpik) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat bank xidmət xərci tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-148/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-148/2023
01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver