Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-148/2024 29.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abbasova (Həsənova) Ziyafət Ələşrəf qızına qarşı vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş ziyana görə 7200 manat, təmir işləri üçün 3000 manat, mənəvi zərər olaraq 3000 manat, cəmi 13200 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bina 52 mənzil 20-də yaşayanlar (üst qonşu) illərdir ki, onun mənzilini (mənzil -17) çirkab və təmiz su buraxaraq dəfələrlə mənzili islatmışlar. Bununla əlaqədar dəfələrlə mənzil sahibinin kirayinişinlərinə xahiş və xəbərdarlıqlar edilmişdir, ev sahibinin həyat yoldaşı (özü dediyinə görə) - vətəndaş Rusiyada yaşayır. Bakı şəhərində olan evini kirayə verir. Adı Məhəddin, qardaşının adı Loğman usta, ev sahibırin bacısıoğlu - Səlimdir. O, Nəsimi rayon 33 №-li MKlS-ə kömək üçün müraciət etmiş, çünki su evi tam yararsız hala salmışdır. Nümayəndə göndərib baxış keçirib Akt tərtib etdilər. Sonra mənzil sahibinin yoldaşı zəng vurub dəymiş ziyanı təmir etdirəcəyini söyləmişdir. Lakin, onu aldatmışlar. Ona görə də artıq yalan eşitməkdən bezmişdir, ona maddi ziyan dəymişdir. 2 ildir evini yararsız hala saldıqlarına görə istifadəyə tam yararsız olduğundan istifadə edə bilmir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, onun nümayəndəsi və vəkili Vəkil Əliheybət oğlu məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili iddia tələbini etiraf etməməklə izahatında bildirmişdir ki, ekspert rəyi ilə ümumiyyətlə razı deyillər. Digər qonşuların qapısının açılmaması ekspertin hərtərəfli rəy verməsinə maneə olan hallar kimi qiymətləndirilməlidir. Eyni zamanda qonşular bildirir ki, hər birinin mənzilinə şaxta səbəbindən su axmışdır. Yetkin bir qənaətə gəlmək mümkün olmadı ki, orada sırf cavabdehin mənzilindən su axmışdır. Bütün qonşulara yuxarıdan-şaxtadan su axmışdır. Səbəbli əlaqə kimi cavabdeh tərəfindən suyun axıdılması halı mümkün deyildir. İddiaçı özü bildirir ki, 3 ildir orada yaşamır. Suyun axmasının 3 il əvvəldən baş verməsini sübut edən heç bir dəlil yoxdur. Bina çox pis vəziyyətdədir. Şaxtanın olması, sanitar qovşağın bərbad şəkildə olması suyun axmasına səbəb olan hallar kimi qiymətləndirilməlidir. Dəymiş zərərlə bağlı iddiaçı o vaxt məhkəməyə verə bilər ki, həqiqətən suyun axması onun səhvi üzündən olsun. Evə baxış keçirərkən görmüşdür ki, divardan sarı bir axıntıdır. Bu hal cavabdehin və digər qonşuların evində də mövcuddur. İlk öncə suyun haradan axmasının mənbəyi müəyyən olunmalıdır. Cavabdehə də zərər dəymişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya Sistemindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu, 3-cü mikrorayon H.Əliyev küçəsi, ev 52, mənzil 17 iş üzrə İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2002-ci il tarixdə verilmiş qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi ev 52, mənzil 20 X1 mülkiyyətindədir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X3 xx.xx.1993-cü il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra ərə Abbasov, arvada Abbasova soyadı verilmişdir. İş materiallarından görünür ki, 33 saylı MKİS-in rəisi M.Əliyev, mühəndis Ə.Rüstəmov, böyük mühasib Ş.İsgəndərova xx.xx.2023-cü il tarixdə akt tərtib etməklə həmin akta 3-cü mkr. H.B.Əliyev küçəsi 52 saylı evin 17 saylı mənzilinin sahibi İddiaçı xx.xx.2023-cü il tarixdə yazmış olduğu ərizəsinə əsasən həmin mənzildə olmalarını, tərəflərindən 17 saylı mənzilə baxış keçirən zaman 20 saylı mənzildən 17 saylı mənzilə su axıdılmasını, su axıntısı zamanı mənzilin dəhlizinin, otaqlarının, hamamının, mətbəxinin və ayaqyolunun islanmasını göstərməklə öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə verilmiş 10/4762 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 17 saylı mənzilin dəhliz tikilisinin konstruktiv elementlərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, H.Əliyev küçəsi, 52 saylı evin, 17 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 20 saylı mənzildən su axıdıldığı və nəticədə 17 saylı mənzilin yaşayış otaqları, hamam, mətbəx və dəhliz tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, H.Əliyev küçəsi, 52 saylı evin, 17 saylı mənzilinə su sızmasının səbəbini müəyyən etmək üçün, həmin mənzilin üst mərtəbəsində yerləşən 20 saylı mənzilə baxış keçirilməsi zəruri olmuşdur. Baxış zamanı 20 saylı mənzilin dəhliz və hamam tikililərində də su sızma izlərinin və qüsurların olduğu müşahidə olunmuşdur. İş üzrə cavabdehin bildirdiyinə görə ona və iddiaçıya məxsus mənzillərə su sızması həmin mənzillərlə eyni proeksiyada olan və binanın 4-cü mərtəbəsində yerləşən 22 saylı mənzildə aparılan təmir işləri nəticəsində olmuşdur. İddiaçı və cavabdehlərə məxsus mənzillərə su sızmasının texniki səbəbini müəyyən etmək üçün 4-cü mərtəbədə yerləşən 22 saylı mənzilə baxış keçirilməsi zəruri olmuşdur. Lakin, 22 saylı mənzilin qapısı bağlı olduğundan baxış keçirilməsi mümkün olmamış, bu səbəbdən də iddiaçı və cavabdehə məxsus mənzillərə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, H.Əliyev küçəsi, 52 saylı evin, 17 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2013,0 manat, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, H.Əliyev küçəsi, 52 saylı evin, 20 saylı mənzilində isə 355 manat məbləğində müəyyən olunmuşdur. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-tikinti-texniki eksperizasının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə verilmiş 10/9733 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 17 saylı mənzilin dəhliz tikilisinin konstruktiv elementlərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, H.Əliyev küçəsi, 52 saylı evin, 17 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 20 saylı mənzildən su axıdıldığı və nəticədə 17 saylı mənzilin yaşayış otaqları, hamam, mətbəx və dəhliz tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 20, 22, 23, 24 və 25 saylı mənzillərin təmirli olduğu müşahidə olunmuşdur. Bu səbəbdən də iddiaçıya məxsus mənzilə su sızmasının mənbəyini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin, mülki iş materialına əlavə edilmiş 33 saylı MKİS-nin əməkdaşlarının tərtib etdiyi xx.xx.2023-cü il tarixli AKT-a əsasən 17 saylı mənzilə 20 saylı mənzildən su axıdıldığı və nəticədə 17 saylı mənzilin tikililərində qüsurlar əmələ gəldiyi qeyd edilmişdir. Bak şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, H.Əliyev küçəsi, 52 saylı evin 17 saylı mənzilə axıdılmış suyun mənbəyi dəqiqliklə müəyyən edilmədiyindən qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-tikinti-texniki eksperizasının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinin tələbinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi 52 saylı evin, 20 saylı mənzilindən su sızması nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizası dəymiş ziyanı 2013 manat qiymətləndirmişdir. Məhkəmə ekspert rəylərinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, həmin rəylər real vəziyyəti özündə əks etdirdiyindən, sübut kimi qəbul edilməlidir. Məhkəmə iddianın 7200 və 3000 manat maddi ziyanın tutulması hissəsinə qiymət verərək hesab edir ki, dəymiş ziyanın həcminin həmin məbləğdə olması sübut olunmadığından, ekspertin verdiyi rəy üzrə müəyyən edilmiş 2013 manat dəymiş maddi ziyanın məbləği kimi qəbul edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən mənəvi ziyanın əvəzi olaraq 3000 manat məbləğində pulun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İddiaçı, iddia ərizəsini mənəvi zərərlə bağlı evinə su axıdılması ilə əlaqədar olaraq hər gün əsəb-stres, mənəvi sarsıntı keçirməsini, baş verənlər nəticəsində dərman, müalicə və müayinə üçün xərclər çəkməsini əsaslandırsa da həmin halların baş vermiş hadisə nəticəsində yarnmasını göstərən, bildirən səbəbli əlaqə işin araşdırılması zamanı müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, mənəvi zərər dəyməsi barədə dəlillər əsassız olduğundan həmin hissədə iddia tələbinin təmin edilməməlidir. Eyni zamanda məhkəmə, su sızmasının qaşrısının alınması məqsədilə cavabdeh tərəfindən onun hesabına həmin su sızmanın aradan qaldırılması hissəsinə qiymət verərək hesab edir ki, iddiaçının mülkiyyətinə maddi zərərin dəyməsinə əsas cavabdehin mənzilindən su-kanalizasiya xətlərində yaranmış nasazlıq səbəbindən baş verməsi ekspertin rəyi ilə öz təsdiqini tapmışdır və gələckədə su sızması nəticəsində yenidən tərəflər arasında mübahisənin yaranmasının qarşısı alınması məqsədilə cavabdehin üzərinə su və kanalizasiya xətlərində yaranmış nasazlıqların aradan qaldırılması vəzifəsi qoyulmalıdır. Qeyd olunmalıdır ki, iddiaçı məhkəmə iclaslarında su sızma baş verdikdən sonra cavabdehin mənzilinə orda yaşayan şəxslərlə birlikdə baxış keçirdiyini, suyun sızma mənbəyinin mətbəxdə olan kanalizasiya xəttinə məişət avadanlığının borusunun birləşmə yerindən olması müəyyən edildiyini, bunun nəticəsində cavabdehin özünə də zərər çəkdiyi aşkar edildiyini bildirdi. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2013 manat məbləğində vurulmuş maddi zərər tutularaq İddiaçı verilməlidir. Məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi - yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat cavabdehdən alınıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 2013 manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertiza tədqiqatının dəyəri olan 200 manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, müxbir hesab AZ41NABZ********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-148/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-148/2024
29.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver