Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1482/2024 28.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı Kərı̇ mova Günay Bəhrəm qızı və Cavabdeh iştirakları ilə, İddiaçı Kərı̇ mova Günay Bəhrəm qızının Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Kərı̇ mova Günay Bəhrəm qızı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı qardaşı qızını işə düzəltmək adı ilə aldadaraq 5000 manat pulunu ələ keçirməsi barədə 05 may 2022-ci il tarixdə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə ərizə ilə müraciət edilmişdir və ərizə ilə bağlı Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində araşdırma aparılmaqla toplanmış material Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və material üzrə araşdırmanın davam etdirilməsi İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytnantı X3 həvalə edilmişdir. Sonuncu iddiaçının, Cavabdeh və şahidlərin izahatlarını almaqla kifayətlənmiş, tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, əsassız olaraq toplanmış material üzrə 20 iyun 2022-ci il tarixdə AR Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Qeyd olunan qərardan da Yasamal rayon Prokurorluğuna şikayət etmiş və qərar ləğv olunaraq yenidən araşdırılma aparılması üçün Yasamal rayon Polis İdarəsinə göndərildi. Öz izahatında Cavabdeh İddiaçı 4000 manat aldığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Kərı̇ mova Günay Bəhrəm qızı Cavabdeh kart hesabına 1000 manat göndərmiş və bununla da Cavabdeh Kərı̇ mova Günay Bəhrəm qızından aldığı pul vəsaiti ümumilikdə 5000 manat olmuşdur. Qeyd olunan qəbz qoşmaya əlavə edilmişdir. Belə ki, özünü Rabitə Nazirliyində işləyən biri kimi tanıtmış Cavabdeh Kərı̇ mova Günay Bəhrəm qızının qardaşı qızını Rabitə Nazirliyinin tabeliyində olan poçt şöbələrinə işə düzəldəcəyini deyib onun 5000 manat pulunu mənimsəmişdir. Son baş vermiş hadisə məhz Cavabdeh tərəfindən məqsədli şəkildə Kərı̇ mova Günay Bəhrəm qızının etibarından sui-istifadə etməklə onun əmlakını ələ keçirməsini ehtiva edir. Göründüyü kimi peşəkar davranan Cavabdeh əmlakın alınması zamanı aldadıcı üsullardan istifadə edərək və hesablaşma görüntüsü yaradaraq Hidayətova Bənövşəni aldatmış və onun əmlakını ələ keçirmişdir. Göstərilənlərə əsasən, Cavabdeh 5000 manatın və dövlət rüsumu üçün ödənilmiş 70 manatın tutularaq Kərı̇ mova Günay Bəhrəm qızına ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçı Kərı̇ mova Günay Bəhrəm qızı iddia tələbini qismən müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehin hazırda ona 4 min manat borcu var və bugünə kimi onun heç bir hissəsini geri qaytarmayıb. Hesab edir ki, həmin pul məhkəmə qaydasında cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddia tələbində beş min manat pulun, hazırda isə dörd min manat pulun cavabdehdən tutularaq ona ödənilməsini qeyd etməsinə səbəb cavabdeh həmin pulun 1000 manat hissəsinin ona ödənilməsi ilə bağlı qəbzi göstərmiş, o da bununla bağlı razılaşmış və bu hissədə iddia tələbini azaltmışdır. Cavabdeh tərəfindən məhkəməyə dörd min manatdan artıq pulun ona ödənilməsi ilə bağlı təqdim edilən sübutların tarixlərinə baxılsa görünər ki, onlar o, məhkəməyə müraciət etməmişdən əvvəlki vaxtlara aiddir. Həmçinin, həmin ödənişlər onların aralarındakı başqa alış-verişlərlə bağlıdır. Hazırki mübahisəyə aidiyyatı yoxdur. Faktiki olaraq o, məhkəməyə müraciət etdiyi tarixdən bugünə kimi onun tərəfindən ona heç bir ödəniş edilməyib. 4.Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, iddiaçıdan aldığım bütün pulu geri qaytarmışdır. Bununla bağlı sübutları da məhkəməyə təqdim etmişdir. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 6.Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı K.Günay cavabdeh A.Aymənin onun qardaşı qızını işə düzəltmək üçün onu aldadaraq ondan ümumilikdə 5.000 manat məbləğində pul alması ilə bağlı şikayət ərizəsi ilə Yasamal Rayon Polis İdarəsinə müraciət etmiş, lakin Yasamal RPİ tərəfindən ərizəyə münasibətdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Həmçinin, müəyyən edilmişdir ki, cavabdeh A.Aymən tərəfindən 1.000 manat məbləğində pul vəsaiti iddiaçıya qaytarılmışdır. İddiaçı məhkəmə iclasında bu halı təsdiq etmişdir. Hazırda iddiaçı 4.000 manatın cavabdeh tərəfindən qaytarılmadığını iddia edərək, həmin pul vəsaitinin və eləcə də ödədiyi dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə iddiaçıdan aldığı bütün pulu ona geri qaytardığını bildirərək, iddia tələbinin rədd edilməsini tələb edir. b) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Kərı̇ mova Günay Bəhrəm qızının Cavabdeh qarşı pul tələbinə dair ərizələrində göstərdiyi xüsusatlar mülki xarakter daşıdığından və mülki qanunvericiliyə əsasən mülki xarakterli mübahisələrin məhkəmə qaydasında həll edilməsi nəzərdə tutulduğundan cinayət işinin başlanması rədd olunmuşdur. 8.Mülki işin materiallarında olan ödəniş qəbzindən görünür ki, xx.xx.2022-ci il tarixində 1000 AZN məbləğində ödəniş edilmişdir. 9.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4692/2022 saylı qətnaməsinə əsasən iddiaçılar X2 və Kərı̇ mova Günay Bəhrəm qızı Cavabdeh qarşı “pul” tələbi ilə məhkəməyə müraciət etmiş, iddia qismən təmin edilmiş, Cavabdeh X1 xeyrinə 12.509 AZN, Kərı̇ mova Günay Bəhrəm qızının xeyrinə 4000 AZN pul tutulmuşdur. 10.Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-3476/2023 saylı qərardadından görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4692/2022 saylı qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. 11.Mülki işin materiallarında olan ********** saylı, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 12.Mülki işin materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, cavabdeh iddia tələbini qəbul etmir və ondan tələb olunan borc məbləği ilə razılaşmır. Belə ki, iddiaçıdan cəmi 4000 manat pul almışdır. Həmin məbləğdən də iddiaçı Kərı̇ mova Günay Bəhrəm qızına kart vasitəsi ilə köçürmə yolu ilə 1850 AZN, ödəmə terminalları vasitəsi ilə isə nağd qaydada 1805 AZN olmaqla, ona 3655 AZN geri qaytarmışdır. Kərı̇ mova Günay Bəhrəm qızına cəmi 345 AZN borcu qalmışdır. İddiaçı isə şişirdilmiş faizlər hesablamaqla, ikiqat artıq pul tələb edir. 13.Mülki işin materiallarında olan ödəniş qəbzlərindən görünür ki, müxtəlif tarixlərdə (xx.xx.2022-ci il tarixdə 300 AZN, xx.xx.2022-ci il tarixdə 505 AZN, xx.xx.2022-ci il tarixdə 600 AZN, xx.xx.2022-ci il tarixdə 200 AZN, xx.xx.2022-ci il tarixdə 200 AZN və s.) ödənişlər həyata keçirilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.Məhkəmə hazırki iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırki iş üzrə tərəflər arasında pulun verilməsinə dair müqavilə bağlanmadığına görə tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmamışdır. Məhkəmə qənaətə gəlir ki, bu halda tərəflər arasında münasibətlərə qanundan əmələ gələn öhdəliklərlə bağlı müddəalar (əsassız varlanma) tətbiq olunmalıdır. 15.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 16.Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 17.Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 18.Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 19.Hazırki iş üzrə iddiaçı K.Günay onun qardaşı qızını işə düzəltmək adı ilə cavabdeh A.Aymən tərəfindən aldadılaraq ondan ümumilikdə 4.000 manat məbləğində pulun mənimsənildiyini iddia edir. Lakin iddiaçı cavabdehə verdiyi pul vəsaitinin cavabdeh tərəfindən geri qaytarılmadığını və bunun əsasında da cavabdehin ona məxsus pul vəsaiti hesabına əsassız varlandığını təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmiş və məhkəmə tərəfindən də həmin hallar aşkar edilməmişdir. Həmçinin mülki işin materiallarına əsasən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən 01 yanvar 2022-ci il tarixdən 01 may 2022-ci il tarixədək (hesabdan çıxarışa əsasən) 2855 manat, digər qəbzlərə münasibətdə isə 6000 manata yaxın ödəniş həyata keçirilmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçıya cavabdeh tərəfindən qeyd edilən məbləğ tam şəkildə ödənilmiş və həmçinin faiz üzrə hesablama da tərəflər arasında rəsmişləşdirilməmişdir. 20.Məhkəmə bununla bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. 21.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). 22.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 23.Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 24.Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 25.İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. 26.Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə iddiaçı öz iddiasının əsasını (onun tərəfindən cavabdehə verilən pulun cavabdeh tərəfindən geri qaytarılmadığını) təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, əksinə cavabdeh A.Aymən tərəfindən məhkəməyə təqdim edilən ona məxsus bank çıxarışları və mədaxil qəbzləri əsasında müəyyən edilmişdir ki, iddiaçı həqiqətən də müxtəlif vaxtlarda cavabdehin bank hesabına pul köçürmüş, eyni zamanda təqdim edilən mədaxil qəbzlərindən göründüyü kimi cavabdeh iddiaçıdan aldığı pul məbləğini iddiaçıya geri qaytarmışdır (hətta cavabdeh iddiaçının tələb etdiyi məbləğdən artıq pul vəsaitini iddiaçıya geri qaytarmışdır). 27.Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi qanunvericiliklə nəzərdə tutulmuş qaydada sübuta yetirilə bilmədiyinə görə əsassız hesab edilməklə rədd edilməlidir. 28.Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 29.Məhkəmə iddia tələbinin ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi əsas hissədə təmin edilmədiyindən həmin iddia tələbinin qaldırılması üçün də ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. 30.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 31.Qeyd edilən Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 32.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 33.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Kərı̇ mova Günay Bəhrəm qızının Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-1482/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1482/2024
28.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver