Məhkəmə qərarları › İş №2(006)-149/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-149/2022

09.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-149/2022 09.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «elektrik sayğacının quraşdırılması və elektrik xəttinin çəkilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «elektrik sayğacının quraşdırılması və elektrik xəttinin çəkilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Sabunçu rayonu İstilik kombinatı Ruslan Göyüşov küçəsində yerləşən mənzilinə elektrik sayğacının quraşdırılması və elektrik xəttinin çəkilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2019-cu ildən hal-hazıra kimi Bakı şəhəri Sabunçu rayonu İstilik kombinatı Ruslan Göyüşov küçəsində yerləşən bir daş üzərində iki xırda otaqlı evdə yaşayır. Müharibə veteranıdır. Oğlu isə hal-hazırda hərbi xidmətdədir, Azərbaycan torpaqlarının erməni işğalçılarından azad olunmasının fəal iştirakçısıdır. Yaşadığı bu torpaq sahəsi və mənzilə onun adına bələdiyyə sənədi mövcuddur. 05.10.2019-cu il tarixdə "xxxx" ASC-yə yaşadığı ünvana elektrik xəttinin çəkilişi ilə bağlı müraciət etmişdir. Şifahi surətdə yüksəkgərginlikli elektrik xəttinə yaxın olmasını səbəb göstərərək, xahişini təmin etməmişlər. İndiyə kimi elektrik enerjsinin olmamasından əziyyət çəkirlər. Halbuki, onun yaşadığı evlə bir cərgədə olub, elektrik xəttinə eyni məsafədə olanların hamısı elektrik enerjisi ilə təmin olunmuşlar. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı Bakı şəhəri Sabunçu rayonu İstilik kombinatı Ruslan Göyüşov küçəsində yerləşən mənzildə (özbaşına tikilidə) yaşayır. Həmin ərazidə digər tikililər də mövcud olmaqla, elektrik enerjisi ilə təchiz edilmişlər və istehlakçıların sərf etdiyi elektrik enerjisinin hesabatını aparmaq üçün sayğaclar quraşdırılmışdır. İddiaçı yaşadığı mənzilin elektrik enerjisi ilə təchiz edilməsi üçün cavabdeh "xxxx" ASC-yə müraciət etmiş, istifadə edəcəyi elektrik enerjisinin hesabatını aparacaq sayğacın quraşdırılmasını xahiş etmiş və hər ay istifadə edəcəyi elektrik enerjisinin dəyərini ödəyəcəyini bildirmişdir. İddiaçının 05.10.2019-cu il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, "xxxx" ASC-yə daxil olmuş 05.10.2019-ci il tarixli ATS**********1260 saylı müraciət əsasında iddiaçının ünvanına baxış keçirilən zaman məlum olmuşdur ki, Sabunçu rayonu Zabrat qəsəbəsi ünvanda yerləşən fərdi yaşayış evi, 110/35/10 Kv-luq «Zabrat-1» YS 35 kv-luq xəttin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiqlənmiş «Gərginliyi 1000 Voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları»nın 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Bu qaydaların 12-ci bəndinə uyğun olaraq mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağandır. Bu səbəbdən də ünvanda göstərilən fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması mümkün deyil. Əlavə olaraq bildirilmişdir ki, 160-İİQ nömrəli 29 iyun 2001-ci il tarixli «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 6.4-cü bəndinin tələblərinə uyğun olaraq elektrik xətlərinin mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədi ilə zərur tikililərin inşası üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Bunadək isə iddiaçıya Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 gün müddətində qoşulmasına görə qoşulma haqqı barədə bildiriş təqdim edilmiş, qoşulma haqqının 160 manat olduğu qeyd edilmişdir. Peyk görüntülərindən (X1 proqramı, 71 saylı orta məktəbin, 282 saylı uşaq bağçasının, qəbristanlığın və s. bina və tikililərin olduğu ərazinin son peyk görüntüsü 01 iyun 2021-ci il tarixdə resursa yüklənmişdir) müşahidə olunur ki, iddiaçının yaşadığı yer, Zabrat qəsəbəsinin kifayət qədər abad, insanların sıx yaşadığı, yaşayış binaları və evləri, ictimai iaşə xidmətləri və s. yerləşdiyi ərazidir. Ərazi infrastruktur baxımından abaddır. Eyni ərazidə olan əksər tikililər, evlər, binalar, qeyri-yaşayış sahələri elektrikləşdirilmişdir. O cümlədən, iddiaçının yaşadığı özbaşına tikilinin yaxınlığında, qonşuluğunda olan əksər tikililər də elektrik enerjisi ilə təchiz olunmuşdur. Halbuki, iddiaçının yaşadığı tikili kimi digər tikililər də yüksəkgərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Ərazidə heç bir söküntü işləri aparıldığı nəzərə çarpmır. Əksinə, eyni ərazidə məktəb, bağça, digər sosial önəmli tikililər inşa edilmişdir və ərazinin abadlaşdırılması davam etdirilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasında bərabərlik prinsipinə xüsusi önəm verilir. Bərabərlik prinsipi sadə sözlərlə izah edildikdə, vətəndaşlar arasında hər hansı səbəb əsas gətirilərək, ayrı-seçkiliyə yol verilməməsi deməkdir. İşin faktiki hallarından görünür ki, iddiaçının yaşadığı özbaşına tikili ilə eyni statusda olan, yaxud mülkiyyətdə olan və yüksəkgərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşən tikililər elektrik enerjisi təchizatı üçün xəttlə və abunəçilərin istifadə etdikləri elektrik enerjisi həcminin hesabatlılığını təmin etmək üçün elektrik sayğacları ilə təchiz olunsa da, iddiaçının onun yaşadığı yerin elektrik enerjisi verilişi xətti və elektrik sayğacı ilə təchiz olunmasına dair müracətinin təmin edilməsindən formal əsaslarla imtina edilmişdir. Bu isə, qanunlarla təsbit olunmuş bərabərlik hüququnun iddiaçıya münasibətdə pozulmasına gətirib çıxarır. İddiaçı yalnız yaşadığı tikilinin elektrik enerjisi ilə təchiz edilməsini, sayğac quraşdırılmasını, elektrik enerjisindən istifadə edərək, sərf olunan enerjiyə görə mütəmadi ödənişləri icra etmək istəyir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri Sabunçu rayonu İstilik kombinatı Ruslan Göyüşov küçəsində yerləşən mənzilinə elektrik sayğacının quraşdırılması və elektrik xəttinin çəkilməsi "xxxx" ASC-nin öhdəsinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri Sabunçu rayonu İstilik kombinatı Ruslan Göyüşov küçəsində yerləşən mənzilinə elektrik sayğacının quraşdırılması və elektrik xəttinin çəkilməsi "xxxx" ASC-nin öhdəsinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar