Məhkəmə qərarları › İş №2(006)-1494/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-1494/2025

24.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1494/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə 24a saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 24 «a» saylı evin 52 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 24 «a» saylı evin 52 saylı mənzili onun mülkiyyətindədir. Həyat yoldaşı ilə ayrılmışlar. Cavabdeh hal-hazırda atasına məxsus evdə yaşayır. Cavabdehin onun mənzilində formal qeydiyyatda qalması onun həmin mənzilə dair mülkiyyət və mülkiyyət üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-1494/2025 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: -1 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat kontorunda xx.xx.2016-cı il tarixdə bağlanmış AN-İ seriyalı ******* saylı, 4Ə-497 reyestr nömrəli alğı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 24 «a» saylı evin 52 saylı mənzilini X2 almışdır. -Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 24 «a» saylı evin 52 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 684 saylı reyestr kitabının 64508 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)2336/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh X7 qarşı «nikahın pozulması və s.» tələbinə dair iddiası qismən təmin edilmiş, X9 ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə 5 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində 567 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X3 anası Cavabdeh yanında saxlanılması, X4 xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, X4 xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X8 3 yaşına çatanadək hər ay 50 manat alimentin tutularaq Cavabdeh ödənilməsi, alimentin tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməsi qət edilmiş, iddia digər hissədə rədd edilmişdir. -xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı 381166 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-2336/2020 saylı qətnaməsinə əsasən tərəflər arasında olan nikaha 12 fevral 2021-ci il tarixdə xitam verilmiş, bu barədə müvafiq akt qeydləri kitabında 22 may 2021-ci il tarixdə 132 saylı akt qeydi aparılmışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nın 1 saylı Bakı Ərazi İdarəsinin 27 may 2025-ci il tarixli 3-21-3-30/2-21695/2025 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 24a saylı evin 52 saylı mənzili X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğuda qeyd olunan şəxslərin sözügedən ünvanda istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. -xx.xx.2024-cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 50 manat dövlət rüsumu ödənilmiş, 0,40 qəpik xidmət haqqı tutulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Toplanmış və tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir ki, yuxarıda qeyd olunan mənzil iddiaçının mülkiyyətindədir. Mənzil birgə nikah dövründə əldə edilməmişdir. İş üzrə cavabdeh həmin mənzildə qeydiyyatda olsa da, faktiki olaraq həmin ünvanda yaşamır. Cavabdeh iddiaçının keçmiş ailə üzvüdür, hazırda atası ilə birlikdə başqa ünvanda yaşayır. İddiaçının mülkiyyətində olan yaşayış sahəsinə ehtiyacı yoxdur. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, mülkiyyətçinin keçmiş ailə üzvü olan cavabdehin mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 24 «a» saylı evin 52 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. Ödənilmiş dövlət rüsumu və xidmət haqqı tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 24 «a» saylı evin 52 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş dövlət rüsumu və xidmət haqqı tələb edilmədiyindən iddiaçıya aid edilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar